Azərbaycan milli mətbuatı
- 135
Cəhalət
və zülmət dünyasını nurlandıran "məşəl"
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 11 iyun 2010-cu ildə
Azərbaycan milli mətbuatının 135 illik yubileyinin
keçirilməsi haqqında sərəncam
imzalamışdır. Sərəncamda deyilir:
"2010-cu ildə zəngin tarixi ənənələrə
malik Azərbaycan milli mətbuatının 135 ili tamam olur.
1875-ci il iyulun 22-də görkəmli maarifçi və
publisist Həsən bəy Zərdabi tərəfindən nəşr
olunmağa başlayan "Əkinçi" qəzeti ilə
əsası qoyulmuş Azərbaycan milli mətbuatı
bütün dövrlərdə həqiqət
carçısı olmuş, cəmiyyəti
düşündürən problemləri, dövrün
qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini
əks etdirmiş, xalqımızın maariflənməsində,
milli və bəşəri dəyərlərin təbliğində
mühüm rol oyanmışdır".
Yeri gəlmişkən, qeyd etmək
lazımdır ki, XIX əsrin 70-ci illərinədək orta məktəblərin
elmi-fənn müəllimləri içərisində azərbaycanlılara
rast gəlmirik. Azərbaycanlılardan olan müəllimlər
yalnız şəriət və Azərbaycan dilinin tədrisi
ilə məşğul olurdular. 1870-ci illərdən
başlayaraq, orta məktəbin elmi-fənn müəllimi vəzifəsində
azərbaycanlıların da işləməsini
görürük. Azərbaycanlılardan olan ilk ali təhsilli
müəllimlərdən birincisi gələcəyin məşhur
pedaqoqu Həsən bəy Zərdabi idi.
1865-ci ildə Moskva Universitetinin
fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq
şöbəsini müvəffəqiyyətlə bitirən Həsən
bəy Məlikov (Zərdabi) 1869-cu il noyabrın 18-də QTD
popeçitelinin əmrilə Bakı Realnı Gimnaziyasına
təbiyyat tarixi müəllimi vəzifəsinə təyin
edildi.
Həsən bəy Cənubi
Qafqazda azərbaycanlılar arasında ilk ali təhsilli elmi-fənn
müəllimi idi. QTD-nin popeçiteli Qafqaz məzunlarından
olub, Rusiyanın müxtəlif ali məktəblərində təhsil
alaraq orta məktəblərdə müəllimliyə
göndərilənlərdən bəhs edərək, 1869-cu
ilə aid hesabatında Qafqaz canişininə yazırdı:
"Belə müəllimlərdən biri müsəlman dininə
mənsub olan Həsən Məlikov bu il Bakı Realnı
Gimnaziyasına təbiyyat müəllimi təyin edilmişdir
və o, öhdəsinə düşən vəzifəni
böyük şərəflə yerinə yetirir. O, gimnaziyada
müsəlmanlardan olan yeganə elmi-fənn müəlliminin
ilk nümayəndəsidir".
Bakı realnı məktəbinin ən
nümunəvi müəllimlərindən birincisi olan H.Zərdabi
səmərəli fəaliyyətinə görə,
1874-cü il dekabrın 20-də İmperatorun fərmanı ilə
III dərəcəli Müqəddəs Anna ordeni ilə təltif
edildi. 1876-cı ilə aid bir məlumatda deyilir ki, Həsən
bəy tədris ili ərzində 607 saat dərs demiş,
lakin, bir dəfə də olsun nə dərsə gecikməsi,
nə də dərs buraxması qeydə
alınmışdır. H.Zərdabi cidd-cəhdlə
çalışırdı ki, Bakı Realnı Məktəbində
və digər məktəblərdə oxuyan azərbaycanlıların
sayı artsın. O, özünün geniş elmi-pedaqoji və
ictimai fəaliyyəti nəticəsində azərbaycanlıların
məktəbə, elm və təhsilə marağını
artırmış, onun əhəmiyyətini xalqa dönə-dönə
izah etmiş, xalq maarifi, ana dili təlimi ideyasını
inkişaf etdirmişdir. Onun yaratdığı, ana dilli mətbuatımızın
ilk "qaranquşu" olan "Əkinçi" qəzeti
XIX əsrdə Azərbaycanda xalq maarifinin carçısı
olmuşdur. H.Zərdabi təcrübi müəllimlik fəaliyyəti
ilə azərbaycanlı balalarını təhsil almağa,
elm öyrənməyə, rus dilini mənimsəməyə
yönəldir, onlara mənəvi ruh verirdi. "Əkinçi"nin
məqsədi geniş xalq kütlələrinin
gözünü açmaq, xalqı cəhalət yuxusundan
oyatmaq idi.
