Minsk
qrupunun həmsədrləri Azərbaycanla
Ermənistanı növbəti addım atmağa,
irəliyə doğru getməyə
çağırırlar
Bizim əsas vəzifəmiz
Azərbaycanın ərazi bütövlüyünü
istənilən yolla bərpa etməkdir.
Yenə də deyirəm, biz istəyirik ki, bunu
danışıqlar yolu ilə həll edək.
Amma əgər bu, mümkün olmayacaqsa, Azərbaycan
Ordusu, bütün
Silahlı Qüvvələr hazır olmalıdırlar ki, Ali Baş
Komandanın əmri ilə öz doğma torpaqlarını azad
etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Minsk qrupu
üzvü olan
ölkələrin dövlət
başçılarının məlum bəyanatının
yaratdığı təəssüratı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının mərkəzi qərargahının
açılış mərasimində eşitdiyimiz
fikirlər bir daha zənginləşdirdi.
Prezident İlham Əliyev
Qarabağ icmasının üzvlərinə
dedi ki, bura sizin üçün
müvəqqəti bir qərargahdır.
Torpaqlarımız işğalçılardan azad
olunandan sonra sizin üçün yeni gözəl binalar
Dağlıq Qarabağda tikiləcəkdir.
Mən buna şübhə etmirəm və
tam əminəm ki, Azərbaycan
öz ərazi bütövlüyünü
bərpa edəcək, bu ədalətsizliyə
son qoyulacaqdır. Dövlət
başçımızın bu qətiyyətinin
əsas səbəblərindən biri də
odur ki, beynəlxalq
ictimaiyyət artıq Azərbaycanın mövqelərini tam şəkildə dəstəkləyir.
Siyasətlə, diplomatiya ilə, sülh danışıqlarıyla başa düşməyənlərin digər variantlarla başa salınması təcrübəsi çoxdan mövcuddur. Hələ Sokrat dövründən məşhur kəlam var idi ki, məsələ hər kəsə öz başa düşdüyü dildə izah edilməlidir. Yəni Azərbaycan Prezidentinin "biz torpaqlarımızı istənilən yolla işğaldan azad edəcəyik" - ifadəsi bəzi ermənipərəst politoloqların yazdığı kimi, siyasi ritorika deyil, xalqı və ölkəsi qarşısında böyük məsuliyyət hissi daşıyan dövlət başçısının siyasi qətiyyətidir. Bu qətiyyət yüz illərin siyasət və diplomatiya təcrübəsinə istinadən söylənilir. Azərbaycan Ordusunun qüdrətindən yaxşı xəbərdar olan Ermənistan rəhbərləri isə Prezident İlham Əliyevin həmin bəyanatlarından təşvişə düşərək müxtəlif ünvanlara üz tutur, vay-şivən qaldırırlar. Həyasızlıq o yerə çatıb ki, Ermənistan rəhbərliyi artıq özünü bütün dünyaya sülhsevər tərəf kimi sırımağa başlayıb. Utanmaz-utanmaz fəryad qoparırlar ki, neft sahəsindən gələn kapital hesabına zənginləşən Azərbaycan bölgəni yeni müharibə ilə hədələyir. Biz isə rəsmi Bakıya hərbi müdaxilələrin yolverilməzliyi barədə saziş layihəsi təklif etmişik.
Əvvəla, Azərbaycan regionu deyil, Ermənistanı başa salmağa çalışır. İşğal edilmiş torpaqların azad olunması bu xalqın və bu dövlətin üzərinə düşən missiyadır. Xalq öz dövlət başçısıyla birlikdə bu məqsədə çatacaqdır. Ona görə də heç bir variant istisna edilmir. Yəni Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımlar heç bir başqa ölkəni təhdid etmir. Bu addım ancaq və ancaq Ermənistanı narahat etməli, düşündürməlidir. İkinci, Azərbaycana hücum etməmək barədə saziş təklif edən Ermənistan hücumu çoxdan edib və öz qonşusunun ərazilərinin 20 faizini işğal altına alıbdır. Azərbaycan Xarici İşlər Nazirliyi sözçüsünün dediyi kimi rəsmi Bakı bu qəbildən olan sazişləri ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra imzalayacaq.
Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlətimizin iqtisadi qüdrətinin artması və milli ordumuzun hazırlıq səviyyəsinin yüksəlməsi fonunda verilən bəyanatlar beynəlxalq aləmdə də öz əks-sədasını tapır. ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın dövlət başçıları "Böyük səkkizlər"in Kanadada keçirilən sammiti çərçivəsində bir araya gələrək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını da müzakirə edib və birgə bəyanat veriblər. Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozinin imzaladığı bəyanatda deyilir: "İndi Azərbaycan və Ermənistan prezidentlərinə bir addım atmaq qalır ki, münaqişənin həllinin əsas prinsiplərini hazırlayıb sülh müqaviləsi layihəsinin müzakirəsinə keçsinlər". Dövlət başçıları eyni zamanda ölkələrinin xarici işlər nazirlərinə tapşırıblar ki, bu istiqamətdə fəaliyyəti davam etdirsinlər.
Azərbaycan dövlətinin bu bəyanata münasibəti birmənalı şəkildə müsbətdir. Prezident Administrasiyası ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov KİV təmsilçiləri ilə görüşdə bildirib ki, "Bəyanat Azərbaycan tərəfini tam qane edir. Bəyanatda hər üç ölkə Azərbaycan ərazilərinin işğal edilməsi faktını etiraf edir. Bu sənəddə işğal altında olan ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələbi var".
Xarici işlər naziri Elmar Məmmədyarov isə həmsədr ölkələrin prezidentlərinin Torontoda qəbul edilmiş son bəyanatını yüksək qiymətləndirərək demişdir ki, "İşğal elə işğaldır və bunu hamı etiraf edir. Əgər biz Ermənistan tərəfinin nə istədiyini bilsək, mənim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə nikbinliyim artar. Əgər Ermənistan Dağlıq Qarabağı ilhaq etmək istəyirsə, bu, olmayacaqdır. Əgər o, regionun müstəqilliyi məsələsində israrlı olmağı davam etdirərsə, mən onu da mümkün hesab etmirəm".
Bütövlükdə bu şəkildə bir bəyanatın həmsədr ölkələrin prezidentləri tərəfindən imzalanması çox müsbət haldır. Çünki istənilən münaqişənin dondurulmuş şəkildə saxlanılması təkcə münaqişədə olan tərəflər üçün deyil, eləcə də region ölkələri və bütövlükdə dünya üçün təhlükə mənbəyi olaraq qalır. Üstəlik Azərbaycan rəhbərliyi öz ölkəsinin işğal edilmiş ərazilərinin qaytarılması üçün heç bir variantı istisna etmir. Yəni cəbhədəki döyüşlər istənilən an yenidən başlana bilər. Prezident İlham Əliyevin dediyi kimi danışıqların da bir son nöqtəsi, səbrin də həddi var. Bunu nəzərə alan Minsk qrupu həmsədrləri "tərəfləri mövqelərin yaxınlaşdırılmasına" çağırır. Bu bəyanatın müsbət cəhətini qeyd etdik. Bəs tərəflərin mövqelərinin yaxınlaşmasına əngəl törədən amillər nə üçün yada salınmır?
Bu gün dünya ictimaiyyətinin istənilən nümayəndəsinə gün kimi aydındır ki, bu mövqelərin yaxınlaşmasını əngəlləyən yeganə səbəb Ermənistanın nümayiş etdirdiyi şıltaqlıqdır. Vasitəçilərin istənilən təklifini bir gün qəbul edib növbəti gün "yox, bu variant bizə sərf etmir" - deyən İrəvan rəhbərliyi sadəcə vaxt uzatmaq, münaqişənin həllinin uzanmasına nail olmaq barədə düşünür. Hansısa sərsəm erməni ideoloqunun söylədiyi cəfəng proqnozlara uyan Ermənistan rəhbərliyi öz xalqını bədbəxtliklərə düçar edib, dünya ictimaiyyətini çıxılmaz vəziyyətə salıbdır. Xəstə başla proqnoz verən erməni ideoloqu söyləyib ki, "biz bu münaqişənin həllini Osmanlı dövlətinin törətdiyi erməni soyqırımının 100 illiyinə qədər uzada bilsək (2015-ci il nəzərdə tutulur - red.), dünya ermənilərinin böyük dəstəyinə nail olacağıq". Adi sayıqlamadır. Çünki dünya erməniləri Ermənistan rəhbərliyinin iyrənc siyasəti ucbatından çoxdan Ermənistandan əl çəkiblər. Hər halda belə bir cəfəng, uydurma proqnoz söylənilib və Ermənistan rəhbərliyi münaqişənin həllini ləngitməkdə, istənilən prinsipdə bir eyib axtarmaqda davam edir. Belə bir vəziyyətdə Minsk qrupu həmsədri olan ölkələrin dövlət başçıları tərəfləri mövqelərin yaxınlaşmasına deyil, Ermənistanı ağlını başına yığmağa çağırmalıdırlar. Çünki ağılsız başın törətdiyi bəla təkcə öz sahibinə ziyan vurmur.
