Goranboy: sahibkarlığa şərait də
var, qayğı da
Son vaxtlar Goranboy rayonunda
həyatın bütün sahələrində əsaslı
yüksəliş hiss olunur. Dinamik inkişaf özünü
hər addımda göstərir. Ən əsası isə odur
ki, adamların əhval-ruhiyyəsi yüksəlmişdir. Təşəbbüskar
və yaradıcı mühit, sağlam mənəvi-psixoloji
ab-hava mövcuddur.
Azad sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, bu sahədə yaradılmış münbit və əlverişli şərait, əsassız yoxlamaların, süni maneələrin aradan qaldırılması istiqamətində həyata keçirilən əsaslı və ardıcıl tədbirlər xüsusilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, son vaxtlar müxtəlif təyinatlı özəl müəssisələrin sayı xeyli artmışdır. Rayon üzrə istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının, demək olar ki, hamısı məhz özəl bölmənin payına düşür.
Burada, əlbəttə, ilk növbədə ölkə Prezidenti İlham Əliyevin respublikamızda azad sahibkarlığın, bazar iqtisadiyyatının sürətli inkişafına yönəlmiş ardıcıl və qətiyyətli fəaliyyətini, bu sahəyə göstərdiyi gündəlik diqqət və qayğısını, imzaladığı fərman və sərəncamları xüsusilə qeyd etmək lazımdır. Goranboyda tanış olduğum, görüşdüyüm, söhbət etdiyim sahibkarlar, iş adamları, fermerlər yaradılmış azad, sərbəst və münbit şərait üçün ölkə rəhbərinə hədsiz minnətdarlıqlarını bildirdilər, bütün imkan və səylərini iqtisadiyyatımızın daha da genişləndirilməsinə yönəldəcəklərini bəyan etdilər.
Beləliklə, bu gün Goranboyda fəaliyyət göstərən sahibkarlarla iş necə qurulmuşdur, onların qayğı və problemləri nədən ibarətdir? Mövcud imkan və potensialı üzə çıxartmaq, işin daha yaxşı təşkili üçün əlavə imkan və səylər necə səfərbər olunur? Sabahkı qayğılar, arzu və düşüncələr, məqsəd və vəzifələr barədə nə demək olar?
Məhərrəm Mehdiyev, - "Gilan ənd Knauf Gipso-karton" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru:
- Ötən il noyabr ayının 20-si kollektivimizin hər bir üzvünün, bütövlükdə, Goranboy rayonu əhalisinin qəlbində xoş xatirə olaraq yaşayacaqdır. Həmin gün ölkə Prezidenti İlham Əliyev Goranboy rayonuna tarixi səfər etmiş, "Gilan ənd Knauf Gipso-karton" müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olmuş, inşa edilən yeni kalsium zavodunun açılışında iştirak etmişdir. Ölkə rəhbəri ilə keçirilən unudulmaz anlar, görüş və söhbətlər, işimizin daha yaxşı təşkili üçün verdiyi qiymətli məsləhət, təklif və tövsiyələr yaddaşımıza əbədi olaraq həkk olunmuşdur.
"Gilan ənd Knauf Gipso-karton" MMC Qafqaz regionunda bənzəri olmayan müəssisədir. Burada müxtəlif növ gibs-karton lövhəsi istehsal olunur. Həmin materiallardan isə inşaatda, binaların daxili işlənməsində, arakəsmə və asma tavan qurulmasında istifadə olunur. Müəssisənin istehsal gücü isə sutkada 1200 tondur. Kalsium zavodunun istehsal gücü 240-250 tona yaxındır. Burada istehsal məhsulları bir sıra keyfiyyətləri ilə çox fərqlənir. Məsələn, onlar ekoloji cəhətdən təmizdir, tərkibində toksid maddələr yoxdur, ətraf mühitə zərərli təsir göstərmir, oda qarşı davamlıdır.
Hazırda müəssisəmizdə 900-dən çox adam daimi işlə təmin olunmuşdur. Ancaq bu heç də son hədd deyildir. Belə ki, biz gələcəkdə istehsal sahələrini xeyli gücləndirməyi nəzərdə tutmuşuq. Nəzərdə tutulmuş tədbirlər həyata keçirildikdən sonra işçilərin sayını ən azı 2 dəfə artıracağıq. Ölkə Prezidentinin sahibkarlara, iş adamlarına göstərdiyi diqqət və qayğısı bizi daha da ruhlandırır, əlavə qol-qanad verir. Deməli, daha yaxşı işləməli, bu yüksək inam və etimada əməli işlə cavab verməliyik. Ona görə də mütəxəssislərimizlə birlikdə gələcəkdə istehsalı daha da gücləndirmək barədə düşünür, yeni yollar, imkan və ehtiyat mənbələri axtarırıq.
