Azərbaycan milli mətbuatı-135
Heydər Əliyev və Azərbaycan
mətbuatı
Mən istəyirəm
ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən
jurnalistləri həmişə sevmişəm.
Heydər ƏLİYEV,
Ümumilli lider
Bu il Azərbaycan
milli mətbuatının yaranmasının 135 yaşı
tamam olur. Bu, əslində tək mətbuatın
deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin
bayramıdır. Təsadüfi deyildir ki,
ölkə Prezidenti İlham Əliyev mətbuatımızın
135 illiyinin ümummilli səviyyədə qeyd olunması ilə
bağlı xüsusi sərəncam imzalayıb. Sərəncamda göstərildiyi kimi, Azərbaycan
dövlətinin artan imkanları milli mətbuatımızın
inkişafı yolunda çətinliklərin aradan
qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə
kompleks tədbirlərin həyata keçirilməsinə
şərait yaratmışdır.
"Bu gün mətbuatın
maddi-texniki bazasının möhkəmləndirilməsi,
müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
stimullaşdırılması, dövlət orqanları ilə
mətbuat arasında səmərəli əməkdaşlığın
inkişafı, jurnalistlərin peşəkarlığının
və məsuliyyətinin artmasına daha münbit şərait
yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi
Azərbaycan dövləti və cəmiyyəti
qarşısında duran mühüm vəzifələrdir".
Fikrimizcə, Prezident İlham Əliyevin
imzaladığı bu sərəncamın özü Azərbaycanda
mətbuata dövlət qayğısının daha bir parlaq təzahürü
kimi dəyərləndirilməlidir.
"Əkinçi" ənənələri
ilə həyata qədəm qoyan, "Molla Nəsrəddin"
ənənələri ilə mübarizləşən Azərbaycan
milli mətbuatı ötən 135 il ərzində, həqiqətən,
çox kəşməkeşli, həm də son dərəcə
şərəfli bir inkişaf yolu keçib. Təbiidir
ki, bu yol heç də həmişə rəvan olmayıb.
Əslində, bütün dövrlərdə və
bütün ölkələrdə mətbuatın
missiyası da elə cəmiyyəti düşündürən,
narahat edən problemləri gündəmə gətirmək,
onların həlli yollarını aramaq və ən
başlıcası, hökumətin və geniş ictimaiyyətin
diqqətini bu sahəyə səfərbər etmək olub.
Bu mənada mətbuat həmişə tərəqqi
və inkişafa yardımçı, ətalət, cəhalət,
mühafizəkarlıq, meşşanlıq və nəhayət,
sui-istifadə və cinayət hallarına qarşı
amansız mübariz olub. Əlbəttə,
söhbət normal və sağlam mətbuatdan gedir.
Azərbaycanda
sağlam və peşəkar mətbuatın
formalaşmasında xalqımızın ümummilli lideri Heydər
Əliyevin əvəzsiz xidmətləri olub. Bəli, ulu öndər hələ
dövlət təhlükəsizlik orqanlarında
çalışdığı illərdə, xüsusən
də Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən
mətbuatla sıx təmas onun iş prinsipinin başlıca
istiqamətlərindən biri olub. Bu ondan irəli
gəlirdi ki, Heydər Əliyev hər zaman çox
güclü təbliğat və təşviqat
maşını olan mətbuatın insanları səfərbər
etmək, onları təşkilatlandırmaq imkanlarını
çox gözəl bilirdi. Ona görə
də 70-80-ci illərdə cəmiyyəti
düşündürən, narahat edən bütün problemlər
məhz Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə bu və ya digər formada mətbuata
çıxarılırdı.
Ulu öndər özu bu barədə
deyirdi: "Sovet hakimiyyəti vaxtında bizdə bir mətbuat
- kommunist mətbuatı vardı. Mən həmişə
bu mətbuatı bizim nöqsanları araşdırmaq,
aşkara çıxarmaq istiqamətinə yönəldirdim.
Çünki biz işdəki nöqsanların
hamısını aşkara çıxara bilmirdik".
Təbiidir ki,
mətbuat və televiziyanın qaldırdığı problemlər
də MK-nın və şəxsən Heydər Əliyevin
diqqətindən yayınmırdı. Yaxşı xatirimdədir, o illərdə
"Kommunist", "Bakı", "Azərbaycan gəncləri",
"Bakinski raboçi" və digər qəzetlərdə
dərc olunan ciddi tənqidi yazıların, demək olar ki, əksəriyyətinə
birbaşa Mərkəzi Komitə səviyyəsində dərhal
reaksiya verilirdi.
