Saatlı: vicdanla çalışanlar həmişə ehtirama layiqdirlər

 

    Bu fikir özünü daşqınların qarşısının alınması prosesində xüsusilə qabarıq göstərirdi

 

    2010-cu ilin yaz fəsli, xüsusilə də may ayı hələ uzun müddət yaddaşlardan silinməyəcək. Çünki məhz bu ayda son onilliklərin ən dəhşətli təbii fəlakəti baş verdi. Mövsümün normadan dəfələrlə çox yağıntılı keçməsi, güclü leysanların yağması nəticəsində KürAraz çaylarında suyun səviyyəsi "təhlükəli həddin" ən son nöqtələrinə çatdı, bu çayların keçdiyi rayonlar faktiki olaraq subasma təhlükəsi ilə üz-üzə qaldı, görülmüş ehtiyat tədbirlərinə baxmayaraq, bəzi yerlərdə bəndlərin yarılması və bir sıra yaşayış məntəqələrinin su altında qalması kimi arzuolunmaz hallar yaşandı.

 

    Dövlət başçısı İlham Əliyevin son yüz ilin ən böyük təbii fəlakəti adlandırdığı bu hadisənin qarşısının alınması, daha böyük faciələrin baş verməməsi üçün, demək olar ki, bütün qüvvələr səfərbər edildi, bəndlərin, eləcə də çayboyu ərazilərin nəzarətdə saxlanılmasına başlanıldı, bir sözlə, mümkün olan hər şey edildi. Təsadüfi deyil ki, görülmüş bu tədbirlər nəticəsində mütəxəssislərin də qeyd etdikləri kimi, təbii fəlakətin doğura biləcəyi fəsadların miqyasını və həcmini dəfələrlə azaltmaq mümkün oldu.

    Belə gərgin prosesdən keçən, real təhlükə ilə üzbəüz qalan rayonlardan biri də Saatlıdır. Maraqlı burasıdır ki, Saatlı üçün birbaşa təhlükə Araz, Kür çaylarından deyil, Sarısu gölündən gəlmişdir. Düzdür, bu gölün də "idarəolunmaz" hala düşməsinin əsas səbəbi məhz elə bu çaylarda suyun səviyyəsinin artması olmuşdur. Kür çayını Sarısu gölündən ayıran (həm də birləşdirən) bəndin güclü su axınına tab gətirməyərək yarılması nəticəsində su birbaşa gölə axmış və göldə suyun həcmi arzuolunmaz dərəcədə almışdır. Bu da gölün ətrafında yerləşən yaşayış məntəqələrinin - kəndlərin bəzilərinin su altında qalması ilə nəticələnmişdir. Məsələn, Saatlı rayonunun Sarısu gölü ətrafında yerləşən Novruzlu, Dəlilər, Nərimankənd, Musalı kəndlərinə və Nərimankənd məcburi köçkün qəsəbəsinin təsərrüfatlarına, əkin sahələrinə subasma nəticəsində ciddi ziyan dəymişdir. Adları çəkilən yaşayış məntəqələrində 752 ailə (3821 nəfər) məktəblərə, uşaq bağçaları - körpələr evlərinə və digər sosial obyektlərə, eləcə də qohum evlərinə köçürülmüşdür. Rayon icra hakimiyyəti Nərimankənd məcburi köçkün düşərgəsindən 97 ailəni (375 nəfər) peşə liseyində, ictimai binalarda, yataqxanalarda, idarə binalarında və kəndlərdə evlərə yerləşdirmiş, qalan 16 ailə (61 nəfər) isə digər yerlərə qohum və tanışlarının yanına köçmüşdür. Ümumiyyətlə, təbii fəlakət zamanı 1065 təsərrüfat, 3871 hektar ərazi su altında çatmışdır ki, bunun da 1487 hektarı xüsusi mülkiyyətdə, 340 hektarı dövlət mülkiyyətində, 2043 hektarı isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi, 755 hektarı kəndaltı, 926 hektarı əkin, 1133 hektarı isə örüş sahəsidir. Saatlının tamamilə aqrar rayon olduğunu nəzərə alsaq kənd təsərrüfatına dəymiş ziyanı bu cür də dəyərləndirmək olar, subasmış torpaq sahələrinin 903 hektarı taxıl, 36 hektarı qarğıdalı, 116 hektarı kartof, 95,76 hektarı tərəvəz, 1237 hektarı isə digər əkmələrdir.

