Xatırlama
Tipik xarakterlər ustası
Son vaxtlar ona mənfi
tipajları oynamağı
həvalə edirdilər.
Amma, hansı rolda
oynayırdısa, öz
ifaçılıq bacarığı ilə onu
sevdirə bilirdi. Güclü
xarakterləri böyük ustalıqla ifa edirdi. Təbiətən
də ciddi adam idi. Azərbaycanın xalq artisti Məlik Dadaşovu
tanıyanlar bunu təsdiq edərlər ki, o öz
sənətkar qürurunu ömrünün
sonuna kimi qoruyub saxlaya bilmişdi.
Onunla görüşlərim çox olmuşdu. Filmlərin çəkilişlərində dəfələrlə ifaçılıq bacarığının şahidi olmuşam. Çox vaxtlar onu filmlərə sınaqsız çəkərdilər. Rejissorlar yaxşı bilirdilər ki, buna heç ehtiyac da yoxdur. Çünki hansı rol ona həvalə olunurdusa onu ürəkdən, sənətkarlıqla yaradırdı. O, milli aktyor sənətimizin klassik ənənələrinə söykənərək, özünün yeni məktəbini yaradırdı. Hansı səhnə qəhrəmanına, kino roluna nəzər yetirirsən, orada Məlik müəllimin öz dəst-xəttinin şahidi olursan. Məlik Dadaşov Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub idi. Teatrda onlarla obraza səhnə həyatı vermişdi, elə kinoda da yaddaqalan, maraqlı rollar yaratmışdı.
Məlik Dadaşov 1924-cü il iyunun 27-də Bakıda doğulmuşdu. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M. Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt səhnəmizdə Ə.Ələkbərov, M.Məmmədov, A.İsgəndərov və digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı idi. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı.
Məlik Dadaşov xalq artisti idi. Doğrudan da,
xalq onu çox sevirdi. Hətta bəzən onun qəhrəmanlarının ifadələri
xalqın dilinə düşürdü. Elə
Qəmlonun, ("Axırıncı
aşırım"), Kərbəlayi
İsmayılla dialoqlarındakı
ifadələri xatırlayın.
Yəqin ki, "Abbasqulu bəyin nazı ilə çox oynayırsan a... Kərbəlayi" ifadəsi hamıya
yaxşı tanışdır.
"Ölülər"dəki
Şeyx Nəsrullah rolunu o, dəfələrlə
Akademik Teatrın səhnəsində oynayıb.
Çox
vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır.
Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər
idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət
yetirin. Məlik Dadaşovun Şeyx
Nəsrullahı özgə
bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor T.Tağızadə "Ölülər"
pyesi əsasında ekranlaşdırdığı "O dünyadan salam"
filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.
Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınırdı.
Kinorejissor Ə.İbrahimov aktyoru bir neçə
filmində çəkmişdi.
"26 Bakı komissarı" filmində
o, M. Əzizbəyovun çox
real tarixi obrazını
ekranda yarada bilmişdi.
Xalq yazıçısı İ.Əfəndiyevin "Atayevlər
ailəsi" pyesi əsasında hazırlanmış
televiziya tamaşasında
M.Dadaşovun yeni ampluada yaratdığı
Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi.
"Axırıncı
aşırım"dakı Qəmlo bütövlükdə
kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas
dramatik yükünün
daşıyıcısına çevrilib. Ancaq çox təəssüflə
qeyd etmək lazımdır ki, kişi rolunun
ən yaxşı ifasına görə keçmiş İttifaq festivalında onun adı mükafatçılar
siyahısına salınmadı.
O vaxt deyilirdi ki, sovetlərin düşməni (Qəmlo)
"sovetin" mükafatını
ala bilməz. Və bir
də "Dəli Kür"dəki Molla Sadıq. Bu obrazın
da Azərbaycan kinosunda öz xüsusi yeri var.
"Fəryad" filmində
onun yaratdığı
erməni rolu aktyorun yaradıcılığında
yeni tip obraz idi. O, erməninin bütün alçaq simasını ustalıqla
aça bilib. Ümumiyyətlə, milli kinomuz
onun sənətindən
məharətlə bəhrələnə
bilmişdir.
M.Dadaşov teatrda ömrünün
sonuna kimi çalışmışdı. V.Şekspirin "On ikinci gecə", L.Tolstoyun
"Canlı meyit",
S.Vurğunun "Fərhad
və Şirin", Ş.Qurbanovun "Sənsiz",
İ.Qasımovun "Nağıl
başlananda" və
s. tamaşalarda onun yaratdığı obrazlar
bu gün də xatirələrdən
silinməmişdir. Aktyor
ömrünün son illərində
S.Vurğun adına
Rus Dram Teatrında çalışırdı. Direktor kimi
işlədiyi dövrdə
teatrın repertuarı
xeyli zənginləşmiş,
buraya yeni yaradıcı qüvvələr
cəlb olunmuşdu.
80-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
aktyor sənətindən
dərs də deyirdi. Bütün yaradıcı ömrünü
Azərbaycan aktyor sənətinin inkişafına
həsr etmiş görkəmli teatr və kino aktyoru
Məlik Dadaşov bu gün aramızda
olmasa da, onun əziz xatirəsi sənətsevərlərin
qəlbində yaşayacaqdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 3
iyul.- S. 8.