Yeni
kitab
"Türk dünyası XX əsrdə"
Türkdilli xalqlar bəşər
sivilizasiyasına misilsiz töhfələr
vermişlər. Məsələn, insanlıq tarixində
"mədəniyyət qurucuları" kimi
yadda qalan qədim
şumerlərin türk mənşəli
olduqları bir sıra alimlər tərəfindən
faktlarla təsdiq edilmişdir.
Amerikalı tarixçi-alim S.N. Kramer isə bir az da irəli gedərək
"insanlıq tarixinin şumerlərdən
başladığı"nı bildirmişdir.
Keçdiyi hər bir inkişaf mərhələsində
də türkdilli xalqlar ümumdünya mədəniyyətinin
zənginləşməsinə mühüm töhfələr
vermişlər. Təkcə onu demək kifayətdir ki, qədim
və orta əsrlər tarixində türklərin 120-dək
dövləti olmuşdur. Bunlardan 17-si böyük
imperiyadır. Hazırda dünyanın yeddi müstəqil
dövlətində və ona qədər digər regionunda 250
milyondan çox türkdilli əhalinin yaşaması isə
bu xalqların ictimai-siyasi tarixinin və mədəniyyətinin
ümumi tədqiqini və öyrənilməsini zəruri
edir. Məhz bu istiqamətdə araşdırmalar aparan tarix
elmləri doktoru, professor İsrafil İsrafilovun "Türk
dünyası XX əsrdə" kitabı da yaxın
tariximizin ümumi tədqiqi nəticəsində ərsəyə
gəlmişdir.
Kitabda öncə türkçülüyün mahiyyəti açıqlanır və onun ilk nəzəriyyəçiləri və təbliğatçıları haqqında ətraflı məlumat verilir. Türk dünyasının və Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər yetirilir, 1923-cü ildə qurulan ikinci demokratik türk dövləti - Türkiyə Cümhuriyəti haqqında oxucunu maraqlandıran məqamlara aydınlıq gətirilir. Kitabda, həmçinin, XX əsrdə türk dünyasının görkəmli dövlət xadimləri, prezidentləri, hərbçiləri barədə də məlumatlar verilir. Onlar arasında ulu öndərimiz Heydər Əliyevin isə xüsusi yeri var. Qeyd olunur ki, türk-müsəlman dünyasında təkcə Heydər Əliyev SSRİ kimi nəhəng bir dövlətdə yüksək partiya və dövlət vəzifəsinədək yüksəlmiş, bu vəzifədə uğurla fəaliyyət göstərərək milyonlarla insanın sevgisini qazanmışdır. Ümummilli lider Heydər Əliyev türk dünyasında xüsusi yerə malik olan müstəqil Azərbaycan Respublikasının da qurucusu və memarı olmuşdur. Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəlin ulu öndər haqqında söylədikləri fikirlər isə böyük həqiqətləri ifadə edir. O demişdir: "...Azərbaycan dünyanın əsas cazibə mərkəzlərindən birinə çevrilmişdir. Onun bu səviyyəyə yüksəlməsində türk dünyasının böyük oğlu, təcrübəli dövlət xadimi Heydər Əliyevin müdrik rəhbərliyinin mühüm rol oynadığı şübhəsizdir".
Kitabda bir daha bildirilir ki, türk dünyasını birləşdirən "qızıl kəmər" Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin və "Böyük İpək Yolu"nun bərpası üçün həyata keçirilən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi layihəsinin təşəbbüskarı da ümummilli lider Heydər Əliyev olmuşdur. Məhz onun fəaliyyəti nəticəsində türk dünyasında əməkdaşlıq təkcə mədəniyyət sahəsində deyil, siyasi-diplomatik, enerji, nəqliyyat sahələrində də genişlənmiş, möhkəmlənmişdir.
"Türk dünyası XX əsrdə" kitabında türk dünyasının və xüsusən Azərbaycanın mədəniyyət xadimləri haqqında da ətraflı məlumat verilmişdir. Korifeylərimizdən Üzeyir Hacıbəyovun, Hüseyn Cavidin, Səməd Vurğunun, həmçinin, digər türk xalqlarının yazıçıları - Çingiz Aytmatovun, Oljas Süleymenovun, Rəşad Nuri Güntəkinin və digərlərinin həyat və yaradıcılığı barədə qeydlər oxucu tərəfindən maraqla qarşılanacaq.
Türk dünyası zaman-zaman tarixin sərt sınaqları ilə də üzləşmişdir. Bu mənada XX əsrdə türkdilli xalqların yaşadıqları ölkələrin Sovet imperiyasının əsarətində qalması, Azərbaycan və Türkiyənin ərazisində hər iki xalqa qarşı soyqırımı siyasəti həyata keçirilməsi daha çox diqqəti cəlb edir. Bu siyasəti reallaşdıranlar isə əsasən böyük dövlətlər tərəfindən dəstəklənən ermənilər olmuşlar. 1980-ci illərin sonlarından etibarən bu siyasət yeni və daha mütəşəkkil formada davam etdirilmiş və nəticədə Azərbaycanın 20 faiz torpağı Ermənistanın işğalına məruz qalmışdır. Kitabda bu məsələyə də diqqət yetirilmiş, türk dünyasının digər bölgələrində baş verən etnik qarşıdurmalar oxucunun diqqətinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, türkdilli ölkələr arasında sıx münasibətlərin qurulması və inkişaf etməsi bir sıra problemlərin həllinə təkan verəcək, regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, davamlı iqtisadi inkişafa səbəb olacaqdır. Bu baxımdan türk birliyi zamanın tələbidir. "Türk dünyası XX əsrdə" kitabında belə deyilir.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2010.- 10
iyul.- S. 7.