Aktual söhbət
Azərbaycan hökuməti təbiətin
sınaqlarından qalib kimi çıxdı
Dünyanın ekoloji tarazlığı pozulub. Təbiət
insanları, ayrı-ayrı ölkələri, dövlətləri
daşqınlarla, zəlzələlərlə, vulkan
püskürmələri ilə, meşə
yanğınlarıyla və başqa kataklizmlərlə ciddi
sınağa çəkir. Planeti bürümüş təbii
fəlakətlərlə hətta inkişaf etmiş ölkələr
belə bacara bilmir. Amerika Birləşmiş
Ştatlarında, Çin Xalq Respublikasında, Almaniyada,
Fransada, İspaniyada, Polşada və başqa yerlərdə təbiətin
şıltaqlığı yüzlərlə adamın həyatına
son qoymuş, böyük dağıntılara səbəb
olmuşdur.
Müstəqilliyinin 19-cu ilini yaşayan Azərbaycan
Respublikası da bu il ekoloji fəlakətlərlə
üz-üzə qaldı. Qarlı, şaxtalı, boranlı
keçən qışdan sonra baharın gəlişi xeyli ləngidi.
Havaların soyuq keçməsi kənd təsərrüfatı
işlərinə əngəl törətdi, yazlıq bitkilər
əkini gecikdi, qarşıya qoyulan vəzifələr
çox yerdə yarımçıq qaldı. Aprel ayından
başlayan yaz yağışları, tədricən leysan
xarakteri aldı.
Ölkə ərazisindəki çayların sululuğu
nəzərdə tutulan normadan qat-qat çox oldu. Ayın axırlarına yaxın Kür və Araz
çaylarında, Mingəçevir, Şəmkir dəryaçalarında
suyun səviyyəsi nəzərə çarpacaq dərəcədə
qalxdı. Qonşu ölkələrdə, o cümlədən
Azərbaycanın özündə yağan aramsız
yağışlar çaylardakı daşqınları
qaçılmaz etdi. Bir tərəfdən də qrunt
suları üzə çıxaraq, Kürətrafı
rayonların, kəndlərin ərazilərini, əkin və həyətyanı
sahələri ağuşuna aldı.
Bax, belə gərgin bir vaxtda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
fövqəladə müşavirə keçirərək,
ölkənin bütün icra strukturlarını ayağa
qaldırdı, subasmaya qarşı mütəşəkkil
mübarizəyə səfərbər etdi. Bununla kifayətlənməyən
dövlətimizin rəhbəri daşqın nəticəsində
ev-eşiyindən didərgin düşüb Şirvan şəhərində
çadrlarda yaşayan Sabirabad rayonunun sakinləri ilə
görüşdü, onların istək və
arzularını dinlədi. Təbii fəlakətin törətdiyi
fəsadların tezliklə aradan qaldırılması
üçün müvafiq göstəriş və
tapşırıqlarını verdi. Prezident Baş nazir Artur
Rasizadənin sədrliyi ilə xüsusi Hökumət Komissiyası
yaratdı. Artıq xeyli vaxtdır ki, həmin komissiya fəaliyyət
göstərir. Bu müddət ərzində görülən
işlərdən söhbət açan Hökumət
Komissiyasının üzvü, "Meliorasiya və su təsərrüfatı"
ASC-nin prezidenti Əhməd Əhmədzadə dedi:
- Son illər baş verən qlobal
iqlim dəyişiklikləri dünyanın hər yerində,
istər Avropa, istərsə də Asiya və Amerika qitəsi
ölkələrində təbii fəlakətlərin
sayının artması ilə müşayiət olunur. İqlim
dəyişilmələrinin təsirinin nəticəsi kimi
baş verən anomal hidrometeoroloji proseslərin təsiri
respublikamızdan da yan keçməyib. . Ötən ilin
oktyabr ayından başlayaraq 2010-cu ilin may ayının
ortalarına qədər davam edən intensiv
yağışlar nəticəsində respublikamızda, eləcə
də Kür və Araz çaylarının keçdiyi
qonşu ölkələrdə və bu çayların
suyığıcı hövzələrində normadan bir
neçə dəfə artıq yağışlar
yağmış, çaylarda suyun sərfi son yüz ildə
maksimum həddə çatmışdır.