Yeri gəlmişkən, adı çəkilən bəyanatın səslənməsindən sonra Ermənistan rəsmiləri daha bir saxtakarlıq və ikiüzlülük nümayiş etdirərək bildirdilər ki, biz iki il əvvəl münaqişənin həlli üçün ortaya qoyulmuş baza prinsiplərini qəbul etmişik. Buna baxmayaraq Azərbaycan bizi müharibə ilə hədələyir. Əslində isə Ermənistan yeniləşmiş Madrid prinsiplərini nəinki qəbul etməyib, hətta, uzun müddətdir ki, həmin prinsiplərə "pisdir" və ya "qəbuledilməzdir" - deyə münasibət də bildirməyib. Sadəcə vaxtı uzadır və sonra ermənicəsinə riyakarlıq edirlər. Azərbaycan tərəfi isə vasitəçilərin təklifinə konkret və açıq şəkildə münasibət bildirir. Nazir Elmar Məmmədyarovun fikrincə Azərbaycan vasitəçilərin son təklifini əsas kimi qəbul etmişdir. "Həmin təklifə görə aşağıdakı addımların mərhələlər üzrə həyata keçirilməsi nəzərdə tutulur: 1) erməni silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxarılması; 2) bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qaytarılması; 3) regionun bütün sakinlərinin - həm hazırda orada yaşayan ermənilərin, həm də Dağlıq Qarabağa qayıdacaq azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsi; 4) regionda bütün kommunikasiyaların bərpa edilməsi; 5) Dağlıq Qarabağ regionunun müvəqqəti statusunun hazırlanması; nəhayət, 6) bütün bu tədbirlər həyata keçirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın qəti statusunun müəyyən edilməsi məsələsinə yaxınlaşmaq mümkün olacaqdır". Yəni dünya ictimaiyyəti münaqişənin bu şəkildə, bu mərhələlərlə həllini məqsədəuyğun sayır. Ermənilər isə ... susurlar. Onları danışdırmaq üçün ya dünya ictimaiyyəti qəti mövqe nümayiş etdirməlidir, ya da Azərbaycan danışıqlardan imtina etməlidir.
Münaqişənin həll edilməmiş qalması dünyanın başqa ölkələrini də narahat edir. Türkiyə, Gürcüstan, Qazaxıstan kimi ölkələr çoxdandır ki, bu münaqişənin həllinin tezləşdirilməsinə çalışırlar. Bu yaxınlarda isə ATƏT-in Minsk qrupunun üzvü olan Almaniya (1992-ci ilin mart ayında ATƏM-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk şəhərində çağırılacaq konfransının iştirakçıları sırasına ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan və Ermənistan nümayəndələri daxil edilmiş, Minsk qrupu formalaşdırılmışdı) da artıq münaqişənin tezliklə həll edilməsi üçün fəallıq nümayiş etdirir, vasitəçilik təkliflərilə çıxış edir. ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin Qazaxıstanda keçiriləcək qeyri-rəsmi toplantısı ərəfəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Almaniyaya dəvət edilməsi diqqət çəkir. Bəzi ekspertlərin fikrincə Elmar Məmmədyarovdan əvvəl Ermənistan prezidenti də Almaniyaya dəvət edilmişdi. Bir sözlə, beynəlxalq ictimaiyyət bu münaqişənin həllinin ləngiməsindən böyük narahatlıq hissləri keçirdiyini gizlətmir. Hətta, ABŞ-dan gələn xəbərlərdə bildirilir ki, dövlət katibi Hillari Klinton Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini mövqeləri yaxınlaşdırmağa çağıracaq.
Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq yaranmış vəziyyəti həlledici mərhələ adlandırır. Dağlıq Qarabağ icmasının mərkəzi qərargahının binasının açılış mərasimində nitq söyləyən dövlət başçımız həmin məqamı bu şəkildə ifadə etdi: "...Bu mərhələ həlledicidir. Bu yaxınlarda həmsədr ölkələrin nümayəndələri ilə danışıqlar zamanı biz bu barədə öz fikirlərimizi bildirmişik. Hesab edirik ki, bu həlledici məqamda məsələnin həlli üçün lazım olan bütün addımlar atılmalıdır".
Hamı tələsir, hamı narahatdır. Xülyalarla və uydurma arzularla yaşayan Ermənistandan başqa.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 8
iyul.- S. 1.