Qori
seminariyasının Azərbaycan şöbəsinin
yaradıcısı
(əvvəli
qəzetimizin 20 iyun 2010-cu il tarixli sayında
2. Günahsız məhbus
-Əmi, Vəli dayıya deynən ki, Nüsrətin
kiçik qardaşı Cümşüd Əfəndizadə
də burdadı...
Hər dəfə nəzarətçi
içəri girəndə yeniyetmə bu sözləri təkrar
edir, ona yalvarırdı. Üç
gün idi ki, bu günahsız gənc karvansara-dustaqxanada əzab-əziyyət
çəkirdi. Üç gün idi
gözü qapıda qalmışdı. Ancaq bu Vəli
dayı kim idisə, nə nəzarətçi
ondan bir xəbər deyirdi, nə də onun özü gəlib
çıxırdı. Yeniyetməni sayıb məhəl
qoymayan nəzarətçi heç elə bil onu eşitmirdi,
ona cavab da vermirdi.
Gündə üç-dörd dəfə
içəri girən yaşıl furajkalı nəzarətçi
qışqıra-qışqıra bu böyük
karvansaradakı yüzə yaxın dustağı cərgəyə
düzür, kefi istədiyi adamları seçib
aparırdı. Aparılan dustaqları
karvansaranın çöl divarları dibindəcə güllələyirdilər.
Yaşıl furajkalı nəzarətçi hər
dəfə içəri girəndə hamı səksəkə
ilə yerindən durardı. Dustaqlar onun nəzərlərini,
əl hərəkətlərini həmişə qorxu
içində izlərdilər. Barmağını
tuşladığı adam bir daha geri
qayıtmazdı.
Üsyanla əlaqədar şəhər əhalisinin
çoxu Gəncə dustaqxanasına doldurulmuşdu. Günahlı da, günahsız da. Qazax, Şamxor qəzalarından da buraya gətirilənlər
var idi. Həbs olunanlar o qədər
çox idi ki, şəhər dustaqxanası
tutmadığından karvansaralar, məscid və mədrəsələr
də dustaqxana kimi istifadə olunurdu. Üsyanın əsas
təşkilatçıları 1918-ci ildə Azərbaycana
köməyə gələn türk qoşunlarının
baş komandanı Nuru Paşa, birinci Gəncə piyada
diviziyasının generalları Cavad bəy Şıxlinski,
Teymur bəy Novruzov, general-qubernator Əmirxan Xoyski, Sarı Ələkbər
İmamquluoğlu, Qəmbər Bəhmənli, məşhur
mülkədar Şamil bəy İsgəndərov, polkovnik
Cahangirbəy Kazımbəyov və başqaları idilər.
Dəmir qapı açılanda hamı
bir nəfər kimi ayağa durdu. Dərhal neçə-neçə
göz, qorxu və vahimə ilə qırx-qırx beş yaşlı, qıvraq geyimdə əli
mauzerli nəzarətçiyə dikildi. O, kinayə ilə
gülümsünür, mauzeri əlində oyuncaq kimi
saymazyana fırladırdı. Onun
arxasındakı iki silahlı əsgər əmrə müntəzir
dayanmışdı. Dustaqların heç
biri cıqqırını çıxartmır, hamı vahimə
ilə onun şəhadət barmağının kimə
tuşlanacağını izləyirdi. Yenə on dörd
yaşlı Cümşüd irəli yeriyib:
-Əmi, - dedi,- Vəli dayıya deynən
ki, Nüsrətin qardaşı Əfəndizadə də
burdadı...
-Yaxşı, gəl, - deyə bu dəfə səbri
tükənən nəzarətçi onun üstünə
qışqırdı. - Çıx, bayıra, özün
deyərsən.
Dustaqlar bir-birinin üzünə baxıb,
oğlanın dalınca heyfsləndilər. Oğlan ölümcül addımlarla irəli
yeridi. Birdən nəzarətçi
sürətlə geri çıxıb çöldə dayandı.
- Çıxın, hamınız çıxın! - deyib çöldən içəriyə
bağırdı. - Heç nə götürmək lazım
deyil...
