Məmməd xan Təkinski kimdir?
Onun adı faktiki olaraq
Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində
fəaliyyət göstərmiş cümhuriyyət xadimlərindən
biri kimi bizə məlumdur. "Azərbaycan Xalq Cümhuriyyəti
Ensiklopediyası"nın 2-ci cildində M.Təkinski
haqqında yalnız cümhuriyyət hakimiyyəti illərindəki
fəaliyyəti barədə qısa məlumat verilmiş, hətta
onun şəkli belə tapılmamış, anadan olma və vəfatı
tarixləri məlum olmadığı üçün
onların yerlərində sual işarəsi qoyulmuşdur.
Bu günlərdə
Ukraynanın Odessa şəhərində xidməti ezamiyyətdə
olarkən Odessa vilayətinin dövlət arxivində də
olduq. Oradan digər sənədlərlə yanaşı,
vaxtilə Novorossiysk Universitetində təhsil almış azərbaycanlı
tələbələrin də şəxsi işlərini
aşkar edərək surətlərini gətirdik. Həmin işlər
arasında Novorossiysk Universitetinin hüquq fakültəsinin tələbəsi
olmuş Məmməd xan Təkinskinin də şəxsi
işi var.
Kimdir Məmməd xan Təkinski?
Tiflis şəhəri birinci gimnaziyanın şagirdləri
haqqında verilmiş məlumatda M.X.Təkinskinin
atasının adı qrafasında - "Ehsan xan Təkinski",
qəyyumu adlı qrafada isə göstərilir: "Cəfərqulu
xan Naxçıvanski", milliyyəti-türkmən, dini
etiqadı- müsəlman, təvəllüdü-1879-cu il.
Şəxsi işində sinif rəhbəri Avilov tərəfindən tərtib edilərək Tiflis birinci gimnaziyasının direktoru Markovun imzaladığı Məmməd xan Təkinskiyə verilmiş xasiyyətnamə də var. Rus dilində yazılmış həmin xasiyyətnamənin tərcüməsini təqdim edirik:
"Məmməd Təkinskinin xüsusi taleyi olmuşdur. O, öz valideynləri haqqında heç nə deyə bilmir. Ona görə ki, onları görməyib. O, 1879 - cu ildə Axal-Təki vadisində rusların türkmənlərlə müharibəsi zamanı anadan olmuşdur. Maraqlıdır ki, cəmi iki yaşı olarkən 1881-ci il yanvar ayının 12-si günü baş vermiş hadisə onun yaddaşına əbədilik olaraq həkk olunmuşdu. Xatırlayır ki, çayı keçərkən az qala boğulacaqmış, valideynləri onu ruslardan ot tayasında necə gizlətmişdilər, bir köynəkdə daşın üzərində necə oturmuşdu, ruslar küçələrdə türkmənləri necə doğrayırdılar, süngünü ona tuşlamış rus soldatının əlinə necə keçmişdi. Həmin gün onun bütün doğmaları məhv olmuşdu. O, rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski tərəfindən oğulluğa necə götürülmüşdür. Orada (yəni hərbi hissədə-A.P.) o, necə hamının sevimlisinə çevrilmiş və hərtərəfli qayğı ilə əhatə olunmuşdu.
Lakin dəhşətli hadisələr Təkinskinin həyatında öz izlərini də buraxmışdı. Bir vaxt onun bədəni tamamilə şişir. Belə hesab edirlər ki, bu, əsəb sisteminin pozulmasının əlamətlərindən biridir. Bundan sonra müəyyən müddət onun dili dolaşır, topuq vururdu. Lakin müalicə olunmaqla o sağalmışdı. Son vaxtlarda isə onun bədəninin sol tərəfi yüngül şəkildə iflic olmuşdu. Xasiyyətindəki bir sıra kobudluqlara baxmayaraq, Təkinski, hər halda, yumşaq ürəkli, orta qabiliyyətlidir. Öz yaşına görə kifayət qədər inkişaf etməmişdir. Hesab etmək olar ki, onun əsəb xəstəliklərinin əsas səbəbi gərgin əmək və asan olmayan gimnaziya kurslarının keçirilməsi zamanı beynində yaranmış əsəb gərginliyi olmuşdur. Hər halda Təkinski kifayət qədər bilikli, kifayət qədər ümumi inkişafa malik şəxs kimi gələcəkdə əgər özünə, öz qüvvəsi və zövqünə uyğun peşə seçərsə cəmiyyət üçün yararlı şəxs ola bilər."
