Cəlil Məmmədquluzadə -140

 

    Cəlil Məmmədquluzadə və Naxçıvan Teatrı

 

    127 yaşına qədəm qoymuş Naxçıvan Teatrının təşəkkülündə və tərəqqisində milli dramaturgiyamızın klassiklərindən biri Cəlil Məmmədquluzadənin müstəsna xidmətləri olmuşdur. 1894-cü ildən, demək olar ki, əsas fəaliyyətini doğma şəhərində teatra həsr edən gənc Cəlil burada tamaşaya qoyulan əsərlərin quruluşçusu və əsas rolların ifaçısı kimi tanınmağa başlayır. Qeyd etmək yerinə duşər ki, Mirzə Cəlilin səhnə əsərlərindən əksəriyyətinin ilk quruluşu məhz Naxçıvan Teatrında olmuşdur. "Çay dəstgahı" , "Kamança" , "Kişmiş oyunu" kimi kiçikhəcmli pyeslərə, həmçinin "Ölülər" və "Dəli yığıncağı" kimi dünyaşöhrətli klassik tragikomediyalara ilk səhnə həyatı Naxçıvanda verilmişdir.

 

    Xüsusən "Ölülər"in ilk dəfə harada (Naxçıvanda, yoxsa Bakıda) tamaşaya qoyulması 1960-cı illərin ortalarında teatr ictimaiyyəti, ədəbiyyatşünaslar, jurnalistlər arasında böyük bir polemika yaratmış, bu mübahisələr mətbuatda, ekran və efirdə, yeni nəşr olunan elmi kitablarda öz əksini tapmışdır. Bütün bunların nəticəsi olaraq son fikir belə olmuşdur: "Ölülər" ilk dəfə 1916-cı ildə Bakıda, sonra isə 1917-ci ildə Naxçıvanda tamaşaya qoyulmuşdur.

    Çox təəssüf ki, o zaman belə bir yanlış qənaətə gələrək qeyri-obyektiv qərar verənlər ilk tamaşanın canlı şahidlərinin, bu tamaşanın yaradıcı heyətindən sağ qalan bir neçə ifaçının, ələlxüsüs da "Ölülər"in ilk quruluşçu rejissoru və Kefli İskəndər rolunun ilk ifaçısı, qüdrətli sənətkarımız, görkəmli teatrkino xadimi, xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, professor Rza Təhmasibin tutarlı faktları, əsaslandırılmış izahatları, dəqiq məlumatları, rəy və etirazları ilə hesablaşmamışlar.

    O zaman professor R.Təhmasib belə bir məqama da toxunmuşdu: "Naxçıvanda "Ölülər" ilk dəfə 1915-ci ildə deyil, 1917-ci ildə oynanılıb faktının iddia edilməsinin əsas səbəbi Lətif Hüseynzadənin yanlış informasiya əsasında qələmə aldığı "Naxçıvan Teatrı tarixindən" adlı məqaləsidir. Məqalədə göstərir ki, guya mən Əliqulu Qəmküsarla Naxçıvanda bir məktəbə gedib Nazlı rolunu oynamaq üçün oğlan uşağı axtarmışam və ordan Mirhəsən Mirişlini (sonralar Azərbaycan SSR əməkdar artisti) seçmişəm. Mənim Naxçıvanda məktəbə getdiyim və "aktrisa" seçdiyim yadıma gəlmir. "Ölülər"i 1915-ci ilin qızmar yayında hazırlamışıq. O vaxtlar məktəblər, xüsusən də aşağı siniflər yazdan bağlanırdı. Biz hansı məktəbə gedə bilərdik? Maraqlı bir fakt da var ki, həmin ilk tamaşadan sonra Naxçıvan mollaları Ərəbistanın Nəcəf şəhərinə məktub göndərərək soruşmuşdular ki, "Ölülər"i yazan şəxsi müsəlman hesab etmək olar?" Cavab almışdılar ki, "bu adam kafirdir, mürtəddir". Əliqulu Qəmküsara da məlum olan bu faktın özüheç bir yerdə, hətta "Molla Nəsrəddin"də belə qeyd edilməmişdir".

