"Azərbaycan
ilə Ermənistan arasında savaş olarsa, nələr baş verə bilər?"
Son vaxtlar qardaş Türkiyədə çıxan
bəzi qəzetlərdə
dərc olunan məqalələrdə belə
bir fikir vurğulanır ki, guya, danışıqlar yolu ilə Dağlıq
Qarabağ münaqişəsinin
həlli mümkün
deyil və bu problem müharibə
yolu ilə də həll edilə bilməz. Çünki Azərbaycanın hərbi potensialı buna imkan vermir. Ona
görə də Türkiyə - Ermənistan
sərhəd qapısı
sonsuzadək bağlı
qalmamalı, açılmalıdır.
Düzdür bu fikirləri yaymağa çalışan qəzetlər
aztirajlıdır və
Türkiyənin, əsasən,
bəzi şəhərlərində
yayımlanır. Ancaq
bu da həqiqətdir
ki, həmin qəzetlərdəki erməni
təbliğatının "əhatəsi" genişlənə
və ictimai fikri çaşdıra bilər.
"Xalq qəzeti"nin əməkdaşı Rauf Əliyevin Türkiyənin nüfuzlu
"Milliyyət" qəzetinin
bloq səhifəsində
(bloq.milliyet.com.tr/raufaliyev)
verilmiş məqaləsi
də qardaş ölkənin ictimaiyyətini
bu baxımdan məlumatlandırmaq xarakteri
daşıyır. İctimai
marağı nəzərə
alaraq R. Əliyevin
"Azərbaycan ilə
Ermənistan arasında savaş olarsa, nələr baş verə bilər?" sərlövhəli
məqaləsini "Xalq
qəzeti"nin oxucularına təqdim edirik.
Artıq 20 ildir ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı
altındadır. Görünən
odur ki, bu məsələ Azərbaycandan və qardaş Türkiyədən
başqa heç bir dövləti o qədər də ciddi narahat
etmir. Problemin həlli məqsədi ilə qurulan və 18 ildir əsaslı irəliləyişə
nail olmayan ATƏT-in Minsk qrupu həmsədrlər üçlüyünün hər
biri isə öz marağını güdür. Bu səbəbdən Azərbaycanda
da artıq sülh və danışıqlar yolu ilə torpaqların geri qaytarılacağına
ümidlər tükənməkdədir.
Yaxşı, bəs müharibə yenidən alovlanarsa, nə baş verə bilər? Yəni daha konkret desək,
savaşda üstünlük
hansı tərəfdə
olacaq? Sualın yeganə cavabı budur: - Müharibə başlayarsa, Ermənistanın
işğalçı qoşunları
Azərbaycan Silahlı
Qüvvələrinin qarşısında
tab gətirməz. Əvvəllər himayədarlarından
əldə etdikləri
silahlar da onların "köməyinə"
çata bilməz. Çünki bizim bütün qoşun növlərimiz artıq müasir hərbi texnika və silahlarla tam təchiz olunub. Əsgər və zabitlərimizin hər biri isə ən
azı 5 erməni hərbçisinə bərabər
səviyyədədir. Onlar
istənilən anda ya şəhid, ya da qazi
olmağa hazırdırlar.
Bir anlıq düşünün ki, müharibə başlayıb
və ermənilər
Azərbaycanın hərbi
birləşmələrinin mövqelərinə raket zərbəsi endirib. Cavab yubanmayacaq və bir anda
ən azı on raket "hədiyyə" alacaqlar.
Havaya qalxacaq bir erməni qırıcısı səmada
on Azərbaycan qartalı ilə qarşılaşacaq. Bir batalyon erməni əsgəri qarşısında
on batalyon Azərbaycan əsgərini
görəcək. Gözlərini
açmağa fürsət
tapa bilməyəcəklər.
Bir də baxacaqlar ki, ay-ulduzlu, üçrəngli
bayraq başlarının
üstündə dalğalanır...
Bilirəm ki, bu sətirləri oxuyan türkiyəli qardaşlarımız yeni
sual ünvanlamaq istəyəcəklər. Onlar
deyəcəklər ki,
madam, Azərbaycan güclü idi, onda nəyə görə torpaqlarının
20 faizi gücsüz və zəif Ermənistan tərəfindən
işğal edildi?
Öncə bunu qeyd edim ki,
biz müstəqilliyimizin
ilk günlərində
indiki kimi güclü deyildik. Bundan başqa, həmin dövrdə ermənilər Azərbaycan
torpaqlarını təkbaşına
işğal etmədilər.
Onlara bu məsələdə havadarları
kömək etdilər.