Uzun müddət davam edən
yağışlar nəticəsində qonşu ölkələrdə
bu çaylar üzərindəki anbarlar, eləcə də
respublikamzda Araz, Arpaçay, Ağstafaçay, Coqazçay su
anbarları tam həcmdə dolmuş, Şəmkir və Mingəçevir
su anbarlarında suyun səviyyəsi təhlükəli həddə
qalxmışdır. Cari ilin mart ayının
axırlarından etibarən Kür çayı öz məcrasından
çıxaraq mühafizə bəndləri arasında
axmağa başlamışdır. Kür, Araz və dağ
çaylarında su sərfinin eyni vaxtda artması vəziyyəti
qəza həddinə çatdırmışdır.
Bununla əlaqədar, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təcili tədbirlər görülməyə başlanmışdır. Cəmiyyətin bütün təşkilatları Kür və Araz çaylarının bəndlərinin mühafizəsi işlərinə səfərbər edilmiş, istismar idarələrinin rəhbərləri konkret ərazilərə təhkim olunmuş, Cəmiyyətin maşın-mexanizmlərinin və işçi qüvvəsinin əksəriyyəti təbii fəlakət baş verə biləcək zonalara göndərilmişdir. Mühüm dövlət əhəmiyyətli obyektlər, su tutarları və digər qurğular gündəlik nəzarətə götürülmüş, onların təhlükəsizliyinin təmin edilməsi üzrə əlavə tədbirlər görülməyə başlanmışdır. Cəmiyyətin məsul işçiləri yerlərə ezam olunaraq aparılan mühafizə tədbirlərinə rəhbərlik və nəzarət etmişlər. ASC-yə məxsus 434 avtomaşını, 241 ekskavatoru, 125 buldozeri, 7 skreperi, 60 traktoru, 7 iri tonnajlı avtoqoşquları bəndlərin təhlükəli yerlərinə gətirilərək hündürləndirmə və möhkəmləndirmə işlərinə cəlb olunmuşdur.
Yaxınlaşmaqda olan təbii fəlakətin gücünü, miqyasını vaxtında və düzgün qiymətləndirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Kür və Araz çaylarından sel sularının maneəsiz axıdılmasının təmin edilməsi üçün lazımi tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədi ilə Nazirlər Kabinetinin təcili iclasının çağırılması barədə göstəriş vermişdir.5 may 2010-cu il tarixdə Nazirlər Kabinetində Baş Nazirin sədrliyi ilə keçirilən fövqəladə iclasda Kür, Araz və dağ çaylarından keçən sel və daşqınların verə biləcəyi ziyanı minimuma endirmək üçün ayrı-ayrı nazirlik və qurumlar qarşısında konkret vəzifələr qoyulmuş, ölkənin 15 ən böyük şirkətləri də maşın-mexanizmləri ilə "Azmelsutəsərrüfat" ASC tərəfindən bəndlərdə aparılan mühafizə tədbirlərinə cəlb edilmişlər.
Respublikanın Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə Nazirlikləri gözlənilən təbii fəlakətlə mübarizə tədbirlərinə dərhal və çox fəal qoşularaq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə gecə-gündüz çalışmışlar. Kür çayının Araz çayı ilə qovuşduqdan sonrakı hissəsində qurulmuş mühafizə bəndləri saniyədə maksimum 1800 kubmetr suyun keçirilməsi üçün nəzərdə tutulsa da, son illər "Azmelsutəsərrüfat" ASC tərəfindən həyata keçirilmiş bəndbərkitmə işləri göstərilən ərazidən saniyədə 2000 kubmetr və daha çox suyun keçirilməsinə imkan yaratmışdır.
Lakin cari ilin may ayında Kür və Araz çaylarında su sərfi görünməmiş həddə çatdığından, uzun müddət su ilə tam doymuş vəziyyətdə qalmaları nəticəsində dayanıqlığı zəifləmiş torpaq bəndlər bir neçə yerdən, 7 may 2010-cu il tarixində çayda suyun sərfi saniyədə 2370 kubmetr olarkən Şirvan şəhərinin Bayramlı qəsəbəsində, 10 may 2010-cu il tarixində sərf saniyədə 2370 kubmetr olarkən Sabirabad rayonunun Mürsəlli kəndində, 18 may 2010-cu il tarixində sərf - saniyədə 2415 kubmetr olarkən Sabirabad rayonunun Çığırqan kəndində, 23 may 2010-cu il tarixində sərf saniyədə 2585 kubmetr olarkən Hacıqabul rayonunun Meyniman kəndində dağılmış və ətraf sahələri subasması halları baş vermişdir. İlkin hesablamalara görə Sabirabad rayonunun 28, Saatlının 8, İmişlinin 2, Hacıqabulun 2 kəndinin (40 kənd) təxminən 50 min hektardan çox əkin və örüş sahələrinə su çıxmışdır.
