Etimadı doğrultmaq şərəf işidir

 

    Mən Aleksandr Alekseyeviç İvanovla 2003-cü ilin sonunda, "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildli romanım üçün material toplamağa başlayarkən tanış olmuşdum. Ona qədər təkcə bunu bilirdim ki, o, keçən əsrin 70-ci illərinin sonu 80-ci illərinin əvvəllərində Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olarkən onun mühafizə xidmətinin əməkdaşı olub, respublikanın partiya liderinə o qədər məhəbbət bəsləyib ki, sonralar ona Heydər Əliyevin - Siyasi Büro üzvünün Moskvada mühafizə xidmətinə rəhbərlik etmək təklif olunub.

 

    Aleksandrda, əlbəttə, çox böyük və olduqca maraqlı informasiyalar vardı, özü də necə deyərlər, "ilk mənbədən", ona görə də mən onun telefonunu tapdım və xahiş etdim ki, mənə bir neçə saat vaxt ayırsın. O vaxt mən artıq bir neçə ay olardı ki, Moskvada idim, arxivlərdə, kitabxanalarda tədqiqat aparır, romanımın qəhrəmanı ilə işləmiş, yaxud təmasda olmuş adamlarla görüşürdüm. Aleksandr İvanov müraciətimə böyük həvəslə razılıq verdi.

    Həmin axşam biz bir neçə saat söhbətləşdik, sonra zəngləşərək daha bir neçə dəfə görüşdük, bəzi detalları dəqiqləşdirdik, söhbətimizi yeni təffərrüatlarla zənginləşdirdik. Onda mən Aleksandr Alekseyeviçi özümün həmfikrim, Heydər Əliyevin xatirəsinə hədsiz dərəcədə sadiq və xidməti tərcümeyi-halının ən əhəmiyyətli illərinin bağlı olduğu bir insan haqqında ən müqəddəs xatirələrini bölüşməyə hazır olan adam kimi tanıdım. Roman üzərində işlədiyim son 7 il ərzində müsahibə aldığım, yaxud almağa çalışdığım ən müxtəlif rəftarlı adamlarla görüşmüşdüm. Bəziləri həvəslə razılıq verirdilər, ancaq xüsusi maraq doğuran heç nə danışa bilmirdilər. Bir başqaları nələrisə danışa bilərdilər, ancaq istəmirdilər. Bunlar özlərinə belə haqq qazandırırdılar ki, guya hələ danışmaq vaxtı çatmayıb (sanki mən onlardan hansısa dəhşətli dövlət sirlərini açmağı xahiş edirdim), yaxud guya özləri xatirələrini yazırlar və vaxtından əvvəl "kartlarını açmaq" istəmirlər. Üçüncü kateqoriya danışanlar da vardı ki, nə danışacaqlarını bilirdilər və bunu həvəslə edirdilər. Belə qiymətli həmsöhbətlər sırasına bu gün dost olduğum və "sən" deyə müraciət etdiyim Saşa İvanov da daxildir.

    Aleksandr Alekseyeviç peşəkar çekistdir, dövlət təhlükəsizlik orqanlarına 1972-ci ildə gəlib. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi beşinci şöbəsinin nəzdindəki doqquzuncu bölmədə işləyib, bu xidmət Siyasi Büro üzvlüyünə namizəd, Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin şəxsi təhlükəsizliyi ilə məşğul olurdu. Uzun illər doqquzuncu bölmənin rəisi Namiq Tağızadə olub. Yeddi ildən sonra, 1979-cu ilin mayında Saşa İvanov onun müavini olub.

    Aleksandr Alekseyeviç danışır ki, kumiri Heydər Əliyev onu öz komandasına qəbul edərkən onunla ilk söhbətini heç zaman unutmayacaq. Birinci katib onunla ailə vəziyyəti ilə bağlı geniş söhbət edib, bu zaman Aleksandrda belə bir təəssürat yaranıb ki, "birinci" onun bütün şəxsi işini təfərrüatı ilə öyrənib, hətta onun Leninqradda yaşayan yeznəsinin - bacısının ərinin də adını çəkib. Onda Saşa birinci dəfə (və əlbəttə, sonuncu dəfə yox!) Heydər Əliyevin fenomenal yaddaşa malik olduğuna əmin olub.

    O vaxt "birinci"ona peşə fəaliyyəti ilə bağlı heç bir tövsiyə verməyib, bilib ki, onun yanına DTK zabiti göndərirlərsə, demək, onunla müvafiq təlimat aparılıb. Onun öyüd-nəsihəti bir qədər başqa cür, demək olar ki, mənəvi cəhətə aid olub. Aleksandr özü bu barədə belə xatırlayır:

    "Sən yəqin ki, mənim üslubumu, mənim tələblərimi bilirsən, sən axı peşəkar çekistsən?"Mən cavab verdim ki, epizodik olaraq onun təhlükəsizliyi ilə bağlı tədbirlərə cəlb edilmişəm. "Demək, belə: mən heç vaxt eşitməyim ki, hansısa mağaza müdiri ilə tanışsan, birinci katiblə yaxınlığından şəxsi maddi problemlərinin həlli üçün istifadə edirsən, univermağa arxa qapıdan girirsən. Bizim kredomuz - etibardüzlükdür".

