Yeni dərs vəsaiti

 

Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri namizədi Eldar Əfəndiyevin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təkmilləşdirilməsi (təkliflər və onun reallaşdırılması əsasları)" adlı dərs vəsaiti çapdan çıxmışdır.

Qanunun təkmilləşdirilməsinə həsr olunmuş üç minə yaxın əlavə və dəyişikliklərin təklif edildiyi bu vəsaitdə, cinayət qanununun həm ümumi, həm də xüsusi hissələrindən bəhs olunur, toxunulan normaların hər birinə ayrıca yer ayrılır, irəli sürülən təkmilləşdirmə əsaslandırılır, maddələrin formulə olunmasında yol verilən nöqsanlar ətraflı araşdırılır.

Eldar Əfəndiyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" 2008-ci il 10 aprel tarixli sərəncamında Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra elmdə islahatların gerçəkləşdirilməsi üçün əlverişli şərait yaradılmasına, elmin, o cümlədən humanitar və ictimai elmlər sahəsində müəyyən nailiyyətlərin əldə edilməsinə baxmayaraq, sovet ideologiyasının təsirindən bir sıra əhəmiyyətli məqamların tədqiqatlardan kənarda qalması qeyd olunmuş və onun müasir standartlar səviyyəsində aparılması, bütövlükdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsinin sürətləndirilməsi vurğulanmışdır.

Göstərilənlərlə əlaqədar Azərbaycan Respublikasının 1999-cu il 30 dekabr tarixli qanunu ilə təsdiq edilmiş və 2000-ci il sentyabrın 1-dək 40 il ərzində qüvvədə olmuş Cinayət Məcəlləsi (CM) cinayətkarlıqla mübarizədə, yeni yaranmış ictimai münasibətlərin tənzimlənməsində, dövlətin yürütdüyü cinayət-hüquq siyasətinin həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Sayca dördüncü olan hazırkı cinayət məcəlləmiz Avropa dəyərlərini əxz etmiş respublikamızda varislik prinsiplərini qorumaqla yanaşı, cinayət qanunlarını da, müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirmiş, yeni keyfiyyətdə formalaşdırmışdır. Hər bir yenilikdə olduğu kimi, CM-in Avropa standartlarına uyğun tərtib edilməsində də kənaraqaçma hallarına təsadüf edilir. Onlar da müəyyən zaman ərzində qanunların təkmilləşdirilməsi yolu ilə aradan qaldırılır. Məsələn, reallıqla uzlaşmayan belə bir hala nəzər salaq. Azərbaycan və rus dilləri sahəsində çalışan, habelə bu dillərin incəliklərinə bələd olan hər bir kəsə həmin dillərin qrammatika qaydaları arasında əhəmiyyətli dərəcədə fərqlərin mövcudluğu yaxşı məlumdur. Araşdırılması mövzu predmetimizin əhatə dairəsindən kənarda olduğundan, belə fərqlərə toxunmadan göstərək ki, hər hansı bir dildə olan sözlərin danışıq və ya yazılış qaydalarının, düşünülmədən, mexaniki olaraq rus, habelə qeyri-dillərin qrammatika qaydalarına tətbiqinin uğursuzluğu əvvəlcədən məlumdur. Rus dilində yazılan: "Statya 1." Azərbaycan dilinə tərcümədə "1-ci maddə" kimi yazılmalı olmasına baxmayaraq, "Maddə 1." tərzində yazılmışdır. Belə yazılış başa düşülən olsa da, doğma dilimizin qrammatika qaydaları ilə uzlaşmadığından qəbul edilmir. Maddənin həm rus, həm də Azərbaycan dillərində sıralanması şəkilçisiz həyata keçirilsə də, mətndə, rus dilindən fərqli olaraq, Azərbaycan dilində maddənin sıralanmasını bildirən rəqəmlər şəkilçi ilə yazılır. Eyni vəziyyətdə olan sıralanmanın müxtəlif variantlarda yazılması qüvvədə olan qanunun mövqeyinin nöqsanlı olmasına dəlalət edir ki, bunun da aradan qaldırılması zəruridir. Beləliklə, sıralanarkən maddənin şəkilçi ilə yazılması məqsədəuyğun sayılır: Məsələn, "Maddə 61" əvəzinə "61-ci maddə" yazılmasını məqsədəuyğun hesab edirik.

CM-in "İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər" adlanan bölməsinin əhatə etdiyi fəsillərdən heç birində ictimai qayda ilə əlaqədar ictimai münasibətlərin tənzimlənməsi xatırlanmır ki, bu da anlaşılmazlıq yaradır. Apardığımız tədqiqatla bu çatışmazlıq aradan qaldırılmış, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər sırasına 214, 215, 217, 218, 219, 219-1, 220, 222, 222-1, 222-2, 223, 224, 224-1, 225, 232 və 232-2-ci maddələrin; ictimai qayda əleyhinə olan cinayətlərə isə 214-1, 216, 221, 222-3, 224-2, 226, 227, 228, 229, 230, 231,233, 233-1 və 233-cü maddələrin aid olunması təklif edilmişdir.

