Dağlıq Qarabağın azərbaycanlı
icması öz fəaliyyətini
genişləndirir
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli və azərbaycanlıların öz
doğma yurdlarına qayıtması
istiqamətində həyata keçirilən tədbirlərdə
Azərbaycan Respublikası Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı icmasının rolu əhəmiyyətli dərəcədə
artmaqdadır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə
nizama salınması ümummilli liderimiz Heydər Əliyevin
xarici siyasət fəaliyyətində mühüm yer
tutmuşdur. Bu məqsədlə 1993-cü ilin ikinci
yarısından başlayaraq Prezident Heydər Əliyev
respublikamızın təhlükəsizlik problemlərini,
xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi
təcavüzü məsələsini beynəlxalq aləmə
çıxararaq, regionda sülhün bərqərar olması
üçün nüfuzlu beynəlxalq təşkilatların
təsirini artırmağa çalışmışdır.
Münaqişənin
sülh yolu ilə həll edilməsi üçün Prezident
Heydər Əliyevin ən yüksək səviyyədə
dövlət başçıları və nümayəndə
heyətləri ilə ikitərəfli, eləcə də
çoxtərəfli görüşlərdə, ATƏT-in
zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri
ilə aparılan müzakirələrdə, eyni zamanda, Ermənistan
prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi
səylər dövlət başçısının
apardığı ardıcıl və məqsədyönlü
siyasətin mühüm tərkib hissəsini təşkil
etmişdir.
Ümumiyyətlə,
1992-ci ildən başlayaraq ATƏT-in Minsk qrupu çərçivəsində
aparılan danışıqlar və bu qurumla
qarşılıqlı əməkdaşlıq ümummilli
liderimiz Heydər Əliyevin ciddi səyləri ilə Azərbaycanın
xarici siyasət kursunun mühüm tərkib hissələrindən
birinə çevrilmişdir. Yalnız onu qeyd etmək kifayətdir
ki, 1993-2003-cü illər ərzində Azərbaycanın
dövlət başçısı Heydər Əliyev Ermənistan
prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk
qrupunun nümayəndələri ilə 140-a qədər
görüş keçirmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması istiqamətində beynəlxalq təşkilatlarin
səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən
başlayaraq, yeni formatda addımlar atılmişdır. Bu, Azərbaycan
və Ermənistan prezidentlərinin birbaşa dialoqunun
aparılması olmuşdur. Həmin vaxtdan bu günə qədər
iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə,
Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə,
Ki-Uestdə, Kişinyovda, Strasburqda, Varşavada, Astanada,
Kazanda, Rambuyedə, Buxarestdə, Sürixdə, Praqada,
Münhendə, Soçidə, Sankt-Peterburqda və iki
respublikanın sərhədində - Sədərəkdə
40-dan çox görüş keçirmişlər.
Ancaq çox
ağır və çətin keçən
danışıqlar zamanı Azərbaycan tərəfi öz
haqlı mövqeyini müdafiə edərkən bir sıra
çətinliklərlə qarşılaşır.
Çünki münaqişə başlayandan keçən
dövr ərzində aparılan danışıqlarda təcavüzkar
Ermənistan qeyri-konstruktiv mövqedən
çıxış edərək
işğalçılıq siyasətindən əl çəkmir.
Digər tərəfdən isə, dünya birliyinin "ikili
standartlar" prinsipindən çıxış etməsi,
BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz
təklif və qətnamələrini həyata keçirmək
üçün konkret fəaliyyət göstərməməsi
danışıqlar prosesində irəliləyişin əldə
olunmasına maneçilik törədir.
Buna baxmayaraq, Azərbaycan
dövləti beynəlxalq təşkilatların, xüsusilə
də münaqişəni dinc vasitələrlə nizama salmaq
üçün fəaliyyət göstərən ATƏT-in
sülhyaratma təkliflərinə hörmətlə
yanaşaraq onun işində müntəzəm və əməli
şəkildə iştirak edir. Təkcə onu qeyd etmək
kifayətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev
keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri
ilə 50-dən çox görüş keçirmişdir və
bu da münaqişənin nizama salınması istiqamətində
aparılan danışıqlarda ölkəmizin ilk növbədə
sülh variantına üstünlük verdiyinə sübutdur.
