Prezident İlham Əliyev: Azərbaycanın uğurlu inkişafı bundan sonra da uzun illər davam edəcəkdir

 

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ötən illərdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmişdir. Bütün bunlarla yanaşı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, əhalinin sosial rifah göstəricilərinin davamlı olaraq yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır.

Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi ötən dövr ərzində müxtəlif sahələr üzrə 100-dən çox konsepsiya, dövlət proqramı və digər irimiqyaslı sənədlər qəbul edilmiş, onların bir hissəsi artıq reallaşdırılmış, digərləri isə uğurla icra olunur.

Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlılığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etdi. Dünyanın aparıcı ölkələrində gedən kəskin ressesiyaya baxmayaraq, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, əhalinin maddi rifah halının yüksəldilməsi bu ilin ötən aylarında da davam etmişdir.

Bu barədə iyulun 13-də ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ətraflı danışılmışdır. Dövlət başçısı giriş nitqində bildirmişdir ki, Azərbaycanda bütövlükdə bu il də keçən ildəki kimi uğurlu iqtisadi inkişaf davam etmişdir. Baxmayaraq ki, keçən il maliyyə və iqtisadi böhran dünyada gedən proseslərə çox güclü təsir göstərmişdir. Azərbaycanda 2009-cu ildə iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2010-cu ildə də bu müsbət meyillər davam etmişdir və iqtisadiyyatımızın bütün sahələrində inkişaf var, tərəqqi var...

Prezident İlham Əliyev giriş nitqində ölkənin sənaye potensialının inkişafında müsbət meyillərin davam etdiyini də vurğulamışdır. Dövlət başçısı demişdir: "Biz sənaye potensialını iki yerə bölsək görərik ki, neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni bu, gördüyümüz işlərin bariz nümunəsidir. Çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bax, bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə çatmışıq. Biz növbəti illərdə də bu meyilləri gücləndirməliyik. Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azaltsın".

Prezident İlham Əliyev digər iqtisadi göstəriciləri də diqqətə çatdırmışdır: Əhalinin pul gəlirləri 9 faiz artmışdır. İlin əvvəlindən valyuta ehtiyatları 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır. Ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur, bunun 3 milyard dolları daxili sərmayədir. Sözügedən dövrdə 36 min yeni iş yeri açılmışdır. Altı ayda 25 milyon ton neft, 13 milyard kubmetr qaz hasil edilmişdir.

Nazirlər Kabinetinin iclasında ölkə iqtisadiyyatının bir sıra sahələrində, eləcə də kənd təsərrüfatı və müdafiə sənayesi sahələrində görülən işlər, habelə qarşıda duran vəzifələr barədə geniş danışılmışdır.

Kənd təsərrüfatında görülmüş işlərə diqqət yetirilərkən bildirilmişdir ki, qeyri-sabit iqlim şəraitinə baxmayaraq, bu il 99 min hektar bar verən meyvə-giləmeyvə bağlarından 680 min ton məhsul alınması gözlənilir. Aparılan araşdırmalara görə, bir sıra bölgələrin meyvə bağlarına, xüsusən çəyirdəklilərə xeyli ziyan dəymişdir. Bununla yanaşı, çəyirdəkli meyvələrdən fərqli olaraq tumlu, sitrus və subtropik meyvə və üzüm bağlarında vəziyyət qənaətbəxşdir.

2010-cu ildə 375,7 min hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bu da keçən ildəkindən 18,6 min hektar çoxdur. O cümlədən, təxminən keçənilki səviyyədə - 66 min hektar sahədə kartof, 32,5 min hektar və ya keçən ildəkindən 1,3 min hektar çox bostan və 81,1 min hektar sahədə və ya keçən ildəkindən 1,2 min hektar çox tərəvəz bitkiləri əkilmişdir. Yaşıl çay plantasiyalarında əvvəlki illərə nisbətən qulluq işləri yaxşılaşdırılmış və 450 ton yaşıl çay yarpağı istehsalı gözlənilir.

Heyvandarlığın yem bazasını möhkəmləndirmək məqsədilə 78,2 min hektar sahədə çoxillik otlar əkilmişdir ki, bu da keçən ildəkindən 6,5 min hektar çoxdur. Məlumdur ki, toxumçuluq və tingçilik məhsuldarlığın artırılmasında, keyfiyyətli məhsulların alınmasında və ərzaq təminatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyətə malikdir. Ölkədə dənli və dənli-paxlalıların toxumçuluğunda və tingçilikdə xeyli irəliləyiş olsa da, bu işlər gələcəkdə də davam etdiriləcəkdir. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi üçün əkinəyararlı torpaq sahələrinin məhdudluğu nəzərə alınmaqla, hər hektar sahədən yüksək məhsuldarlıq əldə edilməsi məqsədilə toxumçuluq və tingçilik sahəsinin daha da inkişaf etdirilməsi Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran ən prioritet vəzifələrdən biridir. Bu məqsədlə dövlət və özəl toxumçuluq təsərrüfatlarının inkişafı ön plana çəkilmiş və indiyədək 660 özəl toxumçuluq və tingçilik təsərrüfatı yaradılmışdır.

