Rondino Beynəlxalq Yataqxanasının tələbələri
"Azərbaycan Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə
heyətinin üzvləri ilə görüşmüşlər
Ölkəmizdə səfərdə
olan Rondino Beynəlxalq Yataqxanasının (İtaliya) tələbələri
iyulun 17-də "Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"
İctimai Birliyinin mərkəzi qərargahında qurumun idarə
heyətinin üzvləri ilə görüşmüşlər.
Yataqxananın prezidenti
Franko Vakkarı Azərbaycanda keçirdikləri
görüşləri, bu görüşlərdən
aldıqları təəssüratları
xatırlatmış, qeyd etmişdir ki, səfərlərini
Rondinodan Qafqaza Dostluq Missiyası adlandırırlar. Səfər
tələbələrin "Qafqaz üzərində sülh
küləkləri" təşəbbüsü çərçivəsində
keçirilir.
Qonaq məlumat
vermişdir ki, 2009-cu ilin mayında La Vernada (İtaliya) təşkil
edilmiş "Qafqaz xalqlarının konfransı"nda
"Qafqazda sülh üçün 14 maddə" adlı sənəd
yekdilliklə qəbul olunmuşdur. Sənədə Roma
Papası, Avropa Parlamenti, Azərbaycan, Gürcüstan və
Ermənistanın İtaliyadakı səfirlikləri tərəfindən
baxılmışdır. Missiya həmin sənədi Azərbaycan,
Gürcüstan, Ermənistan və Türkiyədə yerli
icmaların köməyi ilə cəmiyyətə
çatdırmaq istəyir.
Franko Vakkarı
İtaliyada təhsil almaq üçün gənclər
arasından bir nəfəri seçmək istədiklərini
bildirmiş və bu işdə ictimai birliyin köməyinə
əminliyini vurğulamışdır. Həmin şəxsin
italyan dilini öyrənməsi və universitetlərdən
birində təhsil alması üçün lazım olan xərci
Rondino Beynəlxalq Yataqxanası öz üzərinə
götürür.
İcmanın rəhbəri,
Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı Bayram Səfərov qonaqlara nəcib
missiya və niyyət üçün təşəkkür
etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, münaqişənin nəticələri,
ictimai birliyin fəaliyyəti haqqında məlumat vermiş,
vurğulamışdır ki, hər bir qarabağlının
başlıca arzusu doğma yurda qayıtmaqdır. İcma bu
işin sürətlənməsi üçün səylərini
əsirgəmir.
İdarə heyətinin
üzvləri - Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla,
akademik Cəlal Allahverdiyev qonaqların suallarına cavab
vermişlər.
Xalq qəzeti.- 2010.- 18 iyul.- S. 4.