    Yəqin ki, xatırlayırsınız, o vaxt respublikada rüşvətxorluğa və korrupsiyaya qarşı güzəştsiz mübarizə gedirdi, ona görə də MK-nın birinci katibinin ətrafında özünün şəxsi maddiya digər problemlərini xidməti mövqeyi hesabına həll etməklə bağlı ən xırda cəhdlərin də qarşısı alınırdı. Bundan sonra Heydər Əliyevin özünün öyüd-nəsihətlərini təkrarlamasına daha lüzum qalmadı, Aleksandr isə get-gedə onun o qədər xoşuna gəldi ki, hətta az qala ailə üzvlərindən birinə çevrildi. Heydər Əliyevin həyat yoldaşı Zərifə xanımın xatirəsinə xüsusi məhəbbət və incəliklə yanaşan Saşa mənimlə söhbətində xatırladı ki, Zərifə Əziz qızı xidmət heyətinə qarşı necə həssaslıqla qayğı göstərirdi.

    "Hazırda mənim kiçik oğlumun 27 yaşı var. Mən işləməyə başlayanda o, hələ dünyaya gəlməmişdi. Mən işimi bitirəndə Zərifə xanım məni öz yanına çağırır, ya da eyvandan çağıraraq deyirdi: "Bu bağlamanı götür". Mən etiraz edirdim: lazım deyil, yaxşı düşməz. O deyirdi: "Mən sənə vermirəm, İrkaya apararsan. Hamilə qadınlara dəniz məhsulları yemək lazımdır ki, uşağın gözləri göy olsun".

    Yaxud zəng edirdeyirdi: "Saşa, Volodya (onun sürücüsü) sizə bir yeşik ərik aparıb". Burada, şəhər iqamətgahında çoxlu ərik ağacları bitmişdi. O, bağbandan xahiş edirdi ki, onları dərsin, sonra mənə, sürücülərə, rəhmətlik Tamerlan Əziz oğluna göndərirdi. O, hamının qayğısına qalırdı".

    Bu gün yeni müstəqil respublikalarda birinci şəxslərin mühafizəsi ilə bütöv dəstələr məşğul olur, ancaq o vaxt SSRİ-də hər şey xeyli sadə idi. Heydər Əliyevin şəxsi mühafizəsində, misal üçün, cəmi iki çekist vardı - Namiq Tağızadə və Aleksandr İvanov. Sutka ilə işləyirdilər: bir sutka işdə, bir sutka evdə. Əgər hansısa tədbirlər nəzərdə tutulurdusa (Heydər Əliyevdə isə belə tədbirlər həmişə olurdu), onda Saşanın doğmaları onu bir neçə sutka evdə görə bilmirdilər: rayonlara səfərlər, mədəni, izdihamlı, kütləvi aksiyalar. Aleksandr yuxudan səhər saat 5-6-da oyanmalı olurdu, xüsusilə Moskvada Heydər Əliyevin son dərəcə sərt rejimi vardı. Siyasi Büro üzvü şəhərdən kənarda, Qorki-10-da yaşayırdı, saat 9-da mütləq işdə olurdu, ona qədərsə bütün fiziki təmrinlər kompleksini yerinə yetirmək lazım gəlirdi: qırx dəqiqə ərazidə sürətli piyada gəziş, ardınca zalda gimnastika, bütün bunlardan sonra isə hovuzda üzmə gəlirdi. Heydər Əliyev Sparta həyat tərzini heç zaman dəyişmədi.

    Postdan mühafizə mənə saat altıya beş dəqiqə qalmış zəng edirdi, - Aleksandr xatırlayır. - Mən onu belə tez yuxudan oyatmağa qıymırdım. "Heydər Əliyeviç, sabahınız xeyir, səhər saat altıdır ". -"Sağ ol". Və on dəqiqədən sonra o, artıq hazır olurdu.

    -Bəs Heydər Əliyev saat altıda oyanırdısa, neçədə yatırdı? - deyə Saşadan soruşuram. -"Vremya" proqramı saat onun yarısında, ona iyirmi dəqiqə qalmış qurtarırdı. Hələ çay içmək, evdəkilərlə danışmaq lazım idi. Artıq saat on iki olurdu. Bax, belə alınırdı ki, o, hardasa beş-altı saat yatırdı. Və həmişə belə idi".

