Hücum xətti
üzərində qurulan çevik xarici siyasət
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən fəal xarici siyasət
ölkəmizin milli maraqlarının təmin edilməsini,
beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini
və regional lider kimi qüdrətinin artmasını şərtləndirmişdir
Bizim diplomatiyamız çox
çevik olmalıdır. Biz bölgədə və
dünyada baş verən proseslərə çox operativ qiymət
verməliyik. Eyni zamanda, öz təkliflərimizi
verməliyik. Azərbaycan artıq
dünyada gedən proseslərin fəal
iştirakçısıdır. Bir
çox hallarda bölgə və Avropa üçün
önəmli tədbirlərin təşəbbüskarıdır.
Bölgədə Azərbaycanın mövqeyindən
artıq çox şey asılıdır. Azərbaycanın iştirakı olmadan bölgədə
heç bir layihə, - nə siyasi, nə iqtisadi, nə də
başqa, - həyata keçirilə bilməz.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Müasir dövrdə hər
bir dövlətin beynəlxalq münasibətlər sistemində
layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş
kimi təsdiqləməsi, milli maraq və mənafelərini yüksək
səviyyədə müdafiə etməsi, qlobal təhdid,
çağırış və risklərə adekvat cavab
verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici
uğurlara imza atması onun çağdaş dünya
nizamının reallıqlarına cavab verən xarici siyasət
yeritməsindən bilavasitə asılıdır. Tarixi təcrübə
təsdiqləyir ki, beynəlxalq hüquq prinsiplərini əsas
tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa
əsaslanan açıq xarici siyasət yeridən, qlobal
coğrafi-siyasi məkanda cərəyan edən proseslərə
çevik və qarşılıqlı reaksiyası ilə
seçilən, çoxqütblü əməkdaşlığa
üstünlük verən ölkələr tez bir zamanda
qarşıya qoyduqları məqsədlərə yetişə
bilirlər. Bu sahədə müsbət nəticələri
təmin edən vacib amillərdən biri də milli və bəşəri
mənafelərin mümkün dərəcədə
uzlaşdırılması, habelə dəqiq hədəflərə
hesablanmış xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsidir.
Xarici siyasətin bu vacib meyarlar üzərində
gerçəkləşdirilməsi isə təkcə
dövlətlərin iqtisadi qüdrəti, zəngin təbii
ehtiyatları, coğrafi-siyasi yerləşməsi ilə şərtlənmir.
Diplomatik fəaliyyətin effektivliyi həm də
ayrı-ayrı ölkələrin daxili və xarici siyasətinin
liberal xarakteri - hamılıqla qəbul olunmuş demokratik dəyərlərə
tolerant münasibəti, beynəlxalq sülh və təhlükəsizliyə
layiqli töhfə verməsi, iqtisadi əməkdaşlıq təşəbbüslərini
fəal surətdə dəstəkləməsi ilə üzvi
surətdə bağlıdır. Ümumbəşəri
sivilizasiyanın hazırkı yüksək inkişaf mərhələsində
demokratikləşmə xəttini müdafiə etməyən,
yaxud insan və vətəndaş hüquq və
azadlıqlarına hörmət bəsləməyən hər
hansı bir dövlətin hansısa nüfuz qazanmasından,
geniş coğrafi arealda cərəyan edən proseslərə
nüfuzetmə imkanlarından danışmaq mümkün
deyildir.
İnsanların qərinələr boyu təcrübədən
uğurla çıxardığı demokratik-liberal dəyərlər
hazırda dünya ölkələrinin əksəriyyətində
milli inkişaf strategiyası kimi müəyyənləşdirilmiş,
dövlət idarəçiliyinin, birgə
yaşayışın, vətəndaş-hakimiyyət
münasibətlərinin tənzimlənməsinin ən ahəngdar,
sivil forması kimi dəyərləndirilmişdir. Daxildə möhkəm ictimai-siyasi sabitliyə,
qanunçuluğa, effektiv sosial-iqtisadi islahatlara nail olmadan,
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində
hansısa uğurlu nəticələr əldə etməyin
qeyri-mümkünlüyü hazırda bütün dövlətlər
tərəfindən etiraf olunur.
