Azərbaycan milli mətbuatının ilk qəzeti

 

    XIX əsr xalqımızın ictimai-iqtisadi və mədəni həyatında bir çox cəhətdən seçilən əsrdir. Məhz bu əsrdə Azərbaycanda elm, mədəniyyət, ədəbiyyat yeni istiqamətdə inkişaf etməyə başlayır. Azərbaycanda xalq, millət işi uğrunda mübarizəyə qoşulan ziyalılar meydana çıxır. Onlardan biri də Həsən bəy Zərdabidir.

 

    Bu böyük ziyalının adı çəkildikdə ilk öncə gözlərimiz qarşısında "Əkinçi" qəzetinin naşiri və redaktoru olan böyük şəxsiyyət canlanır. Çünki Azərbaycanda "Əkinçi"yə qədər mətbu orqanı yox idi. Odur ki, 1875-ci il iyulun 22-də ilk "Əkinçi"nin sayı çap olunduğu gün milli mətbuatımızın əsası qoyulur. Azərbaycan ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa etdikdən sonra bu tarixi hər il Milli Mətbuat Günü kimi qeyd edirik.

    Qəzeti nəşr etməkdə Həsən bəyin əsas məqsədi xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq idi. Bunu müəllifin 1906-cı ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsindən aydın görürük. Həsən bəy yazırdı: "Hər kəsi çağırıram - gəlməyir, göstərirəm - görməyir, deyirəm - qanmayır. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar".

    Lakin Həsən bəyin bu arzusunun həyata keçirilməsi üçün Azərbaycanda heç bir şərait yox idi. Özünün dediyi kimi, "qəzetin çıxarılması üçün mətbəə yox, çapçı yox, hürufat yox, pul yox, kitabxana yox, əmələ yox. Bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır". Belə bir mühitdə qəzet çıxarmaq M.F.Axundzadənin dediyi kimi, "dağ çapmaq kimi" bir işə bənzəyirdi. Lakin Həsən bəy buna nail oldu. Belə ki, o vaxt Bakının qubernatoru rus generalı olan Staroselski idi, amma övrəti gürcü qızı idi. Ona görə də qafqazlılara çox hörmət edirdi. Zərdabi bu məqamdan istifadə edərək qəzet barəsində ona müraciət edir, ondan məsləhət istəyir. General ona məsləhət görür ki, qəzetin adını "Əkinçi" qoysun. Guya qəzet əkin və ziraətdən danışacaq özü də boyuna çəkir ki, onda senzorluğu da öz üzərinə götürür. Bu imkandan istifadə edən Həsən bəy ərizə verib qəzetin nəşrinə icazə alır.

    Həsən bəy "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində daha sonra yazır ki, Osmanlı və İran məmləkətlərində o vaxtlər qəzet çıxırdı və onlar hürufat ilə basılırdı. Amma mən istəyirəm ki, oxucularımı elə ilk gündən basma xəttinə öyrədim. Və qeyd edirdi ki, İstanbulda onun qəzetdə işləyən şirvanlılar ilə salam-əleyki var. Odur ki, vaxt itirmədən İstanbula gedib qəzetin çapı üçün lazım olan avadanlığı alıb Bakıya gəlir. Lakin ayrıca mətbəə açmağa imkanı olmadığı üçün Staroselski yenə də Zərdabinin köməyinə gəlir, qəzetin quberniya mətbəəsində çap olunmasına ona icazə verir.

    Beləliklə, maddi və mənəvi çətinliklər şəraitində qəzetin naşiri, redaktoru, korrektoru və mürəttibi olmaqla H.Zərdabi az tirajla, kiçik formatla "Əkinçi"nin birinci nömrəsini çapdan çıxarır. Bununla da Azərbaycan milli mətbuatının əsası qoyulur. Zərdabiyə görə, "hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün". "Əkinçi" qəzeti "Daxiliyyə", "Əkin və ziraət xəbərləri", "Elm xəbərləri", "Təzə xəbərlər" kimi şöbələrdən ibarət idi. "Əkinçi" qəzetində Həsən bəyin ictimai-siyasi, fəlsəfi, iqtisadi, maarifçilik, əkinçilik və kənd təsərrüfatı, təbiətşünaslıq və xalq məişətinin müxtəlif sahələri ilə bağlı fikirləri genişliyi ilə öz əksini tapmışdır. "Əkinçi" hər şeyi, hər yeri görür, həyatın bütün qaranlıq sahələrinə işıq şüaları salmağa can atır, mütərəqqi ideyaları ilə axar su kimi hər yana yol tapırdı. Onun əsas qayəsini xalq arasında mütərəqqi ideyaları yaymaq təşkil edirdi. Qəzet öz ətrafında dövrünün M.F.Axundzadə, S.Ə.Şirvani, N.B.Vəzirov, Ə.A.Adıgözəlov (Gorani), M.B.Sultanov və digər qabaqcıl fikirli, demokratik əqidəli, aydın ideyalı görkəmli maarifçiləri toplamışdı. "Əkinçi"nin və eləcə də onun əməkdaşlarının başlıca məqsədi xalqın həyatında hökm sürən fanatizmə, cəhalətə qarşı çevrilib, xalqı elmə, maarifə, tərəqqiyə çağırıb, onun elmi-mədəni səviyyəsini yüksəltmək idi.

