Hücum
xətti üzərində qurulan çevik xarici siyasət
(əvvəli
qəzetin 8 və 10 iyul tarixli
nömrələrində)
Bu sənəd indiyə qədər
aparılan danışıqların mahiyyətini və məqamlarını
özündə əks etdirir. Münaqişənin həllilə
əlaqədar bu vaxta qədər verilən şifahi bəyanatlardan
sonra imzalanan bu sənəd böyük önəm
daşıyır. Bəyannamənin ən yüksək səviyyədə
imzalanması münaqişənin sülh yolu ilə
nizamlanması istiqamətində irəliyə doğru
atılan addımdır. Bu bəyannamədə Azərbaycanın
dəfələrlə qeyd etdiyi məqamlardan kənara
çıxan heç bir müddəa yoxdur. Beynəlxalq
ekspertlərin rəylərində də bildirilir ki, Moskva bəyannaməsi
Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin
nizamlanması istiqamətində dəfələrlə səsləndirdiyi
fikirlərin bir növ müdafiəsi idi. Moskva bəyannaməsi
əsasən bu fikirləri özündə təcəssüm
edirdi. Məhz Ermənistan Prezidentinin bu bəyannaməni
imzalaması Azərbaycan diplomatiyasının uğuru
sayılmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyevlə
Ermənistan Prezidenti Serj Sarkisyanın son iki ildə dəfələrlə
keçirilmiş görüşləri problemin həllinin
mümkün variantlarının müzakirəsinə həsr
edilmişdir. Son dövrlərdə gerçəkləşən
Sankt-Peterburq və Moskva görüşlərinin məhz
Madrid prinsipləri əsasında aparılması deməyə
əsas verir ki, danışıqlar prosesi məhz
münaqişənin ərazi bütövlüyü prinsipi əsasında
həlli formulu çərçivəsində
aparılır. Minsk qrupu səviyyəsində aparılan
danışıqların xaotik məcradan
çıxarılaraq konkret həll formatına
salınması da rəsmi Bakının mühüm siyasi
üstünlüyü kimi vurğulana bilər. Azərbaycan Prezidenti
İlham Əliyev münaqişə ilə bağlı
danışıqlar prosesinin məhz Azərbaycanın qəti
şəkildə önə çəkdiyi prinsiplər əsasında
getdiyini razılıqla vurğulayır: "Xarici siyasətdə
bütövlükdə bizim qarşımızda yeganə
böyük problem dayanıbdır. O da Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan
dövləti bu istiqamətdə bütün səyləri
göstərir ki, məsələ tezliklə ədalətli və
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll olunsun. Bizim səylərimiz, deyə bilərəm ki,
danışıqlar prosesində artıq ilk nəticələrini
verməkdədir. Bütün dövrlərdə bizim
mövqeyimiz ondan ibarət olmuşdur ki, bu məsələ
yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll edilə bilər.
Dağlıq Qarabağda insanlar yüksək muxtariyyət
statusu çərçivəsində, vahid Azərbaycan
dövləti çərçivəsində yaşaya bilərlər.
Bu gün bu prinsiplər əsas götürülübdür.
Yəni danışıqlar bu prinsiplər əsasında
aparılır və istənilən razılaşma ancaq bu
prinsiplər əsasında ola bilər. Biz bütün
dövrlərdə demişik və bu gün də deyirik ki, məsələ
ancaq mərhələli yolla həll oluna bilər. Bu gün
danışıqlar mövzusu olan təkliflər məhz mərhələli
həlli təmin edir".
Təcavüzkarlıq siyasətini
uzun müddət davam etdirə bilməyəcəyini
yaxşı başa düşən Ermənistan son illərdə
danışıqlar prosesində müəyyən konstruktivlik
görüntüsü nümayiş etdirmək məcburiyyətində
qalmışdır. Lakin regionun gələcəyi
üçün ən böyük maneə hələ də
aradan qaldırılmayıb. Azərbaycanın beynəlxalq səviyyədə
tanınan ərazilərinin Ermənistan tərəfindən
işğal edilməsi bu gün də regionun ən
böyük problemi olaraq qalır.
Ermənistanın Azərbaycana
qarşı həyata keçirdiyi
işğalçılıq və etnik təmizləmə
siyasəti, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı danışıqlar prosesində
Ermənistan tərəfinin nümayiş etdirdiyi
qeyri-konstruktiv mövqe regionda davamlı sülh və sabitliyə
ciddi təhlükə yaratmışdır.
Son hadisələr Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini
bir daha gündəmə gətirir. Bu, Ermənistanın
özü üçün də vacibdir. Çünki zəif
iqtisadiyyata malik Ermənistan özünü regionda həyata
keçirilən mühüm layihələrdən tamamilə
təcrid etmişdir.
Ermənistan iqtisadiyyatının
bütövlükdə Qafqazın iqtisadiyyatına
inteqrasiyası və regiondakı layihələrdə
iştirakı bu ölkənin təkcə Türkiyə ilə
yox, həm də Azərbaycan ilə sərhədlərinin
açılacağı təqdirdə mümkün ola bilər.
