Hücum
xətti üzərində qurulan çevik xarici siyasət
(əvvəli
qəzetin 8 və 10 iyul tarixli
nömrələrində)
Bu sənəd indiyə qədər
aparılan danışıqların mahiyyətini və məqamlarını
özündə əks etdirir. Münaqişənin həllilə
əlaqədar bu vaxta qədər verilən şifahi bəyanatlardan
sonra imzalanan bu sənəd böyük önəm
daşıyır. Bəyannamənin ən yüksək səviyyədə
imzalanması münaqişənin sülh yolu ilə
nizamlanması istiqamətində irəliyə doğru
atılan addımdır. Bu bəyannamədə Azərbaycanın
dəfələrlə qeyd etdiyi məqamlardan kənara
çıxan heç bir müddəa yoxdur. Beynəlxalq
ekspertlərin rəylərində də bildirilir ki, Moskva bəyannaməsi
Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin
nizamlanması istiqamətində dəfələrlə səsləndirdiyi
fikirlərin bir növ müdafiəsi idi. Moskva bəyannaməsi
əsasən bu fikirləri özündə təcəssüm
edirdi. Məhz Ermənistan Prezidentinin bu bəyannaməni
imzalaması Azərbaycan diplomatiyasının uğuru
sayılmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyevlə
Ermənistan Prezidenti Serj Sarkisyanın son iki ildə dəfələrlə
keçirilmiş görüşləri problemin həllinin
mümkün variantlarının müzakirəsinə həsr
edilmişdir. Son dövrlərdə gerçəkləşən
Sankt-Peterburq və Moskva görüşlərinin məhz
Madrid prinsipləri əsasında aparılması deməyə
əsas verir ki, danışıqlar prosesi məhz
münaqişənin ərazi bütövlüyü prinsipi əsasında
həlli formulu çərçivəsində
aparılır. Minsk qrupu səviyyəsində aparılan
danışıqların xaotik məcradan
çıxarılaraq konkret həll formatına
salınması da rəsmi Bakının mühüm siyasi
üstünlüyü kimi vurğulana bilər. Azərbaycan Prezidenti
İlham Əliyev münaqişə ilə bağlı
danışıqlar prosesinin məhz Azərbaycanın qəti
şəkildə önə çəkdiyi prinsiplər əsasında
getdiyini razılıqla vurğulayır: "Xarici siyasətdə
bütövlükdə bizim qarşımızda yeganə
böyük problem dayanıbdır. O da Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan
dövləti bu istiqamətdə bütün səyləri
göstərir ki, məsələ tezliklə ədalətli və
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll olunsun. Bizim səylərimiz, deyə bilərəm ki,
danışıqlar prosesində artıq ilk nəticələrini
verməkdədir. Bütün dövrlərdə bizim
mövqeyimiz ondan ibarət olmuşdur ki, bu məsələ
yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll edilə bilər.
Dağlıq Qarabağda insanlar yüksək muxtariyyət
statusu çərçivəsində, vahid Azərbaycan
dövləti çərçivəsində yaşaya bilərlər.
Bu gün bu prinsiplər əsas götürülübdür.
Yəni danışıqlar bu prinsiplər əsasında
aparılır və istənilən razılaşma ancaq bu
prinsiplər əsasında ola bilər. Biz bütün
dövrlərdə demişik və bu gün də deyirik ki, məsələ
ancaq mərhələli yolla həll oluna bilər. Bu gün
danışıqlar mövzusu olan təkliflər məhz mərhələli
həlli təmin edir".
Təcavüzkarlıq siyasətini
uzun müddət davam etdirə bilməyəcəyini
yaxşı başa düşən Ermənistan son illərdə
danışıqlar prosesində müəyyən konstruktivlik
görüntüsü nümayiş etdirmək məcburiyyətində
qalmışdır. Lakin regionun gələcəyi
üçün ən böyük maneə hələ də
aradan qaldırılmayıb. Azərbaycanın beynəlxalq səviyyədə
tanınan ərazilərinin Ermənistan tərəfindən
işğal edilməsi bu gün də regionun ən
böyük problemi olaraq qalır.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində Ermənistan tərəfinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe regionda davamlı sülh və sabitliyə ciddi təhlükə yaratmışdır.
Son hadisələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini bir daha gündəmə gətirir. Bu, Ermənistanın özü üçün də vacibdir. Çünki zəif iqtisadiyyata malik Ermənistan özünü regionda həyata keçirilən mühüm layihələrdən tamamilə təcrid etmişdir.
Ermənistan iqtisadiyyatının bütövlükdə Qafqazın iqtisadiyyatına inteqrasiyası və regiondakı layihələrdə iştirakı bu ölkənin təkcə Türkiyə ilə yox, həm də Azərbaycan ilə sərhədlərinin açılacağı təqdirdə mümkün ola bilər. Bu isə yalnız Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllindən sonra gerçəkləşə bilər.