Xasiyyətnamə ilə yanaşı, M.X.Təkinski Novorossiysk Universitetinə aşağıdakı məzmunda "şəhadətnamə " də təqdim etmişdir:
"Bununla təsdiq edirəm ki, 1881-ci il yanvar ayının 12-də general-adyutant Skovelevin rəhbərlik etdiyi ordu Köy-Təpədə Axal-Təkə qalasına hücumdan sonra çoxlu Təkin uşaqları valideyinsiz qalmışdı. Onlardan biri də Məmməd xan Təkinski idi ki, o vaxt onun bir yaşı olardı. Müsəlman dininə mənsub olan bu uşağı qalaya hücum zamanı mənim rəhbərlik etdiyim polkun batalyonlarından birinə rəhbərlik edən podpolkovnik Xan Naxçıvanski tərəfindən tərbiyə etmək üçün götürülmüşdü.
Qeyd: Mənim polkumda olanlardan heç kimə məlum deyil ki, həmin uşağın o vaxt "Xan" titulu olmuşdur, yoxsa bu titul ona sonradan verilmişdir. 1890-cı il 26 may. Tiflis şəh. 81№-li Apşeron polkunun komandiri, polkovnik N, polkun adyutantı adından poruçik Korobkov".
Tiflis birinci kişi gimnaziyasında 11 il oxuyan M.X.Təkinski (8-ci sinifdə təkrarən 2-ci il qaldığı üçün) 1901-ci ildə məktəbi bitirərək 1514 №-li attestat alır. Həmin ilin avqustunda isə o, Novorossiysk İmperator Universitetinin rektoruna ərizə ilə müraciət edərək onu həmin universitetin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul etmək barədə xahiş edir. Universitetə qəbul olunaraq iki il həmin fakültədə oxuduqdan sonra 1903-cü il avqustun 20-də M.X.Təkinski yenidən həmin universitetin rektoruna ərizə ilə müraciət edərək onu fizika-riyaziyyat fakültəsindən hüquq fakültəsinin birinci kursuna keçirməyi xahiş edir.
Onun ərizəsi üzərində tələbələrlə iş üzrə inspektor tərəfindən yazılmış arayışda bildirilirdi ki, "Məmməd xan Təkinski - müsəlman dininə mənsub olmaqla, Tiflis 1-ci gimnaziyasının 1901-ci ildə verdiyi kamal attestatı ilə həmin ilin sentyabrından Novorossiysk Universitetinin riyaziyyat bölməsinin tələbəsidir. 1901-1902-ci tədris ilinin mart ayına qədər I və II semestrində mühazirələr oxumaq üçün haqq ödəmədiyindən 1902-ci ilin martında universitetdən xaric edilmişdir. Universitetdə oxuduğu müddətdə isə ona qarşı heç bir ciddi tənbeh və irad olmamışdır."
Həmin ərizənin üzərində yazılmış digər arayışda isə idarə heyətinin 9 sentyabr 1903 - cü il tarixli qərarı ilə Məmməd Təkinskinin universitetə gəldiyi, üzvlük və mühazirələr üçün qonarar haqlarını ödədiyinə görə onun hüquq fakültəsinin birinci kursuna qəbul olunduğu barədə idarə heyəti katibinin imzaladığı arayış da vardır.