XIX əsrin ikinci yarısında
Azərbaycanda ana dili məktəbi uğrunda mübarizə
aparan görkəmli maarifçilər içərisində
H.Zərdabi fəxri yer tutur. Azərbaycanın görkəmli
filosofu H.Hüseynov hələ 1943-cü ildə məqalələrindən
birində yazırdı: "Azərbaycanda ictimai fikir
inkişafının tarixi yazıldıqda onun ən parlaq səhifələrindən
birini xalqımızın fəxri olan H.Zərdabi
tutacaqdır. Bu böyük cəmiyyət xadimi, maarifçi,
mütəfəkkir şəxsiyyət xüsusi tədqiqə
layiqdir".
Zərdabinin ən mühüm
xidmətlərindən biri və birincisi budur ki, professor
Z.Göyüşovun dediyi kimi, o, mövhumat və orta əsr
geriliyinin hökm sürdüyü, xalqımızın cəhalət
və zülmət içərisində boğulduğu bir
dövrdə maarif məşəlini yandıranlardan biri
olmuş və ömrünün sonunadək bu məşəli
əlindən yerə qoymamışdır. "Maarifdən,
elmdən məhrum olan xalq işıqdan məhrumdur" - deyən
H.Zərdabinin bütün həyatı xalqın maariflənməsi
işi ilə bağlı olmuşdur.
Həsən bəy Zərdabinin
tarixi xidməti bir də bundadır ki, o, M.F.Axundovdan sonra ana
dili təlimi ideyasını inkişaf etdirərək yeni
yüksəkliyə qaldırdı. Savad təlimi
ideyasını irəli sürən Həsən bəy
M.F.Axundovdan fərqli olaraq, uşaqların ümumi elmi təhsilini,
ana dilində dünyəvi məktəblər yaratmaq
ideyasını dövrün tələblərinə
müvafiq olaraq əsaslandırdı. Mürtəce
adamların, cahil ruhanilərin onun cəhdlərinin müvəffəqiyyətlə
nəticələnməsinə imkan verməmələrinə
baxmayaraq, o, ömrünün sonunadək bu ideyaya sadiq
qaldı. Bütün bunlara görədir ki, o, haqlı olaraq
Azərbaycanda ana dilində təhsilin, həmçinin
qadın təhsilinin, Azərbaycan teatrı və mətbuatının
banisi hesab edilir. Ömrünün 40 ildən artıq bir
dövrünü Azərbaycan xalqının səadəti və
tərəqqisi uğrunda mübarizəyə həsr edən
Həsən bəy Azərbaycan ziyalılarının
bütöv bir nəslini yetişdirmişdir. Məhz buna
görədir ki, müasirləri onu "Zaqafqaziya müsəlman
ziyalılarının müəllimi və mənəvi
atası" adlandırmışlar. 1875-ci il iyul
ayının 22-də Azərbaycanda ilk milli qəzet olan "Əkinçi"nin
birinci sayı çapdan çıxdı. "Əkinçi"
qəzeti özünün meydana gəlməsilə
"bütün Rusiyada olan müsəlmanları hərəkətə
gətirdi".
Səhifələrindən maarif,
elm ziyası nurlanan "Əkinçi" nüsxələri
dövrün qabaqcıl adamlarının qəlbini riqqətə
gətirdi, onları maarifçilik işi uğrunda mübarizəyə
ruhlandırdı. Rusiyanın bir çox şəhərlərindən
göndərilən təbrik teleqramlarında "Əkinçi"
"maarif xəzinəsinin qapısını yazıq
dağlı xalqlarının üzünə açan sehirli
bir açar" adlandırılırdı".