    "Birinci"nin idmana, üzgüçülüyə sevgisi Aleksandra da sirayət etmişdi. O, gəncliyində olduğu kimi, bu gün də səhər saat 6-da yuxudan oyanır, heç kim məcbur etməsə də və həvəsləndirməsə də, OİK-in stadionunda qaçır, Xəzərdə yayda da, qışda da üzür. Və nostalji ilə xatırlayır ki, Heydər Əliyev ailəsi ilə Krımda, yaxud hər ikisinin sevimlisi Xəzərdə dincələrkən "mühafizə olunan obyektlə" necə üzürdülər.

    Aleksandrdan ayrılmaq istəməyən Heydər Əliyev ona da Moskvaya köçməyi və onun mühafizəsinə rəhbərlik etməyi təklif etmişdi. Bu zaman bölmənin bütün üzvlərini seçməyi də ona həvalə etmişdi. Beləliklə, Saşa İvanovun həyatında ən fəxri və eyni zamanda, asan olmayan "Kreml beşilliyi" mərhələsi başlamışdı. Ümumiyyətlə, Moskva Heydər Əliyevə çoxlu sarsıntı gətirmişdi: onun sözsüz etibar etdiyiona da beləcə etibar edən bir insan - Yuri Andropov dünyadan köçdü. Sevimli həyat yoldaşı və dostu Zərifə Əliyevanın vəfatı isə onun üçün çox böyük sarsıntı oldu. Hökumət komissiyasının sədri kimi onun araşdırdığı bir-birindən səsli-küylü fəlakətlər də ürəyində dərin yaralar qoymuşdu. Sonuncu baş katibin gözlənilməz xəyanəti, eləcə də "demokratik" KİV-in Heydər Əliyevə və ailəsinə qarşı apardığı böhtan kampaniyası ağır sınaq olmuşdu. Yeri gəlmişkən, M.Qorbaçovun xəyanəti haqqında Saşa maraqlı bir epizod xatırladı:

    "1987-ci ilin oktyabrında Heydər Əliyev Kremldəki kabinetini boşaldanda özünün şəxsi seyfindən mənə bir kağız göstərdi. Bu, xüsusi Kreml dəftərçəsinin vərəqində bir qeyd idi. Heydər Əliyev dedi ki, Zərifə Əziz qızına bədbəxtlik üz verəndə həmin qeydi ona Qorbaçov Siyasi Büroda verib: "Qaş-qabağını sallama, dost, bizi qarşıda böyük işlər gözləyir".

    O vaxt Zərifə xanım xəstələnmişdi. Qorbaçov vəziyyəti bilirdibununla Heydər Əliyevə ürək-dirək vermək istəyirdi. Ancaq sonra "nə isə baş verdi..."

    Özünün bütün 10 illik xidməti ərzində Saşa İvanov Heydər Əliyevin gözlənilməz infarkt keçirməsini ən ekstremal epizod hesab edir. Bu hadisədən sonra o, möcüzə nəticəsində sağ qalmışdı.

    "O, özünə gələn gün mən növbədə idim, - deyə Aleksandr Alekseyeviç xatırlayır, -gözlərimdən yaş axırdı, o isə mənə deyirdi: "Saşa, narahat olma, ağlama, biz qayıdacağıq". Heydər Əliyev həyata böyük inamı olan çox məqsədyönlü bir insan idi".

    Heydər Əliyevi müalicə edən həkimlərin etirafına görə, o, ağır infarktdan sonra inanılmaz dərəcədə tez bərpa olunmuşdu və artıq payızda (infarktı mayda keçirmişdi) işə başlamışdı. Düşünürəm ki, bu bərpa prosesində yaxın adamlarının - oğlunun, qızının və əlbəttə, onu bir gün belə praktik olaraq tək qoymayan Saşa İvanovun gecə-gündüz Heydər Əliyevin yanında olması əhəmiyyətli rol oynamışdı.

    Onlar Heydər Əliyevin istefasından sonra da münasibətlərini fəal şəkildə davam etdirdilər, hər halda o zaman bir çoxları hakimiyyətdən getmiş Siyasi Büro üzvünü unutmağı üstün tuturdular. Amma keçmiş şefini özünün doğma atası kimi sevən Aleksandr onu unutmadı.