Balanslı, praqmatik və çoxvektorlu diplomatiya
Ötən əsrin sonlarına doğru milli dövlətçiliyini
bərpa etmiş Azərbaycan Respublikasının məhz bu
fundamental prinsiplər əsasında xarici siyasət yeritməsi
- balanslı diplomatiya ilə dünyanın fövqəlgüc
mərkəzlərinin regionda toqquşan maraqlarını
optimal şəkildə uzlaşdırması, ayrı-ayrı
dövlətlərlə münasibətlərdə bərabərhüquqlu
tərəfdaşa çevrilməsi, beynəlxalq təşkilatlarla
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri
qurması, ən başlıcası, milli mənafeyini
lazımi səviyyədə müdafiə etməsi məhz
ulu öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə
gəlişindən sonra mümkün olmuşdur. Dövlət idarəçiliyi sahəsində zəngin
təcrübəyə malik ümummilli lider ölkəyə
rəhbərliyinin ilk günlərindən qətiyyətli
addımlar ataraq xarici siyasətdə yol verilmiş kobud səhvlərin
aradan qaldırılmasına başlamışdır. Birinci növbədə, qonşu dövlətlərlə
münasibətləri sahmana salmağa
çalışmış, balanslaşdırılmış
xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət
meydanına çevrilməsinə yol verməmişdir.
Azərbaycana qarşı "ikili standart"
yanaşmaları tədricən aradan qaldırmağa nail olan
Heydər Əliyev böyük strateq kimi aparıcı
dünya dövlətlərini respublikamızın tarazlı və
müstəqil siyasət yeridəcəyinə inandıra
bilmişdir. "Respublikamızın
qarşısında duran əsas vəzifələrdən biri
Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə
edə bilən ağıllı, səriştəli xarici
siyasətin yeridilməsidir. Vəzifə dünyanın
bütün dövlətləri ilə bərabərhüquqlu,
qarşılıqlı faydalı əlaqələr yaratmaq və
inkişaf etdirməkdən, bu əlaqələrdən həm
Azərbaycan Respublikasının beynəlxalq mövqelərini
möhkəmləndirmək üçün, həm də
respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini
inkişaf etdirmək üçün səmərəli
istifadə etməkdən ibarətdir" - deyən
ümummilli lider həmçinin əlavə etmişdir ki,
müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla
qarşılıqlı faydalı əməkdaşlıq
qurulması, Avratlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin
mənimsənilməsi Azərbaycanın xarici siyasət
prioritetləri sırasında mühüm yer tutur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi
yolu ilə müstəqil respublikamızın qəbul
edilmiş ilk milli Konstitusiyasında xarici siyasətin konseptual
xarakterinin, məqsəd və vəzifələrinin səhih
şəkildə əksini tapması da məhz ulu öndər
Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində
mümkün olmuşdur. Dövlətin idarəetmə
sisteminin əsasını təşkil edən
Konstitusiyanın 10-cu maddəsinə görə, Azərbaycan
başqa dövlətlərlə və beynəlxalq aləmlə
münasibətlərini beynəlxalq hüquq normaları və
ölkənin maraqlarını nəzərdə tutan prinsiplər
əsasında qurur.
Azərbaycanın son 15 ildə yeritdiyi xarici siyasət
ümumən bu prinsiplərə əsaslanmış,
respublikanın dövlət müstəqilliyinin və
suverenliyinin möhkəmləndirilməsi, ərazi
bütövlüyünün bərpası, beynəlxalq
münasibətlər sistemində layiqli mövqeyinin təmin
olunması, ikitərəfli əlaqələrdə bərabərhüquqlu
tərəfdaş kimi çıxış etməsi milli
diplomatiyanın əsas məqsədlərinə
çevrilmişdir. Rəsmi Bakı daim Cənubi Qafqaz
regionunun müxtəlif güc mərkəzləri arasında
"bölüşdürülməsi" cəhdlərini
yolverilməz saymış, bölgə dövlətlərinin
ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin,
bir sözlə, Qafqazın militaristləşdirilməsinin əleyhinə
çıxış etmişdir. Respublikamız ötən
illərdə təkcə səmərəli iqtisadi təşəbbüslərlə,
konkret enerji-kommunikasiya layihələri, əlverişli
tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda, demokratikləşmə
xəttinə, Avratlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə
Qərbin diqqətini cəlb etmiş, Avropa məkanında
etibarlı tərəfdaş imici qazanmışdır. Dövlətlərin suveren bərabərliyi prinsipinə
əsaslanan respublikamız beynəlxalq əlaqələr
sisteminə cəlb olunan bütün ölkələrə
münasibətdə - onların ərazi
böyüklüyü, hərbi gücü və iqtisadi
potensialından asılı olmayaraq - müstəqil xarici siyasət
həyata keçirir. Bütün dövlətlərin
suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə
qarışmamaq Azərbaycanın digər ölkələrlə
qarşılıqlı əlaqələrində əsas
prinsiplərdir. Eyni zamanda, əhəmiyyətli
ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən
ölkənin milli maraqları çərçivəsində
bəhrələnmək xarici siyasət və milli təhlükəsizliyin
strateji vəzifələrindəndir.