    "Şərq qapısı"qəzeti özünün 1967-ci il 12 iyun tarixli nömrəsini tamamilə C.Məmmədquluzadənin 100 illik yubileyinə həsr etmişdi. Burada Azərbycan SSR xalq artisti İbrahim Həmzəyev "Gözəl surətlər silsiləsi" adlı məqaləsində yazır: "Ölülər" ilk dəfə 1915-ci ilin axırlarında Naxçıvanda tamaşaya qoyulmuşdur. Burada Şeyx Nəsrullah surətini "Molla Nəsrəddin" jurnalının əməkdaşı, şair Əliqulu Qəmküsar ifa etmişdir. İskəndər rolunda Rza Təhmasib, Şeyx Əhməd rolunda Rza İsfəndiyarlı, Hacı Həsən rolunda Həsən Səfərli çıxış etmişlər. Bu tamaşa çox müvəffəqiyyətlə keçmişdir. Bundan sonra da "Ölülər" yeni quruluşlarda göstərilmişdir".

    Belə faktlardan biri də Bəhruz Kəngərlinin 1915-ci ildən, özü də məhz "Ölülər" tamaşasının tərtibatçı rəssamı kimi Naxçıvan Teatrında fəaliyyətə başlamasıdır. Sənətşünaslıq doktoru, mərhum Kərim Kərimovun görkəmli rəssamın həyat və yaradıcılığını geniş əks etdirən "Bəhruz Kəngərli" adlı kitabının 23-cü səhifəsində belə yazılır: "Əvvəllər tamaşaların (Naxçıvan Teatrında - Ə.Q.) səhnə tərtibatı həvəskar aktyorlar tərəfindən birtəhər düzəldildiyindən, çox sadə, mücərrəd və primitiv xarakter daşıyırdı. 1915-ci ildən etibarən B.Kəngərli Naxçıvan Teatrında verilən tamaşaların səhnə tərtibatını yaratmış və səhnə üçün dekorasiyalar, müxtəlif pərdələr və geyim eskizləri hazırlamışdır.

    Qeyd etmək lazımdır ki, K.Kərimov Bəhruz Kəngərlinin Naxçıvan Teatrındakı fəaliyyətini L.Hüseynzadənin məqaləsi əsasında işıqlandırdığından rəssamın 1915-ci ildən 1917-ci ilədək olan dövrdə tərtibat verdiyi tamaşalardan heç birinin adını çəkmir. Halbuki, ilk quruluşun rejissoru olmuş Rza Təhmasib "Ölülər" tamaşasının Bəhruz Kəngərlinin Naxçıvan Teatrında ilk səhnə işi olduğunu tutarlı faktlarla açıqlamışdır.

    1917-ci ilin mayında isə "Ölülər" Naxçıvanda ikinci dəfə tamaşaya qoyulmuşdur. R.Təhmasibin rejissorluğu, B.Kəngərlinin rəssamlığı ilə hazırlanan bu tamaşada, demək olar ki, baş rolların ifaçıları dəyişilməmiş, yalnız bir neçə rolda təzə həvəskarlar çıxış etmişlər. Bu barədə xəbər yayan "Açıq söz" qəzetinin 1917-ci il 2 iyun tarixli nömrəsində belə yazılmışdır: "Naxçıvanda yeni təşkil edilmiş "El güzgüsü" dram cəmiyyəti ilk dəfə "Ölülər"i oynamışdır.

    Naxçıvan Teatrı "dövlət teatrı" statusu aldıqdan sonra, yəni 1923-cü ildən başlayaraq 5 dəfə bu ölməz əsəri müxtəlif quruluşlarda tamaşaya qoymuşdur. 1923, 1938, 1943, 1950 və 1977-ci illərdə burada səhnəyə qoyulan "Ölülər" rejissor və rəssam işi, musiqisiaktyor ansamblı cəhətdən çox fərqli olmuşdur.