H.Zərdabi "Əkinçi"
qəzetini nəşr edərkən yaxın köməkçiləri
onun şagirdləri idi. "Onlar yazmaqdan savayı, qəzeti
müftə paylamağa, poçta verməyə də kömək
edirdilər. Onlar qəzet oxumaqla yazıb- oxumağı
öyrənmişdilər və vətən dilində qəzeti
görəndə çox şad olurdular. O günü onlar
üçün böyük bayram olurdu".
"Əkinçi" qəzeti
az vaxt içərisində qabaqcıl fikirlərin mərkəzinə
çevrildi. Xalq maarifi və mədəniyyətinin, ana dili məktəblərinin
carçısı oldu. Xalqın səadəti uğrunda, millətin
gözünü açmaq üçün onu elmə, mədəniyyətə
qovuşdurmaq uğrunda mübarizə "Əkinçi"
qəzetinin əsas məqsədini təşkil etmişdir.
Mübaliğəsiz demək
lazımdır ki, XIX əsrdə Azərbaycanda xalq maarifi, məktəb
və pedaqoji ideyaların inkişafı tarixinin ən parlaq səhifələrindən
birini "Əkinçi" qəzeti tutur. Milli mətbuatımızın,
o cümlədən pedaqoji mətbuatın
başlanğıcı olan "Əkinçi"
mövhumat və orta əsr geriliyinin hökm
sürdüyü, xalqın cəhalət və zülmət
içərisində boğulduğu bir dövrdə maarif məşəlini
yandırmış, dünyəvi məktəb uğrunda
ardıcıl mübarizə aparmış, mütərəqqi
pedaqoji fikirlər yaymış, ən başlıcası isə
ana dili təlimi ideyasını geniş təbliğ
etmişdir.
"Əkinçi" təlimin
ana dilində aparılması məsələsində
mühafizəkar mövqe tutanları vaxtında, həm də
kəskin tənqid və ifşa edirdi. "Bizim öz elmimiz
bizə bəsdir və əgər hər kəs o elmləri
(yəni dünyəvi elmləri - H.Ə.) öyrənmək
istəsə, getsin xarici dillərdə öyrənsin, dəxi
elm kitablarını gətirib öz dilimizə tərcümə
etdirib çap etmək nə lazım?" deyənləri
"Əkinçi" öz xalqının zəkasına
inanmayan, xarici təsirlərə uyan meşşan, kütbeyin
adlandırır, belələrinin nifrətə layiq
olduqlarını göstərirdi.
Həsən bəy Zərdabi ana
dili məktəbləri ilə bərabər, dünyəvi təhsil
uğrunda da mübarizə aparırdı. Moskvada təhsil
alarkən, ola bilsin ki, o, 60-cı illərdə Rusiyada klassik və
real təhsil tərəfdarları arasında gedən
mübarizədən xəbərdar idi. Lakin onun "Əkinçi"
qəzetində "elmi-əbdan" və ya "elmi-ədyan"
haqqında qaldırdığı məsələ Azərbaycan
xalqının həyatından irəli gəlirdi və Rusiyada
gedən mübarizənin Azərbaycanda özünəməxsus
inikası idi.
Dünyəvi və dini elmlər
haqqında mübahisə qəzetin 1875-ci il 10-cu nömrəsində
dərc edilmiş Heydərinin məqaləsi ilə
başlandı. Bu məqalə tərəqqipərvər
müxbirlər ilə qaragüruhçular arasında
qızğın mübahisəyə səbəb oldu,
Qabaqcıl ziyalıların fikrini təmsil edən "Əkinçi"
dünyəvi elmlərə üstünlük verirdi.
H.Zərdabi başda olmaqla "Əkinçi"
qəzeti və onun müxbirləri M.F.Axundovun
ideyalarını inkişaf etdirərək öz məqalələrində
"elmi-əbdan"ı "elmi-ədyan"dan, dünyəvi
elmlərin öyrədilməsini ilahiyyatçılıqdan
ayırmağı tələb edir, məktəblərdə
dünyəvi elmlərin tədrisinin təbliğinə
çalışırdılar. H.Zərdabi yazırdı:
"...Elmi-əbdan hədisi 1293 ildir ki, xalqın ipini əllərində
saxlayan şəxslərə məlumdur. Amma onlar bəzi səbəblərə
binaən bıçağacan nə ki, o hədisi xalqa bəyan
etməyiblər, amma özləri də onun dalınca
olmayıb, müsəlman millətini sərgərdan
qoyublar".