Demokratikləşmə, insan hüquq və
azadlıqlarına etibarlı təminat mexanizmlərinin
formalaşdırılması, liberal dəyərlərin mənimsənilməsi
Azərbaycanın xarici siyasət doktrinasının
mühüm vektorlarından biri olsa da, rəsmi Bakı müəyyən
dairələrin bu bəşəri dəyərlərdən
geosiyasi təzyiq aləti kimi istifadə etməsi cəhdlərinə
qarşı çıxır, "demokratiyanın müdafiəsi
bayrağı" altında "ikili standart"
yanaşmaları, yeni müstəqillik qazanmış dövlətlərin
suveren hüquqlarına müdaxiləni yolverilməz hesab edir.
Silah gücünə və ya müxtəlif rəngli
inqilablarla demokratiya toxumu əkmək prinsipi
bütövlükdə demokratiya ideallarını şübhə
altına alır, xalqlarda demokratiyaya inamsızlıq
yaradır, ümumbəşəri dəyərlərin
gözdən düşməsinə səbəb olur.
Azərbaycanın çağdaş fəlsəfi-siyasi
fikir tarixinin görkəmli tədqiqatçısı, akademik
Ramiz Mehdiyev "Gələcəyin strategiyasını müəyyənləşdirərkən:
modernləşmə xətti" əsərində haqlı
olaraq yazır ki, inkişaf etmiş və demokratik inkişaf
yolunda böyük təcrübə qazanmış Qərb
ölkələrinin standartları ilə totalitar rejimlərdən
yenicə xilas olmuş, keçid mərhələsini
yaşayan ölkələrdə gedən demokratik prosesləri
eyniləşdirmək cəhdi istənilən halda uğursuzluğa
məhkumdur. Müasir dünyada demokratikləşmə
prosesinin müəyyən standart tələbləri və
meyarları olsa da, hər bir ölkənin özünəməxsus
milli mentaliteti, tarixi, sosial-iqtisadi, siyasi və mədəni
inkişaf xüsusiyyətləri, qeyri-bərabər
başlanğıc imkanları nəzərə alınır.
Filosofun bu fikri ilə də tam razılaşmaq lazımdır
ki, Azərbaycanda demokratiya və vətəndaş cəmiyyəti
Qərb nümunələrini olduğu kimi tətbiq etməklə
formalaşdırıla bilməz: "Demokratik ənənələrin
tarixən yabançı olduğu cəmiyyətlərdə
milli-tarixi, mədəni və sosial-siyasi özünəməxsusluq
amilləri və ictimai şüurun dəyişməsi nəzərə
alınmadan birdən-birə yeni davranış normaları
formalaşanda artıq bu amillər təəccüb
doğurmur. Hətta tərəqqi innovasiya
xarakteri kəsb etdiyi, yəni ideyalar, texnologiyalar, biliklər
bir nəslin digərini əvəz etməsindən daha tez dəyişdiyi
bir şəraitdə belə, bu cür kəskin siyasi hərəkətlər
ictimai şüurun ağırlıq mərkəzinin radikal
inkarlar müstəvisinə doğru dəyişməsinə
səbəb olur. Nəticədə XXI əsrdə
demokratiya ən qısa müddətdə nəinki rejimin dəyişməsinə,
hətta gərginliyin daha geniş miqyas almasına şərait
yarada biləcək təhlükəli geosiyasi silaha
çevrilir. Biz İraqda, Əfqanıstanda,
Kosovoda və başqa bölgələrdə belə
halların baş verməsinin şahidiyik".