Ümummili liderimiz Heydər
Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycan
Prezidenti seçildiyi ilk gündən Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınmasına xüsusi diqqət yetirən İlham Əliyev
bu məsələdə yalnız respublikamızın milli və
dövlətçilik maraqlarını daim üstün
tutduğunu nümayiş etdirmişdir. Azərbaycan Prezidenti
bütün xarici səfərlərdə, eləcə də
Bakıda keçirdiyi çoxsaylı görüşlərdə
Ermənistanın hərbi təcavüzü məsələsini
daim önə çəkərək Azərbaycan
xalqının öz torpaqlarının işğalı ilə
heç zaman barışmayacağını, ehtiyac
yarandığı halda, hərbi əməliyyatların
başlanmasına qərar verəcəyini
vurğulamışdır. Bununla yanaşı, Azərbaycanın
dövlət başçısı münaqişənin dinc
vasitələrlə nizama salınmasının tərəfdarı
olduğunu bildirmiş, beynəlxalq təşkilatların bu
sahədə səylərini gücləndirməsinin zəruriliyini
bəyan etmişdir.
Münaqişənin
nizama salınmasına dair aparılan
danışıqların "Praqa prosesi" adını
almış variantının ictimaiyyət üçün
açıqlanan əsas elementləri ondan ibarətdir ki,
burada nizamlanmanın "mərhələli həll"
variantının detalları müzakirə obyektinə
çevrilmişdir. Ermənistanın münaqişənin
"Praqa prosesi", yəni "mərhələli həll"
variantı ilə razılaşmaq məcburiyyətində
qalması, heç şübhəsiz, Azərbaycan Prezidenti cənab
İlham Əliyevin apardığı uğurlu xarici siyasətin
nailiyyətlərindən biri hesab olunmalıdır.
2004-2006-cı illərdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması istiqamətində
aparılan danışıqlarda Ermənistanın
qeyri-konstruktiv mövqedən çıxış etməsi
"Praqa prosesi"nin yenidən dalana dirənməsinə və
danışıqların nəticəsiz qalmasına gətirib
çıxardı. Ermənistan-Azərbaycan münaqişəsinin
nizama salınması prosesini sürətləndirmək
üçün yenidən baza prinsipləri 2007-ci il
noyabrın sonunda Madriddə tərəflərə təqdim
olundu.
Bundan sonra, 2008-ci il
iyunun 5-də Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, 2009-cu
il yanvarın 28-də Sürixdə, mayın 7-də Praqada,
iyunun 4-də Sankt-Peterburqda, iyulun 17-18-də Moskvada,
oktyabrın 8-9-da Kişinyovda, noyabrın 22-də Münhendə,
2010-cu il yanvarın 25-də Soçidə, iyunun 17-də isə
Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin
10 görüşü keçirilmişdir. Bu
görüşlər zamanı danışıqların
mahiyyəti haqqında verilən məlumatlarda bildirilir ki, son
beş ildə "Praqa prosesi" çərçivəsində
işlənilməsi başlanılan və Madrid sənədinə
çevrilən baza prinsipləri mövcuddur. Bu prinsiplərin
bəziləri üzrə müəyyən razılaşma əldə
edilmişdir. Hazırda prezidentlər səviyyəsində
müzakirə olunan bir neçə prinsip üzrə
anlaşmanın müəyyən cizgiləri hiss olunur. Bu
kontekstdə bütün məsələlərə dair
ümumi razılıq əldə olunduqdan sonra hər
hansı bir yekun sənədin qəbul ediləcəyi
bildirilir.
Aparılan
danışıqların gedişi konfidensial səciyyə
daşısa da, Azərbaycan Prezidenti İlham Əliyev bu
gün danışıqlar masası üzərində
bütün işğal edilmiş Azərbaycan
torpaqlarının qaytarılması və məcburi
köçkünlərin öz doğma ev-eşiklərinə
qayıdışı məsələlərinin
mövcudluğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın
danışıqlar prosesini süni şəkildə
uzatdığını və bu taktikanın heç bir
perspektivinin olmadığını söyləyən dövlət
başçısı İlham Əliyev nə bu gün, nə
on il, nə də yüz il sonra Dağlıq Qarabağın
müstəqil olmayacağını
vurğulamışdır. Eyni zamanda, Prezident İlham Əliyev
qeyd etmişdir ki, Azərbaycanın mövqeyi birmənalıdır
və biz bütün təzyiqlərə baxmayaraq, sonadək
öz mövqeyimizi müdafiə edəcəyik.
