Azərbaycan milli mətbuatı-135
Sözün və əməlin silinməz izləri
Həyatda elə adamlar
olur ki, onların adları təkcə ayrı-ayrı
insanların yox, ümumən yaşadığı
dövrün, təmsil elədiyi iş sahəsinin tarixinə
yazılır. Belə adamlardan biri uzun müddət
"Kommunist" (İndiki "Xalq qəzeti") qəzetinin
redaktoru olmuş Ağababa Səməd oğlu Rzayev idi.
O, "Kommunist" qəzetinə
gələndə mən artıq redaksiyada işləyirdim. Daha
doğrusu, həm Bakı Dövlət Universitetində oxuyur,
həm də qəzetin gecə işində
çalışırdım - redaksiya müdiri adlanan bir
texniki işçi idim. Axşamlar redaksiya ilə mətbəə
arasında işi sahmanlayır, əlaqələndirirdim. Ona
görə də redaktorla, demək olar, hər gün
görüşürdüm. Ağababa müəllim mənim
oturuş-duruşumla, yazı-pozumla maraqlanırdı, hər
nə yazırdımsa çap eləyirdi. Aradan təqribən
il yarım keçdi. Təhsil müddəti başa
çatdı. Təyinat vaxtı gələndə Ağababa
müəllim mənimlə bir xeyli söhbət elədi.
Dedim ki, məni universitetdə saxlamaq istəyirlər.Soruşdu:
- Bəs öz fikrin necədir?
Əlbəttə, mən
jurnalistikaya, qəzet işinə fanatikcəsinə
vurulmuşdum. Dedim ki, imkan olsaydı burada qalıb işləyərdim.
- Lap yaxşı - dedi. - Səni
heç yana buraxan deyiləm.
Onda təyinat zülm idi, xüsusən,
mətbuat orqanına. Jurnalistlərin bölgüsü ilə
birbaşa Mərkəzi Komitə məşğul olurdu. Bu
yolla "Kommunist"ə iki nəfər gəlmişdi.
Üç ay idi ki, onlar sınaq müddəti keçirdilər.
İkisinin də arxası möhkəm idi. Di gəl ki,
heç biri "Kommunist"in sınağından keçə
bilmədi. İkisi də geri qaytarıldı. Mənim isə
ixtisasım tamam başqa idi - kitabxanaşünaslıq və
biblioqrafiya fakültəsində oxuyurdum.
Narahatlığım əbəs
imiş. Ağababa Rzayev rektorla danışdı. Redaksiyadan məxsusi
məktub yolladı və mən "Kommunist" qəzetinin
tam hüquqlu əməkdaşı oldum. Bir azdan məni
ideologiya şöbəsinə keçirdilər, sonra sovet
orqanları şöbəsində işlədim.
Görürdüm ki, həmişə Ağababa müəllimin
nəzər-diqqəti üstümdədir. Bir dəfə qəribə
hadisə oldu. Gərək ki, 1967-ci il idi. Şöbədə
oturmuşdum. Redaktor daxili telefonla zəng çaldı.
Ağababa Rzayev zəhimli adam idi. Düzü səsi xoşuma
gəlmədi, sərt danışdı. Çəkinə-çəkinə
getdim. Yazıçı Əfqan da yanındaydı.
Gördüm ki, qanı qaradır. İçəri girən
kimi aldı məni:
- Nədi, - dedi - redaktor gedirsən?
Yaman tutuldum. Keçmiş
şöbə müdirim Rəşid Mahmudov Mərkəzi Komitənin
mətbuat bölməsində işləyirdi. Bir dəfə
sözarası demişdi ki, Əhməd, səni redaktor
göndərəcəyəm. Demişdim ki, "xeyir ola,
hara?" Demişdi, "öz vətəninə,
Zaqatalaya". Sonra da əlavə eləmişdi ki, hələlik
orda-burda danışma. Düzü, bunu bir zarafat sanmışdım.
Ona görə də heç kəsə bir kəlmə deməmişdim.
İndi bu sözü redaktorun dilindən eşidəndə
çıxılmaz vəziyyətdə qaldım...
Sən demə, yuxarılarda
artıq hər şey həll olunubmuş. Zaqatala Rayon Partiya
Komitəsinə zəng çalıbmışlar ki, sizə
təzə redaktor gəlir. Soruşublar: Kimdi? Deyiblər:
Eloğlunuz Əhməd İsayev! İkinci katib Rəhilə
xanım məni aparmağa Bakıya gəlibmiş. O da sevincək
redaktora zəng çalıbmış: "Ağababa müəllim,
sağ olun ki, belə bacarıqlı oğlanı bizə
redaktor göndərirsiz." Kişi onda "dəli"
olur, məni çağırır...