Tamamilə aşkardır ki, Azərbaycanın xarici siyasət
kursunun formalaşması prosesi respublikada müstəqil
dövlət quruculuğu prosesi ilə paralel getdiyindən rəsmi
Bakı xarici siyasətini təməl prinsiplər əsasında
müəyyənləşdirərək qarşıya
qoyduğu məqsədlərə doğru inamla irəliləmiş,
bərabərhüquqlu və qarşılıqlı hörmətə
əsaslanan əlaqələrə üstünlük
vermiş, "ikili standartlara" qarşı
çıxmış, milli mənafelərini yetərincə
qoruya bilmişdir. Ulu öndər Heydər Əliyevin
formalaşdırdığı və inkişaf etdirdiyi
dövlətçilik fəlsəfəsi respublikamızın
müasir dünyada xüsusi yerini müəyyənləşdirməklə,
milli dövlətçiliyimizin bünövrəsini təşkil
etmiş, beynəlxalq əlaqələrində keyfiyyətcə
yeni mərhələnin əsasını qoymuşdur. Ümummilli liderin siyasi kursunun davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən fəal xarici siyasət ölkəmizin milli
maraqlarının təmini, beynəlxalq mövqelərinin daha
da möhkəmlənməsi və regional lider kimi qüdrətinin
artmasını şərtləndirmişdir. Yeni dünya nizamında aparıcı güc mərkəzləri
arasında gedən mübarizənin mahiyyətinə uyğun
xarici siyasət yeridən Azərbaycan Cənubi Qafqazın
lider dövlətinə çevrilmiş, ölkəmizin
regionda həyata keçirilən bütün irimiqyaslı
transregional layihələrdə iştirakı təmin
olunmuşdur. Respublikamız bütün
regional məsələlərdə əsas oyunçudur və
regiondakı strateji əhəmiyyətli heç bir layihə
Azərbaycansız gerçəkləşə bilməz.
Yeri gəlmişkən, bəzən Azərbaycanın
bölgədə artan rolunun yanlış olaraq respublikanın
karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə
də rast gəlinir. Bu reallıq sanki
unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş
və demokratiya yolunda olmayan heç bir ölkə ilə
davamlı, uzunmüddətli, qarşılıqlı
faydalı əməkdaşlıq münasibətləri
qurmamışdır. Bəzi dövlətlərin
timsalında bunu əminliklə demək olar. Azərbaycanla Avropa dövlətləri arasında
qarşılıqlı faydalı əməkdaşlıq da məhz
xalqımızın sivil Qərb dəyərlərinə
tolerant münasibət, habelə respublikamızda demokratik
proseslərin dönməzliyinə olan inamdır. Siyasi sistemin xarakteri, cəmiyyətin liberal dəyərlərə
adaptasiyası prosesi respublikamızın, eyni zamanda, beynəlxalq
sülh və əməkdaşlıq mərkəzinə
çevrilməsini şərtləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin
indi bütövlükdə dünya siyasətində
bütün siyasi qütblərin hesablaşdığı və
rəğbət bəslədiyi fenomen siyasi liderə çevrilməsi
də məhz bu reallıqlarla şərtlənir. "Azərbaycanın coğrafi mövqeyi
özü onun xarici siyasətini müəyyən edir" -
deyən dövlət başçısı
respublikamızın necə həssas və mürəkkəb
geosiyasi məkanda yerləşməsinin fərqindədir və
özünün xarici siyasət doktrinasında bölgənin
özəlliklərini nəzərə alır. Azərbaycan
nəinki Cənubi Qafqazda, bütövlükdə MDB və
Avropa məkanında çox az sayda dövlətlərdən
biridir ki, ABŞ, Rusiya, İran, İsrail kimi maraqları
toqquşan dövlətlərlə bərabərhüquqlu,
qarşılıqlı hörmətə, praktik əməkdaşlığa
əsaslanan münasibətlər qurmağa nail olmuşdur.
Azərbaycan öz geosiyasi və geoiqtisadi
xüsusiyyətlərini nəzərə alaraq, əsas diqqətini
transregional layihələrin həyata keçirilməsində
əməkdaşlıq etdiyi Avropa, ABŞ, Yaxın və Mərkəzi
Asiya dövlətləri üzərində cəmləşdirmişdir.
Azərbaycan Avropa və onun Şərq
qonşuları arasındakı yolların kəsişmə
nöqtəsində yerləşməklə, Avropa ölkələrindən
mal və xidmətlərin böyüyən Asiya bazarlarına
və əksinə daşınması üçün təbii
keçid imkanını təmin edir. Avropanın
enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə
də Cənub dəhlizi və Nabukko kəmərinin
reallaşmasında ölkəmiz çox vacib rol oynayır.
