Xaçmaz: yubiley ilinin uğurları

 

    Bu il Xaçmazın inzibati rayon olaraq mövcudluğunun 80 ili tamam olur. Xaçmazlılar bu yubileyi yüksək nəticələrlə qeyd etmək üçün hər sahədə əzmlə çalışırlar. Görülən işlər, əldə olunan uğurlar göz qabağındadır. Başqa sözlə, insanların gündəlik həyatı və əməli fəaliyyəti ilə bağlı olan elə bir sahə yoxdur ki, son vaxtlar orada ciddi dönüş hiss olunmasın. Dəyişikliklərin, yeniliklərin miqyasını təsəvvürə gətirmək üçün statistik hesabatları təhlil etməzdən əvvəl (halbuki həmin hesabatlar da rayonun sosial-iqtisadi inkişafının miqyası barədə çox şey deyir), sadəcə XaçmazXudat şəhərlərini gəzmək kifayətdir. Burada sanki hər şey təzədir. Bəli, həqiqətən son illər həm rayon mərkəzində, həm də digər yaşayış məntəqələrində geniş miqyaslı abadlıq və quruculuq işləri görülüb. Və bu təzələnmə prosesi fasiləsiz olaraq hər gün davam edir.

 

    Elə Heydər Əliyev muzeyindən başlayaq. Məlum olduğu kimi, Azərbaycan rayonları içərisində birincilər sırasında Xaçmaz şəhərində nümunəvi Heydər Əliyev muzeyi tikilib. Az sonra Xudat şəhərində və Yalama kəndində muzeyin filialları fəaliyyətə başlayıb. Diqqətəlayiq haldır ki, həmin muzey və filiallarda, onların yerləşdiyi ərazilərdə abadlıq, quruculuq və yenidənqurma işləri bu gün də davam etdirilməkdədir. Məsələn, iki aya yaxındır ki, Xaçmaz şəhərindəki Heydər Əliyev muzeyində əsaslı yenidənqurma işləri aparılır. Muzeyin üstündə ucaldılan şəbəkəli günbəzin tikintisi artıq başa çatdırılıb. Hazırda binanın içərisində son tamamlama işləri görülməkdədir.

    Xaçmaz Azərbaycanda bəlkə də ən çox muzey olan rayondur. Tarix-diyarşünaslıq muzeyi, Döyüş şöhrəti muzeyi, Xalça muzeyi, Əziz Əliyev adına muzey, görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan muzey, rəsm qalereyası və s.

    Son vaxtlar həmin muzeylərin sırasına daha biri əlavə olunub. Bu, may ayında istifadəyə verilmiş Xalqlar dostluğu muzeyidir. Söhbət Azərbaycan və Dağıstan xalqlarının tarixi dostluğunun bir növ sənədli xronikasını özündə yaşadan muzeydən gedir. Muzeydə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Dağıstanda görkəmli ictimai-siyasi xadim kimi böyük nüfuz sahibi olan mərhum Səid Qurbanovun və Dağıstan Respublikasının Prezidenti Məhəmmədsalam Məhəmmədovun Azərbaycan və Dağıstan xalqları arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi naminə xidmətlərini əks etdirən çoxsaylı sənədlər və fotolar toplanıb. Burada, həmçinin, qardaşlaşmış şəhərlər olan Dərbənd və Xaçmaz rəhbərlərinin, ziyalılarının, adamlarının hər il keçirilən ənənəvi görüşlərini əks etdirən çoxsaylı materiallar nümayiş etdirilir. Bir sözlə, muzeydə toplanılmış materiallar bütövlükdə xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişaf dinamikasını aydın şəkildə əks etdirir.