Heydər Əliyev
dövrünün böyük siyasətçisi idi və adətən,
belə insanlar öz hiss və həyəcanlarını
çox zaman biruzə vermirlər. Amma onunla bir yerdə
işləyən və onu yaxından tanıyan insanlar
çox yaxşı bilirlər ki, ulu öndər mətbuatla,
jurnalistlərlə nə qədər səmimi idi. O,
sözün tam mənasında, mətbuat üçün
açıq adam idi. Yəni,
o, mətbuata hər şeyi deyirdi və mətbuatın
qaldırdığı problemlərə də həssaslıqla
yanaşırdı. "Literaturnaya
qazeta"da "Qoy, ədalət zəfər
çalsın" başlığı altında dərc
olunmuş müsahibəni yada salın. Heydər
Əliyev həmin müsahibəsi ilə, əslində,
SSRİ məkanında ilk dəfə olaraq cinayətkarlığa
və korrupsiyaya qarşı açıq müharibə elan
etmişdi. Əlbəttə, dünyaya
qapalı olan bir ölkədə, özü də dövlətin
rəhbərlərindən birinin dilindən cəmiyyətdə
kök salmış neqativ halların açıq şəkildə
təhlil və tənqid olunması o dövr üçün
son dərəcə riskli addım idi. İnanın,
o zaman SSRİ rəhbərləri içərisində Heydər
Əliyevdən savayı, heç kəs bunu edə bilməzdi.
Həmin müsahibədən sonra mətbuatda cəmiyyətin
az qala bütün sahələrini əhatə
edən çox geniş müzakirələr oldu. SSRİ-nin bütün regionlarının sakinləri
bu müzakirələrə qoşuldu.
Təbii ki, o
zaman bu məsələ ilə bağlı həm Azərbaycana,
həm də Heydər Əliyevə qarşı görünən
və görünməyən qüvvələr tərəfindən
çox ciddi təzyiqlər oldu. Amma bütün bunlar
Azərbaycanın Heydər Əliyev tərəfindən
müəyyən edilən və idarə olunan mənəvi-siyasi
kursunu dəyişə bilmədi. Əksinə,
ulu öndər ölkədə sosial-mənəvi mühiti
sağlamlaşdırmaq naminə daha ciddi addımlar atdı.
"Literaturnaya qazeta"ya müsahibəsindən az sonra bilavasitə mənəviyyat məsələlərinin
müzakirəsinə həsr olunan respublika müşavirəsində
siyasi sistemin mahiyyətindən irəli gələn hər
cür çatışmazlıq və eybəcərliklər
geniş müzakirə predmetinə çevrilərək kəskin
tənqid atəşinə tutuldu, vəziyyəti
sağlamlaşdırmaq məqsədilə müvafiq tədbirlər
planı təsdiq olundu.
Şəxsi
nümunənin təsir gücü hər yerdə və hər
zaman böyük olub. Bu mənada Heydər Əliyev nümunəsinin
təsir gücü xüsusilə əvəzsizdir. Məsələn, 70-80-ci illərdə məhz ulu
öndərin şəxsi diqqət və qayğısı vəzifəsinin
böyüklüyündən və ya kiçikliyindən
asılı olmayaraq bütün məmur korpusunun mətbuata və
mətbuat sahəsində çalışanlara münasibətində
bir növ etalona çevrilmişdi. Bu
cür isti münasibətin nəticəsidir ki, o illərdə
Azərbaycanda yüzlərlə jurnalist yüksək fəxri
adlara layiq görüldü, çoxsaylı insanlar növbədənkənar
mənzil və maşın aldı. Ən
başlıcası isə Azərbaycan jurnalistlərinin
böyük bir nəsli Heydər Əliyev idarəçilik məktəbində
yetişərək, püxtələşərək,
sözün əsl mənasında, peşəkarlıq zirvəsinə
ucaldılar.
Nə yazıq
ki, sonralar həmin kadrlardan Heydər Əliyevə
qarşı dönük çıxanlar da oldu. Amma ulu öndər
1993-cü ildə yenidən hakimiyyətə döndükdən
sonra da həmin insanlara qayğıkeş münasibət
göstərməkdə davam etdi. Təsəvvür
edin, Heydər Əliyevin Azərbaycan parlamentindəki
çıxışının mətnini çap etməkdən
qəti surətdə imtina edən redaktor sonradan əməkdar
jurnalist oldu, ömürlük Prezident təqaüdünə
layiq bilindi və s.
