Müstəqil dövlətimiz azad sözün təminatçısıdır
Azərbaycan milli
mətbuatı - 135
Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) milli mətbuatımızın 135 illiyi münasibətilə "Xalq qəzeti"nin mətbuat mərkəzində keçirdiyi yubiley toplantısında milli mətbuatımızın keçdiyi çətin və şərəfli yola nəzər salındı, jurnalist peşəsinin ucalığı və məsuliyyəti vurğulandı, çağdaş kütləvi informasiya vasitələrinin cəmiyyətin demokratik inkişafında rolundan söz açıldı.
Məclisi giriş sözü ilə açan ASRP-nın sədri, Milli Məclisin üzvü, professor Xanhüseyn Kazımlı KİV təmsilçilərini, eləcə də ölkə jurnalistlərini əlamətdar yubiley münasibətilə təbrik etdi, onlara cəmiyyətin operativ informasiya tələbatının ödənilməsində, obyektiv ictimai rəyin formalaşdırılmasında yeni uğurlar arzuladı.
Partiya sədri ümummilli lider Heydər Əliyevin Azərbaycanda söz və mətbuat azadlığının beynəlxalq normalara uyğunlaşdırılmasında, milli jurnalistikamızın inkişafında xidmətlərini yada saldı, Prezident İlham Əliyevin azad mətbuatı və jurnalistləri himayə etmək sahəsində ulu öndərin ənənələrini geniş miqyasda davam etdirməsindən konkret faktlarla söz açdı.
Millət vəkili bildirdi ki, ölkənin media ictimaiyyətinin yaxın-uzaq ölkələrdəki həmkarları və KİV qurumları ilə sıx əməkdaşlığı şəraitində Azərbaycan həqiqətləri dünya xalqlarına daha geniş çatdırılmalıdır. Bu işdə siyasi partiyalar, qeyri-hökumət təşkilatları, iş adamları, diplomatlar və s. jurnalistlərlə bir cərgədə olmalıdırlar. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın geniş humanitar fəaliyyəti beynəlxalq aləmdə ölkəmizin sivil, demokratik imicinin yüksəldilməsinə ciddi töhfələr verir.
Düşmənlərin informasiya həmlələrini və ideoloji təxribatlarını vaxtında və lazımınca cavablandırmaq günün zəruri tələbi olduğundan ASRP bu istiqamətdə səylərini davam etdirərək 12 ölkənin media qurumları ilə əməkdaşlıq yaratmışdır. "Azərbaycan həqiqətləri beynəlxalq media müstəvisində" devizi altında partiya müxtəlif tədbirlər keçirir. Bugünkü məclisdə də bu mövzu aparıcı yer tutacaq.
Tədbirdə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov Azərbaycan milli mətbuatının tarixi təcrübəsi və ənənələri fonunda müstəqil ölkəmizdə azad mətbuatın qazandığı uğurlardan, milli dövlətçiliyin və demokratik düşüncənin inkişafına mediamızın göstərdiyi xidmətdən, azad sözə Azərbaycan dövlətinin diqqət və qayğısından geniş söz açdı. Baş redaktor bildirdi ki, ümummilli lider Heydər Əliyevin mətbuat tariximizdə ilk dəfə senzuranı ləğv etməsi, ölkəmizdə çap mediasının dövlət qeydiyyatı və nəzarəti olmadan fəaliyyət göstərməsi, azad mətbuatın normal qanunçuluq bazasının yaradılması, medianın problemlərinin və çətinliklərinin həllinə ulu öndərin və Prezident İlham Əliyevin daim qayğı göstərməsi yeni tipli mətbuatın formalaşmasında həlledici rol oynamışdır. Media - hakimiyyət münasibətləri hazırda ahəngdar məcrada davam edir və cəmiyyətdə demokratik atmosferin artmasına fəal kömək göstərir.
"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, veteran jurnalistlər Yusif Kərimov və Rafiq Əliyev, "Zərdabi" beynəlxalq xeyriyyə cəmiyyətinin sədri, şair-jurnalist Səttar Zərdablı və digər çıxış edənlər milli mətbuatımızın möhkəm özülünün yaradılmasında Həsən bəy Zərdabinin xidmətlərindən söz açdılar, anadilli jurnalistikamızın gərəkli ənənələri, mediada peşəkarlığı yüksəltmək məsələləri ətrafında diskussiyaları davam etdirdilər. Mərasimdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının çevik yolları, təsirli forma və üsulları barədə də müxtəlif mülahizə və təkliflər səsləndi.
Toplantıda milli jurnalistikamızın klassik örnəklərinin yeni nəsil yazarlara çatdırılmasının vacibliyi də vurğulandı, bu yöndə ASRP-nin, onun sədri Xanhüseyn Kazımlının səyləri təqdir olundu. Son 3 ildə partiyanın Həsən bəy Zərdabinin ölməz irsindən götürüb nəşr etdirdiyi 3 kitab - "Bədəni salamat saxlamaq düsturüləməli", "Təbiət və insan", "Əkinçi"- elm və həyat" broşürləri, "Xalq qəzeti"nin 82 il sonra yenidən çap etdiyi "Əkinçi-50" tarixi toplusu mərasim iştirakçılarına təqdim olundu.
Sonda toplantı iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu qəbul olundu. Sənəddə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan milli mətbuatının 125, Prezident İlham Əliyevin sərəncamları ilə 130 və 135 illik yubileylərinin keçirilməsi minnətdarlıqla vurğulanır, mətbuatımızın inkişafına göstərilən dövlət qayğısından razılıq ifadə olunur.
Toplantıda müxtəlif partiyaların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, millət vəkilləri, politoloqlar və jurnalistlər iştirak edirdilər.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2010.- 16 iyul.- S. 5.