2009-cu il iyulun 10-da
"Böyük səkkizlər"in İtaliyanın Akvil
şəhərində keçirilən toplantısında
ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq
Qarabağ problemini də müzakirə etdilər. Sonda hər
üç prezidentin münaqişə ilə bağlı qəbul
etdikləri birgə bəyanatda həmsədrlərə Azərbaycan
və Ermənistan prezidentlərinə baza prinsiplərinə
dair son təkliflərin əks olunduğu, yəni 2007-ci il
noyabrın 29-da açıqlanmış Madrid təklifləri
üzrə yeni versiyanı təqdim etməyi
tapşırdılar. Bununla yanaşı, sənəddə ATƏT-in
Minsk qrupunun həmsədri olan dövlətlərin prezidentlərinin
Azərbaycan və Ermənistan prezidentlərinə qalan fikir
ayrılıqlarını aradan qaldırmaq və hərtərəfli
sülh planının əsasını təşkil edəcək
baza prinsiplərini razılaşdırılmasını
başa çatdırmaq çağırışı
öz əksini tapdı. Eyni zamanda, bəyanatda bu prinsiplərin
Helsinki Yekun Aktına, yəni gücün tətbiq edilməməsi,
ərazi bütövlüyü və öz müqəddəratını
təyinetmə hüququna əsaslandığı qeyd olundu.
Artıq 18 ildir ki, təcavüzkar
Ermənistan aparılan danışıqlar prosesində həmişə
qeyri-konstruktiv mövqedən çıxış edərək
hər dəfə bu prosesi uzatmağa çalışır.
Azərbaycan dövlətinin mövqeyi isə, əvvəlki
kimi birmənalıdır. Yəni, ermənilər
Dağlıq Qarabağ ətrafında işğal etdikləri
əraziləri mərhələli şəkildə azad etməli,
məcburi köçkünlər öz doğma yurdlarına
qayıtmalıdırlar. Dövlət başçısı
İlham Əliyev bəyan etmişdir ki, Dağlıq
Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən
Şuşaya qayıtdıqdan sonra status məsələsi
müzakirə oluna bilər. Heç şübhəsiz ki,
bütün bunlar Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Prezident İlham Əliyev qeyd
etmişdir ki, gələcəkdə Dağlıq
Qarabağın azərbaycanlı və erməni icmaları
yüksək muxtariyyət şəraitində, Azərbaycan
dövlətinin tərkibində yaşamalıdırlar.
2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan
prezidentlərinin birgə imzaladığı bəyannamədə
də münaqişənin ərazi bütövlüyü
çərçivəsində həlli nəzərdə
tutulur. 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər
nazirlərinin Afinada keçirilən görüşündə
qəbul edilmiş sənəd də məhz bu
yanaşmanı təsdiq edir.
Ermənistan tərəfinin
mövqeyinə gəldikdə isə, ermənilər öz
müqəddəratını təyinetmə prinsipini əsas
gətirərək Dağlıq Qarabağın müstəqil
dövlət kimi tanınmasına çalışırlar.
Ancaq ermənilər öz müqəddəratını təyinetmə
hüququndan hələ ötən əsrin əvvəllərində
ən yüksək səviyyədə istifadə edərək
özlərinin müstəqil dövlətini - Ermənistan
Respublikasını yaratmışlar. Dağlıq Qarabağ
bölgəsinin erməniləri isə müstəqil Azərbaycan
dövlətində yaşayan milli azlıqlardan biridirlər.
Beynəlxalq hüquq normalarına görə milli azlıqlar
öz müqəddəratlarını təyin edə bilərlər
(internal self-determination). Lakin bu, müstəqillik formasında
ola bilməz. Çünki müstəqil dövlətin ərazisində
yaşayan milli azlıqların belə hüquqları yoxdur.
Bu baxımdan, ermənilərin öz müqəddəratını
təyin etmə hüququnu bəhanə etməsi beynəlxalq
hüquq normalarının kobud şəkildə pozulması
deməkdir.
