Lənkəran: regional inkişafın uğurlu modeli

 

    Lənkəran rayonu çox uğurla inkişaf edir. Rayonda çox böyük işlər görülür. Həm sənaye infrastrukturu, həm sosial infrastruktur yaradılır, tibb məntəqələri, məktəblər, idman qurğuları, sənaye müəssisələri, turizm obyektləri-yəni, bütün sahələrdə inkişaf vardır.

 

    İlham ƏLİYEV,

    Azərbaycan Respublikasının Prezidenti

 

    Bu il iyunun 25-də cənub bölgəsinə səfər edən Prezident İlham Əliyev Lənkəran və Lerikdə bir sıra müəssisə və sosial obyektlərin açılışında iştirak etmiş, ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Hazırda cənublular həmin görüşlərin xoş təəssüratlarını yaşayırlar. Dövlət başçısının görülən işləri bəyənməsi, yeni müəssisələrin kollektivlərinə xeyir-dua verməsi unudulmaz anların hər bir iştirakçısının qəlbində tükənməz qürur hissi yaratmışdır.

 

    Səfər proqramı çərçivəsində əvvəlcə Lənkərana gələn Azərbaycan Prezidenti mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoymuş, yeni obyektlərə baş çəkmişdir.

    Lənkəran şəhəri ulu öndərin hər zaman böyük önəm verdiyi bölgələrdən biri olub. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq, burada geniş abadlıq və quruculuq işləri aparılır. Bunun nəticəsidir ki, rayonda ümumi məhsul istehsalının həcmi 2003-cü illə müqayisədə 2009-cu ildə 2,9 dəfə artaraq 175 milyon manat olub. Rayonda 2003-cü ildən indiyə qədər 25 min 790 yeni iş yeri açılıb.

    Yeni konserv zavodunda Prezident İlham Əliyevə məlumat verildi ki, müəssisə on hektar sahəni əhatə edir. İnişil başlanmış inşaat işləri bu ilin martında sona çatdırılıb. Müəssisə üç əsas binadan-inzibati korpus, istehsalat sahəsi və anbardan ibarətdir. Zavod saatda 30 ton məhsul qəbul etmək gücündədir. Müəssisədə şüşə qablar xətti, bütün növ cem və bal qablaşdırmaq üçün doldurucu xətt, turşu və meyvə şirəsi xətti vardır. Ən müasir xarici avadanlığın quraşdırıldığı zavodun soyuducu anbarının tutumu 2 min tondur. Müəssisə tam gücü ilə işləyəndə burada 350 nəfər çalışacaq.

    Dövlətimizin başçısı zavodun işə düşməsini bildirən düyməni sıxdı və istehsal xətləri hərəkətə gəldi. Alqış sədaları ətrafa yayıldı. Bu, dünyanı bürümüş iqtisadi böhran dövründə belə Azərbaycanda ən müasir zavodların tikilməsindən, həyat şəraitinin yaxşılaşmasından doğan fərəh hisslərinin ifadəsi idi!

    Zavodun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev belə müəssisələrin bütün cənub zonasında aqrar sahənin inkişafına təkan verəcəyini bildirdi. Güclü maliyyə bazamızın, iqtisadi potensialımızın qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatında, sahibkarlığın inkişafında reallaşdırılması zərurətini önə çəkdi. Bu sahədə qazanılan uğurları diqqətə çatdırdı. Dövlət başçısı Lənkəranın da ilbəil tərəqqi etdiyini vurğuladı, burada bütün sahələrdə irəliləyiş olduğuna diqqəti cəlb elədi. Bakı-Astara avtomobil yolunun dünya səviyyəsində tikintisinin davam etdirildiyini, Lənkəran aeroportundan Moskvaya beynəlxalq reyslərin yerinə yetirildiyini gözəl hadisələr adlandırdı.