İlk subasma halı qeydə alındıqdan dərhal sonra Kür və Araz çayları ətrafında məskunlaşmış əhali, eləcə də, Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə təbii fəlakətlə mübarizəyə qalxmış digər aidiyyəti qurumlar "Azmelsutəsərrüfat" ASC ilə birlikdə, bəndlərdə hündürləndirmə və möhkəmləndirmə işləri aparmaqla yanaşı, onların dağılmış hissələrinin bərpası və çaydan kənara çıxan suyun suvarma və kollektor-drenaj şəbəkələri vasitəsi ilə kəndlərə və əkin sahələrinə ziyan vurmadan minimum itkilərlə dövlət fond torpaqlarına, boş sahələrə, çalalara və s. istifadəsiz ərazilərə axıdılması üzrə tədbirlər görməyə başlamışdır.
Ölkə Prezidentinin Kür-Araz çaylarında baş verən təhlükəli daşqınlarla əlaqədar fəlakət zonasında olması, problemlə əlaqədar keçirdiyi müşavirədə verdiyi tövsiyə və tapşırıqlar, respublikanın bütün aidiyyətı qurumlarını sel-daşqınlarla mübarizəyə cəlb etməsi "Azmelsutəsərrüfat" ASC tərəfindən başlanmış işlərə güclü təkan vermiş və qısa vaxt ərzində bu öz müsbət nəticəsini göstərmişdir.
"Azmelsutəsərrüfat" ASC-nin vəziyyəti düzgün qiymətləndirərək, hadisələrə soyuqqanlıqla və təmkinlə yanaşması, cəmiyyətin və selə qarşı mübarizədə ona qoşulmuş digər qüvvələrin Azərbaycan Respublikası Prezidentinin daimi nəzarəti altında həyata keçirdikləri mütəşəkkil və operativ tədbirlər nəticəsində təbii fəlakətin verə biləcəyi ziyan minimuma endirilmiş, ən əsası isə insan tələfatının qarşısı alınmışdır.
"Azmelsutəsərrüfat" ASC-nin ümumi səfərbərliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar, Müdafiə və Daxili işlər Nazirliklərinin köməkliyi ilə qısa vaxt ərzində sel və daşqın sularının maneəsiz ötürülməsi üçün Kür, Araz və onlara qovuşan çaylarda geniş miqyaslı və böyük həcmli mühafizə tədbirləri həyata keçirilmişdir. Çaylar boyunca 600 kilometr məsafədə torpaq mühafizə bəndlərinin hündürlüyü artırılmış və möhkəmləndirilmişdir, 4 milyondan çox kisələrə torpaq doldurularaq bəndlərin təhlükəli (alçaq və nisbətən zəif) yerlərinə düzülmüşdür.
Respublika çaylarından keçən sel sularının qəzasız ötürülməsinin təmin edilməsi məqsədilə "Azmelsutəsərrüfat" ASC-nin mütəxəssisləri tərəfindən Araz çayından onun tarixi məcrası istiqamətində yeni qolun açılması və buradan saniyədə 500 kubmetrə qədər suyu dövlət fond torpaqlarından keçirməklə Xəzər dənizinə axıdılması barədə olduqca məsuliyyətli və əhəmiyyətli təklif irəli sürülmüşdür. Təklif respublika rəhbərliyi tərəfindən müzakirə edilib, qəbul olunduqdan dərhal sonra onun icrasına başlanmışdır. "Azmelsutəsərrüfat" ASC-nin və digər aidiyyəti qurumların köməyi ilə qısa vaxt ərzində yeni qolun ilk 5000 metrlik hissəsi hazırlanmış, İmişli, Biləsuvar və Neftçala rayonlarının yaşayış məntəqələrinin onun suyundan mühafizəsi məqsədilə mövcud bəndlərdə möhkəmləndirmə və yeni bəndlərin tikintisi işləri yerinə yetirilmişdir. 31 may 2010-cu il tarixində Araz çayından bu qola saniyədə 200 kubmetrdən çox su verilmişdir.