    Təbii fəlakətin qarşısını almaq üçün görülmüş tədbirlərə gəldikdə isə qeyd etmək lazımdır ki, may ayının 3-dən iyun ayının əvvəllərinədək gün ərzində orta hesabla 4788 nəfər canlı qüvvə səfərbər edilmişdir. Bunun 4220 nəfəri Saatlı Rayon İcra Hakimiyyətinin, 200 nəfəri Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli təşkilatlarının, 50 nəfəri Fövqəladə Hallar Nazirliyinin xətti ilə cəlb olunmuş, 298 nəfəri isə Daxili İşlər Nazirliyinin şəxsi heyətidir. Bəndbərkitmə işlərinə yardım edən 145 texnikanın, maşın və mexanizmin 92-si (yükünü özüboşaldan KamAZ, QAZ-53, Zil-130, traktor qoşqusu ilə KA-302, Hunday, Hitaçi, CAT ekskovatorları, buldozerlər və s.) rayon icra hakimiyyətinin (texnikaların 10-u da Masallı rayonundan köməyə gəlmişdir), 12-si Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli təşkilatlarının (yükünü özüboşaldan KAMAZ, QAZ-53, KA-302, Hunday, Hitaçi ekskovatorları, buldozerlər və s.) 3-ü Fövqəladə Hallar Nazirliyinin (yanğınsöndürən maşınlar, bundan əlavə əhalinin köçürülməsinə 30-dan çox ağır yük "avtomobilləri cəlb edilmişdir") 3-ü "AZENKO" təşkilatının (ekskavator, buldozer və "KamAZ" avtomaşını), 3-ü "Azərkörpü" ASC- nin (buldozer və ekskovatorlar), 2-si "Azərsu" ASC-nin (CAT ekskavatorları) xətti ilə cəlb olunmuşdur.

    Bundan başqa, Sarısu gölündə suyun qarşısının alınmasında torpaq doldurulmuş 447 700 kisədən istifadə olunmuşdur). Rayon icra hakimiyyəti tərəfindən 58200, "Azərkörpü" ASC-nin xətti ilə 30000, Sabirabad Bəndatma İdarəsinin xətti ilə 297000, "AZENKO" təşkilatının xətti ilə 12500, Fövqəladə Hallar Nazirliyinin xətti ilə 50000 kisə torpaq bəndlərə vurulmuşdur. Ərazinin sudan təmizlənməsi üçün Fövqəladə Hallar Nazirliyinin xətti ilə 4, rayon icra hakimiyyəti tərəfindən 54 su nasosunun işləməsi təmin edilmişdir.

    Uzun müddət aparılmış gərgin işlər öz bəhrəsini verdi: Sarısu gölü idarəolunan vəziyyətə gətirildi. Düzdür, hələ də müəyyən çətinliklər olsa da, ümumiyyətlə qorxulu, təhlükəli vaxtlar çoxdan sovuşub. Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov yerli əhalinin dövlət orqanları ilə birlikdə bəndbərkitmə işlərində iştirakını yüksək qiymətləndirərək: Saatlılılar, doğrudan da, ürəklə işlədilər, fəallıq nümayiş etdirdilər, vicdanla, namusla-qeyrətlə çalışdılar, əlaqədar təşkilatlarla birlikdə gecə-gündüz demədən, yorulmadan suyun qabağını kəsdilər. Görünür, Allah da birliyi sevir, elə buna görə də çəkilən zəhmətlər hədər getmədi.

    Saatlıda təbii fəlakətə qarşı aparılan mübarizədə hər kəs öz gücü-imkanı daxilində, necə deyərlər, bacardığını etdi.