80-ci illərin sonu - 90-cı
illərin əvvəllərində ölkədə anarxiya, hərcmərclik
və özbaşınalıq baş alıb getdiyi dövrdə
birbaşa Moskvanın ssenarisi əsasında Heydər Əliyev
şəxsiyyətinə qarşı çox çirkin
"piar" kampaniyası aparılırdı. Lakin
ömrü boyu yalnız böyük və müqəddəs
amallar uğrunda mübarizə apardığından
cılız insanların sifarişi və təşkilatçılığı
ilə mətbuata çıxarılan qərəzli
yazılara o, özü əsla reaksiya vermirdi. Ulu öndər
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
olarkən muxtar respublikanın Nazirlər Sovetinin sədri,
hazırda isə Xaçmaz Rayon İcra Hakimiyyətinin
başçısı işləyən Şəmsəddin
Xanbabayevin tez-tez xatırladığı bir əhvalat bu
baxımdan çox ibrətamizdir:
- O illərdə blokada şəraitində
yaşayan Naxçıvana hər tərəfdən çox
ciddi təzyiqlər vardı. Əvvəlcə
Mütəllibovun qoçuları, onun ardınca isə Xalq cəbhəsi
və onun ətrafında cəmləşən səbatsız
ünsürlər Naxçıvanı və onun rəhbərliyini
sındırmaq məqsədilə ən çirkin vasitələrə
əl atmaqdan belə çəkinmirdilər. Lakin Heydər Əliyevin nüfuzu, hörməti və
Naxçıvan əhalisi tərəfindən etibarlı
şəkildə müdafiəsi həmin qüvvələrə
öz çirkin planlarını reallaşdırmağa imkan
vermirdi. Ulu öndərin şəxsiyyəti
və əməli fəaliyyəti ilə bağlı
ayrı-ayrı mətbuat orqanlarının sifarişlə
hazırladığı qərəzli və böhtan
xarakterli yazıları xüsusi olaraq qeyd etmək istərdim.
Hamımız yaxşı bilirdik ki, maraqlı,
tutarlı, ədalətli və obyektiv yazıları həvəslə
oxuyan ulu öndər özü sifarişlə yazılan qəzet
cızmaqaralarına əsla əhəmiyyət vermirdi. Lakin qəzetlərdən birinin növbəti
yazısında artıq bütün hədlər
aşıldığından Əliyev komandasının digər
üzvləri kimi mən də daha dözə bilmədim.
Necə deyərlər, elə başı alovlu
vəziyyətdə qəbuluna getdim. Kabinetinə
daxil olan kimi adəti üzrə görülən işlər
və əvvəllər verdiyi tapşırıqların
icrası ətrafında söhbət etdi. Tövsiyə və iradlarını bildirdi. Bəzi
yeni tapşırıqlar verdi. Söhbətimizin
sonunda yerindən qalxaraq gülümsəyə - gülümsəyə:
"Şəmsəddin, sən də nə isə demək
istəyirdin?" - deyərək mənə
yaxınlaşdı. Bayaqdan bəri bükərək əlimdə
saxladığım o bədnam qəzeti açaraq, dedim:
"lap ağ edirlər, icazə verin, mən özüm
onlarla məşğul olum". Ulu öndər,
sanki heç nə olmayıbmış kimi, "axı
hamınıza demişəm, belə şeylərə əhəmiyyət
verməyin, get işlərinlə məşğul ol!"
- deyərək, növbəti dəfə
məni beləcə xoş əhvalla yola saldı.
Heydər Əliyev
mətbuatın gücünə inanırdı və elə
bu səbəbdən də mətbuatdan çox şey umurdu. Dəyərli qələm
dostum, mərhum Mövsüm Mövsümov
danışırdı ki, bir dəfə Heydər Əliyev
Naxçıvan Ali Məclisinin sədri olarkən
aparıcı qəzetlərin muxtar respublikada işləyən
əməkdaşlarını yanına dəvət edərək
onlara ciddi irad bildirdi: "Mən sizi yaxşı
tanıyıram. Sizinki odur, rayondan nümayəndə
qoşaraq kolxoza, sovxoza göndərələr. Orada kababdan yeyəsiniz, sədr və ya direktorla
pıçıldaşasınız, yalnız bundan sonra nə
isə bir şey yazasınız. Ay bala, erməni Sədərəyə
güllə atır, niyə yazmırsınız, kimi və nəyi
gözləyirsiniz?!
Görün,
necə də vaxtında söylənilmiş haqlı və ədalətli
iraddır. Əfsuslar olsun ki, bəzi üzdəniraq mətbuat
orqanları və cılız qələm sahibləri sovet
dönəmində olduğu kimi, bu gün də kabab ətrini
millət və vətən sevgisindən üstün tuturlar.