Redaktor bir də qeyzlə xəbər
aldı:
- Nədi, Rəşid səni məndən
çox istəyir? Rayonda nə işin var?
- Ata-anam qocalıb - dedim, - bəlkə
onlara bir köməyim dəydi.
Daha da hiddətləndi.
- Ata-anan redaktor olanda yadına düşür? Get otur
yerində! Ağlını başına yığ!
Otağa necə qayıtdım, yadımda
deyil. Aradan bir-iki saat keçdi. Redaktor bir də zəng çaldı.
Getdim. Bu səfər tək
idi. Yer göstərdi, oturdum.
- Əhməd, çavan oğlansan, - dedi, qabiliyyətin
var. Buradan həmişə hər işə gedə bilərsən.
Rayon yerində baş aça bilməzsən,
köhnə qurdlar səni bir ilə parçalayarlar. Dur
get, başını aşağı sal, işlə. Hər dəfə gələndə redaksiyanın
pillələrini öpə-öpə çıx, gedəndə
öpə-öpə düş. Başa
düşdün?..
- Baş üstə, Ağababa müəllim.
Neçə il A.Rzayev bu söhbəti açıb
ağartmadı. Bir də 1970-ci ildə mən Gəncəbasar
bölgəsinə xüsusi müxbir gedəndə gülə-gülə
dedi ki, bəlkə, səni Zaqatalaya redaktor göndərək?
(Sonralar eşitdim ki, Gəncəbasara müxbir getmək
üçün neçə adam can
atırmış, Mərkəzi Komitənin də öz namizədi
var imiş. Ağababa müəllim məni
seçib). İşçilərə
qarşı çox tələbkar, eyni zamanda
qayğıkeş, mehriban idi. Hər dəfə
zəng çalanda əvvəl hal-əhval tutar, sonra
sözünü deyər, tapşırığını verərdi.
Danlamağı da vardı. Yeri
gələndə işçini mərd-mərdanə
müdafiə də edirdi.
"Əlifbanın birinci hərfi"
adlı tənqidi yazım çıxanda Daşkəsən
Rayon Partiya Komitəsinin birinci katibi müxtəlif ünvanlara
şikayət məktubları yazırdı. Günlərin
birində Ağababa müəllim zəng çaldı:
-Yazılanlara qarşı bir narahatlığın yoxdur
ki?
Dedim ki qətiyyən yoxdur. "Diqqətli ol - dedi - bəlkə
yoxlamağa adam yolladım".
Səhəri günü Mərkəzi
Komitənin nümayəndəsi ilə birlikdə redaksiyadan
iki nəfər jurnalist gəldi. Vəziyyət
yerli-yerində öyrənildi. Hər iki tərəfin
iradları araşdırıldı. A.Rzayevin
təşəbbüsü ilə əsl həqiqət
respublika rəhbəri Heydər Əliyevə
çatdırıldı. Bununla da qəzetin
obyektiv çıxışına qeyri-obyektiv münasibət
bəsləyən birinci katib vəzifəsi ilə xudahafizləşməli
oldu.
Həmin rayonun İcraiyyə Komitəsinin
sədri Georgi Manasyanın bəd əməlləri barədə
material hazırlanarkən aləm bir-birinə
qarışdı. Moskvadan tutmuş
Bakıya kimi "nüfuzlu" erməni rəhbərləri
müdafiəyə qalxdılar. Mərkəzi
Komitənin ikinci katibi redaktora zəng
çalmışdı.
- Bəlkə, materialı saxlayasız.
Redaktor əlüstü cavab vermişdi.
- Bəs müxbirə nə deyim?
- Özün bil, hər halda yazı getməsə
yaxşıdır.
Vəziyyətin mürəkkəbləşdiyini görən
Ağababa Rzayev qəfildən xəbər almışdı:
- Bu tapşırığınızdan Heydər Əliyevin
xəbəri varmı? Qoy mən onunla bir məsləhətləşim.
Qarşı tərəf o dəqiqə
geri çəkilmişdi.
- Yaxşı, necə bilirsiniz, elə də eləyin.
Yazı çap olundu və Manasyana cinayət
işi qaldırıldı.
Ağababa Rzayevdə duyum qabiliyyətinə, ab-havanı
doğru-dəqiq tuta bilməyə, obyektivliyə, ədalətə
söz ola bilməzdi. Heç bir dairədən
heç kim ona nahaq yerə təsir
göstərə bilməzdi.Şəmkirdən yazılan məktuba
görə bir dəfə məni Mərkəzi Komitəyə
çağırdılar. Elə bir ciddi məsələ
deyildi. Cavabını verdim. Ağababa müəllim Bakıda deyildi. Gələn kimi əlüstü yuxarılara zəng
çalmışdı.