    Prezidentlə görüşdə iştirak etmiş Lənkəran sakini Fərman Quliyev:

    -Dövlət başçısının görülən işləri dönə-dönə təqdir etməsi bizi çox sevindirdi. Möhtərəm Prezidentimiz Lənkəranın inkişafını yüksək dəyərləndirdi: "Mən çox şadam ki, burada bütün işlər çox uğurla və yüksək keyfiyyətlə aparılır". Bu sözlər hər bir lənkəranlının ürəyindən xəbər verirdi.

    Həmin unudulmaz görüşdə bir ağsaqqal kimi mənə söz verildi. Prezidenti salamlayıb dedim ki, ulu öndərimiz Heydər Əliyev Lənkərana həmişə yüksək diqqət və qayğı göstərmişdir. Fərəhli haldır ki, bu ənənə davam edir. Siz Lənkərana 7 il müddətində yeddinci dəfədir gəlirsiniz. Lənkəran, həqiqətən, Sizin buyurduğunuz kimi, sürətlə inkişaf etmişdir. İndi cənub bölgəsinin iqtisadi, mədəni və elmi cəhətdən inkişaf edən bir rayonudur.

    Lənkəranda çox böyük süd zavodunun yaradılması, çay fabrikinin, dondurma istehsalı müəssisəsinin, "Palsüd" zavodunun tikilməsi Sizin sahibkarlığa diqqətinizin, bizə məhəbbətinizin, qayğınızın nəticəsidir. Yeni iş yerlərinin açılması, əhalinin firavan yaşaması deməkdir. Bundan əlavə, Sizin təşəbbüsünüzlə yaradılmış Olimpiya-İdman Kompleksi, Lənkəran Müalicə-Diaqnostika Mərkəzi və sair bölgənin inkişafında böyük rol oynayır. Dövlət Dram Teatrı, musiqi məktəbləri, muzeylər zəngin mədəniyyətimizi yaşadır. Lənkəranda Dövlət Universitetinin, Pedaqoji Kollecin, Tibb Məktəbinin olması ətraf rayonlardan minlərlə gəncin gəlib burada təhsil almasına şərait yaratmışdır... Bütün bunlara görə sevimli Prezidentimizə lənkəranlıların dərin minnətdarlığını çatdırdım. Çox xoşbəxtəm ki, Lənkəran ictimaiyyəti adından möhtərəm İlham Əliyevi salamlamaq, bölgəmiz üçün etdiklərinə görə ona razılıq bildirmək şərəfi məhz mənə nəsib oldu.

    Prezidentlə görüşdə iştirak edənlərdən biri də ürəyi eyni həyəcanla vuran, eyni minnətdarlıq duyğularını dilə gətirməyə hazır olan Lənkəran şəhər qarışıq tipli uşaq evinin müdiri Ofelya Cəfərova idi.

    -Doğma Azərbaycanımız bu gün əsl intibah dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf daha da dinamik şəkil alıb. İqtisadi artım ilbəil çoxalır. Əhalinin həyat şəraiti durmadan yaxşılaşır.

    Lənkəran son illərdə daha da gözəlləşmişdir. Bu, dövlətin gündəlik qayğısının sayəsində mümkün olub. Biz sevimli Prezidentimizlə bərabər, Lənkərana həmişə doğma, səmimi münasibət bəsləyən xalqımızın istəkli qızı Mehriban Əliyevanın da fəaliyyəti ilə fəxr edirik. Mehriban xanımın milli-mənəvi dəyərlərimizin dünyada tanıdılmasına, təhsilimizin inkişafına göstərdiyi əvəzsiz xidməti yüksək qiymətləndiririk. Son illərdə rayonumuzda tikilmiş 19 məktəbdən 9-u məhz Heydər Əliyev Fondunun hesabına inşa edilib və bir uşaq evi isə əsaslı şəkildə yenidən qurulub.