Azərbaycan üçün Avropaya inteqrasiya
prioritet strateji məqsəddir. Bu, əsasən,
aşağıdakı siyasi və iqtisadi arqumentlərə əsaslanır:
* Azərbaycan coğrafi və tarixi meyarlar
baxımından Avropa mədəniyyətinin və ənənələrinin
təsirini daim öz üzərində hiss etmişdir. Buna görə də onun Avropa məkanına
inteqrasiya etmək məqsədi tamamilə təbiidir. Bundan əlavə, Azərbaycan Respublikası
özünü müstəqil dövlət elan etdikdən
sonra dinc demokratik dəyərlərə əsaslanan hüquqi
dövlət qurmağı özünün strateji vəzifəsi
kimi müəyyən etmişdir. Avropa
İttifaqı demokratiya, siyasi sabitlik və iqtisadi rifah
baxımından layiqli nümunədir. Bu səbəbdən
də Azərbaycanın məhz həmin birliyə
inteqrasiyası cəhdi tamamilə əsaslıdır;
* Avropa İttifaqının tarixi regional kooperasiyaya, milli
mənafelərin müdafiəsinin etibarlı vasitəsinə
yaxşı nümunədir. Avropada siyasi və
iqtisadi inteqrasiya proseslərinin indiki mərhələsi
panavropa siyasi sisteminin yaradılmasına istiqamətlənmişdir
və qitənin bütün ölkələrinin Avropa
İttifaqında statusundan - onların Avropa İttifaqı
üzvü, üzvlüyə namizədlər,
iştirakçılar və ya daha uzaq perspektivdə
iştirakçılığa namizədlər olmasından
asılı olmayaraq, onların hamısının bu prosesə
qoşulması zəruridir. Bu zərurət
həm də beynəlxalq sistemin müasir kontekstindən, o
cümlədən iqtisadiyyatın və dövlətlərarası
münasibətlərin qloballaşmasından irəli gəlir
və Azərbaycan həmin proseslərin nəticələri
ilə gec-tez üzləşməli olacaqdır. Azərbaycan
yalnız Avropa İttifaqı kimi güclü siyasi və
iqtisadi birliyə sıx inteqrasiya sayəsində həmin
problemə davam gətirə bilər;
* Azərbaycanın Avropaya oriyentasiya etməsi ölkəmizin
beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi,
nüfuzunun artması, siyasi və iqtisadi maraqlarının,
xüsusilə ölkə iqtisadiyyatının
inkişafında həlledici tərkib hissəsi kimi qalan xarici
sərmayələrin respublikamıza cəlb edilməsi,
ölkəmizdə istehsal olunan məhsulların və xidmətlərin
xaricdə təşviqi, qeyri-neft sektorunun inkişafı və
ixracın şaxələndirilməsi, xarici və
işgüzar dairələr arasında təmasların təmin
olunmasında vacib əhəmiyyət kəsb edəcəkdir. Bunun nəticəsində Azərbaycan
mallarının xarici bazarda rəqabət qabiliyyəti də
artacaqdır.
Avropa istiqamətində Azərbaycanın
xarici siyasətinin əsas məqsədi Avratlantika regionunda
açıq, demokratik, ümumregional kollektiv təhlükəsizlik
və əməkdaşlıq sistemi yaradılmasına
töhfə verməkdir. Böyük Britaniya, Almaniya, Fransa,
İtaliya, İspaniya, Finlandiya, Yunanıstan, Niderland,
Norveç və Qərbi Avropanın bir sıra başqa
dövlətləri ilə qarşılıqlı faydalı
ikitərəfli əlaqələrin inkişaf etdirilməsi
Avropa və dünya miqyaslı məsələlərdə Azərbaycanın
milli mənafelərinin dəstəklənməsi, Azərbaycan
iqtisadiyyatının innovasiyalı inkişaf yoluna keçməsinə
kömək etmək üçün mühüm resursdur.
Azərbaycan Şimali Avropa ölkələri
ilə praktiki qarşılıqlı fəaliyyəti mütəmadi
inkişaf etdirir, o cümlədən Barens/Avroarktika regionunda əməkdaşlığa
dair çoxtərəfli strukturlar çərçivəsində
müştərək layihələrin həyata keçirilməsini
genişləndirir.
Azərbaycan Mərkəzi, Şərqi və Cənub-Şərqi
Avropa dövlətləri ilə praqmatik,
qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı
daha da genişləndirmək üçün
açıqdır.
