Əbədiyyət yuxusu

 

    Azərbaycan təbiətinin aşiqi, böyük rəssam Səttar Bəhlulzadəyə rekviyem

 

    ... Heysiz, taqətsiz Moskvada xəstəxana çarpayısına uzanıb gözlərini pəncərədən səmaya zilləmişdi. Səmada külək bir parça buludu çəngələyir, didir, darayır, sanki çələng hörürdü... Heç vaxt xəstələnib yatağa düşməmişdi. Uzaq, qərib bir şəhərdə yatağa düşdüyündənmi, yoxsa özü kimi məzlum və fağır anasını xatırladığındanmı, ya da canındakı ağrıların şiddətindənmi rəssamın gözləri yaşardı.

 

    Üst-üstə qoyulmuş xəstəxana yastıqlarına dirəkləndi. Heydən düşmüş, az qala damarları və sümükləri görünən əllərini mələfənin üstündən dizlərinə bəndlədi. Hərarətdən, canında gəzən üşütmələrdən yenə rahatlıq tapmadı. Təzədən uzanmaq istədi. Əlini ətini tökmüş sərt sifətinə çəkdi. Bəyazlaşmış, çiyinlərinə tökülmüş saçlarını alnından geri itələdi. Gur, şəlalə saçları onun rəssam təbiətinə yaraşıqdan çox, pərişan görkəm verirdi. İndi xəstə vücudunda hər şey sozalmışdı elə bil. Təkcə gözləri, yosun qarışıq mas-mavi çalarlı məsum gözləri öz odunu, işığını, cazibəsini saxlamışdı. Baxdığını dilim-dilim alova bürüyüb odsuz-ocaqsız yandırdı.

    ... Nəzərlərini səmadan ayıra bilmirdi. Bu, bir parça bulud, elə bil, əlindəki fırça idi, səma da kətan. Bulud səmada nəqşləndikcə yadına çəkdiyi təbiət rəsmləri düşürdü. "Kəpəzin göz yaşları"nı xatırladı. Dostu, bəstəçi Arif Məlikovla Gəncəyə, Göygölə getdiklərini, bu əsəri çəkmək üçün Kəpəzin zirvəsinə qalxdıqlarını yadına saldı. Azərbaycan təbiətinin şah əsəri Göygölü hamı kimi yox, özünəməxsus şəkildə Kəpəzin zirvəsindən baxıb çəkmək istəyirdi. Axşamdan yağan yağış yolları, rizləri, otları, çiçəkləri islatmışdı. Çətinliklə də olsa dağa qalxdıqlarını, nəmli çəmənlikdəcə yerə çöməlib rəngli flomasterlərlə eskizlər çəkdiyini, burada Kəpəzin füsunkar görkəminin bir ayrı gözəllik bürümündə olduğunu xatırladı. Zirvədən aşağıya doğru sal daşların iri mirvari dənələrinə bənzərliyi tapıntısından uşaq kimi sevindiyi gözünün önündən kinolent kimi keçdi. Göygölü Kəpəzin yaralı qəlbindən süzülən dumduru göz yaşlarına bənzətmişdi o zaman.

    Təbiətin füsunkar gözəlliyi qəlbinə dolanda özünü göylərin mavi qucağında hiss edər, qəribə, həm də aşiqanə duyğulara qərq olardı. Onu bu sərbəst duyğulardan təkcə cünuni-eşqlə Füzulidən qəlbinə çökdürdüyü qəzəllər, bir də sehrli fırçası çıxara bilirdi. Təbiətə olan alovlu məhəbbətindən doğulan "Payız", "Yaşıl xalı", "Qızbənövşəyə gedən yol", "Qudyalçay vadisi", "Çiçəklər", "Şahdağ etüdləri", "Göyçayın nar bağları", "Nərgizlər", "Yanqar torpaq", "Muğan gözəlləri -ceyran sürüsü", "Məcnun", "Ustad Füzuli", "Sahildə söyüdlər"i indi çəkirmiş kimi gözünün önünə gətirdi.

    Birdən nəzərləri səmadan ayrılıb pəncərəyə dikildi. Darıxdırıcı, ürəküzən səssizlikdən ənginliyə can atan xəzan payızın kəpənəyəbənzər bir böcəyi özünü aynaya çırpır, sustalmış qanadlarla sürüşüb aşağı düşür, təntiyib hərəkətsiz qalırdı. Heyə gələn kimi yenidən çırpınıb qanad çalırdı. İnadına heyran qaldı zərif kəpənəyin. Həyəcandan uçundu. Bir anlıq içindəki dəhşətli ağrı-əzablarını unutdu. Yenidən yastığa söykəndi.