Həyətdə bir-birinə
sıxılan dustaqlar günəşə boylanır,
yayın isti havasını acgözlüklə udurdular.
Nəzarətçi həyətdə tökülmş
pryanikləri göstərib:
-Buyura bilərsiniz, cənablar, bu da musavatın sizə
göndərdiyi hədiyyə, buyurun, nuş edin. Üç
gün ac-yalavac qalan dustaqlar sel kimi irəli cumdular. On dörd yaşlı Cümşüd zorla
iki-üç pryanik götürə bildi. Yenidən hamını karvansara-dustaqxanaya doldurdular.
Nəzarətçi içəriyə ötəri göz gəzdirib
qapını örtmək istəyəndə
Cümşüd yenidən yalvardı:
-Əmi, Vəli dayıya deynən ki...
Qapı taqqıltı ilə onun
üzünə bağlandı. Bu dəfə
də naümid qalan gənc geri qayıdıb özünə
sığınacaq elədiyi tağın küncündə
oturdu.
-Cümşüd, ay
oğul...
Oğlan tez qapıya baxdı, ətrafına
boylandı.
Hamı üçbir, dördbir söhbət
edirdi, kimisi də fikir-xəyal içində
uzanmışdı.
-Mənəm, səni çağıran, oğul...
Onunla üzbəüz oturan ağ
saqqallı, eşmə bığlı qoca üç
gündə bir nəfərlə belə kəlmə kəsməmişdi.
Bu şux geyimli, qədd-qamətli kişi
bütün günü dinməz oturur, heç kəsə
qaynayıb qarışmırdı. Diqqətlə
baxan olsa onu öz-özünə danışan görərdi.
"Axı, mənim nə günahım, nə iş
görmüşəm. Mən musavat
partiyasındakı hansı xidmətlərimə görə
bu cəzanı çəkməliyəm. Nə
səbəbə məni həbs ediblər".
Bütün günü ürək
ağrısı ilə öz-özünə inləyə-inləyə
danışan qarayanız qocaya Cümşüdün
yazığı gəlirdi. Durub onunla
yanaşı oturdu.
-Bala, sən hardan bura düşmüsən?
Cümşüd elə bil dindirilməyə
bənd idi. Ağlaya-ağlaya:
-Mən Nüsrətin qardaşıyam...
-Nüsrət kimdi, qardaşın da burda işləyir?.. - qoca kinayə ilə
soruşdu.
-Yox, qardaşımı öldürdülər, bunlar
bu...- söymək istədi. Qorxu içində ətrafına boylanıb,
qabağa əyildi. - Bunlar, daşnaklar öldürdülər.
-Qardaşın harada işləyirdi?
-Müəllim idi, həm də Dörd- yol küçəsindəki
məktəbin müdiri idi. - Yenə qabağa əyilib sakitcə:
- bolşevik idi, - dedi.
Qoca zəndlə gəncə baxıb:
-Adı, familiyası necə idi?
Cümşüd ürəkləndi, qocanın qardaşını
tanıdığını zənn edib ağlamsınan bir səslə:
-Nüsrət, - dedi, - Nüsrət Əfəndizadə.
-Gəncənin hansı məhəlləsindənsiniz?
-Heç birindən. Biz
Şamaxılıyıq. İnişil orda
erməni-müsəlman davası oldu. Daşnaklar
Şamaxını yandırdılar. Biz də
ev-eşiyimizdən didərgin düşdük. Kürdəmirə, ordan da Ağdaşa gedib bir
qohumumuzgildə qaldıq. Dolana bilmədik.
Dayım Camo Cəbrayılbəyli burda olur.
Əlacsız qalıb ona pənah gətirdik.
Bir həftə onu tapa bilmədik. Şah Abbas məscidinin həyətində
qaldıq. Nəhayət, Camo dayını
tapdıq. O, bizə Ozan küçəsində bir ev kirayələdi. Məni aptekdə
işə düzəltdi. Nüsrət də
müəllim işləyirdi. Bir ildən
sonra Dördyol küçəsindəki ibtidai məktəbin
müdiri oldu.
