Xatırlama

 

    Unudulmaz Nəsibə xanım

 

    Bəzən itirdiyimiz insanların yoxluğu ilə barışa bilmirik. Belə insanlar arasında elələri də olur ki, təkcə sənin üçün deyil, cəmiyyət üçün böyük itki olur. Nəsibə xanım Zeynalova kimi. Nəsibə xanıma xalq məhəbbətinin bu qədər çoxluğunun səbəbi aydın idi. Çünki Tanrı onu insanlara sevinc, gülüş bəxş etmək üçün yaratmışdı. Çox hörmətli yazıçılarımızdan biri demişdir ki, "Nəsibə olan yerə qəm, kədər yaxın düşə bilməz. Yaradan ona bu taleyi bəxş etmişdir".

 

    Belə simalar, doğrudan da, cəmiyyət arasında tez-tez yetişmir. Dövr, zaman bu səviyyədə insanları yetirmək üçün elə bil xəsislik edir.

    Nəsibə Zeynalova XX əsr Azərbaycan incəsənətinin nadir simalarından idi. Ona olan hədsiz xalq sevgisinin əsasında isə Nəsibənin bu xalqa sonsuz məhəbbəti dayanırdı.

    Bu qənirsiz sənət adamının yoxluğu onu tanıyanların, onun sənətinə vurğun olan insanların qəlbində həqiqətən bir boşluq yaratdı. Daha o, teatrda oynamır, yeni filmlərə çəkilmir, televiziya verilişlərində görsənmir. Yeganə ümid isə onun yadigarı olan lent yazılarıdır, filmlərdir və onlar, söz yox ki, bu canlı ünsiyyəti əvəz edə bilmir.

    Bu gün Azərbaycanda az adam tapılar ki, Nəsibə xanımı sevməsin, onun gülüş dolu rollarını görməsin. Çoxlarımız da onun bioqrafiyası ilə tanışıq. Bilirik ki, o, Azərbaycanın məşhur aktyorunun ailəsində dünyaya göz açıb və bu sənətə də düşdüyü mühitin təsiri ilə gəlib.

    Azərbaycan teatrsevənləri arasında "qayınana" kimi sevilən, Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi.

    Atası rəhmətə gedəndə Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

    Yaradıcılığının mayası gülüşmusiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar KolxozSovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq, kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar göstərirdi. Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

    Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

    Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov ) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

    Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi KabatoBarbale ("KetoKote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("İki ağanın bir nökəri", Karlo Haldonimusiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar HüseynovSüleyman Ələsgərov), Alma ("Şirin arzular". Tərcümə edənləri Ə.SüleymanovAbdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon CubabiriyaŞota Milorova. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi Xudayev və A. Ovanov) rollarının xüsusi yeri var.

    Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzulu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisanın Xanpəri ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Nargilə ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Tükəz ("Hacı Qara". Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev), Tərlan ("Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov), Zemfira ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Nərimanov), Rəxşəndə ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Münəvvər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev), Şölə xanım, Xeyransa, Matan ("Özümüz bilərik", "Sevindik qız axtarır" və "Olmadı elə, oldu belə", Şıxəli QurbanovSüleyman Ələsgərov), Mərcan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Cəhri xala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Gülyanaq ("Hardasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov), Fatma xala ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev), Rəxşəndə ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Zeynəb, Cəmilə ("Boşanaq, evlənərik" və "Nənəmin şahlıq quşu", Əliağa Kürçaylı və Vasif Adıgözəlov), Cənnət xala ("Qayınana", Məcid ŞamxalovZakir Bağırov rollarının əvəzsiz ifaçısı sayılır.

    Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.

    Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, tele-tamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin, "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qayınana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

    Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı laureatıdır. 1974-cü ildə Rauf Kazımovski, onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmini çəkib.

    Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa mənalı və ifadəli, ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi.

    Obrazın xarakterini koloritli tərzdə verməkdə muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb.

    Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı.

    Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu.

    Nəsibə xanımın oğlu Cahangir Zeynalov aktyor, nəvəsi Nəsibə xanım teatrşünasdır.

    Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

 

 

    M.MÜKƏRRƏMOĞLU

 

    Xalq qəzeti.- 2010.- 7 iyul.- S. 8.