Elmə xidmət etmək bəşəriyyətə xidmətdir

 

    Azərbaycan elmini beynəlxalq aləmdə layiqincə təmsil edən alimlərimizdən biri də AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Fəxrəddin Əbülfət oğlu Qədirovdur

 

    F.Qədirov 1950-ci il iyul ayının 19-da Şəki şəhərində anadan olmuşdur. İlk təhsilinə 1957-cı ildə 10 saylı Şəki şəhər məktəbində başlamış, 1967-ci ildə məktəbi gümüş medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş və 1972-ci ildə universitetdə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 1975-ci ilə qədər göndəriş üzrə fizika müəllimi kimi Dəvəçi rayonunda çalışmışdır.

    Hələ tələbəlik illərində F.Qədirov elmi tədqiqat işinə həvəs göstərmiş, Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etmiş, Bakı, NovosibirskMoskva şəhərlərində keçirilən tələbə elmi konfranslarında məruzələrlə cıxış etmişdir. Yer fizikasına olan həvəsi 1975-ci ildə F.Qədirovu AMEA Geologiya İnstitutuna gətirmişdir. 1976-80-cı illərdə Geologiya İnstitutunun aspiranturasında təhsil almışdır.

    Onun 1975-ci ildən sonrakı əmək və elmi fəaliyyəti AMEA-nın Geologiya İnstitutu ilə bağlıdır. F.Qədirov 1981-1986-cı illərdə kiçik elmi işçi, 1986-1988-ci illərdə böyük elmi işçi, 1989-2005- ci illərdə isə Qravimetriya laboratoriyasının rəhbəri olmuşdur. Bu illər ərzində F.Qədirov aktual elmi tədqiqatlarla yanaşı, elmi təşkilatçılıq qabiliyyəti ilə də tanınmış, geodinamikaseysmologiya kimi böyük bir şöbənin rəhbəri vəzifəsinə təyin edilmişdir.

    F.Qədirov 1984-cü ildə geofizika ixtisası üzrə "Yerin üst mantiyasının iki təbəqəli modelində daxili dalğaların yaranması və sərbəst düşmə təcilinin qabarmayan dəyişməsinə təsiri" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2002-ci ildə isə "Azərbaycanın dərinlik quruluşunun ədədi qravitasiya modelləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcələrini almışdır.

    F.Qədirovun elmi fəaliyyəti Qafqazın müasir geodinamikasının və seysmik aktivliyinin tədqiqi, zəlzələlərin paylanmasının geotektonik aspektlərinin inkişaf etdirilməsi, geoloji proseslərin fiziki mexanizmlərinin öyrənilməsi, qravitasiya sahəsinin məkan və zaman dəyişmələrinin ədədi analiziyer qabığı quruluşunun modelləşdirilməsi kimi problemlər onun elmi tədqiqatlarının əsas istiqamətlərini təşkil edir.

    F.Qədirov 1998 və 2000-ci illərdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda elmi məzuniyyətdə olmuş və GPS tədqiqatları üçün sertifikat almışdır. Onun təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan ərazisində ilk dəfə olaraq GPS müşahidə sistemi qurulmuş və GPS texnologiyası əsasında Azərbaycan ərazisinin müasir geodinamikasının tədqiqinin əsası qoyulmuşdur. F.Qədirovun rəhbərliyi altında Azərbaycanda 10 ildən artıq müddətdə aparılan GPS monitorinqi nəticəsində Yer qabığının üfüqi hərəkətləri öyrənilmiş, zəlzələ təhlükəsini daha dəqiq dəyərləndirmək üçün deformasiya enerjisinin akkumulyasiya qanunauyğunluqları müəyyənləşdirilmiş, Qafqaz blokunun saat əqrəbi əksinə dönməsi və Azərbaycan ərazisinin geodinamik şəraitinə təsiri tədqiq olunmuş, Abşeron yarımadasının cənub hissəsinin şərqə tərəf hərəkət etməsi və intensiv Yer qabığı qısalmalarının sürəti və baş verdiyi ərazilər müəyyən edilmiş və bütün bunların seysmik proseslərdəki rolu aydınlaşdırılmışdır. İlk dəfə olaraq Azərbaycanın neftli- qazlı vilayətlərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq öyrənmiş və burada konveksiya axınının mümkünlüyünü göstərmişdir. Palçıq vulkanları quruluşunun qravitasiya və aktivləşmə mexanizmi modelini vermişdir. F.Qədirov tərəfindən Qafqaz-Xəzər regionunun litosfer quruluşunun 3D qravitasiya modeli hazırlanmış və qırılmaların səth və dərinlik paylanması öyrənilmişdir. Onun təcrübi və nəzəri tədqiqatları nəticəsində Cənubi Xəzər hövzəsində Moho sərhədi altında sıxlığı böyük olan təbəqənin olduğu müəyyən edilmişbu təbəqənin regionun geodinamikasındakı rolu öyrənilmişdir. Azərbaycanın geodinamik poliqonlarında qravitasiya sahəsinin qabarmayan variasiyalarının qanunauyğunluqları müəyyənləşdirilmişdir. Qravitasiya anomaliyaları əsasında strukturların neft və qazlılıq perspektivliyinin ədədi analiz metodu hazırlanmış və Azərbaycanın neftli və qazlı vilayətlərinə tətbiq edilmişdir. F.Qədirov 2007-ci ildə geofizika ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