    Zərif qanadlı kəpənək aralanıb çarpayının yanındakı dolabın üstündə yanan çırağın başına pərvanətək dolandı. Dolandı, dolandı ... Çıraq da dadına çatmadı. Elektrik işığından aralanıb özünü yenidən günəşin solğun ziyası düşən aynaya çırpdı. Və birdən yuxarı atılmış daş kimi pəncərənin yaşmağına düşdü...

    Rəssam yenidən kövrəldi. Himə bənd idi ki, bu mənzərəyə əzablar çəkmiş bəbəkləri leysan töksün. Oturduğu yerdə büzüşdü.

    Qəfildən səmadakı solğun payız günəşinin üzünü bir parça qara bulud örtdü. Yağış damlaları sapından üzüldü. Ağcaqayının son kəhrəba, qızılı yarpaqları da bəndəmindən qopub, havada fırlanaraq aynaya çırpıldı. Dodaqları titrədi, hər iki təsirli mənzərəni fırçayla kətana köçürmək istədi, heyi olmadığından rəsmi qəlbinə çəkdi. Yenə gözləri yaşardı. Qurumuş dodaqlarını islatmaq üçün əlini dolabın üstündəki fincana uzatdı. Su yox idi fincanda. Köksünü ötürdü. Fırçaya möhtac nazilmiş barmaqlarına baxdı, baxdı...

    Yenə uzanıb sol böyrü üstə çevrildi. Mələfəni sümüyü çıxmış barmaqları ilə üstünə çəkdi. Yaddaşında xatirələr çözələndikcə, yenidən canından artıq sevdiyi Vətəninin təbiət gözəlliklərinin cazibə orbitinə düşdü. Bir dünya işıq vardı bu gözəlliklərdə. Gözləri nur yağışında yuyundu. Yuyunduqca həyat eşqi axdı damarlarından. Özühiss edirdi ki, əcəl bir addımlıqdadır. Lakin ölümə can vermək istəmirdi. Həmin gün həyatının bütün dönəmlərini, acı və şirin anlarını xatırlasa da, uzaq, qərib bir şəhərdə ölümü ilə tənha, başbaşa qalmışdı rəssam. Göz qapaqlarını ağır-ağır qaldırdı. Gözlərinə çən çökdü...

    Birdən çox sevdiyi anasının mehriban çöhrəsi tül pərdəni titrətdi. Ana ürəyinin nisgilini bu bəxtikəm balasının gözlərinə köçürürdü, sanki. Susurdu, heçdemirdi, talesiz övladına baxınca ürəyi parçalanırdı. Ana əlindəki narı hərarətdən qovrulan balasına uzatdı. Rəssam narı almaq istədi. Əlinin, heydən düşmüş biləyinin gücü çatmadı. Nar əlindən düşüb ulduzlara döndü... Gözlərini qəfil açanda otaqda nə anası vardı, nə də yerə düşüb dənələnmiş nar. Qəlbi inildədi. Tənhalıq xiffətindən bədəni yenə gizildədi. Damarlarından dəhşətli ağrılar axdı. Titrəyən barmaqlarına baxdı. Kiprikləri həyəcandan bir də xəfifcə titrədi. Titrədikcə üstünə nar dənələri boyda qırmızı yağış damcıları tökülürdü sanki.

    Anasının surətini görmək üçün gözlərini bir də qapadı. Ürəyi çırpındı, çırpındı... Və birdən hiss etdi ki, ürəyi də əlindəki nar kimi paralandı elə bil. Havasızlıqdan uçundu, çırpındı, anasını əlvan röyasında görmək ümidi ilə gözlərini daha bərk qapamaq istədi. Heyhat, gücü çatmadı...Artıq tərk etmişdi fani dünyanı, haqqın dərgahına, əbədiyyətə qoşulmuşdu rəssam, ruhu anasının ruhuna qovuşub, dincəlib təsəlli tapmışdı...

    1974-cü ilin çiskinli bir payız günündə doğulduğu Əmircan kəndində, anasının yanında da dəfn edildi.

    Təbiət gözəlliklərini vəsf edən təbiət aşiqinin yaratdığı əsərlər isə üzünü belə görmədiyi Avropa ölkələrinin sərgi salonlarını bəzəyərək rəssama dünya şöhrəti gətirdi.

 

 

    Mirvari ƏZİZQIZI,

    əməkdar jurnalist

 

     Xalq qəzeti.- 2010.- 11 iyul.- S. 4.