Azərbaycanda dünyəvi elmlərə
maraq göstərilməməsinin bir səbəbi də bu idi
ki, ta qədimdən bəri dünyəvi elmlərlə ruhani
elmlərin tədrisinə fərq qoyulmayıb, "hər
ikisinin bir məktəbxanada, bir ustaddan, bir qayda ilə"
öyrənmələri idi. Həm də ruhanilər hakim təbəqə
olduqlarından dini elmlərin tədrisinə daha çox
fıkir verilirdi. Bu məktəblərdə ümdə mətləb
elmi-ədyan oxutmaq idi. Dünyəvi elmlər isə kölgədə
qalır, Zərdabinin dediyi kimi, ya heç oxudulmur, ya oxudulursa
da ona elə səy edilmirdi.
Məktəblərdə dünyəvi
elmlərin oxudulmasını vacib hesab edən Zərdabi
göstərirdi ki, "...bu qayda qədim zəmanə
qaydasıdır və zəmanə dəyişildiyinə gərək
o qayda da dəyişilsin". İndi hər bir sənətin
sənətkarı olduğu kimi, elmlərin də
hamısını bir ustaddan, bir məktəbxanada öyrənmək
olmaz. Həm də hər iki elm bir məktəbdə bir
ustaddan öyrənildikdə oxuyanlar hər ikisindən avara
olurlar.
"Əkinçi"nin
açdığı mübahisələrdə H.Zərdabı
ilə yanaşı, N.Vəzirov, Əhsənül-Qəvaid, Ələkbər
Heydəri, Zaqafqaziya Şeyxülislamı axund Əhməd
Hüseynzadə, Məhbus Dərbəndi və
başqaları yaxından iştirak edirdilər. "Əkinçi"nin
dağıstanlı müxbiri Ə.Heydəri gənclərin
mükəmməl şəkildə elmlərin əsaslarına
yiyələnmələrini zəruri məsələ kimi irəli
sürürdü. O, köhnə təlim-tərbiyə
üsullarını pisləyir, məktəb və mədrəsələrdəki
təlimin yarıtmazlığını, orada tədris edilən
fənlərin puçluğunu açıb göstərirdi.
"Əkinçi"nin
pririsipial müxbirlərindən olan Əhsənül-Qəvaid
maarifçi olmaq etibarı ilə idrakın gücünə
möhkəm inanır, hətta onun vasitəsilə
insanların azad, dinc, qayğısız yaşayacaqlarına
bel bağlayırdı. O, yazırdı: "İnsanı da
tifliyyətdə gərək atası və böyüyü
hərfətə və tərbiyətə (təlim-tərbiyəyə
- H.Ə.) qoysun ki, dəmir soyuyandan sonra çəkic ona kar
etməz".
"Əkinçi" qəzetinin
xalq maarifi və məktəb uğrunda mübarizəsindən
bəhs edərkən M.F.Axundovun "Əkinçi"də
dərc edilmiş bir məqaləsini nəzərdən
keçirmək çox maraqlıdır. Qəzetin 1877-ci ildəki
2-ci sayında dərc edilən həmin məqalədə
deyilirdi: "Bizim əzizimiz və gözümüzün
işığı, Həsən bəy! Sən hər qəzetində
biz müsəlman tayfasına elmin fəzilətini və səməratını
zikr edib, bizə hey təklif edirsən elm öyrənin, elm
öyrənin!... Çox yaxşı, sözün baməna və
nəsihətin müfid və xeyirxahlığın sabit.
İndi biz hazırıq ki, sənin nəsihətini əmələ
gətirək. Bizə de görək, elmi harada öyrənək
və kimdən öyrənək, hansı dildə öyrənək?".