Yeni qolun tikintisi hazırda davam
etdirilir. Onun
tikilməsi Araz çayından Kür çayına daxil olan
suyun həcminin azaldılması hesabına çaylarda
baş verə biləcək təbii fəlakət
ehtimalının azaldılmasına, eləcə də,
trassası boyunca keçdiyi fond torpaqlarının bir hissəsinin
suvarılmasına şərait yaradacaqdır ki, bu da ölkədə
istehsal olunan kənd təsərrüfatı məhsullarının
artırılmasına imkan verəcəkdir. "Azmelsutəsərrüfat"
ASC tərəfindən Kür çayı boyunca bəndlərin
möhkəmləndirilməsi və
hündürlüyünün artırılması işlərinin
davam etdirilməsi ilə yanaşı, su basmış ərazilərdən
suyun kənarlaşdırılması üzrə də əsaslı
tədbirlər görülmüşdür. Sahələrə yığılmış suyun
Baş Mil-Muğan və Baş Şirvan kollektorlarına
istiqamətləndirilməsi üzrə müvafiq işlər
görülmüş, tələb olunan ərazilərdə əlavə
su buraxanlar tikilmiş, nasos aqreqatları
quraşdırılmışdır.
Hacıqabul rayonunun Meyniman kəndinin əkin sahələrinə
düşmüş suyun Baş Şirvan kollektoruna
axıdılması üçün 4 yerdən, Sabirabad
rayonunun su düşmüş kəndlərinin ərazilərindən
suların II-Küryanı kollektoru vasitəsilə Baş
Mil-Muğan kollektoruna axıdılması üçün bu
və ona qoşulan digər kollektorlara 10-larla yerdən qollar
açılmışdır. Hazırda su basmış ərazilərdən
bu qollar vasitəsi ilə kollektorlara Hacıqabul rayonu üzrə
saniyədə təqribən 12 kubmetr, Sabirabad rayonu üzrə
saniyədə 40 kubmetrə yaxın su axıdılır.
Bundan əlavə, Baş Şirvan Kİİ-tərəfindən
Hacıqabul rayonunun su basmış sahələrindən suyun
kənarlaşdırılmasını sürətləndirmək
məqsədi ilə K-3 kollektoru üzərində ümumi məhsuldarlığı
saniyədə 1,8 kubmetr olan 2 ədəd yeni nasos aqreqatı
quraşdırılmışdır.
Ötən müddət ərzində
görülmüş tədbirlər nəticəsində
Hacıqabul rayonu üzrə sahələrə
düşmüş suyun 40 faizə qədəri kənarlaşdırılmış,
26 iyun 2010-cu il tarixindən Hacıqabul-Talış avtomobil
yolunun üzərindən su çəkilmiş, yol
açılmışdır.
Sabirabad rayonunun su basmış kəndlərinin
əksəriyyətində həyətyanı və əkin
sahələrindən su çəkilmişdir. Su Sarxanbəyli-Muğan Gəncəli
çınqıl yolunun üzərindən və Şirvan-Salyan
avtomobil yolunun (Noxudlu yolu) Poladtuqay kəndi ərazisindən
keçən hissəsindən də kənarlaşdırılmışdır.
15 iyun 2010-cu il tarixindən hər iki yol
tam açılmışdır.
Rayonun yalnız Azadakənd, Əliəmbəyli, Yaxa Dəllək
və Bala Həşimxanlı kəndlərinin həyətyanı
sahələrinin bir qismində, bu kəndlərin, eləcə
də Çöl Beşdəli, Poladtuqay kəndlərinin əkin
sahələrinin bəzi hissələrində su
qalmışdır. Suyun çəkilməsinin
ləngiməsi, həmin ərazilərin II-Küryanı
kollektoruna nisbətən çökəkdə yerləşməsidir.