    Xalq məişətini H.Zərdabi qədər incəliklərinə qədər təsvir edən ikinci bir ziyalının olmadığını desək, yanılmarıq. Məsələn, xalq arasında avamlığın, geriliyin səviyyəsini müəyyən etmək üçün Zərdabinin "Əkinçi" qəzeti səhifələrində dərc etdirdiyi bir məqaləsini xatırlatmaq yerinə düşərdi. Məqalədə qışın çillə vaxtı bir obanın həyatı, burada yaşayan maldarların məişəti təsvir edilir. Bir neçə nəfər obada yaşayan Hacıya qonaq gedir. Hacı qonaqları bir küncündə bir yaralı keçiiki körpə buzov, bir küncündə eşşək bağlanmış, bir küncündə tula yatan evinə dəvət edərək arvadı Şahpərinin vəfat etdiyini onlara belə nağıl edir: "Bu il yayda biz dağda olan zaman rəhmətlik Şahpəri naxoşlayıb gecə nalə edirdi. Gördüm çöldə itlər bərk basır. Nə qədər səslədim olmadı. Çölə çıxıb heç kəsi görməyib, itlərə açıqlanıb, içəri girib, gördüm başına döndüyüm Şahpəri allah rəhmətinə gedib. Mən evi yıxılmış heç bilmişəmmi ki, itlər basan əzrayıl imiş, çıxıb itlərin ağzından onu qurtarmışam, o boynusınmış alaçığın o biri tərəfindən girib Şahpərinin canını alıb gedib". ("Əkinçi", 1876, N 17).

    İzahata ehtiyac duyulmayan bir parçada Azərbaycan kəndlisinin yaşayış tərzi ilə yanaşı, həm də ailədə hökm sürən avamlıq çox qabarıq təsvir edilmişdir.

    "Əkinçi" qəzetində Həsən bəy dönə-dönə azərbaycanlı qadınlarının cəmiyyətdə, ailədə öz yerlərini bilmələri üçün onların oxumasını, maariflənməsini, elmə, mədəniyyətə yiyələnməsini tövsiyə edirdi.

    Mətbuatımızın "qaranquşu" "Əkinçi"nin bağlanmasının bir sıra səbəbləri olub. Lakin əsas səbəblərdən biri qubernator Staroselskinin Bakıdan getməsi sayılır. Onun yerinə təyin olunan yeni qubernatorun nə Həsən bəydən, nə də onun qəzetindən xoşu gəlirdi. Odur ki, qəzetə ciddi senzura qoyulur, siyasi xəbərlərin qəzetdə çap olunmasına icazə verilmir, qəzetin əleyhdarları isə onun bağlanması üçün yuxarılara "donoslar" göndərməyə başlayırlar. Bu vaxt ölkədə siyasi durum da çox pis vəziyyətdə idi. Qəzeti çıxarmaq mümkün olmurdu. İmkansız və köməksiz qalan Həsən bəy qəzetin 56-cı sayında oxucularına müraciət edərək yazırdı: "Əkinçi" baba naxoşlayıb. Qəzetin gələn nömrəsinin nə vaxt çıxacağını bilmirik".

    Beləliklə, "Əkinçi"nin üç ildə cəmi 56 nömrəsi çıxdı. 1877-ci il 29 sentyabr tarixli sayında isə onun çapına son qoyuldu. H.Zərdabi qəzetin bağlanmasından qədər sarsılsa da, bir şeyə əmin idi ki, "Əkinçi"nin səpdiyi səmərəli ideya toxumları gec-tez cücərib öz bəhrəsini verməlidir. Belə oldu. "Əkinçi"nin ideyalarını daha kəsərli, daha qabarıq şəkildə təbliğ edən, məzmun-qayəsi etibarı ilə onunla səsləşən "Molla Nəsrəddin" jurnalı meydana çıxdı (birinci nömrəsi 1906-cı ilin aprelin 7-də Tiflisdə çapdan çıxmışdır).

    H.Zərdabi tərəfindən yalnız ilk mətbuatımızın, ilk milli teatrımızın (1873), ilk xeyriyyə cəmiyyətimizin (1871) deyil, eləcə torpağın şumlanması prosesində işlədilən əmək alətlərinin ("Əkinçi", 1875, N 12, 1876, N 1-2), Azərbaycan milli yeməklərinin ilk təsnifatı da verilmişdir. "Bədəni salamat saxlamaq düsturül əməlidir" (Həsən bəyin vəfatından sonra 1912-ci ildə Kiyevdə oxuyan azərbaycanlı tələbələr tərəfindən Y.V.Çəmənzəminlinin təşəbbüsü ilə ilk dəfə kitab şəklində çap olunmuşdur) ilk milli gigiyena təlimidir.

    "Əkinçi" qəzeti bağlandıqdan sonra H. Zərdabi jurnalist fəaliyyətini "Həyat", "İrşad", "Şərqi-rus", "Kaspi" , "Novoye obozreniye" qəzetlərində, habelə, "Dəbistan" jurnalında davam etdirmişdir.

    H.Zərdabinin elmi irsi Azərbaycanda müxtəlif elm sahələrinin nümayəndələri tərəfindən uzun illər öyrənilmiş indi təbliğ edilməkdədir.

    Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 iyun 2010-cu ildə verdiyi sərəncamı bir daha təsdiq edir ki, H.Zərdabinin irsi bu gün həyatımızla, məişətimizlə sıx bağlıdır, müasirdir.

 

 

    Esmira CAVADOVA,

    AMEA M. Füzuli adına Əlyazmalar

    İnstitutunun əməkdaşı

 

    Xalq qəzeti.- 2010.- 3 iyul.- S. 8.