M.F.Axundovun məktubunda göstərilən
üç mühüm məsələ o dövrdə xalq
maarifi və ana dili məktəbinin təşkili
qarşısında duran çox mühüm pedaqoji problemlər
idi. Bu problemlərdən birincisində - kütləvi xalq məktəblərinin
olmamasına işarə edən M.F.Axundov yazırdı: "Əgər
şəhərlərdə öyrənək, şəhərlərdə
məktəbxanalar yoxdur. Əgər külli - şəhər
xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer
tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə
məktəbxanalar bina edək. Çox yaxşı. Hansı
istitaətlə?!"
İkinci mühüm problem xalq
müəllimlərinin olmaması idi. Bu vacib cəhəti
göstərən M.F.Axundov deyirdi: "Bərfərz ki, etdik,
müəllimləri haradan alaq? Türki və farsi və ərəb
dillərində bilən müəllimlər yoxdur və bu
dillərdə elm kitabları yoxdur. Pəs necə edək?"
Üçüncü problem
hansı dildə oxumaq məsələsi idi. Bu məsələ
demək olar ki, bütün Azərbaycan maarifçilərini
düşündürən və xalq maarifinin
inkişafını ləngidən, həmçinin, öz həllini
gözləyən mürəkkəb və çətin məsələ
idi. Belə
ki, o zamanlar ana dili gözdən düşmüş bir dil
idi. Dövlət
məktəblərində tə'lim rus dilində, məscid məktəblərində
isə ərəb və fars dillərində
aparılırdı. Bu məsələyə işarə edən
M.F.Axundov yazırdı: "Deyəcəksən ki, rus dilində
oxuyun, öyrənin. Çox yaxşı, şəhərlərdə
məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə
başladıq. Aya, ünas və kənd əhlimız
necə etsinlər? Kəndlərdə də
məktəbxanalar açaq və müəllim gətirək
ya yox? Əgər deyirsən açın, insaf elə,
hansı istitaət ilə və hansı qüdrət ilə?".
Həqiqətən, o zamanlar dövlət
tərəfindən yalnız şəhərlərdə məktəblər
açılmışdır, kəndlərdə isə
düzgün təşkil edilmiş məktəblər hələlik
yox idi. Təkcə şəhər əhalisinin təhsili
qayğısına qalmaqla əsas məqsədə -
bütün xalq kütlələrini savadlandırmağın
qeyri-mümkün olmasına işarə edən M.F.Axundov
yazırdı: "Əgər deyirsən ki, kənd əhli
qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda
sənin muradın əmələ gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər
xalqı kənd əhlinə nisbət qətrədir dəryaya
nisbət".
M.F.Axundov həmin məqaləsində
ümumi təhsil ideyasını irəli sürürdü.
O yazırdı ki, ana dilində məktəb açmaq
üçün, hər şeydən əvvəl,
üç şey: vəsait, birlik və ana dilində dərsliklər,
- əlifba lazımdır. Bunsuz xalq maarifini
inkişaf etdirməyi M.F.Axundov mümkün hesab etmirdi.
M.F.Axundovun həmin məqaləsi
"qışın çilləsində olan çovğun
kimi onu diqqət ilə oxuyanın bədəninə qorxu lərzəsi
salırdı". Lakin bununla belə, həyata
daha optimist münasibət bəsləyən Həsən bəy
M.F.Axundovun göstərdiyi çətinlikləri aradan
qaldırmağın yollarını düşünür,
xalqın dərdinə çarə axtarır, konkret yol
göstərməyə cəhd edirdi.
"Əkinçi" qəzetinin səhifələrində
M.F.Axundovun qaldırdığı ana dili məktəbi məsələsinin
müzakirəsində "Əkinçi"nin
fəal müxbirlərindən olan N.Vəzirov, Məmmədtağı
Əlizadə Şirvani yaxından iştirak edir, dəyərli
fikirlər söyləyirdilər.
Ümumiyyətlə, "Əkinçi"nin bütün materiallarında, xüsusən,
baş məqalələrində maarifçilik ideyası əsas
xətt kimi keçib gedir.
Onu da qeyd edək ki, zaman keçdikcə Zərdabiyə
və "Əkinçi"yə qarşı mürtəcelərin
ardı-arası kəsilməyən böhtanları, hədələri
və açıq hücumları başlandı. "Əkinçi"nin maarifçilik fəaliyyətindən
yalnız Azərbaycanın imtiyazlı feodal silklərinin
nümayəndələri deyil, həm də çar hökuməti
narahat olmağa başladı. Qabaqcıl
ideyaları yaydığına görə qəzet üzərində
Bakı qubernatoru tərəfindən son dərəcə ciddi
senzor nəzarəti qoyuldu.