Reproduksiyalı toxum satışına görə hər kiloqram üçün satış dəyərinin müvafiq olaraq 30-40 faizi və ting satışına görə 30 faiz əlavə maliyyə vəsaiti ödənilmişdir. Bu, kəndli sahibkarlarda yüksək keyfiyyətli toxum və ting istehsalını artırmağa marağı yüksəltmişdir.

Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıq da dinamik inkişafını intensiv yolla davam etdirir. Heyvandarlığın intensiv inkişaf etdirilməsində mühüm rol oynayan süni mayalanma tədbirləri ildən-ilə genişlənir. Cənubi Qafqaz regionunda ilk dəfə olaraq ölkəmizdə süni mayalanma mərkəzi fəaliyyət göstərir. İndiyədək 500 nəfər süni mayalanma texniki hazırlanmış və onlar lazımi avadanlıqla təmin olunmuşlar. Keçən il süni mayalanma yolu ilə 23 min baş, cari ilin 6 ayında isə 17 min sağlam bala alınmışdır. Bu üsulla alınmış inəklərin hər birindən orta hesabla 3000-3500 kiloqram süd sağılır.

İclasda həmçinin vurğulanmışdır ki, dövlət başçısının müvafiq sərəncamları ilə "Aqrolizinq" ASC tərəfindən Almaniyadan keçən il 770 baş cins damazlıq mal gətirilərək lizinq qaydasında satılmışdır. Bu işin davam etdirilməsi üçün cari ilə ayrılmış 3 milyon manat vəsait hesabına 902 baş cins damazlıq düyə gətirilməsi üçün müqavilə bağlanmış, indiyədək 287 baş heyvan gətirilmiş və lizinq qaydasında satılmışdır. Qalan heyvanların gətirilməsi payız aylarına planlaşdırılır.

Kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, torpağın münbitliyinin qorunub saxlanılması məqsədilə mineral gübrələrdən istifadədə son vaxtlar canlanma yaranmışdır. Respublika Prezidentinin 2007-ci il tarixli sərəncamına müvafiq Nazirlər Kabinetinin sərəncamı ilə mineral gübrənin dəyərinin 70 faizinin dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəşt edilməsi azot gübrəsinin satılmasına öz müsbət təsirini göstərmişdir. Qısa müddət ərzində 19,9 milyon manat dəyərində 58 min ton mineral gübrənin satılması təmin olunmuşdur.

"Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli sərəncamına müvafiq mineral gübrələrin, "Aqrolizinq" ASC tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlığın saxlanılması üçün xüsusi anbarların tikilməsi və alınan mineral gübrələrin paylanması üçün ayrı-ayrı bölgələri əhatə edən regional loqistik bazaların yaradılması istiqamətində görülən işlər davam etdirilir.

İclasda ölkənin müdafiə sənayesi sistemində son illər görülən işlərdən də ətraflı danışılmışdır. Göstərilmişdir ki, hesabat dövründə dövlət müdafiə sifarişi proqramının icrası ilə bağlı Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə müdafiə təyinatlı məmulatların istehsal sahələrinin yaradılması məqsədilə "Sənayecihaz" elmi müəssisəsində, "Telemexanika" və "Araz" zavodlarında 2009-cu ildə başlanmış işlər davam etdirilmişdir. Bütünlükdə, 2010-cu ildə 10 obyektdə tikinti və yenidənqurma işləri aparılır ki, onlardan da 8-i bu il istifadəyə veriləcəkdir.

Aparılan marketinq işləri nəticəsində 535 ədəd dəzgah və avadanlığın alınması üçün kontraktların bağlanması istiqamətində işlər yekunlaşdırılmış, qrafik üzrə avadanlığın alınıb gətirilməsinə başlanmışdır. 2010-cu ilin dövlət müdafiə sifarişi proqramında güc strukturlarının sifarişi əsasında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 5200 ədəd atıcı silah, zirehli texnika və digər müdafiə təyinatlı məmulatların təmiri, 321 min ədəd müxtəlif növ əmlakın isə utilizasiyası nəzərdə tutulmuşdur ki, bu istiqamətdə də işlər davam etdirilir.

Azərbaycan Prezidenti ölkənin sosial-iqtisadi inkişafının yekunlarından danışarkən, qeyd etmişdir ki, görülən işlərin nəticəsi bizi daha da ruhlandırır. Biz elə etməliyik ki, əldə edilmiş uğurlarla kifayətlənməyək, biz daim hərəkətdə, daim fəal olmalıyıq, işləməliyik. Ölkədə görüləsi işlər də çoxdur. Biz elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, ölkəmiz daha da güclənsin və öz mövqelərini daha da möhkəmləndirsin. Bax, əsas məqsəd budur.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 15 iyul.- S. 2.