Bu səbəbdən Azərbaycan
Prezidenti İlham Əliyev dəfələrlə bəyan
etmişdir ki, Azərbaycan torpağında ikinci erməni
dövlətinin yaradılmasına Azərbaycan dövləti
və xalqı heç vaxt imkan verməyəcək.
Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində
hər hansı bir status verilə bilər. Lakin bu, Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
mümkündür. Bundan əlavə, Ermənistan tərəfi
aparılan danışıqlarda Dağlıq Qarabağın
üçüncü tərəf kimi iştirakının təmin
olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır
və heç bir məntiqə uyğun deyil. Çünki
Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf
kimi danışıqlarda iştirakı məsələsi nəinki
ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin
sonunda Moskvada imzalanmış məlum bəyannamədə də
açıq şəkildə bildirilir ki, münaqişənin
nizamlanması istiqamətində aparılan danışıqlar
prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri
iştirak edə bilər.
Dağlıq
Qarabağın Azərbaycanın tərkib hissəsi
olduğunu dəfələrlə bəyan edən Azərbaycan
Prezidenti İlham Əliyev 2009-cu il iyulun 13-də Londonda məşhur
Kral Beynəlxalq Münasibətlər İnstitutunda
görüşü zamanı Ermənistan rəhbərinin
Moskva bəyannaməsini tərəf kimi
imzaladığını vurğulamaqla yanaşı,
danışıqların Ermənistanla Azərbaycan
arasında aparıldığını və bunun beynəlxalq
format olduğunu bildirərək qeyd etdi ki, əgər
Dağlıq Qarabağ münaqişə tərəfi
olsaydı, onda Ermənistan tərəfi bəyannaməni
imzalamazdı. Bununla yanaşı, dövlət
başçısı bəyan etdi ki, "Əgər
Dağlıq Qarabağın erməni icması iştirak etmək
istəyirsə, onda onlar Dağlıq Qarabağın azərbaycanlı
icması ilə danışıqlara gedə bilərlər".
Bu baxımdan son vaxtlar Dağlıq Qarabağın azərbaycanlı
icmasının yenidən formalaşması mühüm əhəmiyyət
kəsb edir.
Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər
Şurasının Helsinkidə keçirilən birinci əlavə
görüşündə imzalanmış sənədin 9-cu
bəndinə əsasən yaradılmışdır. ATƏM/
ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və
Azərbaycana münaqişə tərəfləri,
Dağlıq Qarabağın azərbaycanlı və erməni
icmasına isə münaqişənin nizama salınması istiqamətində
aparılan danışıqlarda maraqlı tərəf kimi
mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı
icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda
aparılan danışıqlarda iştirak etmişdir. Bununla
yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın
azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə
Nazirliyində qeydiyyata alınmışdır. İcmanın
fəaliyyətinə hüquqi statusun verilməsi və bir
ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli
fəaliyyət göstərməsinə imkan yaratdı.
Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının yenidən formalaşması istiqamətində
atılan növbəti addım isə 2009-cu il iyunun 5-də
Bakı şəhərində icmanın I qurultayının
keçirilməsi oldu. Qurultaya 65 min nəfərdən
çox icma üzvünü təmsil edən 350 nəfər
nümayəndə seçilmiş, eləcə də
qurultayın işində Azərbaycanda fəaliyyət
göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq
və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən
çox nümayəndəsi qonaq kimi iştirak etmişdir.
Qurultayda "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması" İctimai Birliyinin Nizamnaməsinə əlavə
və dəyişikliklər edilmiş və icmanın 22 nəfərdən
ibarət idarə heyəti, idarə heyətinin sədri, əlaqələndirmə
şurasının sədri və nəzarət-təftiş
komissiyası seçilmişdir. Şuşa Rayon İcra
Hakimiyyətinin başçısı Bayram Səfərov
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin
sədri və icmanın rəhbəri seçilmişdir.
Dağlıq
Qarabağın azərbaycanlı icmasının nümayəndələri
ilə yanaşı, Azərbaycanın tanınmış
ziyalıları, görkəmli elm və mədəniyyət
xadimlərinin iştirak etdikləri qurultayda keçən
dövr ərzində görülmüş işlər ətraflı
təhlil edilmiş, icma qarşısında duran əsas vəzifələr
müəyyənləşdirilmişdir. Bununla yanaşı,
qurultayda Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları və hərbi təcavüzü nəticəsində
Dağlıq Qarabağ azərbaycanlılarının
düşdüyü acınacaqlı vəziyyət, eləcə
də ermənilərin azərbaycanlılara qarşı tarix
boyu törətdikləri soyqırım cinayətlərinin
dünya ictimaiyyətinə çatdırılması
icmanın qarşısında duran ən mühüm vəzifə
kimi vurğulanmış və gələcək tədbirlər
planının həyata keçirilməsi mexanizmləri
göstərilmişdir.