Göstərilən ərazilərdən suyun çəkilməsini
sürətlənirmək üçün Baş Mil-Muğan
kollektorunun, onun qolunun və Sabir adına
kollektorun suyunun tezliklə boşaldılması tələb
olunur. Bu məqsədlə Mil-Qarabağ
kollektoru müvəqqəti olaraq Baş Şirvan kollektoruna
birləşdirilməli, Sarı su gölündən K-1
kollektoruna açılmış qollar bağlanmalıdır.
Lakin bu tədbirlər yalnız, Hacıqabul
rayonunun Meyniman kəndindən su tam çəkildikdən,
Sarı su gölü və ətraf ərazilər tələb
olunan səviyyəyə qədər boşaldıqdan sonra həyata
keçirilə bilər.
Saatlı, İmişli və
Sabirabad rayonlarının Sarı su gölü ətrafındakı
su basmış kəndlərindən suyun kənarlaşdırılması
üçün ilk su basma halı baş verdikdən sonra
İmişli rayonunun Məmmədli kəndi ərazisində
(İmişli-Kürdəmir yolu ətrafında) Baş
Mil-Muğan və Mil-Qarabağ kollektorlarına, Saatlı
rayonunun Novruzlu, Kamallı və Hacıqasımlı kəndlərinin
ərazilərindən Araz çayına və K-1 kollektoruna
saniyədə 200 kub metrdən artıq su axıda bilən
suburaxanlar tikilmiş və müvəqqəti qollar
açılmış, gölün çayla təmasda olan bəndinin
bərpasına başlanmışdır. 28 iyun 2010-cu il tarixindən Kür çayından Sarı
su gölünə uçmuş yarıqlar
bağlanmış, çaydan gölə su
axınının qarşısı tam
alınmışdır. Ağ göl Milli Parkının rəhbərliyi
ilə razılaşdırılaraq 27 iyun 2010-cu il tarixindən
Ağ göldən Şərbət qobuya, oradan da Sarı su
gölünə suyun axıdılması (saniyədə 18-20
kubmetr) müvəqqəti olaraq tam
dayandırılmışdır.
Su basmış ərazilərdən suyun kənarlaşdırılması
üzrə tədbirlər indi də davam etdirilir. Eyni zamanda su çəkilmiş ərazilərdə
suvarma və kollektor-drenaj şəbəkələrinin təmir-təmizlənilməsinə
başlanılmışdır.
Su basmış sahələrin əksəriyyətindən
su qısa vaxt ərzində və sürətlə çəkildiyindən,
onun torpağa hər hansı bir ciddi təsir göstərmədiyi
ehtimal olunur. İlk su basma hadisəsi
zamanı su altında qalmış Sabirabad rayonunun Qaragüney
kəndində su çəkildikdən sonra təkrar əkilmiş
paxlalı bitkidən əldə olunmuş normal
çıxış da bu ehtimalı təsdiq edir. Rayon ərazisində qrunt sularının rejimi üzərində
aparılan müşahidələr də su basma hadisəsinin
torpağa və yeraltı suların rejiminə mənfi təsir
etmədiyini, əksinə torpaqda şorlaşma dərəcəsinin
və qrunt sularında minerallıq dərəcəsinin nisbətən
azalmasına səbəb olduğunu göstərir.
Məlum olduğu kimi, torpaq əmələ
gəlmə prosesində çay gətirmələri önəmli
rol oynayır və torpaqların münbitliyi çayların
gətirdiyi lil fraksiyalarından çox asılı olur.
Su basmış rayonlar Kür və Araz
çaylarının gətirmə konuslarında yerləşir
və bu rayonların torpaqlarının formalaşmasında və
münbitliyinin təmin olunmasında Kür və Araz
çaylarının gətirdiyi lillər əsas rol
oynamışdır. Bu baxımdan su basma
hadisəsinin həmin ərazilərdə uzun illər kənd
təsərrüfatı məhsulları istehsalı prosesində
torpağın yuyulmuş üst təbəqəsinin bərpa
olunmasına müsbət təsir göstərəcəyi
ehtimal olunur.
Su basma nəticəsində ərazilərin
əksəriyyətində torpağın səthində 1-3
metrlik su təbəqəsi yaranmışdır ki, bu da həmin
ərazilərdə, xüsusi ilə drenləşmiş sahələrdə
torpaqların əsaslı şəkildə yuyulmasına səbəb
olmuşdur. Bu da torpaqların səthindəki
çirklənmələrin, onun üst və alt
qatlarındakı duzların yuyulmasına şərait
yaratmışdır.
