Ümummilli lider Heydər
Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinin
41-ci ildönümü Naxçıvanda yeni istehsal sahələrinin
açılışı ilə qeyd edilmişdir
İyulun 14-də
Naxçıvan şəhərində "Dizayn" MMC-nin
metal boru və metal profil istehsalı zavodunun, poliestr materialından
daşabənzər üzlük örtüklər
istehsalı və mis üzərində döymə sexlərinin
açılışı olmuşdur.
Açılış mərasimində
Naxçıvan MR-in iqtisadi inkişaf naziri Famil Seyidov, MMC-nin
direktoru İlqar Sadiqov çıxış etmişlər.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni
istehsal sahələrinin istifadəyə verilməsi münasibətilə
burada çalışacaq kollektivi təbrik edərək
demişdir ki, yeni istehsal sahələrinin istifadəyə
verilməsi əlamətdar bir gündə həyata
keçirilir. 14 iyul 1969-cu il ulu öndərimizin Azərbaycanda
hakimiyyətə gəldiyi gündür. 14 iyul Azərbaycan
tarixində dönüş nöqtəsi, Azərbaycanın
Azərbaycana qayıdışı günüdür. Əgər
həmin gün olmasaydı, Azərbaycan öz müstəqilliyinə
qovuşandan sonra yüksək sürətlə inkişaf edə
bilməzdi. O dövrdə həyata keçirilən tədbirlər
müstəqil Azərbaycanın bu gününə xidmət
edirdi. Bu barədə ulu öndərimiz də deyirdi ki, o illərdə
görülən işlər müstəqil Azərbaycanın
bu günü üçün nəzərdə tutularaq həyata
keçirilirdi. Doğrudan da, o illərdə əsası, təməli
qoyulmuş, qurulmuş müəssisələr, fabriklər,
sosial sahələri əhatə edən obyektlər indi də
müstəqil Azərbaycanın iqtisadiyyatına xidmət
edir. Onlar müasirləşdirilir, yenidən qurulur. Əgər
indiki dövrdə ulu öndər Heydər Əliyevin siyasəti
uğurla davam etdirilməsəydi, Azərbaycan güclü
dövlətə çevrilə bilməzdi. Prezidentimizin fəaliyyəti
nəticəsində Azərbaycanın bütün iqtisadi
rayonları inkişaf edir. İyirmi ildir ki, blokada vəziyyətində
yaşayan muxtar respublika da iqtisadi rayonların
inkişafından geri qalmır, bəzi sahələrdə isə
öncül yerlərdən birini tuta bilir. Yaradılan yeni
istehsal müəssisələri, həyata keçirilən tədbirlər
muxtar respublikanın iqtisadiyyatının inkişafı
üçün nəzərdə tutulubdur. İnkişaf isə
o yerdə mümkün olur ki, o yerdə dövlət
qayğısı, sabitlik var. Bu gün Azərbaycanın
iqtisadi rayonlarının hamısında sabitlik hökm
sürür, dövlət qayğısı var, nəticədə
inkişaf var. Əgər sahibkara dövlət dəstəyi
göstərilməsəydi, yəni müəssisələrin
qurulmasına dövlət tərəfindən 3 milyon manat
kredit verilməsəydi, bu müəssisənin qurulması,
yeni iş yerlərinin açılması, metal profil və
metal boruların istehsalı da mümkün olmazdı. Digər
tərəfdən, iqtisadi inkişaf olmadan istehsal məhsullarına
tələbat da ola bilməz. Əgər 6 ay ərzində
muxtar respublikada investisiya qoyuluşu 200 milyon manata
yaxındırsa, bu, bölgənin inkişafının
göstəricisi, iqtisadi yüksəlişinin nəticəsidir.
Belə layihələr həyata keçirilərkən, ilk
növbədə, muxtar respublikanın tələbatı nəzərə
alınır. İndiyədək həyata keçirilən
quruculuq işlərində istifadə olunan metal məmulatlarının
hamısı xaricdən idxal edilirdi. Belə hallar isə
ölkəmizdən vəsait axınına səbəb olurdu.
Yeni istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin
açılması dövlətimizin ayırdığı vəsaitin
ölkə daxilində xərclənməsi deməkdir. Bunun
üçün lazım olan digər tədbirlər də həyata
keçirilir. Belə tədbirlərdən biri də idxal edilən
məhsullara olan tələbatın yerli istehsal hesabına
ödənilməsindən, bu məqsədlə yeni fabrik,
zavodların qurulmasından ibarətdir.
Ali Məclisin sədri
demişdir ki, investisiya qoyuluşu təkcə sənaye müəssisələrini
əhatə etmir. Kənd təsərrüfatı sahələrinə
də investisiya qoyuluşu davam etdirilir, kreditlər verilir,
müəssisələr, anbarlar, lazım olan digər fabrik və
sexlər yaradılır. Belə tədbirlər muxtar
respublikanın tələbatını yerli istehsal hesabına
ödəməyə, yeni iş yerləri açmağa, əhalinin
rifah halını yaxşılaşdırmağa imkan verir. Azərbaycan
dövlətinin həyata keçirdiyi tədbirlərin də
əsas mahiyyəti bundan ibarətdir ki, insanların rifah
halı yaxşılaşdırılsın, yeni iş yerləri
açılsın, tələbata uyğun məhsullar istehsal
edilsin. Əgər nəzərə alınsa ki, bu tədbirlər
torpaqlarımızın iyirmi faizinin işğal olunduğu,
Azərbaycanın dünyada ikili standartlarla üzləşdiyi,
ölkə iqtisadiyyatının əsas hissəsinin vəsaitinin
ordu quruculuğuna sərf olunduğu bir vaxtda həyata
keçirilir, onda bu gün həyata keçirilən işlərin
əhəmiyyətini bir o qədər dərindən başa
düşmək olar. İndi görülən hər bir
iş ölkəmiz üçün çox qiymətlidir.
Ona görə ki, qurulan müəssisələr Azərbaycan
iqtisadiyyatının inkişafına, müstəqil dövlətimizin
möhkəmlənməsinə, Azərbaycan vətəndaşlarının
rifah halının yaxşılaşmasına xidmət edəcəkdir.
V.Talıbov dövlət
dəstəyi ilə yaradılmış bu müəssisədə
istehsal edilən məhsulların yüksək keyfiyyəti ilə
fərqlənəcəyinə, muxtar respublikanın abadlaşmasında,
inkişafında xüsusi çəkiyə malik
olacağına əminliyini ifadə etmişdir.
Sonra yeni istehsal sahəsinə
baxış keçirilmişdir.
Ali Məclisin
sədri metal boru və metal profil zavodunu işə salmışdır.
Məlumat verilmişdir ki, zavodun istehsal gücü saatda 1800 metrdir. Zavodda quraşdırılan avadanlıq Ukrayna istehsalıdır. Burada
müxtəlif diametrli
23 çeşiddə metal boru
və 35 çeşiddə
metal profil istehsal olunacaqdır. 16 min 182 kvadratmetr
ərazini əhatə
edən zavodda yeni iş yerlərinin
sayı 50, orta aylıq əmək haqqı isə 300 manatdır.
Xalq qəzeti.- 2010.- 15 iyul.- S. 2.