    Xaçmazın muzeylərindən söz düşmüşkən son illərin yaddaqalan tikintilərindən olan Şəxsiyyətlər muzeyi barədə bir qədər təfsilatı ilə söhbət açmaq istərdim. Məlum olduğu kimi, Azərbaycanda açıq səma altında görkəmli ədəbiyyat, elm və sənət adamlarının abidələri ucaldılmış ilk şəxsiyyətlər muzeyi 2006-cı ildə Xaçmaz şəhərində fəaliyyətə başlayıb. Bu, əslində tək muzey yox, kifayət qədər geniş bir ərazini əhatə edən muzey - alleyadır. İlk vaxtlar orada Azərbaycanın 15 ən tanınmış ədib və musiqi xadiminin abidəsi vardı. Adam bu muzeyin ərazisinə daxil olarkən qeyri-ixtiyari olaraq özünü ulu Nizaminin, Fizulinin, Vaqifin, Natəvanın, Cavidin, Sabirin, Mirzə Cəlilin, Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Müslüm Maqomayevin, Rəşid Behbudovun, Niyazinin və Şövkət Ələkbərovanın abidələrindən ibarət kompleksin yaratdığı sehrli aləmdə hiss edir. 2008-ci ildə geniş ictimai marağı nəzərə alaraq muzey-alleyadakı abidələrin sayı bir qədər də artırıldı. Lakin bu da son olmadı. Yəni, sonralar da bu proses davam etdirilirdi. Hazırda muzey-alleyada aparılan genişmiqyaslı yenidənqurma işləri başa çatmaq üzrədir. Artıq muzey- alleyanın ətrafı xüsusi memarlıq elementlərindən ibarət hasarla əhatələnib. Hasarın divarlarındakı xüsusi taxçalarda şüşə lövhələr altında bir tərəfdə xalqımızın qədim musiqi alətləri olan tar, kaman, ud, saz, nağara, qaval digər tərəfdə isə Nizami "Xəmsə"sinin motivləri əsasında işlənmiş miniatürlər nümayiş etdirilir. Muzey-alleyada yuxarıda sadalananlardan əlavə, ədəbiyyatımızın parlaq simaları olan Nəsiminin, S.Vurğunun, M.Ordubadənin, Vidadinin, M.F.Axundovun, Aşıq Ələsgərin, Vahidin, M.İbrahimovun, S.Rüstəmin, M.Arazın, S.Bəhlulzadənin, tanınmış sənət adamları olan Bülbülün, Müslüm Maqomayevin (nəvə), Nəsibə Zeynalovanın, Lütvəli Abdullayevin, Bəşir Səfəroğlunun, Əliağa Ağayevin, Hacıbaba Bağırovun, Xan Şuşinskinin, Qurban Pirimovun, Lütviyar İmanovun canlı korifeylərimizdən olan Habil Əliyevin Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli elm adamları Yusif Məmmədəliyevin, memar Mikayıl Hüseynovun Azad Mirzəcanzadənin abidələri ucaldılıb. Onu da qeyd edim ki, muzey-alleyadakı bütün abidələr əməkdar rəssam, tanınmış heykəltəraş Akif Əsgərovun rəhbərlik etdiyi heykəltəraşlar qrupu tərəfindən işlənilmişdir.

    Xaçmaz muzeyləri barədə uzun-uzadı danışmaq olar. Onların təşkili, yenidən qurulması, nadir eksponatlar hesabına fond sərgilərinin günü-gündən daha da zənginləşdirilməsi nəhayət, bu muzeylərin əhalinin müxtəlif təbəqələri ilə təmasının təşkili istiqamətində həqiqətən çox görülüb. Fikrimizcə, bütün bunların bütövlükdə rayonda aparılan kompleks tikinti-abadlıq mədəni-quruculuq işlərinin tərkib hissəsi kimi təqdim olunması daha düzgün daha ədalətli olardı. Bəli, rayon icra hakimiyyəti rəhbərliyinin, şəxsən icra başçısı Şəmsəddin Xanbabayevin son bir neçə il ərzində gördüyü işlər, həyata keçirdiyi ardıcıl sistemli tədbirlər sayəsində Xaçmaz şəhərinin özü sözün əsl mənasında muzey-şəhərə çevrilmişdir. Əziz oxucu, inanın, bu əsla mübaliğə deyil. Kimin zərrə qədər şübhəsi varsa, buyurub Xaçmaza gəlsin, yenilikləri öz gözləri ilə görsün. Şəxsən, mən bir jurnalist olaraq Xaçmazda baş verən dəyişiklikləri təfsilatı ilə oxuculara çatdırmaqda inanın ki, çətinlik çəkirəm. Yəni, yeniliklərin, dəyişikliklərin miqyası həqiqətən çox böyükdür. Diqqəti çəkən əsas məqamlardan biri odur ki, Xaçmazda görülən abadlıq quruculuq işlərinin heç biri kosmetik xarakter daşımır. Atalar gözəl deyiblər: "Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır". Hesab edirik ki, həqiqətən Xaçmazdakı yenilikləri görməyə dəyər. Əziz oxucu, mən onların hansı barədə danışım?! Özünüz gəlsəniz, hər şeyi yerli-yerində görmək imkanınız olacaq. Bakıdan Xaçmazadək ikizolaqlı yeni rahat yolla gələrkən görəcəksiniz ki, rayon ərazisinin başlandığı yerdə - Vəlvələçayın üstündə xüsusi memarlıq üslubunda giriş-kompleks inşa edilməkdədir. Xaçmaz şəhərin girişində isə orta əsr memarlıq ənənələri əsasında tikilmiş dördtağlı giriş qapısını heyranlıqla seyr etməli olacaqsınız. Şəhərə doğru irəlilədikcə yan-yana sıralanmış müasir otellər, ofis binaları diqqətinizi cəlb edəcəkdir. Əminəm ki, qədər tələssəniz belə, Xaçmaz-Xudat yolu üstündəki "İlham" bulaq-fəvvarə kompleksin yanında da ayaq saxlamalı olacaqsınız. Məlumat üçün təkcə onu bildirirəm ki, xüsusi memarlıq üslubu ilə seçilən bulaq-kompleks 1 bulaq, 1 şəlalə 48 fəvvarədən ibarətdir.