    1977-ci ildə istedadlı rejissor, Azərbaycan SSR əməkdar artisti Vəli Babayev yenidən "Ölülər"i Naxçıvan səhnəsində canlandırdı. Bu uğurlu tamaşada gənc aktyor, həyatdan vaxsız köçmüş istedadlı sənətkar İskəndər Abdullayevin böyük şövqlə, özünəməxsus tərzdə yaratdığı Kefli İskəndər, Əkbər Qardaşbəyovun oynadığı Şeyx Nəsrullah, Zəroş və İbrahim Həmzəyevlərin ifa etdikləri Kərbəlayi Fatma xanım və Hacı Həsən ağa obrazları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmış, teatr tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmişdi. Xatırladım ki, həmin tamaşa Naxçıvan Teatrının tarixində "Ölülər"ə son müraciət olaraq qalmaqdadır.

    Burada bir haşiyə çıxmaq yerinə düşər: "Ölülər" tragikomediyası iki rəssamın məhz teatr fəaliyyətlərinə düşərli olmuş və onların sonrakı səhnə yaradıcılıqlarının püxtələşməsində bir stimul rolunu oynamışdır. Bunlardan birincisi Azərbaycan realist rəssamlıq məktəbinin banisi Naxçıvan Teatrının ilk professional rəssamı "Ölülər"ə ilk səhnə həyatı verənlər sırasında özünəməxsus yeri olan Bəhruz Kəngərlidir. İkincisisə 1943-cü ildə Səməd Mövləvinin rejissorluğu ilə hazırlananlülər" tamaşasının quruluşçu rəssamı kimi 18 yaşında Naxçıvan Teatrında fəaliyyətə başlayan Məmməd Qasımovdur. "Ölülər"dən sonra daha 104 tamaşaya bədii quruluş verən və Naxçıvan Teatrının ən uzunömürlü (1952-1987) baş rəssamı olan muxtar respublikanın əməkdar incəsənət xadimi Məmməd Qasımov sonralar Azərbaycanın görkəmli və peşəkar teatr rəssamlarından biri kimi tanındı.

    "Ölülər" əsərinə XXI əsrdə Mirzə Cəlilin doğma şəhərində yenidən müraciət olundu. Bu dəfə də həvəskar teatr kollektivi tərəfindən. Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasında hazırlanan "Ölülər" tamaşası məşhur tragikomediyanın yazılmasının 100 illiyinə həsr olunmuşdu. 2009-cu il iyun ayının 18-də Naxçıvan Şəhər Gənclik Mərkəzində tələbələrin ifasında təqdim olunan "Ölülər" tamaşasının premyerası uğurlu oldu. Səhnə tərtibatı və ifalar professional səviyyədə olmasa da, tamaşa məmnunluqla qarşılandı. Premyerada iştirak edən Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbov tamaşadan sonra yaradıcı heyəti təbrik edərək, onların işini yüksək qiymətləndirmiş və yeni uğurlar arzulamışdır.

    1964-cü ildə yeni, möhtəşəm bina ilə təmin olunan və həmin ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı adlanan qədim sənət ocağı bir il sonra böyük ədibin Naxçıvanda tamaşaya qoyulmayan bir əsərinə -"Anamın kitabı"na müraciət edir. 1965-ci ildə əməkdar incəsənət xadimi Baxşı Qələndərlinin quruluş verdiyi bu tamaşada quruluşçu rəssam Məmməd Qasımov rejissor fikrini tamamlamaq üçün "Anamın kitabı"nın əsas mövzusu ilə səsləşən İ.A.Krılovun "Qu, balıq və xərçəng" təmsilindən dekorasiya quruluşunda məharətlə istifadə etmişdi. Bu tamaşada əsas rolları Firuzə Əlixanova, Mirzə Ələkbərov, Əyyub Məmmədov, Yusif Haqverdiyev, Tamara Məmmədova, Əkbər Qardaşbəyov və Məmməd Quliyev ifa edirdilər.