Bu isə yalnız Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüququn norma və prinsipləri əsasında
sülh yolu ilə həllindən sonra gerçəkləşə
bilər.
Əgər bu münaqişədə
irəliləyiş əldə olunmasa, nə Türkiyə-Ermənistan
münasibətlərinin yeni mərhələyə daxil
olmasından, nə də ki, Cənubi Qafqazda sabitliyin
yaranmasından söhbət gedə bilər. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan
münasibətlərinin normallaşması bir-biri ilə
bağlıdır və proseslərin hər ikisində paralel
olaraq irəliləyişin əldə edilməsi zəruridir.
Münaqişə həll olunmadan Avropaya enerji idxalı
üçün yeni yollar haqqında danışmaq da
qeyri-mümkündür. Dünya birliyi Ermənistan-Azərbaycan
münaqişəsinin həll olunması istiqamətində səylərini
artırsa, Cənubi Qafqazda real dəyişikliklərə
töhfə verə bilər.
Prezident İlham Əliyev
Rusiyanın "Vesti" kanalına və İTAR-TASS
agentliyinə verdiyi müsahibədə demişdir ki, indiki
halda biz Minsk qrupu həmsədrlərinin təklifini dəstəkləyirik.
Həm bizim təklifimizdə, həm də Minsk qrupu həmsədrlərinin
təklifində ərazi bütövlüyünün bərpası,
təhlükəsizliyə zəmanətin təmin edilməsi,
bütün qaçqınların və daxili
köçkünlərin Dağlıq Qarabağın ətrafındakı
tarixi torpaqlarına və Dağlıq Qarabağa
qaytarılması və gələcəkdə Dağlıq
Qarabağın statusu barəsində hər iki tərəfi
qane edən qərar qəbul olunması məsələləri
əlaqələndirilir.
"Dağlıq Qarabağın
statusu haqqında birtərəfli qərar qəbul edilə
bilməz" fikrini önə çəkən Prezident
İlham Əliyev bəyan etmişdir ki, Dağlıq
Qarabağın Azərbaycandan hüquqi cəhətdən
ayrılması mexanizmini nəzərdə tutan proseslərdə
Azərbaycan özünün iştirakını
mümkün saymır və heç vaxt bu proseslərdə
iştirak etməyəcəkdir. Bu, bizim birmənalı
mövqeyimizdir.
Zəruri haşiyə
XXI əsrin əvvəlində iki
barışmaz ideologiyanın - Qərb demokratiyasının və
Şərq kommunizminin uzun müddət davam etmiş
qarşıdurmasından xilas olduqdan sonra bəşəriyyət
bundan heç də az təhlükəli olmayan hadisələrlə
- beynəlxalq terrorçuluq və davakar separatizmlə üzləşmişdir.
"Soyuq müharibə" dövrünün nəticələri
olan bu hallar, demək olar ki, bütün Yer kürəsini əhatə
etmişdir.
Beynəlxalq terrorçuluğa təkan
verən əsas mənbələrdən biri də
dünyanın bir sıra ölkələrində bu və ya
digər formada təzahür edən davakar separatizmdir. Terror təşkilatlarının
gələcək kadrları döyüş vərdişlərini
məhz millətlərarası və konfessiyalararası
münaqişələrdə mənimsəyirlər. Həmin
münaqişələr isə genişləndikdə
labüd olaraq hərbi-siyasi münaqişələrə, bəzən
də tammiqyaslı müharibələrə çevrilir.
Millətlərarası
və dinlərarası münaqişələr qəflətən
yaranmır, uzun tarixi dövr ərzində yetişir. Bu ziddiyyətli,
dramatik məqamlarla zəngin olan mürəkkəb proseslər
onların yaranmasına, inkişafına, səngiməsinə
və həllinə imkan verən sosial-iqtisadi, siyasi, tarixi-etnoqrafik,
etnik-psixoloji, sosiomədəni və başqa amillərlə
bağlıdır. Nəticə etibarilə onlar maddi və mənəvi
resursların bölgüsünə çoxmillətli unitar və
ya federativ dövlət daxilində statusun
artırılması, beynəlxalq səhnədə isə
dövlətlərarası sərhədlərin dəyişməsinə
nəzarət uğrunda amansız mübarizəyə
çevrilir.
Bu dəhşətli hadisənin
spesifik cəhəti ondan ibarətdir ki, burada
ağılsızlıq həddinə çatan qanlı
isterik vakxanaliya və "milli mənlik şüurunun
oyanması", "millətlərin öz müqəddəratını
təyin etmək hüququ", "məzlum xalqlara
azadlıq", "Vətənlə qovuşma" (erməni
variantında "miatsum") və sair, ilk baxışda
demokratik ideyalar yanaşı mövcud olur. Bütün bunlar
ötən əsrin 90-cı illərində Qafqazda baş
vermiş millətlərarası münaqişələrin
gedişində kifayət qədər əyani şəkildə
təzahür etmiş və bu regionun xalqlarına
saysız-hesabsız fəlakətlər gətirmişdir.
