Dövlət Sosial
Müdafiə Fondunun kollegiya
iclasında bir sıra vacib
məsələlər müzakirə edilib
Dövlət Sosial Müdafiə Fondunda iyulun 14-də
bu ilin birinci yarımilinin yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunan geniş kollegiya
iclası keçirilmişdir. Bu barədə Fondun ictimaiyyətlə
əlaqələr sektorundan bildirmişlər.
İclası giriş
sözü ilə açan Dövlət Sosial Müdafiə
Fondunun sədri Səlim Müslümov vurğulayıb ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə davam etdirilən islahatlar nəticəsində
respublikamızın iqtisadi inkişafı və aztəminatlı
əhalinin sosial müdafiəsi sahəsində
çoxsaylı tədbirlərin icrası cari ilin 6 ayı ərzində
də davam etmişdir. Həmişə olduğu kimi, Azərbaycan
vətəndaşlarının sosial problemlərinin həlli
dövlət siyasətində ön planda saxlanılıb.
"Bildiyiniz kimi, iyulun 13-də möhtərəm Prezidentimiz
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2010-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclası
keçirilib. Həmin iclasda möhtərəm Prezidentimizin bəyan
etdiyi kimi, Azərbaycanda bütövlükdə bu il də
keçən ildəki kimi uğurlu iqtisadi inkişaf davam
etmişdir. Azərbaycanda orta əmək haqqı təxminən
400 dollar təşkil edir. Orta pensiyaların həcmi isə təxminən
130 dollardır".
S.Müslümov bildirib
ki, bu ilin 6 ayı ərzində əhalinin pensiya təminatında
maliyyə sabitliyinin möhkəmləndirilməsi məqsədilə
zəruri vəzifələrin icrası, eyni zamanda
sığorta-pensiya sistemində islahatların davam etdirilməsi
diqqət mərkəzində saxlanılıb. İlkin məlumatlara
əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2010-cu
ilin birinci yarımilində gəlirləri 824, 7 milyon. manat təşkil
etmişdir. Bu da keçən ilin müvafiq dövrünə
nisbətən 65,8 milyon. manat və ya 8,7 faiz çoxdur.
Göstərilən dövrdə sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərdən məcburi
dövlət sosial sığorta haqları üzrə
daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən
6,7 faiz artmışdır. Torpaq pay mülkiyyətçilərindən
qeyd olunan təyinat üzrə daxilolmalar keçən ilin
müvafiq dövrünə nisbətən 90, 7 faiz artmışdır.
S.Müslümov bildirib ki, bu dövrdə Fondun xərcləri 802,4 milyon. manat təşkil etmişdir. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün bütün xərclərin 96,8 faiz və ya 777, 1 milyon. manatı yönəldilmişdir.
Sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesi davam etdirilmişdir. Cari ilin 6 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 92 286 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə 01.07.2010-cu il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1732 215 nəfərə çatıb.
DSMF sədri əlavə edib ki, pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri genişləndirilmişdir. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kəndlərdə isə 96, 7 faizi, ümumilikdə ödəniş aparılan pensiyaçıların 98,4 faizi pensiyasını plastik kartlarla alır.
Sonra Fondun mərkəzi aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər.
Geniş kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə icrası 2010-cu il üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi vəziyyəti müzakirə edilib. Müzakirələr zamanı sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması xüsusi diqqət mərkəzində olub. Bildirilib ki, bu istiqamətlərdə Dövlət Sosial Müdafiə Fondu orqanları qarşısında mühüm vəzifələr durur. Kollegiya iclasında həmçinin Fondun yerli orqanlarının 2010-cu ilin yanvar-iyun aylarında fəaliyyəti ətraflı təhlil edilib. Fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2010.- 16
iyul.- S. 5.