Qurultayda beynəlxalq təşkilatlara,
xarici ölkələrin parlamentlərinə, dövlət və
hökumət başçılarına, eləcə də
dünya ictimaiyyətinə ünvanlanmış müraciətdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq normalarına
uyğun həll edilməsi üçün ardıcıl səylərin
göstərilməsi qeyd edilməklə yanaşı, Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsindən məcburi
köçkün düşmüş azərbaycanlı əhalisinin
bu çağırışına onların biganə
qalmayacağı, münaqişənin ədalətli həlli
üçün daha qətiyyətli və prinsipial mövqe
tutacaqları öz əksini tapdı. Həmin gün yeni
seçilmiş idarə heyətinin üzvlərinin qurultaydan
sonra xarici ölkələrin Azərbaycanda fəaliyyət
göstərən səfirləri ilə görüşü
keçirilmiş, Ermənistanın hərbi təcavüzü
və onun nəticələri barədə diplomatlara məlumat
verilərək təmsil etdikləri ölkələrdə Azərbaycan
həqiqətlərinin obyektiv şəkildə
çatdırılması işində onların rolunun
mühüm əhəmiyyət daşıdığı
vurğulanmışdır.
"Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı
icması" İctimai Birliyinin idarə heyətinin
iclasında idarə heyəti üzvləri arasında vəzifə
bölgüsü aparılmış, onların daxil olduğu
elm, təhsil və mədəniyyət, icmadaxili məsələlər,
beynəlxalq əlaqələr, informasiya və ictimaiyyətlə
əlaqələr, hüquqi təminat və insan
hüquqları bölmələrinin fəaliyyət istiqamətləri
müəyyənləşdirilmiş, əlaqələndirmə
şurasının strukturu təsdiq edilmişdir. İclasda Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyev çıxış edərək
icmanın yenidən formalaşmasının böyük əhəmiyyət
kəsb etdiyini qeyd etmiş, idarə heyətinin iki istiqamətdə
fəaliyyət göstərməsini, yəni həm ölkə
daxilində iş aparmasını, həm də beynəlxalq
qurumlarla əlaqələrin genişləndirilməsinin
vacibliyini vurğulamışdır.
Akademik R.Mehdiyev
icmanın fəaliyyətinin canlandırılması və məqsədyönlü
xarakter alması üçün Qarabağ əhalisi
arasında maarifləndirmə işlərinin səviyyəsini
yüksəltməyin zəruriliyini bildirmiş, bu istiqamətdə
icmanın saytının, mətbu orqanın xüsusi rol
oynayacağını və Azərbaycanın mövqeyinin
dünyaya çatdırılması üçün beynəlxalq
tədbirlərin keçirilməsinin əhəmiyyətini
xüsusi qeyd etmiş və bu görüşlərin sayəsində
ermənilərin azərbaycanlılar barədə
yaratdıqları yanlış təsəvvürü
heçə endirməyi tövsiyə etmişdir.
İcmanın qarşıya qoyduğu məqsədlərə
çatmaq üçün təcavüzkarın
ifşası istiqamətində, eləcə də
münaqişənin nizama salınması prosesində Azərbaycanın
milli və dövlətçilik maraqlarından
çıxış edərək daha səmərəli fəaliyyət
göstərməsi çox vacib və əhəmiyyətlidir.
Bu səbəbdən dövlət başçısı
İlham Əliyev 2009-cu il avqustun 31-də "Dağlıq
Qarabağ bölgəsinin azərbaycanlı icması"
İctimai Birliyinin fəaliyyətinin maddi-texniki təminatının
yaxşılaşdırılması tədbirləri
haqqında sərəncam imzaladı.
Sərəncamda 65 min nəfərdən
çox insanı birləşdirən Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının rolunun əhəmiyyətli dərəcədə
artdığı vurğulanaraq, icmanın keyfiyyətcə
yeni, təşkilati baxımdan möhkəmlənmiş
ictimai birliyə çevrilməsi və idarəetmə
strukturlarını yaratması bildirilir.
