Xalqın dərin rəğbət və sarsılmaz inamını qazanmış lider

 

Tarixin yaddaşına möhürünü vurmuş böyük şəxsiyyətlər, ilk növbədə, mütərəqqi ideyalarla cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşlar. Xalqların tarixən formalaşan maraq və mənafeyini maksimum dərəcədə özündə ehtiva edən bu ideyalar, eyni zamanda, onların perspektiv milli inkişafı üçün möhkəm bünövrəyə çevrilmişdir. Həqiqi azadlığa zəmin yaradan iqtisadi müstəqillik də məhz belə fenomen şəxsiyyətlərin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanmışdır.

Bu gün hamı tərəfindən mübahisəsiz qəbul edilən bir həqiqət var ki, müstəqil Azərbaycanın qısa müddətdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev respublikanın keçmiş ittifaq miqyasında geridə qalmış respublikalardan biri kimi tanınması ilə barışmayaraq mövcud vəziyyətin kökündən dəyişdirilməsi üçün qətiyyətli addımlar atmış, mövcud resursları səfərbər etməklə tərəqqi və inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına çalışmış və buna nail olmuşdur. Heydər Əliyev respublikanın sosial-iqtisadi cəhətdən geridə qalmasının səbəblərini ilk gündən dəqiqliklə müəyyən etmiş, geniş xalq kütlələrini səfərbərliyə almaqla mövcud nöqsanların, çatışmazlıqların həllinə səy göstərmiş, ilkin mərhələdən respublikanın siyasi rəhbərliyinin birliyinə, monolitliyinə nail olmaqla yanaşı, kadrların milliləşdirilməsinə, xüsusilə gənc kadrların bütün sahələr üzrə vəzifəyə irəli çəkilməsinə çalışmışdır.

Sovetlər Birliyinin iqtisadi-siyasi və ideoloji cəhətdən ən güclü dövründə Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev vətənpərvər fəaliyyəti ilə həm də xalqımızda tarixi keçmişimizə, milli adət-ənənələrimizə, dilimizə, mədəniyyətimizə bağlılığı gücləndirmiş, yaratdığı zəngin elmi və iqtisadi potensialla milli müstəqilliyimizə əsaslı zəmin formalaşdırmışdır. Ümummilli liderimiz hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə böyük strateq kimi dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirləri həyata keçirmiş, bu istiqamətdə ciddi nailiyyətlər əldə etmişdir.

Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyatı, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndərimiz Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Bu baxımdan, təkcə 1991-ci il martın 17-də Azərbaycanda keçirilən və keçmiş SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun Naxçıvanda boykot edilməsi faktını xatırlatmaq kifayətdir. Xalqın ziyalı nümayəndələri respublikanın bütün bölgələrində aşkar saxtakarlıqla keçirilən bu "siyasi tamaşaya" kəskin etiraz etmiş, demokratiya və müstəqillik tərəfdarları içərisində ümummilli lider Heydər Əliyev həmişəki kimi öndə olmuşdur.

Azərbaycan Respublikası 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinə qovuşsa da, hakimiyyətdə xalqın etimad göstərdiyi, dəstəklədiyi siyasi qüvvənin olmaması ilkin mərhələdə özünü ciddi problem kimi göstərmiş, ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün dərinləşməsinə, vətəndaşların hüquq və azadlıqlarının addımbaşı pozulmasına, dövlətçiliyə potensial təhdid olan cinayətkar qruplaşmaların baş qaldırmasına gətirib çıxarmışdı. O zamankı böhranlı və ağır şəraitdə respublikanın gələcəyini düşünən, reallığı adekvat qiymətləndirməyi bacaran nüfuzlu ziyalılar xalqın düçar olduğu bəlalardan qurtulması üçün çıxış yolunu məhz ulu öndərimiz Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdülər. Ağır vəziyyətdən cana doymuş insanlar Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək üçün Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, böyük strateqin yenidən böyük siyasətə qayıdışını təkidlə tələb edirdilər. Nəhayət, respublikanın mütərəqqi fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu seçərək ümummilli liderin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayının 16-da "Səs" qəzetində ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması xahişi ilə müraciət etdilər.