    Lənkəran Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi Asəf İsgəndərov:

    -"Bu zonanın inkişafının çox böyük imkanları və potensialı vardır. Biz çalışmalıyıq ki, bundan maksimum dərəcədə istifadə edək. Artıq burada yaradılmış sənaye müəssisələri bütün zonanı böyük dərəcədə gücləndirəcəkdir... Ancaq, biz əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməməliyik, gələcəyə baxmalıyıq". Möhtərəm Prezidentimizin Lənkəranda söylədiyi bu fikirlərin dərin elmi əsasları, konseptual mahiyyəti vardır. Bu, geniş əhatəli, məqsədyönlü və qlobal baxışdır. Biz elm adamlarında xüsusi nikbinlik yaradır. Dövlət başçısının elmə, təhsilə diqqət və qayğısı sonsuzdur...

    Möhtərəm Prezidentimizin Lənkərana hər səfəri bizim üçün əsl bayrama çevrilir. Dövlət başçısının ictimaiyyət nümayəndələri ilə görüşündə söylədiyi fikirlər, verdiyi tövsiyələr qarşıdakı dövr üçün fəaliyyət proqramımız olur. İlham Əliyev müəllifi olduğu regional inkişaf Dövlət Proqramı üzrə görülən işlərin nəticəsi ilə maraqlanır, yeni obyektlərin açılışında şəxsən iştirak edir. Bu, əhalinin həyat səviyyəsinin yüksəlməsinə olan diqqətin təzahürüdür. Sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması daxili siyasətin əsasən sosial yönümlü olduğunu göstərir. Bütün bunları əhali, sadə camaat razılıqla qarşılayır.

    Dövlət başçısının bütün görüşlərində təhsilin informasiyalaşdırılması məsələsi önə çəkilir. Orta məktəblərin aşağı siniflərindən tutmuş universitetlərə qədər İKT tətbiqi prioritetə çevrilir. Bizim LDU-da da ali təhsilin inkişafına dair islahatların həyata keçirilməsi yönümündə çox böyük işlər gedir. Bu gün universitetimizin maddi-texniki bazası xeyli güclənib. Yüz tələbəyə düşən kompyuterlərin sayına görə ölkədə qabaqcıl yerlərdən birini tuturuq. LDU respublikada iki-üç universitetlən biridir ki, burada elektron təhsil şəbəkəsi tətbiq olunur. Gələn tədris ilindən bu şəbəkə tam istifadəyə verilərək kredit sisteminin bütün şərtləri ödənilməklə işin təşkili həyata keçiriləcək. Bu şəbəkə dünyada ən müasir texnika ilə təchiz olunub. Bütün bunlar təhsildə keyfiyyətin yüksəlməsini təmin edir. Bu il bakalavr pilləsini bitirən 45-dən artıq məzun Azərbaycanın ali məktəblərində yüksək müsabiqə yolu ilə magistraturaya daxil olub. Bu, əvvəlki illərdəkindən iki dəfə çoxdur. Elmi-tədqiqat işlərinə, tələbələrimizin ictimai həyatda fəallığına da biz böyük önəm veririk. Onların yaradıcılıq qabiliyyəti respublika bilik yarışlarında özünü göstərir. Üç ildir ki, 550-600 bal toplayan tələbələrin bizim universitetə axını başlayıb. Bu, artan imicin lazımınca dəyərləndirilməsinin göstəricisidir.

    Möhtərəm Prezidentimizin biz təhsil işçilərinin qarşısında qoyduğu vəzifələri bundan sonra da layiqincə həyata keçirmək əzmindəyik.