Azərbaycan Respublikası Latviya, Litva və Estoniya ilə
Ümumavropa və beynəlxalq hüququn normaları və
prinsiplərinə müvafiq olaraq qarşılıqlı
faydalı əməkdaşlıq ruhunda, tərəflərin
mənafelərinin nəzərə alınması əsasında
qarşılıqlı fəaliyyət göstərmək əzmindədir.
Bu ölkələrin siyasi sistemdə islahatlar
aparılması, hüquqi demokratik dövlət quruculuğu,
bazar iqtisadiyyatına keçid sahəsində təcrübəsi
Azərbaycan üçün xüsusi maraq doğurur. Eyni zamanda, adları çəkilən ölkələrlə
həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq
Azərbaycan Respublikası ilə Avropa İttifaqı
arasında münasibətlərin mühüm elementinə
çevrilməkdədir.
ABŞ-ın dünya iqtisadiyyatına verdiyi töhfələr,
sülhün və beynəlxalq təhlükəsizliyin qorunub
saxlanmasında bu ölkənin oynadığı rol, eləcə
də qlobal enerji təhlükəsizliyinin təmin edilməsi
sahəsində səmərəli iş birliyi, həyata
keçirdiyimiz irimiqyaslı transmilli layihələrə və
Azərbaycanda demokratik islahatların gerçəkləşdirilməsinə
göstərilən kömək nəzərə alınmaqla,
bu ölkə ilə strateji tərəfdaşlıq Azərbaycan
Respublikasının xarici siyasətində əsas elementlərdən
biri olaraq qalır. Azərbaycan mühüm
strateji tərəfdaşı olan ABŞ ilə qlobal problemlər
və təhlükələrə qarşı mübarizə
aparmaq məqsədi ilə ikitərəfli və çoxtərəfli
çərçivədə əməkdaşlıq edir.
Azərbaycan ABŞ-ın rəhbərlik etdiyi
antiterror koalisiyasının üzvüdür, beynəlxalq
birliyin terrorizmə qarşı mübarizəsini hərtərəfli
şəkildə dəstəkləyir və bu istiqamətdə
bir sıra əhəmiyyətli addımlar atır.
Ölkəmiz ABŞ-la, habelə iqtisadi, enerji təhlükəsizliyi
və demokratik inkişafın təşviqi sahələrində
də əməkdaşlığımızın genişləndirilməsi
istiqamətində iş aparır.
Azərbaycan regional əməkdaşlığı
regionda sülhün və sabitliyin qorunub saxlanılması
üçün mühüm amil hesab edir. Qonşu dövlətlərlə əlaqələrin
daha da inkişafı kontekstində Azərbaycan,
Gürcüstan və Türkiyə arasında üçtərəfli
strateji tərəfdaşlıq və dərinləşən
əməkdaşlıq regionda sabitliyin göstəricisinə
çevrilmişdir. Azərbaycanın tarixən
bağlı olduğu Rusiya ilə münasibətlər
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir
və bu əməkdaşlığın genişlənməsi
davam edir. Ümummilli lider Heydər Əliyevin
Rusiyanın Qərbin və Şərqin böyük
sivilizasiyalarını özündə təcəssüm
etdirən və dünya siyasətində nadir rol oynayan bir
ölkə olması haqqında söylədiyi fikir Azərbaycanın
xarici siyasətində Rusiyanın rolunu və yerini son dərəcə
aydın müəyyən edir. Bu gün
Moskva ilə Bakı arasında çox möhkəm siyasi və
iqtisadi əlaqələr mövcuddur. Azərbaycan Cənubi
Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər
sistemi yaratmağa nail olmuş yeganə dövlətdir. Ölkəmiz İranla mütərəqqi və gələcəyə
istiqamətlənmiş dialoq aparır, habelə Xəzər
dənizi ilə Avropa regionu arasında körpü yaratmaq məqsədi
ilə Mərkəzi Asiya dövlətləri ilə
münasibətlərini inkişaf etdirir. Azərbaycan
MDB-nin üzvü olan digər ölkələrlə də
son illər ərzində siyasi, iqtisadi, ticarət və mədəni
əlaqələrini xeyli möhkəmləndirmişdir.
Həmin ölkələrlə həm ikitərəfli,
həm də beynəlxalq əməkdaşlığımız
mühüm əhəmiyyət kəsb etmiş və Azərbaycan
ilə bu ölkələr arasında siyasi dialoqun gücləndirilməsinə,
iqtisadi-ticarət əlaqələrinin təşviqinə,
humanitar sahələrdə əməkdaşlığın
intensivləşməsinə, xalqlararası təmasların dərinləşməsinə
böyük töhfə vermişdir.