Nəticə etibarilə bu,
dövlətçiliyin müəyyən zahiri elementlərinə
malik olsa da, əslində, "bic doğulmuş" və
çox vaxt marginallaşmış yeni qurumların yaranmasına
gətirib çıxarır. Bir qayda olaraq, dünya birliyi həmin
qurumları qəbul etmir. Bu vəziyyət diqqəti çox
cəlb etməsə də onlarda əsas rol oynayan
dağıdıcı separatizm proseslərini
stimullaşdıran zahiri geosiyasi amillərdir. Bu fakt
SSRİ-nin və Yuqoslaviyanın dağılması zamanı əyani
şəkildə müşahidə olunurdu və
Balkanları, Yaxın və Orta Şərqi, Mərkəzi
Asiyanı və xüsusən Qara dəniz-Qafqaz-Xəzər
geosiyasi məkanını əhatə edən bütün
"qeyri-sabitlik qövsü" boyunca hələ də
müşahidə olunur. Cənubi Qafqazda "Dağlıq
Qarabağ Respublikası", "Cənubi Osetiya
Respublikası", "Abxaziya Respublikası" kimi qondarma
qurumların yaranması faktını qeyd etmək kifayətdir.
Bütövlükdə isə
yeni yüzillikdə dünya birliyini vahiməyə salan əsas
fəlakətlər sırasında planetar miqyaslı ekoloji fəlakət
kimi çox real bir təhlükə ilə yanaşı,
bir-biri ilə sıx bağlı olan davakar separatizm və beynəlxalq
terrorçuluq xüsusi yer tutur. Onlardan birincisi bütöv
regionların və ölkələrin sabitliyini pozmağa
doğru aparırsa (Cənubi Qafqaz dövlətləri olan Azərbaycanın
və Gürcüstanın kədərli nümunələrini
xatırlamaq kifayətdir), ikincisi, xüsusən dini don geydirilən
halda öz təbiətinə və dəyərlərinə
görə müxtəlif sivilizasiyaların ciddi
toqquşmasına çevrilə bilər. Həmin
toqquşmanın təşviş doğuran əlamətləri
artıq indi nəzərə çarpır.
Bu geosiyasi tələdən
çıxış yolu bütün əlaqədar tərəflərin
beynəlxalq hüququn universal prinsiplərinə dönmədən
riayət etməsindən ibarət ola bilər. Məlum
olduğu kimi, həmin prinsiplərin ən əhəmiyyətliləri
bunlardır: dövlətlərin ərazi
bütövlüyü, dövlətlərarası sərhədlərin,
hətta mübahisəli olduğu hallarda da onların dəyişməzliyi,
millətlərarası xarakterli bütün məsələlərin
yalnız münaqişəsiz metodlarla, qarşı tərəfin
də mənafeləri nəzərə alınmaqla həll
edilməsi, insan hüquqları və vətəndaş
azadlıqlarına dair fundamental prinsiplər əsasında
milli azlıqların hüquqlarına dönmədən riayət
edilməsi.
Sözardı
Müstəqilliyimizin bərpa
olunmasından keçən illər ərzində Azərbaycanın
xarici siyasət strategiyasının uğurlu olmasının sübutu
ondan ibarətdir ki, bu dövr ərzində ölkəmiz daim
dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla
yanaşı, eyni zamanda, milli maraqlarının irəliləməsi
və müdafiə olunmasında hücum taktikasını
gücləndirmiş, regional liderə çevrilməyə
nail olmuşdur. Diplomatiyamızın uğur və nailiyyətləri
bərabərhüquqlu və qarşılıqlı
faydalı əlaqələrə əsaslanan konstruktiv beynəlxalq
əməkdaşlığın gələcək
inkişafı, həmçinin sülh, təhlükəsizlik
və mehriban qonşuluq strategiyasına yönəlmiş
milli xarici siyasət vəzifələrinin həllinə zəmin
yaratmışdır.
Bütün bunlar göstərir
ki, Azərbaycanın ictimai-siyasi cəhətdən sabit,
iqtisadi baxımdan sürətlə inkişaf edən, eyni
zamanda, beynəlxalq miqyasda maraq və mənafeyini layiqincə
təmin edən ölkəyə çevrilməsində
dövlət başçısı İlham Əliyevin
yeritdiyi uğurlu xarici siyasət kursu vacib əhəmiyyətə
malikdir. Bu kursun əsas məqsədi isə milli maraqların
prioritetliyi şərti ilə respublikamızın beynəlxalq
miqyasda özünü təsdiqləməsi, iqtisadi-siyasi
potensialını effektiv surətdə reallaşdırması
və təhlükəsizliyinin hərtərəfli təminatından
ibarətdir.
Kamal ADIGÖZƏLOV,
Bakı
Dövlət Universitetinin
diplomatiya və
müasir
inteqrasiya prosesləri
kafedrasının dissertantı
Xalq
qəzeti.- 2010.- 11 iyul.- S. 3.