Dövlət
başçısı tərəfindən Dağlıq
Qarabağın azərbaycanlı icmasına göstərilən
qayğı və diqqət, icmanın qarşısında
duran vəzifələrin həyata keçirilməsi işinə
stimul vermiş və bu istiqamətdə ictimai birlik öz fəaliyyətini
genişləndirərək, Qarabağ həqiqətlərini
beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə,
eləcə də təcavüzkarın ifşası istiqamətində
Azərbaycanda fəaliyyət göstərən müxtəlif
ölkələrin səfirlikləri və beynəlxalq
qurumların nümayəndələri ilə müntəzəm
olaraq görüşlər keçirir. Belə ki, 2009-cu il
iyulun 2-də icmanın idarə heyətinin ATƏT-in həmin
dövrdəki fəaliyyətdə olan sədri,
Yunanıstanın xarici işlər naziri xanım Dora
Bakoyanniş, oktyabrın 6-da isə ATƏT-in Minsk qrupunun həmsədrləri
ilə görüşləri keçirilmişdir. Həmin
görüşlərdə idarə heyətinin üzvləri
bildirmişlər ki, Dağlıq Qarabağın Azərbaycan
Respublikası tərkibində statusu azərbaycanlılar
doğma yurdlarına qayıdandan, eləcə də hər
iki icma üzvlərinə bərabər şərait
yaradıldıqdan sonra müəyyənləşdirilə
bilər.
Dağlıq
Qarabağdan olan məcburi köçkünlərin öz
yurdlarına qayıtmasının münaqişənin ədalətli
həlli üçün başlıca şərt olduğu
vurğulanmaqla yanaşı, bu bölgənin bütün
dövrlərdə Azərbaycan mədəniyyətinin əsas
mərkəzlərindən biri olduğu bildirilmiş və
qeyd edilmişdir ki, Ermənistanın hərbi təcavüzü
nəticəsində həmin ərazilərdə
xalqımızın çoxəsrlik tarixi və mədəniyyət
abidələrinin hamısı dağıdılmış və
ya məhv edilmişdir.
Ermənilərin daim
öz müqəddəratını təyinetmə prinsipini
ön plana çəkməsinə baxmayaraq, beynəlxalq
hüquqda bu prinsipin heç bir vəchlə müəyyən
dövlətin ərazisinin bir hissəsinin həmin dövlətin
razılığı olmadan ondan ayrılmasına əsas və
icazə vermədiyi bildirilmişdir. İdarə heyətinin
üzvləri keçirilən görüşlərdə Azərbaycan
dövlətinin Dağlıq Qarabağın inkişafı
üçün orada yaşayacaq hər iki icmanın xeyrinə
lazımi tədbirləri görməyə hazır
olduğunu qeyd edərək, bu mərhələyə
keçmək üçün ilk növbədə Ermənistan
tərəfindən bütün Azərbaycan ərazilərinin
işğalına son qoyulmasının vacibliyini diqqətə
çatdırmışlar.
Bununla yanaşı,
Dağlıq Qarabağın azərbaycanlı icması
regionda və dünyada baş verən hadisələrə
müntəzəm olaraq öz münasibətini bildirmiş,
beynəlxalq tədbirlərdə mövqeyini
açıqlamışdır. Belə ki, 2009-cu il
oktyabrın 12-də ictimai birliyin idarə heyətinin
iclasında Türkiyə və Ermənistan arasında
münasibətlərin normallaşdırılması və
diplomatik əlaqələrin yaradılmasına dair
protokolların imzalanması ilə bağlı qardaş
ölkənin ictimaiyyətinə edilən müraciətdə
Azərbaycan ərazilərinin işğalının davam
etdiyi hazırki şəraitdə Türkiyənin Ermənistanla
sərhədini açmasının yolverilməz olduğunu
vurğulamaqla yanaşı, qeyd edilirdi ki, bu hadisə təcavüzkarı
işğalçılıq siyasətini davam etdirməyə
ruhlandıraraq münaqişənin ədalətli həlli
prosesinə böyük zərbə vuracaq, azərbaycanlıların
Dağlıq Qarabağa və ətraf rayonlara
qayıtmasına əngəl törədəcək.