1903-cü ilin dekabrında hüquq fakültəsinin 1 kurs tələbəsi Məmməd Təkinski Novorossiysk Universitetinin tələbə məsələləri üzrə inspektoruna ərizə ilə müraciət edərək bildirir ki, universitetdə oxuduğu müddət ərzində heç bir qadağan olunmuş işlərlə məşgul olmamış, əla əxlaq nümunəsi göstərmiş, heç bir kənar vəsaitdən və dövlət təqaüdündən də istifadə etməmişdir.
M.X.Təkinski Novorossiysk Universitetinin rektoruna növbəti ərizəni 2-ci kurs tələbəsi kimi 1906-cı il oktyabrın 20-də yazıb. Öz ərizəsində o göstərirdi ki, 1905-ci ildə universitetin xeyrinə üzvlük haqqını ödəyə bilmədiyim üçün universitetdən xaric olunmuşam. Sizdən acizanə xahiş edirəm ki, məni hüquq fakültəsinin 3-cü kursuna yenidən bərpa edəsiniz. Bərpa olunan kimi həm mühazirələr barədə, həm də universitetin xeyrinə vəsaiti ödəyəcəyimə söz verirəm.
M.X.Təkinski Novorossiysk Universitetinin rektoruna son ərizəni isə 1908-ci il iyunun 3-də yazaraq ona universiteti bitirməsi haqqında sənədlərin verilməsi barədə göstəriş verməyini xahiş edir.
Bütün bunlarla bərabər M.X.Təkinskinin Novorossiysk Universitetinin tələbəsi kimi tərtib olunmuş şəxsi işində müxtəlif illərdə onun universitetin professor və müəllimlərinin mühazirələrində iştirakının siyahıları, bunun üçün ödədiyi təhsil haqqı barədə çoxlu sənədlər də qorunub saxlanılır. Bu sənədlər arasında M.Təkinskinin 1901-ci il iyun ayının 12-də Tiflisdə A.Hordşteynin fotostudiyasında çəkdirdiyi və Novorossiysk Universitetinə təqdim etdiyi fotoşəkil də qorunub saxlanılır.
Təəssüflər olsun ki, M.X.Təkinskinin Novorossiysk Universitetinin hüquq fakültəsini bitirdikdən sonra 1918-ci ilə qədər harada işlədiyi barədə əlimizdə əsaslı bir məlumat yoxdur. Ancaq güman etmək olar ki, bu illər ərzində o, Güney Qafqazda hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmişdir. Bunu 1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasına sonralar andlı iclasçı kimi M.X.Təkinski də bu komissiyanın işinə cəlb olunması, buradakı və sonrakı fəaliyyətləri göstərir ki, o həqiqətən də Güney Qafqazda hüquq-mühafizə, məhkəmə, prokurorluq orqanları sistemində fəaliyyət göstərmişdi. Əlbəttə, bunların gələcəkdə ətraflı öyrənilməsi olduqca vacibdir.
1918-ci ildən 1920-ci ilin aprelinədək Xalq Cümhuriyyətinin süqutuna qədər isə M.X.Təkinski əvvəlcə cümhuriyyət hökumətinin Ermənistan Respublikasında səlahiyyətli nümayəndəsi, sonra isə xarici işlər nazirinin müavini olmuşdur. Təəssüflər olsun ki, onun cümhuriyyət dövründəki fəaliyyəti də lazımınca öyrənilməyib, cümhuriyyət dövründən sonrakı taleyi barədə isə əlimizdə heç bir məlumat yoxdur.
