Sabir Əhmədlinin "Yazılmayan yazı"sı

 

Yaşasaydı, bu il 80 yaşı tamam olacaqdı. Qismət olmadı. Ancaq xalq yazıçısı, əməkdar incəsənət xadimi, görkəmli nəsr ustası Sabir Əhmədli özündən sonra Azərbaycan ədəbiyyatına "Görünməz dalğa", "Pillələr", "Dünyanın arşını", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Şəhid ruhu", "Axirət sevdası", "Gedənlərin qayıtmağı", "Yanvar hekayələri" kimi fərqli maraqlı əsərlər qoyub getdi. Onun hər bir əsərində dövrünün ictimai proseslərinə, cəmiyyəti narahat edən məsələlərə, insanın mənəvi dünyasına öz baxış tərzi var.

Odur ki, onun əsərlərini dönə-dönə oxuyarkən hər dəfə yeni bir məna çaları tapmaq olur. Əsərlərində mətnaltı ifadə və obrazlarla vacib hesab etdiyi məsələləri oxucuya çatdırmaq onun yaradıcılığının ana xəttini təşkil edirdi. Sabir Əhmədli keçən əsrin 70-80-ci illərinin ən çox oxunan yazıçılarından idi. Bu dəfə isə oxucular, dost-tanışları, həmkarları "Kitab klubu"nda onun ad günündə 80 illik yubileyinə həsr edilmiş və təzə işıq üzü görmüş "Yazılmayan yazı" kitabının təqdimat mərasiminə toplanmışdılar.

Tədbiri giriş sözü ilə açan "Kitab klubu"nun direktoru Elxan Rzayev S.Əhmədlinin yaradıcılığının ədəbiyyatımızda mühüm yer tutduğunu vurğuladı və yazarın sağlığında elə bu məkanda oxucularla səmimi görüşünü xatırlatdı. Ədibin qızı, kitabın redaktoru Yaqut Quliyeva əsərin məzmunu barədə məlumat verdionun avtobioqrafik xarakter daşıdığını söylədi:"Atam romanın əlyazmasını makina yazısında mənə vermişdi. Əsər "Azərbaycan" jurnalında hissə-hissə çap edilsə də, ən böyük arzusu onu kitab şəklində görmək idi. O, kitabın çapını özündən sonrakı zamana saxladı. Bu, onun arzusu idi. İstəyirdi ki, həyatda olmadığını heç kim hiss etməsin, onun yenə də yazıb yaratmağı duyulsun"- yazarın qızı əlavə etdi. Yazıçı-jurnalist Həmid Herisçi Sabir Əhmədlinin "Ömür urası", "Dənizə səyahət", "Yasaq edilmiş oyun" "Bakı-Mincivan qatarı" əsərlərində müəllifin müxtəlif tarixi hadisələri xüsusi ustalıqla təsvir etdiyini bildirdi. Tədqiqatçı Fərhad Bəymədətov Sabir Əhmədlinin yaradıcılığında dərin fəlsəfi qatların zənginliyindən söhbət açdı. O, hələ Sovet dönəmində baş verən mühüm ictimai prosesləri, xüsusilə də Qarabağın taleyi, eləcə də o dövr üçün yazılması yasaq olan məsələləri müxtəlif simvolik obrazlarla canlandırmasını yazıçının istedad və məharəti, eləcə də xalqının keçmişinə bağlılığı, sevgisi ilə əlaqələndirdi. Yazıçı Seyran Səxavət Sabir Əhmədli ilə "Ədəbiyyat qəzeti"ndə uzun müddət birgə çalışdıqları dövrdən danışdı, həmkarı ilə bağlı xatirələrini söylədi. Tanınmış yazıçı, professor Aqşin Babayev, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Vaqif Yusifli, Rasim Qaraca, Çingiz Sultansoy Sabir Əhmədlinin yaradıcılığının özəlliklərini, ədəbiyyat tariximizdə əhəmiyyətini vurğuladılar. Mehriban Vəzir yazıçının dilinin səlisliyi, əsərlərində dilimizin zəngin söz bazasından məharətlə istifadə etməsini əhəmiyyətli cəhət kimi qiymətləndirdi.

Bakı Dövlət Universitetinin müəllimi, professor Tofiq Hüseynoğlu Moskvada çap edilmiş "Yamacda nişanə", "Yaşıl teatr", "Yasamal gölündə qayıqlar üzür" əsərlərinin bütün SSRİ-də maraqla qarşılandığını xüsusi vurğuladı. Sabir Əhmədlini "kamil oxucuların yazıçısı" adlandıran professor onun yaradıcılığının tədqiqat üçün vacib materiallarla zəngin olduğunu bildirdi və tələbələrin Sabir Əhmədli yaradıcılığı barədə elmi tədqiqat apardıqlarını söylədi.

Sonda yazıçı Sabir Əhmədlinin radio verilişlərdən birində efirə getmiş çıxışı səsləndirildi. "Yazılmayan yazı"əsəri avtobioqrafik xarakter daşısa da, romanda müəllifin dünyaya göz açdığı Cəbrayıl rayonunun tarixi barədə maraqlı məlumatlar, onun məktəb və tələbəlik illəri, ədəbi mühitdəki münasibətləri, eləcə də bunların fonunda cəmiyyətin alt qatlarında olan həqiqətlər öz əksini tapıb. Əsər müəllifin ən iri həcmli romanıdır. Qeyd edək ki, Sabir Əhmədli 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, baş redaktor işləyib. Bir sıra əsərləri ABŞ, Almaniya və digər xarici ölkələrdə dərc edilib, əcnəbi oxucular tərəfindən maraqla qarşılanıb.

Sabir Əhmədlinin radio verilişdə səsləndirilən çıxışına qulaq asan tədbir iştirakçıları kövrəlmişdi. Ancaq buna baxmayaraq, hər kəs tədbirdən nikbin bir düşüncə ilə ayrıldı: Nə qədər ədəbiyyata, sözə qiymət var, Sabir Əhmədlinin əsərləri dönə-dönə oxunacaq. Əsl yazıçı odur ki, ölümündən sonra onu dəyərli əsərləri yaşadır.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2010.- 16 iyul.- S. 8.