Heydər Əliyev
sovet dönəmində olduğu kimi, müstəqil Azərbaycan
dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın
inkişafı naminə çox böyük işlər
görüb.
Ölkədə mətbuatla bağlı mükəmməl
qanunvericilik bazasının yaradılması, həm
yazılı, həm də elektron medianın maddi-texniki
bazasının möhkəmləndirilməsi, jurnalist
kadrlarının sosial müdafiəsinin gücləndirilməsi,
mətbuatın lisenziyasızlaşdırılmasının və
senzuranın ləğvi, qəzet və jurnalların
borclarının dondurulması, bir sıra mətbuat
orqanlarının dövlətə olan borclarının ləğvi,
ayrı-ayrı qəzet və jurnalların
çapının dövlət hesabına maliyyələşdirilməsi,
bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə
media mənsubunun cinayət məsuliyyətindən azad
olunması - bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına
qayğı və diqqətinin bariz nümunəsidir.
Heydər Əliyevin
mətbuata isti münasibəti Azərbaycandan kənarda
yaşayan və işləyən media mənsublarına da
çox yaxşı bəlli idi. Bu səbəbdən də
dünyanın müxtəlif ölkələrini,
tanınmış şirkət və agentlikləri təmsil
edən çox tanınmış qəzet və televiziya
müxbirləri hər zaman onunla görüşməyə,
ondan müsahibə almağa çox böyük maraq göstərirdilər.
Təsadüfi deyildir ki, həm Azərbaycan, həm də
SSRİ rəhbərliyi tərəfindən ona qarşı
çox güclü təzyiqlər olduğu dövrdə belə
bir çox xarici ölkə jurnalistləri hər cür maneələri
dəf edərək çətinliklə də olsa, Heydər
Əliyevlə görüşmək, ondan müsahibə almaq
üçün Naxçıvana gedirdilər.
Qürur hissi
ilə deyə bilərik ki, Heydər Əliyev idarəçilik
məktəbinin və siyasi kursunun layiqli davamçısı
olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə
Azərbaycanda mətbuata dövlət qayğısının
miqyası daha da genişlənmişdir. İndi Azərbaycanda
istənilən şəxs özünə mətbuat
orqanı yarada bilər. Bunun
üçün yetərincə əlverişli mühit
olduğundan qəzet və jurnalların sayı durmadan
artır. Əvvəllər az qala, hər
kəs bilirdi ki, ölkədə nə qədər qəzet və
jurnal dərc olunur. İndi isə, hətta
aidiyyatı orqanların nümayəndələri belə bəzən
ölkədə nə qədər qəzet və jurnal nəşr
olduğunu söyləməkdə çətinlik çəkirlər.
Bu gün Azərbaycanda hər kəsin imkanı
var ki, onu düşündürən, narahat edən məsələlər
barədə mülahizələrini mətbuata
çıxarsın. Əfsuslar olsun ki, bir
çoxları mətbuatın sərbəstiliyindən sui-istifadə
edərək ondan "piar" kimi istifadə edir. Bəli, bu danılmaz həqiqətdir ki, indiki halda
Azərbaycanda nəşr olunan bir sıra mətbuat
orqanları, necə deyərlər, gecə-gündüz
hakimiyyət əleyhinə böhtan kampaniyası aparmaqla məşğuldur.
Bu nəşrlərin kimlərinsə əlində
oyuncaq olduğu artıq hər kəsə çox
yaxşı bəllidir. İdeyaları
çürüyən, siyasi proqram və platformaları
bütünlüklə iflasa uğrayan,
çağırış və şüarları kütlə
tərəfindən gülüş və istehza ilə
qarşılanan, beləliklə də sosial bazasını tam
şəkildə itirmiş olan üzdəniraq müxalifət
bu gün, sadəcə, olaraq ayrı-ayrı mətbuat
orqanlarının kölgəsinə qısılaraq süni
görüntü yaratmaqla məşğuldur. Bu,
əslində, xaricdəki havadarlarından yardım və ya
qrantlar almaq üçün edilir. Təbiidir
ki, həmin yardım və qrantların bir hissəsi də elə
müxalifət mətbuatının maliyyələşdirilməsinə
yönəldilir.