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında parlament qarşısında öz hökuməti adından F.X.Xoyski hesabat verdikdən sonra hökumət buraxılır. Yeni hökumətin parlament tərəfindən təşkili yenidən F.X.Xoyskiyə tapşırılır. Sənədlərdən görünür ki, həmin vaxt xarici işlər naziri vəzifəsinin icrası müvəqqəti olaraq M.X.Təkinskiyə həvalə olunur. Belə ki, dekabrın 9-da o, cümhuriyyət hökumətinin Gürcüstandakı nümayəndəsi M.Y.Cəfərova göndərdiyi təlimatda Ermənistanın Tiflisdəki nümayəndəsinə Qazax qəzasının Qaraqoyunlu kəndinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu və heç bir vaxt Ermənistan Respublikasının tərkibinə daxil olmaq istəmədiyini bildirməyi tapşırır.
M.Təkinski 1919-cu il yanvar ayının 29-da Azərbaycan Cümhuriyyəti hökumətinin Ermənistan Respublikası hökuməti yanında diplomatik nümayəndəsi təyin olunur. Bu vəzifədə o, həmin il oktyabrın 1-də xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunan vaxta qədər fəaliyyət göstərmişdir.
Cümhuriyyət hökumətinin Ermənistan Respublikasında diplomatik nümayəndəsi kimi M.X.Təkinski Ermənistan hökumətinə 1919-cu il mart ayının 24-də etiraz notası verib. Notada deyilirdi ki, türklər İrəvan quberniyasından getdikdən bir neçə gün sonra erməni silahlı dəstələri erməni zabitlərinin rəhbərliyi ilə Naxçıvan istiqamətində hərəkət edib öz yolunda olan Səib, Kataklı, Şalabl, Xaraba Kataklı kəndlərini dağıdaraq bu kəndlərin mülki müsəlman əhalisini, o cümlədən də qaçqın müsəlmanları, qoca, qadın və uşaqları doğrayıblar. Şərurda müqavimətə rast gələn erməni dəstələri Qırovluya geri çəkiliblər. Eyni vaxtda digər erməni dəstələri Cirmansdan, Qaraxaç, Şaqanlı, Kadilli, Yuxarı Qarabağlar, Ağasıbəyli, Dəhnaz və Şişi Dağ kəndlərinə doğru hərəkət edərək bu kəndlərin mülki müsəlman əhalisini qırmış, əvvəlcədən seçdikləri bir neçə yüz gözəl müsəlman qız və qadınını aparmış və bu günə qədər də onlar erməni əsgərlərinin əlində girovdurlar. Erməni əsgərlərinin müsəlmanlara qarşı bütün bu yaramaz hərəkətləri haqqında Ermənistan Respublikası hökumətinə vaxtında məlumat verilmişdir. Mənim hökumətimin tapşırığı ilə Ermənistan Respublikası hökumətinə təklif edirəm ki, girov aparılmış bütün müsəlman qadın və qızları təxirəsalınmadan azad edilsinlər. Yuxarıda göstərilən bütün kəndlərdə müsəlmanlara vurulmuş ziyanları dəqiqləşdirmək üçün ingilis, müsəlman (azərbaycanlı - A.Paşayev) və ermənilərdən ibarət birləşmiş komissiya yaradılsın".
Həmin il aprel ayının 2-də M.X.Təkinski xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi teleqraf məlumatında bildirirdi ki, martın 18-də Eçmiədzinə gedərək orada katolikosla görüşdüm. O, ermənilərlə müsəlmanların dostluq etməsinin vacibliyini vurğuladı və söz verdi ki, erməni xalqına müraciət edəcək ki, müsəlmanlarla dostluqla yaşasınlar. Katolikos məni nahara dəvət etdi və mən gedənə qədər məndən ayrılmadı. Mazut olmadığı üçün Eçmiədzin kilsəsi və katolikosun evi elektrik işığı ilə işıqlandırılmır. O, məlumat verirdi ki, mən katolikosa mazutla kömək edəcəyimə söz vermişəm.