    Professor F.Qədirov respublikanın beynəlxalq aləmdə tanınmış geofiziklərindəndir. O, ABŞ Mülki Araşdırmalar Mərkəzinin qrant proqramları çərçivəsində iki layihənin rəhbəri və iki layihənin əsas icraçısı olmuşdur. Professor F.Qədirov Massaçusets Texnologiya İnstitutu ilə birlikdə aparılan "Aralıq dənizi və Qafqaz regionunun müasir kinematikası və dinamikası" beynəlxalq elmi layihəsində Qafqaz üzrə tədqiqatların koordinatorudur. O, həm də Massaçusets Texnologiya İnstitutu və AMEA Geologiya İnstitutunun ABŞ Elm Fondunun dəstəyi ilə apardığı "Ərəbistan - Avrasiya kolliziya zonasının dinamikası" mövzusunda elmi işin rəhbərlərindən biridir. Fəxrəddin müəllim 9 beynəlxalq elmi-tədqiqat layihənin rəhbəri olmuşdur. Elmi fəaliyyəti dövründə onun 1 monoqrafiyası, 150-dən çox elmi məqaləsi çap olunmuşdur, 5 monoqrafiyanın və Xəzər regionunun qravitasiya xəritəsinin həmmüəllifidir. F.Qədirov ABŞ və Avropada keçirilən beynəlxalq elmi konfranslarda dəfələrlə Azərbaycanı müvəffəqiyyətlə təmsil etmişdir.

    Professor F.Qədirov Azərbaycan Milli Elmlər Akademiyasının Türkiyə Cümhuriyyəti Öyrətim Kurulu ilə imzaladığı qarşılıqlı elmi əlaqələr protokolu çərçivəsində 1992-1995-ci illərdə Atatürk Universiteti "Zəlzələ Araşdırma Mərkəzində", 1996-1998- ci illərdə isə Qara dəniz Texniki Universitetinin "Geofizika mühəndisliyi" bölümündə professor vəzifəsində çalışmışdır. Hazırda o, pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetinin seysmologiyaYer təkinin fizikası kafedrasında "Yer fizikası", "Qravimetrik kəşfiyyat" və "Qravimetrik məlumatların geoloji interpretasiyası" fənlərindən dərs verməklə davam etdirir.

    F.Qədirovun Azərbaycanda və Türkiyə Cümhuriyyətində yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük əməyi vardır. Onun elmi rəhbərliyi ilə Azərbaycanda 10 elmlər namizədi hazırlanmışdır və hazırda 4 doktorantın elmi rəhbəridir.

    F.Qədirov dünyanın bir sıra qabaqcıl elm mərkəzləri ilə elmi əməkdaşlıq edir. ABŞ-ın Massaçusets Texnologiya İnstitu, Cənubi Karolina Universiteti, Yuta Universiteti, Almaniyanın Jena Universiteti, Fransanın Mariya Küri Universiteti, Rusiya EA-nın Yer Fizikası İnstitutus. bunlara misal ola bilər. O, bir sıra qrant layihələri çərçivəsində dünyanın qabaqcıl elm mərkəzləri ilə elmi əməkdaşlığı sayəsində ən qabaqcıl elmi texnologiyaların respublikada tətbiq edilməsinə nail olmuşdur.

    Fəxrəddin Qədirovun fundamental və təcrübi tədqiqatlarının nəticələri bir çox beynəlxalq konfranslarda (ABŞ, Fransa, Almaniya, İtaliyas.) elmi ictimaiyyətə təqdim olunmuş və beynəlxalq jurnallarda çap olunmuşdur. Bu nəticələrin bir çoxu müxtəlif illərdə keçmiş SSRİ və Azırbaycan elmlər akademiyalarının ən mühüm elmi nəticələri sırasında öz layiqli yerini tutmuşdur.

    Fəxrəddin müəllim respublikanın elmi-təşkilati həyatında da fəal iştirak edir. O, 2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının Geologiya İnstitutunda fəaliyyət göstərən D 01.081 saylı dissertasiya şurasının geofizika seminarına rəhbərlik etmişdir. Hazırda o, Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının Yer elmləri bölməsinin elmi ekspert şurasının üzvü və AMEA -nın "Xüsusi seysmoloji şurasının" sədridir. O, eyni zamanda "Geologiya institutun əsərləri" və "Azərbaycanda geofizika yenilikləri" elmi texniki məcmuələrinin redaksiya heyətinin və Azərbaycan Milli Geofizika Komitəsinin idarə heyətinin üzvü, Azərbaycan Respublikası Ensiklopediyasının Yer elmləri sahəsində müəlliflərdən biridir. "Nüvə sınaqlarının hərtərəfli qadağan olunmasına nəzarət təşkilatının" (CTBTO) Azərbaycan milli məlumat mərkəzinin işinə rəhbərlik edir.

    F.Qədirov bir sıra elmi cəmiyyətlərin, o cümlədən, Avropa Geoloq Alim və Mühəndislər Assosiasiyasının (EAGE), Amerika Geofiziklər İttifaqının (təşkilatının) (AGU), Amerika Neftçi-Geoloqlar İttifaqının (AAPG) üzvüdür.

    Professor F.Qədirov özünü tamamilə elmə həsr etmiş alimlərdəndir. O, professionallığına, eləcə də insani keyfiyyətlərinə görə nəinki Azərbaycanda, eyni zamanda, beynəlxalq elm aləmində yüksək dəyərləndirilir. Tanınmış alim və ziyalı F.Qədirovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq nailiyyətləri, cansağlığı arzulayırıq.

 

 

    Mənijə İSAYEVA,

    AMEA Geologiya İnstitutunun Yerin

    fizikası bölməsinin rəhbəri, əməkdar elm xadimi,

    geologiya -mineralogiya elmləri doktoru, professor

 

    Xalq qəzeti.- 2010.- 10 iyul.- S. 7.