Səbail rayonu
ilin birinci
yarısını uğurlarla başa vurmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etdi ki, 2010-cu ilin altı ayı ərzində rayonun sənaye müəssisələri istehlakçılara 10996,5 milyon manatlıq məhsul göndərmiş və ya xidmətlər göstərmişdir. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 61,4 faiz çoxdur. Nəqliyyat müəssisələri 218,7 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 33,8 % çox, rabitə müəssisələri 362,1 milyon manatlıq və ya 11,8 % çox xidmətlər göstərmişdir. Bütün maliyyə mənbələri hesabına 887,4 milyon manat məbləğində investisiyalardan istifadə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 18,3 % çoxdur.
İlin əvvəlindən əhaliyə 279,4 milyon manatlıq istehlak malları satılmış və ya pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 18,9 % artaraq 145,2 milyon manata, pullu xidmətlərin həcmi isə 3,1 % artaraq 134,2 milyon manata çatmışdır. Rayonda çalışan işçilərin sayı 84181 nəfər, orta aylıq əmək haqqının məğləği isə 837,7 manat olmuşdur. Bu da keçən illə müqayisədə 30,8 % çoxdur.
2010-cu ilin I yarısında 616 yeni iş yeri açılmışdır. Bunların hamısı daimidir. Ümumilikdə, 2003-cü ilin oktyabr ayndan 2010-cu ilin iyun ayına kimi rayonda 32548 iş yeri açılmışdır ki, onların 31536-sı daimidir.
Natiq bildirdi ki, ilin birinci yarısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Dənizkənarı Milli Bulvarda möhtəşəm Bakı Biznes Mərkəzinin və Neftçilər prospektində "Dalğa Plaza" iş mərkəzinin asılış mərasimi olmuşdur. Əsaslı təmir-yenidənqurma işlərindən sonra Respublika Klinik Uroloji Xəstəxanasının binası, Fəvvarələr və Xaqani bağları istifadəyə verilmişdir. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın tikintisi və Dövlət Bayrağı Meydanındakı inşaat işləri, Badamdar qəsəbəsində MTN-nin yeni hospitalının inşası, Dənizkənarı Milli Bulvarda "Park Bulvar" ticarət-istirahət mərkəzinin tikintisi, "Yaxt-klubda" yenidənqurma işləri, Bibiheybət qəsəbəsindən mərkəzə uzanan yeni magistral yolun çəkilişi, Neftçilər prospektində "Four Seasons", "Hilton" və "Yeni Abşeron" mehmanxanalarının inşası, 20-ci sahədə stadionun əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Bunlardan əlavə, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı üçün yeni binanın, 130 saylı uşaq bağçasının, 15 saylı uşaq poliklinikasının, Bibiheybət qəsəbəsinin dənizkənarı hissəsində mini futbol meydançasının əsaslı təmiri aparılır, Badamdar qəsəbəsində "Şamlıq" ərazisində yeni istirahət bağı salınır. May ayında Badamdar qəsəbəsindəki 236 saylı orta məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirə başlanmış və yeni dərs ilinin başlanğıcına kimi işlər başa çatdırılacaqdır.
Toplantıda bildirildi ki, rayon təsərrüfatının normal fəaliyyəti və mənzil fondunun qorunub saxlanılması, abadlıq və təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində xidmət təşkilatları gündəlik işlər aparmış, bu sahəyə aid tapşırıqlar icra olunmuşdur.
Hesabat dövründə rayonda bir sıra ictimai-siyasi və mədəni tədbirlər hazırlanaraq keçirilmişdir. Ölkə başçısı tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə bağlı RİH tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, rayon ərazisində aparılan abadlıq və yaşıllaşdırma işlərinin həcmi daha da artmışdır. İlin əvvəlindən hər həftənin şənbə günü rayon ərazisində iməciliklər keçirilmiş, 23500 yeni ağac əkilmiş, əvvəlki ağaclara qulluq göstərilmişdir. Ümumilikdə, bu il ərzində Səbail rayonu ərazisində 38000 ağac əkilməsi planlaşdırılmışdır.
Ölkə başçısının tapşırığına əsasən, əhaliyə keyfiyyətsiz malların satılmasına qadağa qoyulması və buna nəzarətin gücləndirilməsi üçün yerlərdə ciddi işlərin aparılması ilə bağlı rayonda istehlak mallarının keyfiyyətinə nəzarət üzrə ictimai komissiya yaradılmışdır.
Rayonun bir sıra xidmətlərinin rəhbərləri yığıncaqda çıxış etdilər, əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yollarından da söz açdılar. Rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olundu. İli uğurla başa çatdırmaqla bağlı vəzifələr toplantıda diqqət mərkəzində oldu.
R.Tahir
Xalq qəzeti.- 2010.- 17 iyul.- S. 5.