Onu da əlavə edim ki, Goranboy rayonunda sahibkarların, iş adamlarının azad, rahat və sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur. Kim gücü, imkanı daxilində harada nə açmaq, yaratmaq istəyirsə heç bir süni maneə olmadan fəaliyyət göstərə bilir. Rayonumuzun zəngin təbii sərvətləri, əlverişli coğrafi mövqeyi, hələ istifadə edilməmiş imkan və ehtiyat mənbələri var. Bu isə, heç şübhəsiz, azad sahibkarlığın sürətli inkişafı üçün olduqca münbit şərait yaradır. Heç də təsadüfi deyildir ki, son vaxtlar Goranboyda müxtəlif təyinatlı emal müəssisələrinin, sanatoriya-kurort komplekslərinin sayı xeyli artmışdır.
Sərvət Gülşin, "Türk Yapı Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyətin həmtəsisçisi:
- Bu barədə çox deyilsə də, yazılsa da bir daha təkrar etməyə ehtiyac var. Həqiqətən, Azərbaycan yeraltı və yerüstü sərvətlərlə zəngin, misilsiz bir diyardır. Elə Goranboy rayonunun ərazisini götürək. Burada nələr yoxdur? Murov dağları isə zəngin və nadir meşə örtüyü, müxtəlif mineral sularla yanaşı, həm də gibs ehtiyatları ilə zəngindir. Ona görə də zavodumuzun əsas xammalı olan gibs sarıdan heç bir çətinliyimiz yoxdur.
Müəssisəmiz rayonun Muzdurlar kəndi ərazisində yerləşir. İnşasına 2006-cı ildən başlansa da 2008-ci ildən işə düşmüşdür. Hazır məhsula əsas tələbat yerli bazardır. Ancaq gələcəkdə xarici bazarlara da çıxmaq istəyirik. Bu məqsədlə Gürcüstanın, Qazaxıstanın, Türkmənistanın, Rusiyanın və başqa ölkələrin müvafiq orqanları ilə danışıqlar aparırıq. İndi alıcını razı salmağın yeganə meyarı keyfiyyətdir. Bazar münasibətlərinin başqa yolu yoxdur. Demək istəyirəm ki, bizim buraxdığımız məhsullar məhz bu cəhətdən onları razı salır, getdikcə daha çox nüfuz qazanır.
Sahibkar üçün nə lazımdır? Əlbəttə, ilk növbədə müvafiq şərait, bir də diqqət və qayğı. Hələ indiyə kimi işimizə hər hansı yersiz müdaxilə və təzyiqlə rastlaşmamışıq. Əksinə, hansı məsələ ilə bağlı müraciət etmişiksə, dərhal öz müsbət həllini tapıb.
Respublikamızda, eləcə də Goranboy rayonunda yaradılmış belə əlverişli, rahat və gözəl şərait, sözsüz ki, ölkə Prezidenti İlham Əliyevin apardığı müdrik və qətiyyətli siyasətin nəticəsidir. Bunun üçün ölkə rəhbərinə kollektivimizin böyük minnətdarlığını bildiririk və əmin edirik ki, yaxın vaxtlarda fəaliyyətimizi daha da gücləndirəcəyik.
Nəzakət Əhmədova, "Sehrli Naftalan" sanatoriyasının baş həkimi:
- Naftalan neftinin möcüzəsi bütün dünyaya məlumdur. Əslində, bunun bünövrəsini xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev qoymuşdur. Belə ki, ötən əsrin 70-80-ci illərində Naftalanın kurort şəhəri kimi inkişafı ulu öndərin diqqət mərkəzində olmuş, Azərbaycan KP MK "Naftalan kurort şəhərinin daha da inkişaf etdirilməsi haqqında" xüsusi qərar qəbul etmişdir. Ona görə də müasir Naftalan həmin illərin yadigarıdır, desək, heç də səhv etmərik. Bircə misal çəkək: 70-80-ci illərdə kurort şəhərində müalicə olunanların sayı 70 minə qədər artmışdır.
Lakin təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bütövlükdə respublikamızı bürüyən xaos və qarşıdurma, hərc-mərclik buradan da yan keçməmişdir. Belə ki, məhz həmin illərdə sanatoriya-kurort kompleksinin, demək olar ki, hamısında qaçqın və məcburi köçkünlər məskunlaşmışlar. Beləliklə də, əslində, misilsiz müalicə əhəmiyyəti olan Naftalan öz fəaliyyətini dayandırmışdır. Son illər isə vəziyyət bütün sahələrdə olduğu kimi, burada da əsaslı surətdə dəyişmişdir. Hazırda fəaliyyət göstərən özəl sanatoriya-kurort komplekslərinin sayı xeyli artmışdır. Digər tərəfdən, həmin sanatoriya-kurort kompleksləri dünya standartları səviyyəsində inşa edilmişdir.