2009-cu il dekabrın 16-da
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icması" İctimai Birliyi adından
ABŞ Prezidenti Barak Obamaya göndərilmiş məktubda
vurğulanırdı ki, Azərbaycan və Ermənistan
prezidentləri arasında sülh
danışıqlarının getdiyi bir mərhələdə
ABŞ Konqresinin Dağlıq Qarabağdakı qondarma bir rejimə
8 milyon dollar məbləğində vəsait ayırması
Dağlıq Qarabağın azərbaycanlı icmasını
silah gücü ilə öz doğma torpaqlarından
çıxararaq etnik təmizləmə siyasəti həyata
keçirən separatçı rejimin və Ermənistanın
dəstəklənməsi deməkdir. Bu hadisə
Dağlıq Qarabağ icmalarına münasibətdə
balansın pozulmasına gətirib çıxara biləcək
bir amildir və ona görə də göstərilən hər
hansı siyasi, iqtisadi və maliyyə dəstəyi hər iki
icmaya bərabərhüquqlu yanaşma nümayiş etdirilməsi
istiqamətində olmalıdır ki, bu da münaqişənin
ədalətli həllinə kömək edə bilər.
2009-cu il dekabrın 1-də
Berlin şəhərindəki Brandenburq Elmlər
Akademiyasında "Azərbaycan Respublikası Dağlıq
Qarabağ bölgəsinin azərbaycanlı icması"
İctimai Birliyi və Almaniya-Azərbaycan Forumu
"Dağlıq Qarabağ - Azərbaycanın mədəniyyət
beşiyi" mövzusunda elmi simpozium keçirmişdir.
İcmanın xaricdə keçirilən ilk beynəlxalq tədbirində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin regionun inkişafına ciddi əngəl
olduğu, davamlı sülhə və sabitliyə təhlükə
yaratdığı bildirilməklə yanaşı,
Dağlıq Qarabağın mədəni-tarixi irsindən,
eyni zamanda, Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasətindən bəhs edən
fotosərgi və Qarabağ xalçaları nümayiş
etdirilərək bu bölgənin əzəli Azərbaycan
torpağı və ayrılmaz bir hissəsi olduğu faktlarla
diqqətə çatdırılmışdır.
"Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması" İctimai Birliyi müntəzəm olaraq
Xocalı soyqırımı, Şuşanın və digər
Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar
xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara,
dünya ictimaiyyətinə müraciətlər etməklə,
Ermənistanın ölkəmizə qarşı ərazi
iddiaları və hərbi təcavüzü haqqında daha
dolğun təsəvvür yaratmağa və onları bu məsələyə
biganə qalmamağa çağırmışdır.
Ümumiyyətlə,
Dağlıq Qarabağın 65 min nəfərdən çox
olan azərbaycanlı əhalisinin fəallığının
artırılması istiqamətində görülən
işlər çox zəruri və təqdirəlayiqdir. Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının mərkəzi qərargahının yeni
binasının istifadəyə verilməsi icmanın fəaliyyətinin
əlaqələndirilməsi və bu sahədə həyata
keçirilən işlərin səmərəsinin daha da
artırılması baxımından mühüm əhəmiyyət
kəsb edir. İcmanın nüfuzlu şəxslərdən -
Azərbaycanın tanınmış ziyalıları, görkəmli
elm və mədəniyyət xadimlərindən ibarət olan
idarə heyəti artıq öz fəaliyyət istiqamətlərini
müəyyənləşdirməklə yanaşı, istər
ölkə daxilində, istərsə də respublikadan kənarda
beynəlxalq qurumlarla əlaqələrini genişləndirir.
İctimai birliyin fəaliyyətini
daha da canlandırmaq üçün təşkilatlanma
işlərini sürətləndirmək, Qarabağ həqiqətləri
haqqında dünya ictimaiyyətinin məlumatlandırılması
üçün keçirilən tədbirlərin
coğrafiyasını genişləndirmək, Ermənistanın
beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq
lazımdır.