    Prezident İlham Əliyev Lənkəranda yeni çay və dondurma fabriklərinin, eləcə də əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Cənub Regional Boks Təlim Mərkəzinin də açılışında iştirak etdi. Çay fabriki regional inkişaf Dövlət Proqramına əsasən bir ilə inşa edilib. Üç korpusdan ibarət istehsal sahəsində ilkin emal, çeşidləyici və bükücü sexlər fəaliyyət göstərir. Burada xammalın qəbulu, təmizlənməsi, qurudulması, çeşidlənməsi və qablaşdırılması prosesi aparılır. Məhsulun keyfiyyətli və rəqabətədavamlı olmasından ötrü xaricdən ən yeni avadanlıq gətirilib. Fabrik saatda 2,5 ton yaşıl çay yarpağı qəbul etmək gücündədir. Bu, ildə 100 ton çayın emalı deməkdir. Müəssisədə 60 nəfər daimi işlə təmin olunacaq. Qarşıya yeni çay plantasiyalarının salınması vəzifəsi də qoyulub.

    Dondurma fabrikinin tikintisinə 2008-ci ildə başlanıb, ötən ilin sonlarında isə "Paldad" markası ilə dondurma istehsalı reallaşdırılıb. Müəssisədə 120 nəfər işlə təmin olunub. Son texnologiya ilə qurulan zavoda avadanlıq Danimarkadan gətirilib. Dondurma qabları isə Türkiyə istehsalıdır. Burada keyfiyyətli süddən istifadə edilməklə, "Türk üsulu", "Paleqriya", "Buz qələm" və digər adlarda 28 çeşiddə dondurma istehsal olunur. Xam məhsulun emalından son qablaşdırmayadək dondurma ən yüksək səviyyədə əl vurulmadan hazırlanır. Fabrik ayda 500 min litr məhsul buraxmaq gücünə malikdir. Hazırda Azərbaycan bazarı ilə yanaşı, "Paldad" dondurmalarının Türkiyə, Gürcüstan, Özbəkistan və digər dövlətlərə ixracı məqsədilə danışıqlar aparılır.

    Dövlətimizin başçısı həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi ölkədə idmanın inkişafına ciddi əhəmiyyət verir. Hərtərəfli qayğı ilə əhatə olunan Azərbaycan idmançıları müntəzəm olaraq mötəbər yarışlarda qələbələri ilə bizi sevindirirlər. Lənkərana səfəri çərçivəsində Regional Boks Təlim Mərkəzinə gələn ölkə rəhbəri burada da hərarətlə qarşılandı. Boks üzrə Lənkəran yığma komandasının baş məşqçisi Rauf Quliyev:

    -Bu mərkəz 1986-cı ildə tikilmiş sağlamlıq kompleksi idi. Ötən müddətdə altı növ üzrə beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançılarımız olub. Lakin son illərdə yararsız hala düşmüş kompleks inişildən yenidən bərpa olunub. Burada idmançıların fiziki, taktiki və texniki hazırlığı üçün hər cür şərait yaradılıb, lazımi avadanlıq quraşdırılıb. Eyni vaxtda 60 idmançının məşq edə bildiyi mərkəzdə 2 boks rinqi, məşqçi-müəllimlər, paltardəyişmə otaqları, duşxana, trenajor zalı var. Beynəlxalq Boks Assosiasiyasının üzvləri yeni mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndiriblər. Möhtərəm Prezidentimiz İlham Əliyevin mərkəzimizə gəlişi isə bizi hədsiz dərəcədə sevindirib. Hələ də həmin görüşün təəssüratı altındayıq. Prezident mərkəzdə məşqləri izlədi və bizə xeyir-duasını verdi. Həmin gün bütün boksçularımıza federasiya tərəfindən yeni geyim dəstləri bağışlandı. Bu diqqət və qayğı məsuliyyət hissimizi daha da artırır. Yüksək şərait daha böyük qələbələr qazanmağımız üçün əsas stimul olacaq. Prezidentimizə ürəkdən minnətdarıq! Bəli, Prezident İlham Əliyevin Lənkərana növbəti səfəri burada hər kəsi beləcə duyğulandırmış, Azərbaycan naminə yeni-yeni qələbələrə ruhlandırmışdır.

 

 

    Əli NƏCƏFXANLI

    

   Xalq qəzeti.- 2010.- 9 iyul.- S. 6.