Belə nümunəvi sağlamlıq müəssisələrindən biri də "Sehrli Naftalan" sanatoriyasıdır. Ötən ildən fəaliyyətə başlayan sanatoriyada eyni vaxtda 160 nəfər dincələ və müalicə oluna bilər. 1-2-3 nəfərlik otaqlarda hər cür şərait var. Müxtəlif ixtisaslı həkim və orta tibb işçiləri xəstələrə nümunəvi xidmət göstərirlər.
Sanatoriya-kurort komplekslərində əsas meyar xəstənin özü, onun müalicəsidir. Bu cəhətdən bir neçə xəstənin adını çəkmək istəyirəm. Məsələn, alman Aleksey Oltavare, rus Yelena Kusturova və İsmayıllı rayonundan gəlmiş Bəkir Qasımov. Onların hər üçü oynaq ağrılarından, duzlaşmadan ciddi əziyyət çəkirdi. Ancaq cəmi bir neçə gündən sonra ümumi vəziyyətləri yaxşılaşdı, ağrıları azaldı. İndi onlar özlərini yaxşı hiss edirlər. Söhbət zamanı öz təəccüblərini gizlədə bilmirlər. Deyirlər ki, belə möcüzəli sərvəti olan millət xoşbəxtdir, onun qədrini bilmək lazımdır.
Hər hansı sahədə olursa-olsun, sahibkar, iş adamı öncə rəsmi dairələrin, səlahiyyət sahiblərinin diqqətinə, xoş və xeyirxah münasibətinə möhtacdır. Bunsuz normal iş qurmaq və fəaliyyət göstərmək, sadəcə olaraq, mümkün deyil. Bu cəhətdən bizim giley-güzar etməyə haqqımız yoxdur. Nə sanatoriya üçün yerin seçilməsində, nə torpaq ayrılmasında, nə tikinti-quraşdırma işlərində, heç bir çətinliyimiz yoxdur. Rəsmi orqanlara müraciət edəndə də yalnız kömək, yardım və məsləhət üçün müraciət edirlər. Onu da yaxşı bilirik ki, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin sahibkarlara, iş adamlarına yaratdığı münbit və əlverişli şəraitin, diqqət və qayğının nəticəsidir.
Oqtay Mahmudov, "Gülüstan" istirahət-turizm mərkəzinin direktoru:
- Gördüyümüz kimi, bu yerlər, sözün əsl mənasında, cənnəti xatırladır. Uca dağlar, meşələr, buz bulaqlar, sərin dağ havası... Mənbəyini Murov dağlarından götürən Qaraçayın sahili boyu onlarla istirahət guşəsi yaradılıb. Çoxusu da son illərin məhsuludur. Bəli, bənzərsiz təbiəti və havası olan bu yerləri görmək, gəzmək və dincəlmək əsl istirahət və sağlamlıqdır.
"Gülüstan" istirahət mərkəzi
Qaraçayın sahili boyu
uzanır. 3-4 il bundan əvvəl
buralar çaylaq yerləri idi. İndi isə gülüstandır. Hələlik 1-2-3 otaqdan ibarət 26 kottec var. Uşaqların əylənməsi və
normal istirahəti də
yaddan çıxmamışdır.
Hərdən eşidirik ki, soydaşlarımız dincəlmək
üçün xarici
ölkələrə üz
tuturlar. Əlbəttə, harada və
necə istirahət etmək hər kəsin öz haqqıdır və biz buna qarışmaq istəmirik. Ancaq gəlin
məsələyə başqa
tərəfdən nəzər
salaq. Əgər özümüzdə belə yüksək səviyyəli istirahət
mərkəzləri varsa,
onda əlavə vaxt və vəsait
itirməyə dəyərmi?
Görünür, belə adamların
son illər ölkəmizdə
turizmin necə yüksək sürətlə
inkişaf etdiyindən
xəbərləri yoxdur.
Onlara məsləhət görərdik
ki, birinci növbədə öz doğma yerlərimizə getsinlər. Elə "Gülüstan"dan
başlasınlar. İnanıram ki, hər şey
onların ürəyincə
olacaq. Təbiət
də, xidmət də, qiymət də...
Son vaxtlar ölkəmizə gələn xarici turistlərin sayı ildən-ilə artır. Bu, əlbəttə, fərəhlidir
və digər sahələrə olduğu
kimi, turizm bölməsinə də göstərilən diqqət
və qayğının
nəticəsidir. Sonda mən
bütün həmkarlarım
adından bizə verdiyi dəstəyə, göstərdiyi diqqətə,
yaratdığı əlverişli
və münbit şəraitə görə
ölkə Prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2010.- 18 iyul.- S. 5.