    On il sonra, 1975-ci ildə isə C.Məmmədquluzadənin bu vaxta qədər səhnəyə qoyulmayan şedevri - "Dəli yığıncağı" pyesi Azərbaycan teatrı tarixində ilk dəfə olaraq yenə də Naxçıvanda həyata vəsiqə aldı. Görkəmli rejissor Vəli Babayev böyük cəsarətlə bu əsərə müraciət edərək çox uğurlu bir tamaşa yaratmağa nail oldu. Aktyorlardan Əkbər Qardaşbəyovun, Zemfira Əliyevanın, İbrahim Həmzəyevin ifaları rəğbətlə qarşılandı.

    Naxçıvan Teatrının bu uğurlu tamaşasından bir neçə il sonra görkəmli rejissor, professor, SSRİ xalq artisti Mehdi Məmmədovun quruluşunda "Dəli yığıncağı" tragikomediyası paytaxt səhnəsində - Akademik Dram Teatrda tamaşaya qoyuldu. "Dəli yığıncağı"na ilk dəfə Naxçıvanda səhnə həyat verilməsi bilərəkdən xatırlanmayaraq, respublikanın teleradiosundadövri mətbuatında bu missiyanın ilk dəfə məhz M.Məmmədov tərəfindən icra olunduğu vurğulanırdı və bu yanlışlıq bu günə qədər də davam etməkdədir. Mirzə Cəlilin hər iki tragikomediyasının - "Ölülər"in (1915) və "Dəli yığıncağı"nın (1975) məhz Naxçıvan səhnəsindən pərvazlanmasının milli teatr tariximizə həkk olunmamasının səbəbi hələ də müəmma olaraq qalır.

    1986-cı ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının gənc rejissoru, Naxçıvan MSSR əməkdar incəsənət xadimi Əliqismət Lalayev Mirzə Cəlilin "Kişmiş oyunu" və "Kamança" pyesləri, həmçinin bir neçə felyetonlu əsasında "Keçən günlər" adlı maraqlı bir tamaşa yaratmağa müvəffəq oldu. Həmin tamaşanın quruluşçu rəssamı Əli Səfərli, musiqi tərtibçisi İlyas Abdullin, məsləhətçisi professor İsa Həbibbəyli olmuşdur.

    Dövlət mustəqilliyimizin bərpa olunduğu dövrdən üzü bəri Naxçıvan Teatrı bir neçə dəfə Cəlil Məmmədquluzadə yaradıcılığına müraciət etmişdir. 1991-ci ilin son aylarında Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU-nin) rejissorluq fakultəsində təhsil alan Vaqif Əhmədov Naxçıvan Teatrında "Anamın kitabı" tamaşasını yeni quruluşda ərsəyə gətirdi. 1992-ci il yanvarın 3-də premyeraya gələnlər zamanın tələbilə uzlaşdırılan yeni rejissor yozumunda maraqlı bir tamaşanın şahidi oldular. Tamaşanı təhvil verdikdən sonra könüllü olaraq cəbhəyə yollanan və Ağdərə döyüşləri zamanı igidliklə həlak olan, Bakıda, "Şəhidlər Xiyabanı"nda dəfn edilən Vaqif Əhmədovun şəxsində milli teatr sənətimiz gələcəyin istedadlı rejissorunu itirdisə də, Vətən daim xatirələrdə yaşayacaq qəhrəman övlad qazandı.

    Naxçıvan Dövlət Musiqili Dram Teatrı 2000-2001-ci il mövsümünü Cəlil Məmmədquluzadənin "Qurbanəli bəy" hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa ilə açmışdı. Həmin tamaşaya "Quzu" hekayəsinin bu sətirlərin müəllifi tərəfindən səhnələşdirilmiş variantı da əlavə edilmişdi. Quruluşçu rejissormusiqi tərtibçisi Faiq Musayev, quruluşçu rəssam Əbülfəz Axundov, məsləhətçi professor İsa Həbibbəyli olmuşdur. Rövşən Hüseynovun Qurbanəli bəyi və Xəlil Hüseynovun Kəblə Məmmədhüseyni rəğbətlə qarşılanmışdı.