Əgər bu münaqişədə irəliləyiş əldə olunmasa, nə Türkiyə-Ermənistan münasibətlərinin yeni mərhələyə daxil olmasından, nə də ki, Cənubi Qafqazda sabitliyin yaranmasından söhbət gedə bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması bir-biri ilə bağlıdır və proseslərin hər ikisində paralel olaraq irəliləyişin əldə edilməsi zəruridir. Münaqişə həll olunmadan Avropaya enerji idxalı üçün yeni yollar haqqında danışmaq da qeyri-mümkündür. Dünya birliyi Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması istiqamətində səylərini artırsa, Cənubi Qafqazda real dəyişikliklərə töhfə verə bilər.
Prezident İlham Əliyev Rusiyanın "Vesti" kanalına və İTAR-TASS agentliyinə verdiyi müsahibədə demişdir ki, indiki halda biz Minsk qrupu həmsədrlərinin təklifini dəstəkləyirik. Həm bizim təklifimizdə, həm də Minsk qrupu həmsədrlərinin təklifində ərazi bütövlüyünün bərpası, təhlükəsizliyə zəmanətin təmin edilməsi, bütün qaçqınların və daxili köçkünlərin Dağlıq Qarabağın ətrafındakı tarixi torpaqlarına və Dağlıq Qarabağa qaytarılması və gələcəkdə Dağlıq Qarabağın statusu barəsində hər iki tərəfi qane edən qərar qəbul olunması məsələləri əlaqələndirilir.
"Dağlıq Qarabağın statusu haqqında birtərəfli qərar qəbul edilə bilməz" fikrini önə çəkən Prezident İlham Əliyev bəyan etmişdir ki, Dağlıq Qarabağın Azərbaycandan hüquqi cəhətdən ayrılması mexanizmini nəzərdə tutan proseslərdə Azərbaycan özünün iştirakını mümkün saymır və heç vaxt bu proseslərdə iştirak etməyəcəkdir. Bu, bizim birmənalı mövqeyimizdir.
Zəruri haşiyə
XXI əsrin əvvəlində iki barışmaz ideologiyanın - Qərb demokratiyasının və Şərq kommunizminin uzun müddət davam etmiş qarşıdurmasından xilas olduqdan sonra bəşəriyyət bundan heç də az təhlükəli olmayan hadisələrlə - beynəlxalq terrorçuluq və davakar separatizmlə üzləşmişdir. "Soyuq müharibə" dövrünün nəticələri olan bu hallar, demək olar ki, bütün Yer kürəsini əhatə etmişdir.
Beynəlxalq terrorçuluğa təkan verən əsas mənbələrdən biri də dünyanın bir sıra ölkələrində bu və ya digər formada təzahür edən davakar separatizmdir. Terror təşkilatlarının gələcək kadrları döyüş vərdişlərini məhz millətlərarası və konfessiyalararası münaqişələrdə mənimsəyirlər. Həmin münaqişələr isə genişləndikdə labüd olaraq hərbi-siyasi münaqişələrə, bəzən də tammiqyaslı müharibələrə çevrilir.
Millətlərarası və dinlərarası münaqişələr qəflətən yaranmır, uzun tarixi dövr ərzində yetişir. Bu ziddiyyətli, dramatik məqamlarla zəngin olan mürəkkəb proseslər onların yaranmasına, inkişafına, səngiməsinə və həllinə imkan verən sosial-iqtisadi, siyasi, tarixi-etnoqrafik, etnik-psixoloji, sosiomədəni və başqa amillərlə bağlıdır. Nəticə etibarilə onlar maddi və mənəvi resursların bölgüsünə çoxmillətli unitar və ya federativ dövlət daxilində statusun artırılması, beynəlxalq səhnədə isə dövlətlərarası sərhədlərin dəyişməsinə nəzarət uğrunda amansız mübarizəyə çevrilir.
Bu dəhşətli hadisənin spesifik cəhəti ondan ibarətdir ki, burada ağılsızlıq həddinə çatan qanlı isterik vakxanaliya və "milli mənlik şüurunun oyanması", "millətlərin öz müqəddəratını təyin etmək hüququ", "məzlum xalqlara azadlıq", "Vətənlə qovuşma" (erməni variantında "miatsum") və sair, ilk baxışda demokratik ideyalar yanaşı mövcud olur. Bütün bunlar ötən əsrin 90-cı illərində Qafqazda baş vermiş millətlərarası münaqişələrin gedişində kifayət qədər əyani şəkildə təzahür etmiş və bu regionun xalqlarına saysız-hesabsız fəlakətlər gətirmişdir.