Habelə o bildirirdi ki, gəlir mənbəyi olmadığı üçün Ermənistan müstəqil yaşaya bilməz. Qaçqınların vəziyyəti olduqca çətindir və onlara hərtərəfli kömək lazımdır. Hind əsgərləri Naxçıvan istiqamətində yola düşüb. Əgər vacibdirsə, Qars hökuməti ilə əlaqə yaradın. Yuxarı siniflərdə olan 14 gənc əgər gimnaziyaya qəbul edilsələr, öz təhsillərini davam etdirmək üçün Azərbaycana gəlmək istəyirlər.
M.X.Təkinskinin məlumatı üzərində elə həmin gün Fətəli Xan Xoyski belə bir dərkənar qoymuşdu: "Neft (bir sistern) buraxılsın, əlaqə yaradılsın, gimnazistlər qəbul edilsin".
M.X.Təkinskinin İrəvandan növbəti məlumatı 1919-cu il mayın 3-də cümhuriyyət hökumətinin yeni Baş naziri N.Yusifbəyova erməni ordusunun Naxçıvana müdaxiləsi ilə əlaqədar olaraq Ermənistan hökumətinə verdiyi nota barədəki məlumatdır. Notada deyilirdi: "Mənim hökumətimin tapşırığı ilə mən Ermənistan Respublikasının ordusunun Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan rayonuna göndərilməsinə qarşı öz etirazımı bildirirəm".
Öz notasında M.X.Təkinski bildirirdi: "Ümid edirəm ki, Ermənistan Respublikası hökuməti iki respublika arasındakı sərhəd məsələlərini eyni vaxtda həm silah gücünə, həm də başlıca vəzifəsini sərhəd məsələlərinin sülh yolu ilə həll etməli olan Qafqaz konfransında iştirak edəcək öz nümayəndələri vasitəsilə həll etməyəcək. Özü də Ermənistan Respublikasının hökuməti özünün 1919-cu il 4 aprel tarixli 1075 №-li notası ilə ərazi məsələlərinin məhz Qafqaz konfransında həll edilməsini təklif edir".
M.X.Təkinski
1919-cu il mayın 29-da xarici işlər naziri M.Y.Cəfərova
göndərdiyi növbəti şifrələnmiş məktubunda
bildirirdi: "Azerbaydcan" qəzetinin 105-ci nömrəsində
xəbər verilir ki, Naxçıvan əhalisi erməni
ordularını ruh yüksəkliyi ilə
qarşılayıb. Şərur-Naxçıvan rayonunun əhalisi
ingilislərin tələbi ilə tabe olub. Kalbalı xan
Naxçıvanski Xatisovun dəvətini qəbul etməyərək
onun yanına gəlməmiş və bildirmişdi ki, o, Ermənistanı
tanımır. Yalnız general Delinin dəvəti ilə xan gəlmiş,
general ona elan etmişdir ki, rayon Ermənistana birləşdirilir. Xan cavab
vermişdir ki, yalnız ingilislərin tələbini qəbul
edir. Müsəlmanlar erməniləri
boykot edir və inzibati vəzifə tutmaq barəsindəki erməni
təkliflərini rədd edirlər".
M.X.Təkinski 1919-cu il iyunun 7-də xarici işlər naziri M.Y.Cəfərova
göndərdiyi məktubunda bildirirdi ki, ermənilər
Denikinin könüllü ordusunun Bakını tutacaqları
ümidi ilə sevinirlər. Baxmayaraq ki, iyunun
1-də mənim yanımda nahar vaxtı Xatisov Ermənistanın
və Azərbaycanın özlərini müdafiə və
müstəqilliklərini saxlamaq üçün mənafelərinin
eyni olduğuna məni inandırmağa
çalışırdı. Könüllü
ordu ilə münasibətlərimiz pisləşərsə,
Ermənistan bizə qarşı düşmən mövqe
tutacaq. Ona görə də Şərur-
Naxçıvan bölgəsində Ermənistan
üçün təhlükə yaratmaq lazımdır.