    Qıraqlı kənd sakini, ağsaqqal Xəlilağa Xəlilov deyir ki, elnən gələn dərdə toy-bayram deyib, ata-babalarımız. Dövlətimizin, əziz rəhbərimiz İlham Əliyevin göstərdiyi münasibət, açığını deyim ki, məni xeyli mütəəssir etdi. Çünki bu yaşıma qədər ulu öndərimiz Heydər Əliyevin yadigarından başqa heç bir dövlət başçısının bu cür diqqətini , insanlara hədsiz qayğısını görməmişdim. Bəlkə də bu diqqət və qayğı olmasaydı camaat özünü taleyin ixtiyarına buraxılmış kimi hiss edərdi. Ancaq hər şey çox yüksək səviyyədə təşkil edildi, heç kim çöldə-bayırda qalmadı, hamı münasib yerlərdə yerləşdirildi və yemək-içməklə, eləcə də digər zəruri şeylərlə təmin olundu. Hamının dövlətimizə, onun rəhbərinə olan sevgisi, inamı bir daha artdı, və bu, bizi bir daha inandırdı ki, təbii fəlakətin vurduğu "yaralar" tezliklə sağalacaq.

    Mustafabəyli kəndinin sakini, sahibkar Ayəddin Fərmanov təbii fəlakət qarşısında göstərilən reaksiyanı çox yüksək qiymətləndirərək deyir ki, əgər bu, vaxtında və qədərində olmasaydı, o zaman, Allah göstərməsin, su altında qalan ərazilərin, əkin sahələrinin sayı xeyli çox olardı. Möhtərəm Prezidentimiz təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün hər cür maddi və mənəvi imkanı yaradıb. İnanırıq ki, tezliklə hər şey öz qaydasına düşəcək.

    Şəhər sakini Teyyub Həsənov da vurğulayır ki, dövlət orqanlarının yerli əhali ilə birlikdə fəaliyyəti ulu öndərin bir sözünün nə qədər haqlı olduğunu bir daha sübut etdi. O, deyirdi ki, xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. Məhz bu hadisələr zamanı bir məsələ bütün gerçəkliyi ilə üzə çıxdı, hörmətli Prezidentimiz İlham Əliyev xalq üçün ən gözəl yaşayış şəraitinin yaranması üçün bütün gücünü, səyini əsirgəmir. Biz bir ölkə olaraq, sözsüz ki, bu çətinlikdən də ləyaqətlə çıxacaq, necə deyərlər, dostu sevindirib, düşmənlərin bağrını çatladacağıq.

    Şirinbəyli kənd sakini Süleyman Şadimanov axıska türküdür, 1956-cı ildən burada yaşayır. O, dedi: - Taleyinə faciələr yazılmış bir xalqın oğlu kimi söyləyə bilərəm ki, nə yaxşı ki, bizim İlham Əliyev kimi rəhbərimiz var. Bu böyüklükdə bəlanın, təbii fəlakətin qarşısını almaq üçün onun etdiklərini kim edə bilərdi ki?! Cavab bəllidir. Əlbəttə, ondan başqa heç kim. Camaat hamısı planlı şəkildə yerləşdirildi, heç kim aralıqda qalmadı, əhaliyə dəymiş ziyan dəqiqləşdirilir və şübhəmiz yoxdur ki, hamı razı salınacaq. Mən bu ölkənin havasını udmaqdan, suyunu içməkdən, bir sözlə, Azərbaycan Respublikasının vətəndaşı olmaqdan böyük iftixarqürur hissi duyuram. Çünki burada hər bir vətəndaş hiss edir ki, onun kürəyində, necə deyərlər, dövlətin doğma əli var.

    Hər ikisi axıska türkü olan Fətəlikənd kəndinin sakini Zeynalı Binəliyev və Nəsimikənd kəndinin sakini Zülfüqar Bayraqdarov da onun dediklərini təsdiqlədilər. Azərbaycan Respublikasının, onun bir parçası olan Saatlı rayonunun onlar üçündoğma, əziz olduğunu xüsusi vurğuladılar və təbii fəlakətin daha böyük zərər-ziyan vurmasına imkan verməyən hər kəsə dərin minnətdarlıqlarını bildirdilər. Həm də əlavə etdilər ki, Saatlı rayonu etnik azlıqlara mehribanlıqla yanaşan bir bölgə olduğu üçün də həmişə ehtirama layiqdir.

 

 

    Səməd HÜSEYNOĞLU,

   "Xalq qəzeti"nin bölgə müxbiri

 

   Xalq qəzeti.- 2010.- 10 iyul.- S. 5.