Nəticə etibarilə bu, dövlətçiliyin müəyyən zahiri elementlərinə malik olsa da, əslində, "bic doğulmuş" və çox vaxt marginallaşmış yeni qurumların yaranmasına gətirib çıxarır. Bir qayda olaraq, dünya birliyi həmin qurumları qəbul etmir. Bu vəziyyət diqqəti çox cəlb etməsə də onlarda əsas rol oynayan dağıdıcı separatizm proseslərini stimullaşdıran zahiri geosiyasi amillərdir. Bu fakt SSRİ-nin və Yuqoslaviyanın dağılması zamanı əyani şəkildə müşahidə olunurdu və Balkanları, Yaxın və Orta Şərqi, Mərkəzi Asiyanı və xüsusən Qara dəniz-Qafqaz-Xəzər geosiyasi məkanını əhatə edən bütün "qeyri-sabitlik qövsü" boyunca hələ də müşahidə olunur. Cənubi Qafqazda "Dağlıq Qarabağ Respublikası", "Cənubi Osetiya Respublikası", "Abxaziya Respublikası" kimi qondarma qurumların yaranması faktını qeyd etmək kifayətdir.
Bütövlükdə isə yeni yüzillikdə dünya birliyini vahiməyə salan əsas fəlakətlər sırasında planetar miqyaslı ekoloji fəlakət kimi çox real bir təhlükə ilə yanaşı, bir-biri ilə sıx bağlı olan davakar separatizm və beynəlxalq terrorçuluq xüsusi yer tutur. Onlardan birincisi bütöv regionların və ölkələrin sabitliyini pozmağa doğru aparırsa (Cənubi Qafqaz dövlətləri olan Azərbaycanın və Gürcüstanın kədərli nümunələrini xatırlamaq kifayətdir), ikincisi, xüsusən dini don geydirilən halda öz təbiətinə və dəyərlərinə görə müxtəlif sivilizasiyaların ciddi toqquşmasına çevrilə bilər. Həmin toqquşmanın təşviş doğuran əlamətləri artıq indi nəzərə çarpır.
Bu geosiyasi tələdən
çıxış yolu bütün
əlaqədar tərəflərin beynəlxalq hüququn universal prinsiplərinə
dönmədən riayət etməsindən ibarət ola bilər. Məlum olduğu kimi, həmin
prinsiplərin ən əhəmiyyətliləri bunlardır:
dövlətlərin ərazi bütövlüyü,
dövlətlərarası sərhədlərin, hətta
mübahisəli olduğu hallarda
da onların dəyişməzliyi, millətlərarası
xarakterli bütün
məsələlərin yalnız
münaqişəsiz metodlarla,
qarşı tərəfin də mənafeləri nəzərə
alınmaqla həll edilməsi, insan
hüquqları və vətəndaş azadlıqlarına dair fundamental prinsiplər əsasında
milli azlıqların hüquqlarına
dönmədən riayət edilməsi.
Sözardı
Müstəqilliyimizin bərpa olunmasından keçən illər ərzində Azərbaycanın xarici siyasət strategiyasının uğurlu olmasının sübutu ondan ibarətdir ki, bu dövr ərzində ölkəmiz daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla yanaşı, eyni zamanda, milli maraqlarının irəliləməsi və müdafiə olunmasında hücum taktikasını gücləndirmiş, regional liderə çevrilməyə nail olmuşdur. Diplomatiyamızın uğur və nailiyyətləri bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələrə əsaslanan konstruktiv beynəlxalq əməkdaşlığın gələcək inkişafı, həmçinin sülh, təhlükəsizlik və mehriban qonşuluq strategiyasına yönəlmiş milli xarici siyasət vəzifələrinin həllinə zəmin yaratmışdır.
Bütün bunlar göstərir ki, Azərbaycanın ictimai-siyasi cəhətdən sabit, iqtisadi baxımdan sürətlə inkişaf edən, eyni zamanda, beynəlxalq miqyasda maraq və mənafeyini layiqincə təmin edən ölkəyə çevrilməsində dövlət başçısı İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət kursu vacib əhəmiyyətə malikdir. Bu kursun əsas məqsədi isə milli maraqların prioritetliyi şərti ilə respublikamızın beynəlxalq miqyasda özünü təsdiqləməsi, iqtisadi-siyasi potensialını effektiv surətdə reallaşdırması və təhlükəsizliyinin hərtərəfli təminatından ibarətdir.
Kamal ADIGÖZƏLOV,
Bakı
Dövlət Universitetinin
diplomatiya
və müasir inteqrasiya prosesləri kafedrasının
dissertantı
Xalq
qəzeti.- 2010.- 10 iyul.- S. 4.