Vəziyyətimiz yenicə
babatlaşırdı ki, bir gün obaşdan atışma səsinə
oyandıq. Gündüz saat ikiyə kimi
atışma kəsmədi. Küçələr
silahlı adamlarla dolu idi, şəhəri mühasirəyə
aldılar. Qardaşımın müəllim
dostarı da bizə toplaşmışdılar. Günortadan sonra qaçıb şəhərə
çıxdım, küçələr meyitlə dolu idi.
Bəzilərini XI Ordu əsgərləri
yorğan-döşəkdə öldürüb çölə
atmışdılar. Səhərisi Bakıdan zirehli
Biz məktəbin zirzəmisinə
dolmuşduq. XI Ordu əsgərləri
qarşılarına çıxan canlını sorğusuz
güllələyirdi. Bir azdan məktəbin
böyük darvazası bərk-bərk döyüldü.
Məktəbin xidmətçisi qoca bir kişi
idi. Onu göndərdilər ki, get, darvazanı
aç. Qoca darvazanı açan kimi vurub
öldürdülər.
Qardaşım Nüsrət rus dilini
yaxşı bilirdi. Vəli Xuluflu və
İbrahim Eminbəyli ilə dostluq eləyirdi,
qırmızılara rəğbəti vardı. Müəllim yoldaşları dedilər ki, rusca
bilirsən, onların partiyasının həvəskarısan,
çörəklə çıx onların qabağına sənə
dəyməzlər. Nüsrət getdi.
Darvazanın qabağına çatan kimi XI Ordu
geyimində bir əsgər onu ermənicə söydü və
güllələdi. Gəlib zirzəmini
güllələdilər. Biz
hamımız ağzıüstə uzandıq, xoşbəxtlikdən
heç kimə güllə dəymədi. Bayıra çıxartdılar. Ögey
qardaşımın qızı Gülsüm xanım da biznən
idi, onun qulağından sırğanı, barmağından
üzüyünü dartıb çıxartdılar. Onu ayırıb İran konsulluğunun həyətinə
apardılar, məni də bura gətirdilər.
-Atan Şamaxıda harada işləyirdi?
-Məhkəmədə
katib idi. Ancaq onu şair kimi daha yaxşı
tanıyırlar. Ağaəli bəy Naseh, bəlkə
eşitmisiniz, Əfəndizadə...
Qocanın sifəti bulud arxasından çıxan
günəş kim açıldı. Təəccüb və maraqla oğlanın əlindən
yapışdı. Köksünü
ötürüb kədərlə, daxili həyəcanla əli
əsə-əsə alnını övkələdi. Ürəyi zəif adamlar kimi
ağır-ağır nəfəs aldı. Onun qəlbi qüssə ilə dolurdu. Taleyin hökmünə bax, - deyə fikirləşdi.
Uzun illər məktub vasitəsilə dostluq elədiyim Ağaəli
bəyin oğlu ilə gör harda görüşdüm?.. Firidun bəy Köçərli
ötən əsrin sonlarından ta 1914-cü ilə kimi
Şirvan şairi Ağaəli bəy Nasehlə məktublaşmışdı.
O, dostundan aldığı məktublar əsasında öz ədəbiyyat
tarixində "Şirvan şairləri" fəslini
yazmışdı. Hətta "Ağaəlibəy
Naseh" məqaləsində onun şeirlərinin qayət dərəcədə
gözəlliyini, rusca savadlı bir şəxs olub
Şamaxının müslih divanxanasında qulluq etdiyini
xatırlayırdı. Ağaəli bəyin ona köməkliyini
isə ayrıca qeyd edirdi:"Xüsusən Ağaəlibəyin
haqqı bizim boynumuzda artıq dərəcədədir ki,
Şamaxı şüərasının tərcümeyi-hallarına
dair bir çox məlumat bizə cəm edib göndərmişdi.
Bu barədə ol cənabə səmimi-qəlbdən
razılıq izhar edib, cənab haqqdan ona xoşbəxtlik və
tuli-ömr mərhəmət olunmağını təmənna
edirik".