Xəzər dənizinin zəngin
karbohidrogen ehtiyatlarının işlənilməsi və
dünya bazarlarına nəqli sonradan Azərbaycanın Xəzər
strategiyası adlandırılan siyasətin əsas elementinə
çevrilmişdir. Bu gün Xəzər
regionu qlobal geosiyasi münasibətlərin diqqət mərkəzindədir.
Bu, Avropa ölkələri üçün
Asiya regionuna keçid yolu, Rusiya üçün iqtisadi maraq
zonası, həm də geosiyasi buferdir. Birləşmiş
Ştatlar üçün isə böyük qlobal dəyişiklik
zamanında əsas enerji mənbəyi vəd edən strateji
bölgədir. Başqa sözlə, Xəzər
hövzəsi strateji yol qovşağıdır və onun
dünyada əhəmiyyəti yüksəlməkdədir.
Hövzənin strateji potensialını artırmağa nail
olmaq üçün region ölkələri sıx əməkdaşlıq
şəraitində işləməli və postsovet məkanında
inkişafa ardıcıl olaraq ümumi baxış
yaratmalıdırlar. Azərbaycan bu təşəbbüsə
rəhbərlik etmək üçün üstün
mövqeyə malikdir. Ölkəmiz Xəzərin
şərq və qərb sahillərini birləşdirərək
dənizin enerji inkişafına mühüm töhfə verir.
Azərbaycan hökuməti bu məsələlərdə
regional və hətta qlobal rol oynamaq üçün strateji
planlar üzərində işləyir.
Orta Şərq və Asiya ölkələri
ilə əlaqələr Azərbaycanın xarici siyasətində
vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri
və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar
iqtisadi, telekommunikasiya və digər sahələrdə
qarşılıqlı faydalı əməkdaşlıq
üçün perspektivlər açır.
Asiya-Sakit okean regionu Azərbaycanın
çoxvektorlu xarici siyasəti kontekstində mühüm əhəmiyyət
kəsb edir və bu əhəmiyyət getdikcə artır.
Çin və Hindistanla dostluq əlaqələrinin
inkişafı Azərbaycanın Asiyada xarici siyasətinin
mühüm istiqamətidir. Azərbaycan
Yaponiya ilə əməkdaşlıq münasibətlərinin
hər iki ölkənin maraqları naminə möhkəmlənməsinə
tərəfdardır. Azərbaycanın
xarici siyasəti Cənub-Şərqi Asiya dövlətləri
ilə münasibətlərin pozitiv dinamikasının
güclənməsinə, ilk növbədə İndoneziya,
Malayziya və regionun digər ölkələri ilə
çoxsahəli əməkdaşlığın inkişaf
etdirilməsinə yönəlmişdir.
Azərbaycan İslam Konfransı Təşkilatının
üzvü olan ölkələrlə son illər ərzində
siyasi, iqtisadi, ticarət və mədəni əlaqələrini
xeyli inkişaf etdirmişdir. Həmin
ölkələrlə İKT və başqa beynəlxalq təşkilatlar
çərçivəsində, eləcə də ikitərəfli
əməkdaşlıq məhsuldar və faydalı
olmuşdur.
Azərbaycan Respublikası Yaxın Şərqdə
vəziyyətin sabitləşməsində maraqlıdır.
Əsas məqsəd Ərəb-İsrail
münaqişəsinin bütün aspektlərinin hərtərəfli
və uzunmüddətli tənzimlənməsinə, o cümlədən
İsrail ilə sülh və təhlükəsizlik şəraitində
yanaşı yaşayan müstəqil Fələstin dövlətinin
yaradılmasına nail olmaq üçün kollektiv səyləri
dəstəkləməkdir. Bu cür tənzimləmə
regionda sabitliyin asılı olduğu bütün dövlətlərin
və xalqların iştirakı ilə və onların qanuni
mənafeləri nəzərə alınmaqla təmin edilə
bilər. Azərbaycan zorakılığa
son qoyulmasına, Əfqanıstanda böhranın aradan
qaldırılmasına, İraqda milli barışıq və
bu ölkənin tamdəyərli dövlətçiliyinin və
iqtisadiyyatının bərpa edilməsi yolu ilə siyasi tənzimləməyə
nail olmağa yönəlmiş kollektiv səylərin
qarşılıqlı hörmət əsasında
artırılmasına tərəfdardır.
