Ağsuda ulu öndərin xatirəsi ehtiramla yad olundu

 

Ümummilli lider Heydər Əliyevin birinci dəfə siyasi hakimiyyətə gəlməsinin 41-ci ildönümü Ağsu rayonunda təntənəli qeyd edilib. Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri ümummilli liderin adını daşıyan parka gələrək ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzdülər. Sonra Heydər Əliyev Mərkəzinə gələn qonaqlar burada bu dahi şəxsiyyətin həyat və ictimai-siyasi fəaliyyəti ilə yaxından tanış oldular.

Qonaqlar, eyni zamanda, Heydər Əliyev Mərkəzində ümummilli liderə həsr olunmuş "Ömür yolu" adlı filmə tamaşa etdilər.

Daha sonra tədbir Ağsu Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbiri açaraq "Azərbaycanın özü qədər əbədi və həmişəyaşar lider" adlı məruzə ilə çıxış etdi. Ə.Seyidəliyev çıxışında ümummilli liderin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həmçinin 1982-1987-ci illərdə keçmiş sovetlər ittifaqının liderlərindən biri olduğu dövrdə də Azərbaycanın dövlət müstəqilliyi üçün möhkəm zəmin yaratması barədə yığıncaq iştirakçılarına məlumat verdi. Həmin illərdə respublikamızda güclü kadr potensialı yaradılmış, iqtisadiyyatda irəliləyişlər baş vermişdi. Məhz həmin dövrdə Azərbaycan keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilmişdir. Natiq çıxışında qeyd etdi ki, Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik illəri müstəqilliyə doğru böyük dönüşmilli oyanışın başlanması dövrü oldu. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan ,zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı.

O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və dərhal onların icrasına başlanıldı. Beləcə, Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı.

Digər çıxış edənlər də bugünkü Azərbaycanın inkişafında Heydər Əliyev uzaqgörənliyini xüsusi qeyd edərək, bu tarixi şəxsiyyətin keçdiyi şərəfli ömür yolundan danışdılar.

Tədbir Heydər Əliyev parkının yay konsert kompleksində rayon mədəniyyət və turizm şöbəsinin özfəaliyyət kollektivinin konsert proqramı ilə davam etdirildi.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2010.- 15 iyul.- S. 3.