Digər tərəfdən,
torpaqların işğalı
ermənilərin "savaşda
qazandıqları zəfər"
deyil. Yəni əslində, Azərbaycan
Ordusu Qarabağ müharibəsində döyüş
meydanında məğlubiyyətə
uğramadı. Hadisələrin
baş verməsi birbaşa ölkəmizdə
gedən siyasi proseslərlə bağlı
idi. Həmin dövrdə Azərbaycanda
xaos, anarxiya, hərc-mərclik hökm sürürdü. Ermənistanda
isə ordu qurulmuşdu. Bizdə isə vahid komandanlıq və nizami ordu yox
idi. Bəzi siyasi qruplaşmaların yaratdıqları silahlı
dəstələr isə
"liderlərinin" şəxsi
mənafeyinə xidmət
edirdi. Peşəkar zabit az idi.
Müharibəyə göndərilən
gənclər təlim
prosesindən keçmirdilər.
Könüllülərin əksəriyyətinin isə döyüş təcrübəsi yox idi. Ölkə daxilində vətəndaş
qarşıdurması hökm
sürürdü. Belə
olan halda ermənilərin 20 faiz torpağımızı işğal
etməsi o qədər də təəccüblü görünməməlidir.
Türk dünyasının
böyük oğlu ulu öndərimiz Heydər Əliyev
1993-cü il iyunun
15-də hakimiyyətə gəldikdən
sonra ölkəmizdə
vətəndaş qarşıdurmasına
son qoyuldu, milli birlik təmin
olundu, dövlət quruculuğu prosesinə start verildi. Bu çərçivədə
ordu quruculuğuna xüsusi diqqət yetirildi. Qısa zamanda xeyli uğur
əldə olundu.
1994-cü ilin yanvar ayında ilk mütəşəkkil hərbi
birləşmələrimiz düşmənə qarşı
əks-hücuma keçdi.
Onlarla kəndimiz düşmən tapdağından
azad edildi. Müharibədə məğlub
olacaqlarını anlayan
ermənilər atəşkəs
barədə razılığa
imza atmağa məcbur oldular. Atəşkəs Azərbaycan
üçün də
vacib idi. İqtisadiyyatı, ordunu gücləndirmək üçün
zamana ehtiyacımız
var idi.
Ötən dövr ərzində Azərbaycan ilə Ermənistan arasında çox böyük fərqlər ortaya çıxdı. Bu gün Azərbaycan büdcəsindən Silahlı
Qüvvələrə ayrılan
vəsait artıq Ermənistanın dövlət
büdcəsindən də
çoxdur. Son yeddi ildə ölkəmizin müdafiə
xərcləri 13 dəfə
artıb. Ermənistanda
isə iqtisadi böhranı aşınma
baş verdiyinə görə hərbi xərclər 25 faizədək
azaldılıb. Bu gün Azərbaycanın iqtisadiyyatı Ermənistandan
8 dəfə güclüdür.
Bir neçə ildən sonra 10, 15 dəfə güclü olacaq. Xarici təşkilatların hesablamalarına
görə, Ermənistanın
əhalisinin sayı 1
milyon 700 min nəfərə yaxındır.
Biz isə 9 milyonu keçmişik. Bu, o deməkdir
ki, Azərbaycan hər sahədə yüksəlir, güclənir.
Ermənistan isə gündən-günə tənəzzülə
uğrayır.
Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır, onun xarici və
daxili siyasətini dəstəkləyir. Ona görə
də ölkəm liderinin Dağlıq Qarabağ münaqişəsindəki
son qərarı çox önəmlidir. Əgər danışıqlar
prosesi dalana dirənərsə və müharibə qaçılmaz
olarsa, onda heç kəs Ermənistanı məğlubiyyətdən
xilas edə bilməyəcək. Ona
görə də Azərbaycanın səbr kasasını daşdırmasınlar.
Türkiyənin Aydın vilayətində bir deyim var: "Qısa kəs, aydın havası olsun". Mən də müşahidələrimi
ümumiləşdirərək fikrimi konkret ifadələrlə bildirirəm
ki, maraqlı tərəflər yaxşı
anlasınlar: Azərbaycan türkləri
2010-cu ildə nəticə
əldə olunacağına
ümid bəsləyirlər.
Əgər bu il də Dağlıq
Qarabağ münaqişəsi
beynəlxalq hüquq normaları çərçivəsində
həllini tapmazsa, o zaman heç
kim ədalətli müharibəyə başlamağımıza
mane ola bilməz. Və o zaman heç
kim Azərbaycanın qarşısını kəsə
bilməyəcək.
Xalq qəzeti.- 2010.- 16 iyul.- S. 5.