Azərbaycan müsəlman dünyası dövlətləri
ilə qarşılıqlı əlaqələrini daha da
genişləndirmək məqsədilə İslam Konfransı
Təşkilatında və Ərəb Dövlətləri
Liqasında üzv və müşahidəçi kimi
iştirak etmək imkanlarından bəhrələnməklə,
Yaxın Şərq və Şimali Afrika regionu ilə tərəfdaşlıq
təşəbbüsü çərçivəsində fəal
xətti davam etdirir. Azərbaycanın milli mənafeləri
üçün strateji əhəmiyyət kəsb edən bu
regionun dövlətləri ilə qarşılıqlı
faydalı, o cümlədən energetika sahəsində iqtisadi
əməkdaşlığın inkişaf etdirilməsinə
mühüm diqqət yetirilir.
Azərbaycan Afrika dövlətləri ilə
ikitərəfli və çoxtərəfli əsasda
çoxşaxəli qarşılıqlı əlaqələri
genişləndirir, bu çərçivədə dialoqu və
əməkdaşlığı fəallaşdırır.
Respublikamız Latın Amerikası və Karib hövzəsi
ölkələri ilə əlaqələrini tənzimləməyə
çalışır, həmin ölkələrlə siyasi
və iqtisadi əməkdaşlığı dərinləşdirir,
bu zaman son illərdə həmin regionun dövlətləri ilə
münasibətlərdə yaranmış tərəqqiyə
istinad edir, beynəlxalq təşkilatlarda həmin dövlətlərlə
qarşılıqlı əlaqələri intensivləşdirir,
energetika, infrastruktur, yüksək texnologiyalar sahəsində,
o cümlədən regional inteqrasiya birliklərində işlənib
hazırlanan planlar çərçivəsində birgə
layihələri həyata keçirir.
Əsas etibarilə milli
maraqlarımızın təmininə söykənmiş
balanslaşdırılmış xarici siyasət kursu yaxın
və uzaq ölkələrlə bərabərhüquqlu və
qarşılıqlı faydalı əməkdaşlığın
inkişafı və dərinləşməsinə xidmət
göstərir. Bu istiqamətdə Azərbaycan Prezidenti
İlham Əliyevin ötən illərdə ABŞ, Rusiya,
Fransa, Almaniya, Böyük Britaniya, Çin, İtaliya,
Türkiyə, Yunanıstan, İran, Yaponiya, Koreya, Səudiyyə
Ərəbistanı, Misir, İordaniya, Küveyt, Polşa,
Rumıniya, Macarıstan, İsveçrə, Belçika,
Çexiya, Bolqarıstan və digər ölkələrə
etdiyi səfərlər, eləcə də xarici ölkələrin
müxtəlif səviyyəli nümayəndə heyətlərinin
Bakıya səfərləri, əldə edilmiş hökumətlərarası
sazişlər və razılaşmalar ikitərəfli əlaqələrin
genişləndirilməsində mühüm rol
oynamışdır. Dost və qardaş ölkələrlə
əməkdaşlığın dərinləşdirilməsinə
xüsusi diqqət yetirilmişdir. Bu
baxımdan türkdilli ölkələrin dövlət
başçılarının Naxçıvanda
keçirilmiş IX zirvə görüşü mühüm
hadisəyə çevrilmişdir. Eyni
zamanda, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil
qüvvə kimi formalaşdırılması, diaspor və
lobbi quruculuğu xarici siyasətdə mühüm istiqamətlər
kimi nəzərdən keçirilir. Prezident İlham Əliyev
Türkiyə və Azərbaycan diaspor təşkilatlarının
2007-ci ildə Bakıda keçirilmiş birinci qurultayında
milli mənafe və maraqların beynəlxalq aləmdə
yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin
dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə
çatdırılması baxımından xaricdə
yaşayan soydaşlarımızın üzərinə mühüm
vəzifələrin düşdüyünü qeyd etmiş,
onların daha da təşkilatlanması, vahid hədəflər
naminə mütəşəkkil mübarizə aparması ilə
bağlı dəyərli tövsiyələrini vermişdir.
(ardı
var)
Kamal ADIGÖZƏLOV,
Bakı Dövlət
Universitetinin diplomatiya
və
müasir inteqrasiya prosesləri kafedrasının
dissertantı
Xalq qəzeti.- 2010.- 8 iyul.- S. 3.