- Niyə mənim başımın üstündən
iş görürsüz? - dedi. - Qəzetdə bir qüsur
gedibsə, sizin qarşınızda mən cavabdehəm. Xahiş edirəm ki, bir də işçilərimi
narahat eləməyin.
Bir redaktor kimi Ağababa Rzayevin ən
ümdə tələblərindən biri də bu idi ki, qəzet
öncə əhalini narahat edən qayğı və problemlərdən
yazmalı, hər hansı tənqidi
çıxışın nəticəsi olmalı və
redaksiyaya mütləq cavab verilməlidir. Elə
öz təcrübəmdən bir-iki misal deyim.
"Doğmalar və ögeylər", "Pedaqoji institutun
anti-pedaqoji əməlləri", "Attestatlarda saxta qiymətlər",
"Heyvandarlıq İnstitutu əyri yollarda", "Mənzil
bölgüsündə hərc-mərclik" adlı
yazıların və başqa məqalələrin "maneəsiz"
qəzet səhifəsinə gəlib çıxmasında və
hər bir fakta görə müvafiq tədbirin görülməsində
Ağababa Rzayevin nüfuzunun və prinsipial mövqeyinin təsiri
böyük olmuşdu.
Rəfael Nağıyevin bomba kimi partlayan
yazılarına, Əli İldırımoğlunun bir-birindən
kəskin felyetonlarına səxavətlə ,
cəsarətlə yol açırdı. İlham Rəhimli
Bakı restoranlarında meydan sulayan bayağı erməni
musiqisini cəsarətlə tənqid edəndə Ağababa
müəllim bütün bədxahların cavabını verdi. Əfqan Əsgərovun, Hidayət
Zeynalovun, Kazım Ələkbərovun, Alp Ağamirovun,
Sadıq Qarayevin və başqalarının o zaman dildən-dilə
gəzən publisist yazılarının bir çoxu
Ağababa Rzayevin xeyir-duası ilə yaranırdı.
İnsanları həvəsləndirməyin,
ruhlandırmağın ən incə yollarını bilirdi.
Bir də görürdün ki, müzakirələrdən
birində bir məqaləmi göstərir:
- Əhməd İsayev bir yazı göndərib.
Əlbəttə, qanadlanıb
uçurdum. İndi həmin yazılara
baxıram, qeyri-adi elə bir şey yoxdur. Amma
Ağababa Rzayevin ürəkdolusu dediyi sözlər adamı
daha yaxşı yazmağa, daha cürətlə, daha sürətlə
işləməyə ruhlandırırdı.
Genişqəlbli insan idi. Az-çox istedadı olan cavanları irəli çəkir,
onlara meydan verirdi. Həmişə
işçilərin həyatı, məişəti ilə
maraqlanar, onların əməyinin qiymətləndirilməsinə
çalışardı. Onun dövründə neçə
nəfərə fəxri adlar verildi, neçə nəfər
ev aldı, bu və ya digər sahəyə
irəli çəkildi.
Ağababa Rzayevin həyatının
pünhan qatı da var idi. Cəbhəçi
Səmədağa barədə onun novellavari hekayələrini
maraqla oxuyardıq. Bilirdik ki,
döyüşçü Səmədağa doğma
"Kommunist"imizin redaktoru Ağababa Səməd oğlu
Rzayevin özüdür. Gündə
yüz yol görüşsək də, bu haqda söhbət
açmazdıq. Ehtiramın incə pərdəsini
heç kəs addamazdı, özü də sevməzdi bunu...
Axır ki, fürsət ələ
düşdü. Günlərin birində
Qələbə bayramı ərəfəsində təqaüdçü
A.Rzayev ilə üzbəüz oturduq. Söhbət
sadə bir döyüşçünün taleyindən getdi.
- Ağababa müəllim, Səmədağanın cəbhə
həyatı barədə sənədli hekayətərinizi
oxumuşuq. Səmədağanın keçdiyi yol barədə,
bəlkə , bir qədər ətraflı
söhbət açaq.
- Səmədağanın
həyatı sadə bir jurnalistin həyatıdır. Səmədağalar sosializm quruculuğu illərində
yaşadıqları üçün həyatın
bütün ağırlıqlarını öz çiyinlərində
daşıyıblar. Məsələn,
otuzuncu illərin kartoçka sistemini. Böyük
Vətən müharibəsinin qanlı döyüşlərini,
sonrakı gərgin quruculuq illərini görüblər.
Səmədağanın xoşbəxtliyi onda
olub ki, heç kəsə arxalanmayıb. On
dörd yaşından özünü əməyə
alışdırıb. Mətbəədə
adi mürəttib işləyib. Çox
zillət çəkib. İlk aylarda təcrübəsiz
olduğu üçün şrift-petit kassanı dağıtdığı
da heç yaddan çıxmır. O vaxt usta işdən
sonra onu saxladı. Bütün şriftləri
kassanın gözlərinə qoymağı tələb etdi.