CM-in "Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi" adlandırılan 66-cı maddəsinin müddəalarına görə, törədilmiş cinayətlərin sayından asılı olmayaraq, məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaqla qəti cəza təyin edir. Bu zaman təyin edilən cəzanın həddi daha ağır cinayət üçün müəyyən edilmiş həddən çox olmur. Belə üsul isə törədilmiş iki və ya daha çox cinayətdən ictimai təhlükəliliyi nisbətən yüksək olan istisna edilməklə, digərlərinin, faktiki olaraq, cəzalandırılmaqdan kənarda qalmasını şərtləndirir. Məsələn, sanksiyasında on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan xüsusilə ağırlaşdırıcı halda adamları girov götürməyə və bu cinayəti törətməklə yanaşı, həm də hər birinin sanksiyasında on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğu banditizmə, cinayətkar birlik yaratmağa, ədalət mühakiməsini və ya ibtidai istintaqı həyata keçirən şəxsin həyatına qəsd etməyə, xüsusilə ağırlaşdırıcı hallarda quldurluğa görə təqsirləndirilənlərin hər ikisinə eyni cəzanın təyin olunmasına gətirib çıxarır ki, bu da, qanunun bəzi normalarının reallığa uyğun gəlməməsinin və bununla da, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xələl gətirilməsini şərtləndirən həmin normanın çıxarılması təklif olunmaqla haqq-ədalətə uyğunlaşdırılmışdır.

Habelə, Cinayət Məcəlləsinin "Cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması" adlandırılan 69-cu maddəsinin üçüncü hissəsində hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddətinin hökmlə təyin edilmiş cəza müddəti ilə əvəzlənməsində də ədalətsizliyə yol verilməsi nəzərə çarpır. Məsələn, ehtiyatsızlıqdan törədilmiş cinayətə görə məhkəmə tərəfindən təyin edilmiş beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası məhkum tərəfindən tamamilə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli olduğu halda, hökm qanuni qüvvəyə minənədək olan müddət, məsələn, altı ay ərzində həbsdə (istintaq təcridxanasında) saxlanılması səbəbindən, təyin edilmiş cəzanın müəyyən hissəsinin, yəni hökmdə göstərilən, lakin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməyən altı aylıq hissəsi daha ciddi və ağır hesab olunan xüsusi rejim altında çəkilir ki, bu da törədilən cinayətə görə təyin edilən cəzanın hökmdə göstəriləndən daha ağır şəraitdə çəkilməsinə rəvac verir. Əlbəttə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddətinin hökmlə təyin edilən müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının rejiminə uyğun olaraq tənzimlənməsi məqsədəmüvafiq olardı. Ancaq qanunla belə tənzimlənmə aparılmadığından və hökm qanuni qüvvəyə minənədək həbsdə (istintaq təcridxanasında) saxlamanın bir gününün törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ağırlıq səviyyəsini, təyin edilmiş cəzaçəkmə müəssisəsinin növünü nəzərə almadan və heç bir əsaslandırma aparmadan müəyyən müddətə azadlıqdan məhrum etmənin və bununla bərabər intizam xarakterli hərbi hissədə saxlamanın bir gününə, azadlığın məhdudlaşdırılmasının iki gününə, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırmanın üç gününə, ictimai işlərin isə səkkiz saatına bərabər olmasının müəyyənləşdirilməsi uğursuz hesab edilir və hər iki hal (CM-in 66 və 69-cu maddələri) üzrə ədaləti şərtləndirən müvafiq təkliflər irəli sürülür.

Cinayət Məcəlləsinin otuz üçüncü fəslinin "Korrupsiya cinayətləri və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi və yerli özünüidarə orqanlarında, habelə digər kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlər" kimi formulə edilməsi biri digərinə zidd olan, eyni zamanda, işlədilməsi anlaşılmazlıq yaradan, qanunvericilik texnikası baxımından heç bir ölçüyə sığmayan və işlədilmiş sözlərin miqdarına görə (cəmi 25 söz) nadir təsadüf ediləndir.

CM-in "Xüsusi dəyəri olan əşyaları talama" adlandırılan 183-cü maddəsinin redaksiyası predmeti xüsusi, tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaların və ya sənədlərin külli miqdarda, mütəşəkkil dəstə tərəfindən, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədilməsində, təyin edilən cəza həddinin, cinayətin predmetinin adi əşya olmasına münasibətdə daha ciddi olmasını şərtləndirir ki, bunun da aradan qaldırılması üçün CM-in barəsində bəhs etdiyimiz 183-cü maddəsinə, habelə CM-in "Dövlət borclarından və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma" adlandırılan 195-1-ci maddəsinə, bu normanın subyektinin hüquqi şəxs olması səbəbindən fəaliyyətsiz qalması ilə əlaqədar, həmin qüsurların aradan qaldırılması ilə nəticələnən təkliflər irəli sürülmüşdür.

Müəllifin dediklərinə əlavə edək ki, üç hissədən ibarət olan bu kitabda ziddiyyətli və reallığa uyğun gəlməyən normalarla bağlı aparılan tədqiqat işləri əsasında Cinayət Məcəlləsinin əsaslandırılmış yeni variantının təklif olunması çox əhəmiyyətlidir. Konkretlik, məna aydınlığı, çoxtərəfli təhlil əsərin qiymətli cəhətlərindəndir. "Hüquqşünaslıq" istiqamətində təhsil alan ali məktəb tələbələri üçün nəzərdə tutulsa da, bu vəsaitdən qanunların təkmilləşdirilməsi ilə məşğul olan elmi və praktiki işçilər, prokurorluq və məhkəmə-istintaq orqanlarının əməkdaşları, habelə digər maraqlananlar faydalana bilərlər.

 

 

Xalq qəzeti.- 2010.- 15 iyul.- S. 6.