2010-cu il yanvarın 25-də
Rusiyanın vasitəçiliyi ilə Soçidə Azərbaycan
və Ermənistan prezidentlərinin növbəti
görüşü zamanı münaqişənin nizama
salınması istiqamətində danışıqlar ATƏT-in
Minsk qrupu həmsədrlərinin 2009-cu ilin dekabr ayında təklif
etdiyi yenilənmiş Madrid prinsipləri əsasında
aparılmışdır. Bu danışıqlardan sonra Azərbaycan
tərəfi Madrid prinsipləri əsasında verilən bu təklifi
prinsip etibarı ilə qəbul etmiş, Ermənistan isə
verilən təklifə münasibət bildirmək
üçün iki həftə vaxt istəmişdi. Ancaq
keçən dövr ərzində Ermənistan həmsədrlərə
rəsmən heç bir cavab verməmişdir.
2010-cu il iyunun 26-da ATƏT-in
Minsk qrupunun həmsədri olan ölkələrin
"Böyük səkkizlərin" Torontoda keçirilən
sammitində qəbul etdikləri birgə bəyanatda
münaqişə tərəflərinə təqdim
olunmuş yenilənmiş Madrid prinsiplərinə istinad
edilir. Bu prinsiplərə görə Ermənistan
qoşunları işğal edilmiş rayonlardan
çıxmalı, qaçqınlar öz yurdlarına
qayıtmalı, münaqişə bölgəsində
sülhməramlı qüvvələr yerləşdirilməli,
Dağlıq Qarabağa özünüidarəetmə
imkanı yaradan aralıq status verilməlidir. Yekun statusun
müəyyənləşdirilməsi isə növbəti mərhələdə
müzakirə edilib həyata keçirilə bilər. Bu səbəbdən
yenilənmiş Madrid prinsiplərinin Azərbaycanın deyil,
üç həmsədr (ABŞ, Rusiya, Fransa) ölkənin təklifi
olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev
Ermənistan tərəfinin öz mövqeyini bildirməsinin
vacibliyini vurğulayaraq qeyd etmişdir: "...Ermənistan ya
Rusiya, Fransa, Amerika tərəfindən verilmiş təklifə
müsbət cavab verəcək və o təqdirdə biz məsələnin
həllinə yaxınlaşacağıq, ya da ki, mənfi
cavab veriləcək və beləliklə,
danışıqlar prosesi pozulacaq və Ermənistan ilə Azərbaycan
arasında yeni bir dövr başlaya bilər".
Praqa prosesinin Ermənistan
üçün son şans olduğunu bildirən dövlət
başçısı İlham Əliyev bugünkü
status-kvonun davam edəcəyinin heç cür qəbul
olunmayacağını bəyan etmişdir: "Status-kvo dəyişilməlidir.
Ya danışıqlar bir görüntü üçün,
imitasiya üçün davam etdirilməlidir ki, Azərbaycan
heç vaxt buna da razı olmayacaqdır... ya da ki, məsələ
dondurulmuş vəziyyətdən çıxıb başqa
bir müstəviyə keçəcəkdir. Yəni sirr deyil
ki, bu da hərbi variantdır. O, heç vaxt istisna olunmurdu, bu
gün də istisna olunmur və biz bu varianta da hər zaman
hazır olmalıyıq".
Buna görə də
Ermənistan ilk növbədə Dağlıq Qarabağın
Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli,
işğalçılıq siyasətinə son qoymalı,
sonra isə münaqişənin nizamlanmasının
variantları barədə öz mövqeyini bildirməlidir.
Dövlət başçısı İlham Əliyev Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının mərkəzi qərargahının
açılışında iştirakı zamanı bu məsələnin
ölkə qarşısında duran ən ağrılı və
ən vacib problem olduğunu bildirməklə yanaşı,
qeyd etmişdir ki, Dağlıq Qarabağ və ətraf
bölgələrin işğalı dözülməzdir. Azərbaycan
xalqı, Azərbaycan rəhbərliyi heç vaxt bu vəziyyətlə
barışmayacaqdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni
Ermənistan işğal olunmuş Azərbaycan
torpaqlarından çıxmayınca bölgədə
heç bir müsbət irəliləyişin mümkün
olmayacağını bildirməklə yanaşı, dövlət
başçısı İlham Əliyev
vurğulamışdır: "Bu məsələ bizim
üçün və Prezident kimi mənim üçün
prioritet məsələdir. Məsələ həll olunmayana
qədər prioritet məsələ kimi qalacaqdır".
Elçin ƏHMƏDOV
Xalq qəzeti.- 2010.- 15 iyul.- S. 4.