Oktyabrın 24-də ulu öndərin ziyalıların müraciətinə verdiyi müsbət cavab isə Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyətin altına girməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Cavab məktubunda ziyalıların haqlı narahatlığını və həyəcanını bölüşən ümummilli lider yaranmış vəziyyətdən çıxış yollarını da böyük müdriklik və uzaqgörənliklə göstərirdi. Heydər Əliyevin Azərbaycanın mövcud durumunu və yaranmış təhlükəli vəziyyətdə çıxış yollarını göstərən, onun müdrik tövsiyələrini əks etdirən bu məktubu sonralar YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətini təşkil etmişdir. Məhz zamanın reallıqları üzərində qurulan, obyektiv təhlildən qaynaqlanan həmin proqram ilə Azərbaycan xilas edilmiş, sabitlik, tərəqqi və yüksəliş yoluna qədəm qoymuşdur. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə təsis qurultayını keçirən YAP qısa müddətdə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq fəaliyyətə başlayan, cəmiyyətdə özünə möhkəm dayaqlar tapan güclü siyasi təşkilata çevrilmiş, qarşıya qoyduğu hədəflərə doğru əzmlə irəliləmişdir. Ümummilli liderimiz partiyanın yaradılmasından bir neçə gün sonra "Səs" qəzetinə müsahibəsində demişdir: "Yeni qurduğumuz partiya bütün partiyalardan fərqlənməli, demokratik əsaslarla yaranmalıdır. Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, demokratiyanı inkişaf etdirmək, siyasi plüralizmə tamamilə geniş şərait yaratmaq, insanların bütün hüquqlarının qorunmasını təmin etmək, Vətənimizdə yeni bir hüquqi cəmiyyət yaratmaq yolu ilə gedən bir partiyanın yaranması zəruridir".

Partiyanın proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, ölkənin ərazi bütövlüyünün bərpası, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Bu mütərəqqi dəyər və ideyalar Azərbaycan xalqının bütün təbəqələrinin, ölkədə yaşayan bütün millətlərin nümayəndələrinin ümumi mənafelərini, arzu və istəklərini ifadə edir. Qısa zamanda zəngin həyat yolu keçmiş YAP ideyalarının xalqa daha cəlbedici və yaxın olması ilə ölkənin siyasi taleyində mühüm rol oynamaq qüdrətini tam təsdiqləmişdir. YAP-ın ideya məfkurəsini təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olmaqla yanaşı, Azərbaycanın siyasi gələcəyini, inkişaf prioritetlərini də şərtləndirmişdir.

YAP-ın ideologiyası onun fəaliyyətinin niyyətlərini və istiqamətlərini təyin etmək baxımından həlledici əhəmiyyətə malikdir. Partiyanın milli dövlətçilik konsepsiyasının əsasında ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası, milli məfkurəsi dayanır. Azərbaycançılıq ideologiyasının mahiyyəti, məzmunu, əsas komponentləri və istiqamətləri isə ilk dəfə olaraq məhz YAP-ın Nizamnamə və Proqramında ifadə olunmuşdur. Partiyanın yaranmasının 6-cı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda ümummilli liderimiz bununla bağlı demişdir: "Azərbaycanın müstəqil dövlət kimi milli ideologiyası Yeni Azərbaycan Partiyasının məramnaməsində öz əksini tapmışdır. Bu milli ideologiya nədən ibarətdir? Ən birincisi, dövlətçilik. Dövlətçiliyi qorumaq bu gün və gələcəkdə bizim hər birimizin əsas vəzifəsidir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".

Siyasi partiyanın gücü və qüdrəti təkcə elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, həm də qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq etmək imkanı ilə ölçülür. Bu mənada YAP-ın cəmiyyətdəki həlledici uğurlarını təmin edən başlıca amillərdən biri də onun qarşıya qoyduğu vəzifələri gerçəkləşdirmək potensialı ilə şərtlənmişdir. İqtidar partiyası kimi YAP-ın fəaliyyətə başladığı ilk illərdən ötən 18 ildə həlledici nəticələrə imza atması, dövlətçiliyi xaos və anarxiya burulğanından davamlı tərəqqi və yüksəliş yoluna çıxarması, öz potensialını səmərəli şəkildə realizə etməsi, ilk növbədə, ümummilli liderin fenomenal liderlik və idarəçilik keyfiyyətləri sayəsində mümkün olmuşdur. Müstəqil Azərbaycanın hazırda qazandığı böyük nailiyyətlər də məhz ulu öndər Heydər Əliyevin, o cümlədən onun yadigarı olan YAP-ın irəli sürdüyü inkişaf konsepsiyasına əsaslanır.

Dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də məhz siyasi varislik ənənələrinin təmin olunmasıdır. Siyasi varisliyin təmini əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktualdır. YAP-ın iqtidar partiyası olaraq ötən müddətdə qazandığı böyük uğurlar həm də siyasi varislik prinsipinin etibarlı şəkildə qorunması ilə bağlıdır. ARDNŞ- in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti vəzifələrini tutmuş cənab İlham Əliyevin 1999-cu ildə YAP sədrinin müavini vəzifəsinə, 2001-ci ildə isə birinci müavini vəzifəsinə seçilməsi partiyanın siyasi perspektivinə olan ümidləri daha da möhkəmləndirmiş, onun gəncləşməsində, cəmiyyətdəki mövqelərinin və nüfuzunun yüksəlməsində, sıralarının genişlənməsində vacib rol oynamışdır.

2000-ci ildə partiyanın proporsional siyahısına rəhbərlik edən cənab İlham Əliyev YAP-ın qələbəsində həlledici rol oynamaqla, zəruri liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir. Cənab İlham Əliyev hələ Milli Məclisin deputatı kimi Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən parlament nümayəndə heyətinə rəhbərlik edərkən milli maraqları ləyaqətlə qoruyan və daim uca tutan vətənpərvər siyasətçi olduğunu nümayiş etdirmişdir. Nəhayət, ən müxtəlif fəaliyyət sahələrində özünü peşəkar, bacarıqlı və vətənpərvər siyasətçi kimi təsdiqləyən, intellektual imkanlarını, biliyini, təcrübəsini xalqının mənafeyi naminə səfərbər edən cənab İlham Əliyev xalqın ciddi istəyi, ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə 2003-cü ilin prezident seçkiləri marafonuna qoşulmuş və inamlı qələbə qazanmışdır. Ötən müddətdə YAP üzvləri arasında, ümumən cəmiyyətdə qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının varisliyini təmin edəcək alternativsiz siyasi xadimdir.

YAP İdarə Heyətinin üzvləri ilə 11 mart 2004-cü il tarixli görüşündə Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi partiyanın gələcək fəaliyyətində də ümummilli liderimiz Heydər Əliyev siyasi kursuna əsaslanacağını bəyan etmiş, fəaliyyəti ilə bu vədinə sadiqliyini tam təsdiqləmişdir. Həmin görüşdə YAP üzvlərinin qarşısına bir sıra yeni vəzifələr qoyan Prezident İlham Əliyev bildirmişdir ki, hər bir partiya üzvü ümummilli liderimiz Heydər Əliyevin ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Mən də öz siyasi fəaliyyətimi bu partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin və qüdrətli dövlətə çevriləcək".

Həmin görüşdən ötən 6 illik zaman kəsiyi deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyev bu vədini də əməli işi ilə doğrultmuş, respublikamızı dinamik inkişaf və tərəqqi yoluna çıxarmış, onun bütün sahələrdə müasirləşməsini, güclənməsini, vətəndaşların sosial rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin etmişdir. Bütün bunlar isə ölkə başçısına və onun rəhbərlik etdiyi komandaya, siyasi partiyaya rəğbəti gücləndirir, həyata keçirilən islahatlar cəmiyyətdən ciddi dəstək alır.

Əminliklə demək olar ki, cənab İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyduğu bütün vəzifələri uğurla həyata keçirən, dövlətin, xalqın hərtərəfli inkişafına böyük töhfə verən YAP bundan sonrakı fəaliyyətində də daim ulu öndər Heydər Əliyevin ölməz ideyalarını rəhbər tutacaq, bu ideyaların praktik surətdə gerçəkləşməsinə çalışacaqdır.

 

 

Nəbi XƏLİLOV

 

Xalq qəzeti.- 2010.- 15 iyul.- S. 3.