    Heydər Əliyev istefasından üç il sonra Vətənə qayıtdı və doğma torpaqda yaşamağa davam etdi. Bütün hədələrə, maneələrə və ona təsir göstərən "yuxarılar"ın şiddətli cəhdlərinə baxmayaraq. Aleksandr isə Moskvada qalmışdı və özünü son dərəcə yetimləşmiş kimi hiss edirdi. Xidmət müddəti dövrünü başa vurduqdan sonra o, DTK-dan getdi, şəxsi mühafizə agentliyi yaratdı və kifayət qədər təminatlı həyat şəraitində yaşamağa başladı: yaxşı mənzili, ailəsi, övladları, nəvələri. Bundan artıq insana nə lazım ola bilərdi ki? Ancaq nə qədər yüksək səslənsə də, Vətən həsrəti, onaçox sevdiyi insana gərək olmaq istəyi ürəyini sıxırdı. Saşa respublikaya tez-tez gəlməyə başladı, Heydər Əliyevin qonağı oldu - Prezidentin kabinetində və evində. Onlar uzun-uzadı ürəkdən söhbətlər edir, keçmişi xatırlayır və gələcək üçün planlarını qururdular. Aleksandr Prezidentin çox da böyük olmayan, lakin məsuliyyətli tapşırıqlarını yerinə yetirir, o cümlədən, Moskva səfərləri zamanı onun təhlükəsizliyini təmin edirdi. Amma o, həmişəlik olaraq tarixi Vətəninə qayıtmaq istəyirdi.

    Aleksandrın respublikaya qayıtmasına Heydər Əliyev də etiraz etmirdi, ancaq o, necə, hansı keyfiyyətdə qayıdacaqdı? Onu yenidən özünün mühafizə xidmətində görə bilmirdi, çünki birincisi, artıq bu xidmətə kifayət qədər layiqli adamlar rəhbərlik edirdi, ikincisi isə axar çaya iki dəfə girmək az adama nəsib olur.

    Ancaq hər halda çıxış yolu tapıldı: Bakıda Heydər Əliyevin təşəbbüsü ilə "İnterfaks" informasiya agentliyi yaradılanda ona Aleksandr İvanov rəhbər təyin edildi, təəssüf ki, artıq ümummilli liderin dünyasını dəyişməsindən sonra. Agentliyin baş direktoru vəzifəsini ona eyni dərəcədə məhəbbətlə yanaşan, Saşanı ilk gənclik çağlarından tanıyan Azərbaycan Prezidenti İlham Əliyev təklif etdi.

    "İnterfaks" agenliyi Moskva bürosunun rəhbərliyi Heydər Əliyev şəxsiyyətinə həmişə böyük rəğbət bəsləyirdi, 1991-ci ilin iyulunda Heydər Əliyevin Sov.İKP sıralarından çıxması barədə bəyanatını da ilk dəfə məhz bu agentlik dərc etmişdi. Sonra, 1991-1993-cü illərdə Naxçıvan parlamenti spikerinin fəaliyyəti haqqında dövri olaraq informasiyalar yaymışdı. Bir neçə il əvvəl Aleksandr İvanov bütün materialları toplayraq "Heydər Əliyev teleqraf sətirlərində" adlı çox maraqlı və əhəmiyyətli bir kitab nəşr etdirdi, Bakıda və Moskvada onun təqdimatı uğurla keçdi.

    Ötən beş il ərzində Aleksandr öz agentliyini "canlandırdı", onu respublikada ən mötəbər və əhəmiyyətli bir informasiya kanalına çevirdi, Gəncədə, Naxçıvanda və Lənkəranda üç nümayəndəlik açdı, əlavə olaraq Azərbaycan dilində "Novosti" saytını yaratdı. Bu yaxınlarda Qəbələdə daha bir nümayəndəlik açılacaq.

    Bu gün "İnterfaks" agentliyinin respublikadan kənarda da abunəçiləri var, xaricdə Azərbaycan haqqında, onun keçmişi, bu günü və gələcəyi barədə obyektivtam fikir formalaşdırır. Və bu məsələdə onun baş direktorunun da xidməti böyükdür.

    "Beləliklə, demək olar ki, sən öz taleyindən tamamilə razısan?" - deyə Aleksandrdan soruşuram.

    - Demək olar ki, - deyə o cavab verir, - ancaq tamamilə o zaman razı qalacağam ki, Şuşada da agentliyimin nümayəndəliyini açım".

    Bu, sadəcə görüntü, patetika deyil, Saşa elə yüksək səviyyəli rus azərbaycanlılarındandır ki, öz Vətəninin maraqları ilə yaşayır, ona sədaqətlə və etibarla xidmət edir. Buna görə də Vətən ona öz məhəbbətini yüz qat artıqlaması ilə qaytarır.

    Biz dostumuza və həmkarımıza bütün müqəddəs arzularının həyata keçməsini, Azərbaycan və Rusiya arasında mənəvi körpülərin salınmasında, dövlətlərarası əməkdaşlığın və humanitar dialoqun yaradılmasında yeni uğurlu layihələr diləyirik.

    Səni 60 illik yubileyin münasibətilə təbrik edirik, Saşa!

 

 

    Elmira AXUNDOVA,

    Milli Məclisin deputatı,

    yazıçı-publisist

 

    Xalq qəzeti.- 2010.- 9 iyul.- S. 5.