Bunun üçün hərbi təşkilata
pul buraxılmalıdır. Mənim həyata
keçirdiyim tədbirlər nəticəsində Şərur-
Naxçıvan və Ordubad vahid Milli Şurada birləşərək
daim mənimlə əlaqə saxlayırlar.
1919-cu il
iyun ayının 21-də M.X.Təkinski İrəvandan
göndərdiyi təcili şifrələnmiş məlumatında
bildirirdi ki, Naxçıvan, Şərur, Vedibasar və
Şahtaxtı rayonları erməni orduları tərəfindən
tutulmuş və orada erməni idarə sistemi
yaradılmışdır. Naxçıvan Milli Şurası
məndən xahiş edir ki, müttəfiqlər
komandanlığına bildirim ki, erməni hakimiyyəti ingilis
generalı Deli və Xatisova söz vermələrinə
baxmayaraq axtarışlar aparmaqla, əhalidən silahları,
mebelləri, dirəkləri, taxtaları və sairəni
müsadirə edirlər. Müttəfiq ordu
komandanlığından xahiş edin ki, bu cür qeyri-qanuni və
düzgün olmayan hərəkətlərə son qoyulsun.
Culfa da ermənilərin əlindədir. Naxçıvan Milli Şurasının xahişini
yerinə yetirməyi mümkün hesab edirsinizmi? Ordubadlılar hələki erməniləri yaxın
buraxmırlar. Bu barədə 11 gün əvvəl
ordubadlılar ermənilərə açıqca bildirmişlər.
Müsəlman orduları
buraxılmışdır. Yalnız 300 nəfərdən
ibarət partizan dəstəsi var.
Həmin il iyul ayının
21-də M.X.Təkinski İrəvandan xarici işlər naziri
M.Y.Cəfərova göndərdiyi növbəti teleqramda
bildirirdi ki, bu gün Britaniyanın hərbi nümayəndəsi
polkovnik Plauton mənə yazılı və şifahi surətdə
bildirdi:" O, general Koridən əmr alıb ki, Böyük
Vedidə və Naxçıvanda bütün hərbi əməliyyatlar
dayandırılsın. Bu gün polkovnik Plauton və
general Kori bizim diplomatik nümayəndə ilə
görüşmək üçün Tiflisə gedir. Yeni vəziyyətlə əlaqədar olaraq mən
Bakıya səfərimi təxirə salıram".
M.X.Təkinski 1919-cu il
avqustun 2-də öz hökuməti adından Ermənistan
Respublikası xarici işlər nazirinə notasında həmin
il iyunun 12-də Ermənistan Respublikasının Azərbaycan
Respublikasındakı nümayəndəsi Bekzadyanın
Böyük Vedidə baş vermiş hadisələr barədə
protestinə cavab olaraq bildirirdi ki, Bekzadyan bilərəkdən
faktları saxtalaşdırır. Onun verdiyi məlumatlardan
bilinmir ki, Ermənistan hökuməti Böyük Vediyə
hansı sayda hərbi dəstə göndərib. Hərbi dəstə rəisinin göstərişi
ilə Böyük Vedi silah və pulemyot atəşinə
tutulub. Məlum deyil bu dəstənin cəza
dəstəsindən fərqi nə idi? Əslində,
erməni hərbi hissələri iyunun 4-də səhər
Böyük Vediyə çatır. Danışıqlar
zamanı ilk atəş səsi erməni hərbi hissələri
tərəfindən eşidilir. Bu güllələrlə
Böyük Vedidən danışıq üçün gəlmiş
iki nəfər nümayəndə öldürülür:
Zeynal Abdin Şıxəli oğlu və Nəsrulla bəy Bəşirbəy
oğlu. Nümayəndələrinin
öldürüldüyünü görən Böyük
vedililər tərəfindən də atəş
açılır və bütün günü atışma
davam edir. Böyük vedililərə
qarşı artilleriya və piyada polkun hissələrindən
istifadə olunur. Həmin günün
axşamı erməni hərbi hissələri pulemyotları,
tüfəngləri, mərmiləri, arabaları, hətta dəftərxanalarını
da Böyük Vedi müsəlmanlarına qənimət
saxlayaraq geri çəkilməyə məcbur olurlar.
