Azərbaycan mədəniyyəti
tarixinə yeni elmi
töhfə
Ədalət Vəliyevin "Teatr" kitabı mədəniyyətşünaslığımızı ciddi elmi nəticələrlə zənginləşdirən bir əsərdir
Teatrın yaranma, ayrı-ayrı ölkələrdə, eləcə də Azərbaycanda inkişaf tarixi, eyni zamanda, təxminən son 20 il ərzində onun, demək olar ki, "ölüm-qalım" dilemması qarşısında qalması barədə indiyədək müxtəlif əsərlər yazılıb, fikirlər söylənilib, mübahisələr, müzakirələr açılıb. Zaman-zaman müəlliflər bir-birinə qarşı kontrfaktlardan istifadə edərək müasir dövrün teatrı, onun cəmiyyətdə yeri, mənəviyyatlara və psixologiyalara təsiri ilə bağlı mövqelərini sərgiləyiblər. Belə mülahizələr istər bütün keçən əsr boyu, istərsə də qloballaşma dövrü olan iyirmi birinci əsrdə həm keçmiş sovet, həm müasir rus, həm də müasir Azərbaycan teatr tənqidçiləri tərəfindən irəli sürülüb, bu cür polemikalar bu günün özündə də aparılmaqdadır.
Həmişə təxminən belə bir suala cavab axtarılıb ki, teatr lazımdırmı, bu gün o, hansı fiziki durumdadır: yaşayırmı, ölü vəziyyətindədirmi? Və təbii ki, müəlliflər kimi, cavablar da müxtəlif olub; bəziləri teatrın bu və ya digər ideologiyaya (konkret olaraq sovet ideologiyasına) kor-koranə xidmət etdiyini, insanlara heç nə vermədiyini, başqaları əksinə, onun var gücü ilə yaşadığını, məhz insanlara, cəmiyyətə xidmət etdiyini dəlillərlə, faktlarla sübut etməyə çalışıb.
Bəs bu gün vəziyyət necədir? Konkret olaraq Azərbaycan teatrı ömrünün hansı tarixi dövrünü yaşayır, yaxud ümumiyyətlə, yaşayırmı, ölüm-qalım vəziyyətindədirmi? Onun sabahına baxışlarımız necə olmalıdır? Yəni ümid etmək olarmı ki, keçən əsrin 90-cı illərindən başlayaraq ictimai-siyasi formasiyaların dəyişməsi, bazar iqtisadiyyatına keçid dövrünün çətinlikləri ilə qarşılaşmış, bu sıxıntılar içində əzilmiş, sarsılmış, bəlkə də tamaşaçısını itirmiş, heç hazırkı mərhələdə də hələ tam gücünü bərpa etməyə macal tapmamış Azərbaycan teatrı nə vaxtsa öz şöhrətini qaytara biləcəkmi? Böyük mütəfəkkirlər Mirzə Fətəlinin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Cəlilin və başqa dramaturqların, səhnəmizin ulduzuna çevrilmiş böyük teatr xadimlərinin - Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin, Fatma Qədrinin və başqalarının uğrunda həyatlarını fəda etdikləri teatrımızın gəcələk taleyi necə olacaq?
Şübhəsiz ki, bu suallar bu gün Azərbaycan teatrşünaslarını, rejissorları, bütövlükdə mədəniyyət sahəsində çalışan insanları ciddi narahat etməkdədir. Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin bu yaxınlarda Türkiyədə çap olunmuş "Teatr" kitabı da məhz Azərbaycan teatrının taleyi ilə bağlı narahatlıqlardan yoğrulmuşdur. Kitabı teatr tarixi ilə bağlı elmi araşdırma da hesab etmək olar. Elə "Teatr" kitabının ikinci adının "Əqidə, ruh və teatr (iyirminci əsrin ikinci yarısında Azərbaycan mədəniyyətində milli teatr konsepsiyasının sosial-fəlsəfi və siyasi-ideoloji paradiqması)" kimi təqdim edilməsi də çox şeydən xəbər verir. Annotasiyada da qeyd edildiyi kimi, monoqrafiyanın yekun və nəticələrindən Azərbaycan teatr tarixinin müasir mərhələsinin tədrisi, habelə teatr tənqidi üzrə seminar dərsləri zamanı istifadə edilə bilər. Bu tədqiqat işi bir çox tarixi və nəzəri aspektlərin işıqlandırılması baxımından da gələcək aspirant və dissertantların köməyinə çatmaq iqtidarındadır. Digər tərəfdən isə, bu elmi araşdırma gənc sənətçiləri yeni teatr konsepsiyaları ilə sənət meydanına gəlməyə ruhlandırıb, onlara son dərəcə gərəkli informasiyalar ötürmək qabilliyyətinə malikdir. Bundan əlavə, tədqiqat işi teatr sənətilə bağlı yeni elmi informasiyaları özündə ehtiva edir.