Az məhsuldar, əsasən şorlaşmış,
susuzluğa və duza davamlı kol bitkiləri ilə əhatə
olunmuş örüş sahələrində su basma
halları, bu ərazilərdə qışlayan mal-qaranın
müvəqqəti olaraq başqa yerlərə
köçürülməsinə səbəb olsa da, su basma
əsasən heyvanların yaylağa köç etdiyi dövrə
təsadüf etdiyindən bu təsir özünü o qədər
də biruzə verməmişdir. Əksinə, uzun illər su
görməmiş örüş, otlaq sahələri
suvarılmış, torpağın səthindən çirklənmələrin
yuyulması prosesi getmişdir ki, bu da gələn
mövsümdən həmin sahələrdə əmələ
gələcək ot kütləsinin
artmasına müsbət təsir göstərəcəkdir.
Məlum olduğu kimi, Sarı su
gölünün daimi və şirin su mənbəyi yoxdur.
Göl əvvəllər Kür və Araz
çaylarının daşqın suları ilə
qidalanmış, Ağcabədi və Beyləqan
rayonlarının təsərrüfatlarında meliorasiya
işləri aparıldıqdan sonra isə bu rayonların ərazilərindən
kənar edilən drenaj suları vasitəsi ilə doldurulur ( Ağ göl vasitəsi ilə). Kənd təsərrüfatında istifadə olunan
kimyəvi maddələrin, göstərilən rayonların ərazilərində
yerləşən kəndlərin çirkab
tullantılarının kollektor-drenaj sularına daxil olması
uzun illərdi ki, gölün faunasına ciddi mənfi təsir
göstərir. Drenaj sularının göllərin flora
və faunasına ciddi zərər vurduğunu nəzərə
alaraq onların doldurulması üçün əvvəllər
Kür çayında üzən nasos stansiya tikib və 17
kilometr kanal inşa etməklə suyun Mehman-gölə, Ağ
gölə və oradan da Şərbət qobu və Sarı
su gölünə verilməsi barədə layihə
hazırlansa da, bu işlər hələ həyata
keçirilməmişdir.
Gölün suyunun qismən Baş
Mil-Muğan, Mil-Qarabağ, K-1 kollektorlarına və Araz
çayına axıdılması isə, göl
üçün xüsusi ilə əhəmiyyətli
olmuşdur. Bu, göldə suyun təzələnməsinə,
on illiklər ərzində göldə qalıb üzvi və
mineral maddələrlə ifrat dərəcədə
çirklənmiş, üfunət qoxuyan suyun dəyişilməsinə
imkan vermiş, gölün ekoloji vəziyyətinin
yaxşılaşmasını təmin etmiş, onun fauna və
florasına müsbət təsir edərək orada yaşayan
canlıların normal inkişaf etməsinə və
çoxalmasına əlverişli şərait
yaratmışdır.
Bir daha xüsusi vurğulamaq istəyirəm
ki, ölkəmiz üçün böyük sınaq
imtahanına çevrilən subasma, daşqın, sel, torpaq
sürüşməsi və sair bu kimi təbii fəlakətlər
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
müdrik rəhbərliyi ilə müvəffəqiyyətlə
aradan qaldırıldı. Təbii fəlakətlərə
qarşı birgə mübarizədə bütün icra
strukturları böyük əzmkarlıq,
işgüzarlıq nümayiş etdirdilər. Məhz belə birlik, yekdillik sayəsində Azərbaycan
hökuməti təbiətin sınaqlarından qalib kimi
çıxdı.
Sonda onu da qeyd edim ki, təbii fəlakətdən
zərər çəkmiş əhaliyə dəyən
ziyanın ödənilməsi istiqamətində işlərə
start verilib. Su basma nəticəsində evi
uçulanlara yeni, daha dözümlü evlər tikilir, təmirə
ehtiyacı olan evlər isə bərpa edilir. Camaatın tələf olmuş mal-qarasına
kompensasiya ödənilir, fermerlərə zərər çəkmiş
təsərrüfatlarını qaydaya salmaq üçün
kreditlər verilir.
Söhbəti yazdı:
Telman ƏLİYEV
Xalq qəzeti.- 2010.- 4
iyul.- S. 6.