Gecdən gec xəyaldan ayrılan Firidun bəy
oğlanı sakitcə ağlayan görüb:
-Ağlama, oğlum, - dedi, - ağlama, həyatın
enişi, yoxuşu çoxdu. Bu da bir bəladı
gəlib bizi tapıb. Ondan nə
qaçıb qurtarmaqla uzaqlaşa bilərsən, nə də
axtarmaqla taparsan. Bəla elə şeydi ki,
o özü gəlib səni tapar. Bircə
səbirli olmalı. Yeri gələndə
canavar arasında aslan olmaq gərəkdir. Sən
cavansan, ehtiyatlı ol, özünü hayıf edərsən.
Atanın bir müxəmməsi yadıma
düşdü. Yazır ki,
dünyanın işləri qaydasınca getmir. Haqqın yerini nahaq tutub. Rəhmətlik
elə bil bizim bu günümüzü, vəziyyətimizi
görüb, bilib yazıb.
Basıb aləmləri bidadü ədalət yoxdur,
Qövllər gizb, əməl ləğv,
sədaqət yoxdur.
Həsədü büğzdən özgə
dəxi adət yoxdur.
Heç bir kəsdə vəfa, sidqü dəyanət
yoxdur,
Nasəza föhşü izə, qeybətü
böhtan görürəm.
-Atamın dostusunuz, onu hardan tanıyırsınız?
-Dostu deyəndə ki... Mən Qoridə
yaşayanda Şirvan şairləri ilə məktublaşırdım.
Mirzə Sabirlə, Abbas Səhhətlə, Məhəmməd
Tərrahla müntəzəm olaraq yazışırdıq.
Onlar mənə öz yazılarından
başqa qədim təzkirə və çünklərdə
itib-batmaqda olan Şirvan şairlərinin şeirlərini
göndərərdilər.
-Demək siz də şairsiniz? - səbri
çatmayan Cümşüd maraqla soruşdu.
Firidun bəy gülümsündü.
Ani olaraq baxışlarını oğlanın
üzündən çəkdi. Cümşüd
öz sualı ilə elə bil onu pis vəziyyətdə
qoymuşdu. Oturmaqdan uyuşmuş ayağını irəli
uzadıb:
-Bilmirəm, səni necə başa salım, -dedi. - Mən
şair deyiləm. Mən şairlərə,
şeirə, sənətə qiymət qoyan adamlarla məktublaşıram.
O ziyalılardan şəxsən kitabxanalarında, arxivlərində
olan materialları alıb ədəbiyyat məcmuəsi, ədəbiyyat
tarixi yazıram. Belə sənət sahibinə ədəbiyyatşünas,
ədəbiyyat toplayıcısı deyirlər. Onu bil ki, oğul,"bir millətin ədəbiyyatı,
demək olar ki, onun məişətinin ayinəsidir. Hər millətin dolanacağını, ovzal-məişətini,
dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını,
qüdrət və camalını onun ədəbiyyatından
bilmək olar".
Atanla da belə
Firidun bəy özünə həmsöhbət
tapdığına sevinirdi. Ac, susuz olmasına baxmayaraq,
kefi bir az açılmışdı.
Danışıb ürəyini boşaldan Firidun bəy
özündə bir yüngüllük hiss edirdi. Bir tərəfdən isə qarşısında nəzakətlə
əyləşən dostunun oğluna baxanda
yanıb-yaxılırdı. Bunun nə
vaxtıdı, həbsxana küncündə
çürüyür. Zəmanənin
üzü qara olsun. O qədər
qarışıqlıqdı ki...".
-Son vaxtlar atan gərək ki, məhkəmədə
işləyirdi? - xəyaldan ayılan
Firidun bəy yenidən dostu haqqında soruşdu.
Bəli,
"Mirovoy sudya"nın idarəsində
katib idi. Atamı məhv eləyən də bu vəzifə
oldu. Ailəmiz böyük idi, altı
baş idik. Üstəlik də beş
baş olan Camo dayımgilin aiəsi ehtiyac içində idi. Maaşla on bir baş ailəni o ağır illərdə
atam güclə saxlayırdı. Kobud və kimsəni adam saymayan sudya Jurpinski ilə işləməyi
atam özünə təhqir sayırdı. Sudya
Şamaxıda heç kəslə hesablaşmır, hətta
ən bacarıqlı, maarifpərvər müsəlman
ziyalılarını belə təhqir edirdi.