Monoqrafiya "Giriş (Monoqrafiyanın tarixi və elmi-nəzəri konteksti)" ilə açılır. Bu bölmədə müəllif, yuxarıda qeyd ediyimiz kimi, teatrın tarixi keçmişi, bu günü və gələcəyi ilə bağlı fikir və mülahizələrini bölüşür, müxtəlif müəlliflərin teatrla bağlı söylədikləri obyektiv və qeyri-adekvat fikirləri təhlil edir. "Azərbaycan teatrı tarixi proseslərə mənəvi-əxlaqi, bədii-estetik və kulturoloji reaksiya kimi" adlanan birinci fəsildə məsələlər əsasən teatr və zaman kontekstində araşdırılır, teatrın sənətin digər növləri kimi, dövrə, zamana, tarixi proseslərə, mədəni gəlişmələrə özünəməxsus bir reaksiya, aktual bir cavab olduğu göstərilir. Bu mənada qədim yunan mifologiyasından qidalanan yunan teatrından başlamış müasir teatra qədər bu sənət növünün konkret tarixi dövrə verdiyi reaksiyalar araşdırılır. Müəllif yazır: "Qədim Elladanın sakinlərindən ötrü teatr haradasa terapevtik, müalicəvi əhəmiyyətə malik sosial bir orqanizm olub. Ora gəliblər ki, mənən təmizlənsinlər, təkəbbürü, nifrəti, acgözlüyü, hakimiyyət hərisliyini, tərsliyi hamamda çirk tökən kimi töküb getsinlər, paklaşsınlar..." Sonra müəllif belə bir qənaətə gəlir ki, teatrın təzahür formalarının özəlliyini sosial sifariş, dövlətin siyasəti və ideologiyası müəyyənləşdirir. Bu, hər zaman belə olmuşdur. "Bu mənada Azərbaycan mədəniyyəti hüdudlarında on doqquzuncu əsrin ikinci yarısında təşəkkül tapmış avropatipli teatr da istisna deyil". Bölmədə, eyni zamanda, iyirminci əsrin 50-60-cı illərində Azərbaycan teatrının inkişafı, dövrün sosil-siyasi direktivləri müstəvisində milli teatrın yeni estetik tendensiyalar axtarışı ilə bağlı da yeni, orijinal nəticələrə rast gəlmək mümkündür.
Monoqrafiyanın ikinci fəsli "Yeni milli teatr konsepsiyaları və onların sosial-fəlsəfi və siyasi-ideoloji konteksti"nə həsr edilib. Bölmədə keçən əsrin 50-70-ci və 70-80-ci illərində Azərbaycan milli teatrının inkişafı, onun hansı konseptlərə əsaslanması, yeni dramaturgiya əsərlərinin səhnəyə qoyulması və digər məsələlər ətrafında təhlillər aparılır. Müəllif bu dövrdə Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin milli oyanışın və eyni zamanda, milli teatrın inkişafının məxfi qarantı olduğu ideyasını da əsaslı dəlillərlə sübut edir: "Bu zaman Heydər Əliyev Azərbaycanda bir növ milli oyanışın məxfi qarantı idi. O, Azərbaycan ziyalısının simasında, demək olar ki, qeyri-rəsmi şəkildə milli şüurun oyanmasına dəstək verdiyini, onlara ən yüksək səviyyədə arxa durduğunu bildirirdi". Bu fəsildə "İyirminci əsrin 70-80-ci illərində teatr avanqardının formalaşmasının milli mədəniyyət üçün əhəmiyyəti" və "Yeni milli teatr konsepsiyalarının bədii-estetik və kulturoloji xisləti" məsələləri də diqqətlə araşdırılır. Sonrakı, üçüncü fəsil "İyirminci əsrin sonunda milli özünüdərk prosesi və "Azərbaycan cəmiyyətində teatrın yeri" probleminin aktuallaşması" adlanır. Bu fəsil "Qloballaşma dövrünün mədəniyyəti və milli teatrın mövcudluq parametrləri" və "İyirminci əsrin postmodernizm mərhələsi: Azərbaycan teatrı və etnomədəniyyət" məsələlərinin araşdırılmasına həsr edilib. Bütövlükdə Ədalət Vəliyevin "Teatr" kitabını son dövr Azərbaycan mədəniyyəti üçün çox ciddi araşdırmalar və nəticələrlə zəngin bir əsər, elmi iş kimi dəyərləndirmək lazımdır. Şübhə etmirik ki, kitab mədəniyyət sahəsində çalışanlar, teatr və kino işçiləri, eləcə də elm adamları, tələbələr və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq və sevilə-sevilə oxunacaq.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2010.- 15 iyul.- S .6.