    2005-ci ildə isə qocaman sənət ocağı yenidən "Dəli yığıncağı"na müraciət edərək yeni quruluşlu bir tamaşa hazırlamağa nail olmuşdur. Bu günədək repertuardan düşməyən həmin tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran Quluyev, quruluşçu rəssamı muxtar respublikanın əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibçisi Kamal Əhmədovdur. Xalq artisti Rza Xuduyevin Molla Abbası, MR əməkdar artisti Günay Qurbanovanın Pırpız Sonası, xalq artisti Həsən Ağasoyun Fazil Küleynisi hər tamaşada alqışlarla qarşılanmaqdadır.

    Ötən əsrin 80-ci illərində Naxçıvanda daha iki teatr fəaliyyətə başladı: 1982-ci ildə "Cavid" Poeziya Teatrı, 1989-cu ildə Dövlət Kukla Teatrı. Çox maraqlıdır ki, hər iki teatr yarandığı vaxtdan düz iki il sonra C.Məmmədquluzadə yaradıcılığına da müraciət etmişdir. Hər ikisi də "Çay dəstgahı" alleqorik pyesinə. Poeziya teatrındakı quruluş Vəli Babayevə, kukla teatrındakı quruluş isə bu sətirlərin müəllifinə məxsusdur.

    Naxçıvan Dövlət Kukla Teatrının "Çay dəstgahı" tamaşası qonşu İranda və Türkiyədə də nümayiş etdirilmişdir. Belə ki, 1994-cü ilin sentyabrında Urmiyada "Naxçıvan MR mədəniyyəti ongünlüyü"ndə iştirak edən teatr həmin tamaşanı hər gün 2 dəfə (gündüzaxşam) nümayiş etdirdi. Böyük maraqla qarşılanan tamaşa bütövlüklə Urmiya Televizyası tərəfindən lentə alındı. 1995-ci ilin martında isə teatrın İzmir Vilayətinə 30 günlük qastrol səfəri zamanı Milli Teatr Günümüz münasibətilə Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi təntənəli gecədə "Çay dəstgahi" da göstərildi.

    Naxçıvan Dövlət Kukla Teatrı 2009-cu ilin sonunda "Çay dəsgah"na tamamilə yeni bir yozumda müraciət etmişdir. Quruluşçu rejissor, xalq artisti Yasəmən Ramazanova tamaşanı "marionet teatrı" üslubunda hazırlayaraq həm özünün, həm də teatrın yeni yaradıcılıq imkanlarının aşkara çıxarılmasına çalışmışdır.

    Cəlil Məmmədquluzadə və Naxçıvan teatrları barədə söhbət açarkən heç şübhəsiz ki, xalq teatrlarının da fəaliyyətləri xatırlanmalıdır. Bu mənada Naxçıvan şəhərindəki "Gənclik" Xalq Teatrının hələ 1976-ci ildə hazırladığı "Kamança" tamaşası böyük müvəffəqiyyət qazanmış və həmin il dekabrın 8-də, Bakıda - Aktyor Evində uğurla nümayiş etdirilərək rəğbətlə qarşılanmışdı.

    Bu məqamda bir məsələni də yada salmağı vacib bildim. 1981, 1982 və 1983-cü illərdə Muxtar Respublika Mədəniyyər Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə çox gözəl, ənənəvi tədbir keçirilırdi - "Mirzə Cəlil teatr günləri". Muxtar respublikadakı xalq teatrlarına və dram kolektivlərinə baxış-müsabiqə məqsədilə keçirilən bu tədbir əvvəl rayon miqyasında, sonra isə muxtar respublika miqyasında təşkil olunurdu. Rayonlarda qalib hesab olunan kollektivlər Naxçıvan şəhərindəki yekun mərhələsində iştirak edirdilər.

    O günləri bir daha xatırlatmaqda məqsədim budur ki, bu gün tamamilə unudulmuş belə gözəl bir tədbir yenidən bərpa olunub ənənəvi hal alsın.

 

 

    Ələkbər QASIMOV,

    AMEA Naxçıvan bölməsi İncəsənət,

    Dil Ədəbiyyat İnstitutunun əməkdaşı

 

    Xalq qəzeti.- 2010.- 8 iyul.- S. 7.