    Elə əvvəldən gözəl olan Xaçmaz şəhər mədəniyyət istirahət parkı son zamanlar aparılmış genişmiqyaslı yenidənqurma tədbirləri sayəsində daha da gözəlləşmişdir. Məlumunuz olsun ki, lap bu yaxınlarda M. Rəsulzadə küçəsinin H.Z.Tağıyev küçəsindən N. Nərimanov küçəsinədək olan ərazisi abadlaşdırılaraq mədəniyyət istirahət parkına daxil edilmişdir. Bu isti yay günlərində həmin ərazi xaçmazlıların sevimli istirahət məkanına çevrilmişdir.

    Son vaxtlar Xaçmaza yolu düşməyənlərə onu da bildirək ki, artıq orada yeni, ikimərtəbəli, həm çox gözəl bir şahmat evi istifadəyə verilib. , az qala yadımdan çıxmışdı, bu yaxınlarda Xaçmazda Dövlət Miqrasiya xidmətinin regional mərkəzi üçün yeni bina tikilərək istifadəyə verilib. Sözsüz ki, sərhəd rayonunda fəal miqrasiya proseslərini daha səmərəli tənzimləmək baxımından bunun xüsusi əhəmiyyəti var.

    Bir sözlə, Xaçmaz rayonu bu gün sözün tam mənasında geniş inşaat meydançasını xatırladır. Burada sanki hamı tikməklə, qurmaqla məşğuldur. Hazırda şəhərin ən böyük tikintilərindən biri olan Xaçmaz şəhər 4 saylı məktəbin inşasında da tamamlama işləri görülməkdədir. Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında tikilməkdə olan 640 şagird yerlik bu yeni təhsil ocağı növbəti tədris ilində şagirdlərin ixtiyarında olacaqdır. Xatırladaq ki, Xaçmaz şəhər 4 saylı orta məktəbi görkəmli xeyriyyəçi H.Z. Tağıyevin 1916-cı ildə Bakı - Şollar su kəmərinin tikintisində çalışan fəhlələr üçün inşa etdirdiyi yataqxana binasında yerləşir.

    Bu günlərdə Xaçmazda olarkən mənə onu da bildirdilər ki, Olimpiya İdman Kompleksi Regional Biznes Mərkəzi üçün yer ayrılıb. Lap yaxın günlərdə həmin tikintilərə start veriləcəkdir.

    Son illər Xaçmaz şəhərinin küçə meydanlarında 9 yerdə saat quraşdırılıb. Onlar hamısı, necə deyərlər, Kreml saatı kimi çox dəqiq sərrast işləyir. Günün ayrı-ayrı vaxtlarında bu saatların zəng səsləri şəhərin bütün məhəllə meydanlarında çox yaxşı eşidilir. Bu isə dolayısı yolla da olsa o deməkdir ki, Xaçmaz əhli bir çox başqaları ilə müqayisədə vaxtın hər dəqiqəsinin dəyərini bilir ondan daha səmərəli istifadə üçün özünü daha artıq səfərbər edir. Bütün sahələrdə qazanılan uğurların mühüm səbəblərindən biri elə budur.

    Bəli, yalnız vaxtdan düzgün səmərəli istifadə edənlər heç zaman ötən günlər, anlar üçün təəssüflənmirlər. Belələri təbiidir ki, sabah daha hansı işləri görməli olduqlarını da yaxşı bilirlər. Xaçmazlılar bu cəhətdən çoxlarına nümunə göstərilməyə layiqdirlər.

 

 

    Q. CƏFƏROĞLU,

    "Xalq qəzeti"nin bölgə müxbiri

 

    Xalq qəzeti.- 2010.- 8 iyul.- S. 5.