Atam hər gün evə gələndə şikayət
edirdi, yeməyini belə çox iştahasız yeyərdi:
-Mənim otuz illik məhkəmə idarəsindəki
xidmətimin nadan Jurpinskinin gözündə bir qara qəpik qədər
qiyməti yoxdu. - Atam son illər lap əsəbi olmuşdu. Allah kəssin, - deyirdi, - belə qulluğu, bu qulluq
adamı lap mal edərmiş.
Bir dəfə evə lap əsəbi gəldi.
-Oğul, -dedi, - mal kimi qulluq edib yaşamaqdansa kişi kimi ölmək yaxşıdır. Bütün günü od-alov içində
çırpındı, danışdı. Axşamüstü yaş dolu gözlərini tavana
zilləyib birdəfəlik susdu.
Divara söykənən Firidun bəy
söhbətin ağrı-acısından gözlərini yummuşdu.
Dinib-danışmırdı. Atasının faciəsini söyləyən
Cümşüd də susmuşdu. O, gözlərində
gilələnən yaşı əlinin dalı
ilə silir, axşamın toranında həmsöhbətini
alayarımçıq görə bilmirdi. Birdən
avazla dustaqxananı bürüyən mahnının səsinə
gözlərini açdı. Arakəsmənin o
üzündə bir dustaq yanıqlı-yanıqlı oxuyurdu:
Mən aşiq, Gəncəm haray,
Tiflisdən gencəm, haray!
Dustaq canım çürüdü,
Mənə bir əncam, haray!
Tən ortadakı yoğun tağın
dibində üç-dörd nəfər baş-başa
oturmuşdu. Tez-tez bir gəncin çiyninə toxunur və
təkidlə:
-Cəmil, sən allah, bir oxu, o
yazığın səsinə səs ver. Sənin ki,
yaxşı səsin var. Bir ağız oxu, sən allah, ürəyimiz
partladı, - deyirdilər.
Cəmil deyilənin zil səsi karvansaranı qəfildən
başına götürdü:
Gəncənin küçələri,
Banlamaz beçələri.
Necə sənsiz yatım mən
Bu uzun gecələri?
Qapı bərkdən döyüldü.
Yarısınıq pəncərədən
dalbadal atılan güllələr tavandan qopardığı
suvaqqarışıq daş qırıntılarını yerə
tökdü.
Kim idi bu yaşılpapaq nəzarətçi?
1920-ci il mayın 26-dan 30-dək olan Gəncə
qiyamında XI Ordu sıralarına soxulmuş
mauzerçi-müstəntiq Liberman. O, bu qarışıq
vaxtda bəzi rəhbərlərin hörmətini qazandı. Özünü onlara sadiq göstərib XI Ordunun
xüsusi şöbə rəisi kimi məsul vəzifəyə
irəli çəkildi. Əlinə girəvə
düşdüyünü görən Liberman Sovet hökuməti
adından istifadə edərək Azərbaycanın qiymətli
oğullarının kimisini güllələyir, kimisini də
zindanda çürüdürdü. Elə
adamları şübhə toruna salmışdı ki, onlar
xalqın gələcəyi, düşünən beyni idi.
Ondan soruşan yox idi ki, əgər qiyam Gəncədə
olubsa, yüz kilometr aralıda xalq müəllimi işləyən,
heç vaxt siyasətə qarışmayan Firidun bəy
Köçərli bu qiyamın necə təşkilatçısı,
rəhbəri ola bilərdi?
Əslində, onun heyif almaq istədiyi üsyanın təşkilatçısı,
Musavat generalı Cavad bəy Şıxlinski, jandarm idarəsinin
hissə rəisi Sarı Ələkbər İmamqulu oğlu,
Musavat xəfiyyə idarəsinin rəisi Qəmbər Bəhmənli,
Gəncə alayının komandiri, polkovnik Cahangir bəy
Kazımbəyov idi.
(ardı
var)
Şəmistan NƏZİRLİ,
tədqiqatçı-jurnalist
Xalq qəzeti.- 2010.- 11 iyul.- S. 6.