Beləliklə, Həsən bəy bu
işi yalnız 1878-ci ilə qədər davam etdirə bildi.
"Əkinçi"nin fəaliyyəti
dayandırıldı. 1877-ci ildə Rusiya ilə Türkiyə
arasında müharibənin başlanması, Dağıstanda
baş verən üsyanlar nəticəsində "Əkinçi"nin üzərində senzor nəzarəti
gücləndi, Həsən bəyin özü isə
"siyasi cəhətdən təhlükəli və
etibarsız" elan edilərək, gizli və aşkar təqiblərə
məruz qaldı. Həsən bəy sonralar, 1906-cı ildə
bu barədə yazırdı:
"Elə ki, Dağıstanda şuluqluq
başlandı, "Əkinçi"nin günü dəxi
artıq qara oldu. Bir gün Nəcəf bəy
Vəzirovun məqaləsini ki, Moskvadan göndərmişdi,
vermişdim düzməyə. Məqalədə
bir dərviş bazarda dükanların qabağında qəsidələr
oxuyub onları elm, təhsil almağa
çağırırdı. Senzor qol
çəkib çap olmağa izin vermişdi. Qəzet çap olub paylanandan sonra qubernatorun
hökmünə görə, o nömrəni bağlayıb məni
istədilər. Gedib gördüm ki, mənim
Minasovum oradadır. (Minasov "Əkinçi"nin mürəttibi idi. Erməni
millətçiliyi zəhəri ilə zəhərlənmiş
Minasovun qəzet barəsində qubernatora yalan məlumatı
verməsinə işarədir. - H.Ə.)
Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin
sözlərinin qeyri-mənası var. Ona görə nömrəni
bağlayıb sənə hökm edirəm ki, bir qeyri nömrə
çap edəsən. Cavab verdim ki, qeyri
nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernator özü bir
nömrə çıxardıb payladı. Çünki nömrə mənim adımdan
çıxmışdı, mən təvəqqe elədim ki,
dəxi mənim adımdan qəzet
çıxarmasınlar".
"Əkinçi"nin üzərində
nəzarətin artırılması, adlı və adsız
danoslar, Həsən bəyin özünün lsiyasi cəhətdən
təhlükəli və etibarsız" elan edilməsi həm
qəzetin bağlanması, həm də onun müəllimlikdən
azad edilməsi ilə nəticələndi.
Beləliklə, 1878-ci il noyabrın
20-də Azərbaycan mətbuatının banisi, xalq maarifinin
görkəmli mübarizi Həsən bəy Zərdabi
Bakı realnı məktəbinin müəllimi vəzifəsindən
azad edildi.
Müəllimlikdən azad olunması və
"Əkinçi" qəzetinin bağlanması ilə əlaqədar
olaraq Həsən bəyi tanıyanlar ona çoxlu məktub
göndərərək heyfsiləndiklərini və mütəəssir
olduqlarını bildirirdilər. Onun həmfikiri,
"Bakinskiy listok"un redaktoru Xristian Senk
Moskvadan Zərdabiyə yazırdı: "Mən qəlbən
narazıyam. Burada sürdüyüm həyat məni
ruhən təmin etmir. Mənə bir tikə
çörək uğrunda mübarizə lazımdır, mənə
bədbəxt kütləni istismar etməkdə öz
gücündən və hakimiyyətindən sui-istifadə edənlərə
qarşı mübarizə lazımdır. Mən sizin son fəaliyyətinizi məmnuniyyətlə
izləyirəm, mən sizin qəhrəmanlıq mübarizənizi
alqışladım. Sizin geri çəkilmək
məcburiyyəti qarşısında
qalmağınızı bildikdə çox qəzəbləndim.
Lakin siz mənim nəzərimdə ləyaqətli
qəhrəman kimi qalırsınız".
Hüseyn ƏHMƏDOV,
Rusiya Təhsil
Akademiyasının həqiqi üzvü,
professor
Xalq qəzeti.- 2010.- 6 iyul.- S. 6.