Səmədağa sızlamadı, inləmədi.
Gecə saat 12-yə qədər oturub ustanın
göstərişini yerinə yetirdi. Həyatda
özünə, bax, belə yol açdı...
Müharibə xəbərini 1941-ci il
iyunun 22-də o zaman Bakı Soveti binasında qoyulmuş
radiodan eşitdi. İlk vaxtlar müharibənin
törədəcəyi dəhşətləri o qədər
də təsəvvürünə gətirmədi. O
zaman "Azərbaycan pioneri" qezetində korrektor işləyirdi.
Çox keçmədi ki, qəzet
bağlandı. Bu, müharibənin Səmədağaya
vurduğu ilk zərbə oldu."Gənc işçi" qəzetində
işə keçdi. Bir azdan həmin qəzetin də fəaliyyəti
dayandı...
1942-ci il sentyabrın 20-də Səmədağa
cəbhəyə yola düşdü. O qanlı-qadalı illərin
canlı şahidi,daha doğrusu fəal
iştirakçısı oldu...
Ağababa müəllim gülümsündü, nə
düşündüsə, sonra əlavə etdi:
- Deyəsən, Səmədağanın sirri
açıldı. Gəlin söhbəti Səmədağasız
davam etdirək.
- Buyurun.
- İlk gündən sonadək
istehkamçı olmuşam.Müharibənin dəhşətləri
ilə çox üzləşmişəm. Stalinqraddan Berlinə qədər döyüş
yolu keçmişəm. Vislanı birincilər
sırasında keçdiyimə görə mənə
"Qırmızı Ulduz" ordeni verildi.
1945-ci ilin sentyabrında ordu
sıralarından tərxis olundum. Müharibəyə
universitetin kimya fakültəsinin ikinci kursundan getmişdim.
Gələn kimi öz yerimə bərpa elədilər.
Ancaq oxuya bilmədim. Müharibə
hər şeyi unutdurmuşdu. Kimyanın əlifbasından
başlamaq lazım idi. Hövsələm
çatmadı. İlk sənətimi
xatırladım. Beləliklə, yenidən
redaksiyaya gəldim və uzun illər burada
çalışdım. Sadə zəhmətimə
görə iki dəfə "Qırmızı əmək
bayrağı" ordeni aldım. Respublikanın əməkdar
mədəniyyət işçisi fəxri adına
layiq görüldüm. İndi artıq təqaüdçüyəm.
Hərdən kefim kök olanda qeyd dəftərimi
vərəqləyir, Səmədağanın həyat yolu barədə
hekayələr qaralayıram. Fikrim var bir
kitabça buraxdırım. (Yeri gəlmişkən
deyim ki, A.Rzayevin dalbadal iki kitabı çıxdı: "Son
güllə" və "Üç brilyant". Çox səmimi, çox qanadlı avtoqraf
yazılmış hər iki kitabı ustadın əziz
yadigarı kimi "göz üstdə" saxlayıram).
Sənədlər arasından hərbi geyimli bir şəkil
çıxartdı:
- Lap yadımdan çıxmışdı - dedi. Reyxstaqda çəkdirmişəm. Qələbə günü ziyafət düzəltdik.
Əla qeyd olundu. Döyüşçülər
süngü ilə ürək sözlərini Reyxstaqın
divarlarına həkk etdilər. Mənim də
əlim dinc durmadı. Rus dilində yazdım: "Mən
Bakıdanam".
Bəli, o vaxt Reyxstaqın üzərində
bir nəfər gənc azəri balası öz adını həkk
eləyib, bu avtoqraf şanlı bir tarixə bələdçilik
edir. Sonralar isə düz 17 il
dövrün ən mötəbər mətbu orqanı olan
"Kommunist" qəzetinə nüfuzlu bir imza
yazıldı: "Redaktor Ağababa Rzayev". Onun
həyatda qalan izləri bax belə silinməzdir. Ömrünün son günlərində ötən
əsr jurnalistikasının görkəmli simaları,
haqqında xatirələr yazmaq istəyirdi. Əcəl macal vermədi. Yazmaq isə lazım
idi....
Hökmən lazımdır. O
dövrün bələdçiləri nə qədər
sağdılar, o unudulmaz illərin olaylarının qələmə
alınması vacibdir. Tarix üçün, həqiqət
üçün, dəyərli oxucular üçün.
Və bir də, ən əsası, milli mətbuatımızın
135 illik keşməkeşli yolunun ortadakı 70 ilinin tam
dolğunluğu ilə açıqlanması
üçün.
Əhməd İSAYEV,
respublikanın
əməkdar jurnalisti,
Prezident təqaüdçüsü
Xalq qəzeti.- 2010.- 7 iyul.- S. 7.