Məmməd xan öz
notasında qeyd edirdi ki, Böyük Vedinin nə səbəbə
Ermənistana qatılmasına cavab olaraq Böyük vedililər
bildirirlər ki, Ermənistan Respublikası ərazisində ermənilər
tərəfindən 300-dən yuxarı müsəlman kəndi
dağıdılıb, bir neçə min müsəlman
kişi, qadın və uşaq məhv edilib. Öz
notasının sonunda M.X.Təkinski bildirirdi ki, əgər Ermənistan
hökuməti ermənilərlə müsəlmanlar
arasında xeyirxah qonşuluq münasibəti yaratmaq istəyirsə
Ermənistanda yaşayan müsəlmanlar üçün
hüquqi şərait yaratmalıdır. Ermənistan
hökuməti müsəlmanlara qarşı tətbiq olunan
zorakılıqları əyani surətdə yoxlamaq istəyirsə,
qoy müttəfiq dövlətlərinin, Ermənistan və Azərbaycan
respublikalarının nümayəndələrindən ibarət
komissiya yaradılsın. Qatillər və
soyğunçular isə ciddi surətdə cəzalandırılsınlar.
1919-cu ilin oktyabrından
xarici işlər nazirinin müavini işləyən M.X.Təkinski
həmin il dekabrın 28-də Tiflisdən Bakıya gələn
Polşa Respublikasının Qafqazdakı nümayəndəsi
Vaslav Ostrovskini Bakıdakı Polşanın konsul agenti və
polyak nümayəndələrinin iştirakı ilə dəmir
yolu vağzalında qarşılayır.
1920-ci il
yanvarın 23-də isə o, digər yüksək vəzifəli
şəxslərlə birlikdə xüsusi qatarla Azərbaycanın
xarici işlər naziri F.X.Xoyskinin müşayiəti ilə
Tiflisdən Bakıya gələn müttəfiq dövlətlərin
ali komissarı Oliver Yordponu qarşılayır.
1920-ci il
aprel ayının 28-də Sovet Rusiyasının XI ordusu tərəfindən
Azərbaycan işğal olunduqdan sonra
işğalçıların bütün vədlərinə
baxmayaraq süqut etmiş Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin rəhbərlərinə və fəallarına
qarşı ciddi repressiya siyasəti həyata keçirilir. Həmin repressiyalardan sonra M.X.Təkinski haqqında
da heç bir məlumat qalmamışdı. XIX əsrin 80-cı illlərində bütün ailəsi
Türkmənistanda Çar Rusiyası orduları tərəfindən
qətlə yetirilmiş və yetim qalmış iki
yaşlı türkmən uşağı Ehsan Xan
Naxçıvanski tərəfindən oğulluğa
götürülərək onu Məmməd Xan Təkinski
adlandırmışdı. Naxçıvanskilər nəsli
ona tam ali təhsil verərək Azərbaycan
üçün görkəmli bir siyasi xadim
yetişdirmişdilər. Təəssüflər
olsun ki, taleyin hökmü ilə M.X.Təkinski yenə də
imtahana çəkilmiş, yenə də Rusiyanın
bolşevik donu geymiş əsgərləri tərəfindən
repressiyaya uğradılmış və bu günə qədər
də onun son taleyi barədə əlimizdə heç bir məlumat
yoxdur. Bu işıqlı şəxsiyyət
haqqında əlavə məlumatlar aşkar etmək və
açıqlamaq Vətən sevgisi ilə yaşayan hər
bir vətəndaşın müqəddəs amalı olmalıdır.
Ataxan PAŞAYEV
Xalq qəzeti.- 2010.- 18 iyul.- S. 6.