Son vaxtlar xidməti
işimlə bağlı istər Azərbaycanda, istərsə
də xaricdə media problemlərinə dair keçirilən
görüş və tədbirlərdə tez-tez iştirak
etməli oluram. Etiraf edim ki, Azərbaycan müxalifətinin və ona
xidmət edən üzdəniraq media təmsilçilərinin
iç üzü həmin görüş və tədbirlərdə
daha aydın görünür. İnanın,
özümüzünkülərin və onların "təlimatlandırdığı"
əlaltıların Azərbaycan həqiqətlərinin təhrifi
üzərində qurulan, heç bir məntiq və faktlara əsaslanmayan,
irad və "tövsiyə"lərini dinlədikcə, necə
deyərlər, adamın matı-qutu quruyur. Axı
bu qədər də yalan və böhtan olar?! Görülən işləri, əldə olunan
uğurları məgər görmürsünüz? Yəni, Azərbaycanın Qarabağ boyda dərdindən,
problemindən də xəbəriniz yoxdur?! Üzünüzə saxta demokratiya maskası taxaraq
nə vaxtadək özünüzü karlığa,
korluğa qoyacaqsınız?
Fikrimi əsaslandırmaq
üçün Avropa Yayım Birliyinin və Norveç
ictimai yayımçılarının maliyyə dəstəyi
və Azərbaycan Media Mərkəzinin əməkdaşlığı
ilə bir neçə gün öncə "Hyyat Recensu"
otelinin konfrans mərkəzində keçirilən müzakirələrlə
bağlı bəzi məqamlar üzərində dayanmaq istərdim.
Məlumat üçün bildirim ki, tədbiri
giriş nitqi ilə Avropa Yayım Birliyinin baş direktoru,
xanım İndrid Deltantz açdı. Avropalı
qonağın ilk ittihamı belə oldu: "Biz bilirik ki,
burada jurnalistlər çətin şəraitdə işləyirlər"...
ATƏT-in media azadlığı üzrə
sabiq komissarı Mikloş Haraşti də hər dəfə
olduğu kimi, elə bu dəfə də birtərəfli
mövqe tutdu. Onun məntiqinə görə,
hələ də bəzi simalar İTV-nin efirində
görünmür. O, xarici ölkə
yayımçılarının Azərbaycanın milli tezliklərindən
çıxarılması faktı ilə də hələ
ki, barışmaq fikrində deyil. Nəhayət,
Haraştinin fikrincə, guya, Azərbaycanda internet radio və
televiziyalarını lisenziyalaşdırmağa
hazırlaşırlar.
Tədbirin
moderatoru, İsveç Maarifçi Yayımının baş
direktoru Erik Fikteliusun birtərəfli və qərəzli
mövqeyi də Azərbaycan müxalifətinin əvvəllər
olduğu kimi, bu dəfə də beynəlxalq qurumlara yalan və
böhtan dolu informasiyalar ötürdüyündən xəbər
verirdi. İstərdim oxucular bilsinlər ki, tədbirin
gedişi boyu debat-müzakirələri düzgün qura bilmədiyinə,
iştirakçılara öz mövqeyini ifadə etmək
üçün bərabər şərait
yaratmadığına, xüsusən də qərəzli və
birtərəfli mövqeyinə görə
aparıcının ünvanına təkrar-təkrar tənqid
və iradlar söylənildi. İTV-nin təmsilçisi
Tahir Məmmədov isə "bu cür qərəzli və
birtərəfli moderatorluq etsəm, məni dərhal işdən
qovarlar", - deməklə avropalı həmkarını
qınadı.
Təbiidir ki, Azərbaycan
müxalifətinin fitvası ilə Avropa media mənsublarının
dilindən səslənən hər cür əsassız
"mülahizə"lər tədbir
iştirakçılarının böyük əksəriyyəti
tərəfindən çox ciddi etirazla qarşılandı.
Prezident Administrasiyasının şöbə müdiri Əli
Həsənov avropalı emissarların, demək olar ki, hər
bir "irad"ı ilə bağlı həm əsaslı,
həm də tutarlı izahlar verdi. Zaldan səslənən suallar, replikalar,
arayış və çıxışlar da Azərbaycanın
ünvanına haqsız "irad" söyləyənləri
çıxılmaz vəziyyətə saldı. Tədbirin
gedişi prosesində aşkar surətdə hiss olunurdu ki,
avropalı qonaqlar özləri də kimlər tərəfindənsə
növbəti dəfə aldanmış olduqlarını tədricən
anlayırdılar.
Düşünürəm
ki, bu, hələ son deyil. Çünki Avropaya
da, lap elə dünyaya da hələ də anladılması
vacib olan çox mətləblər var. Ola bilsin ki, Azərbaycanla
bağlı məsələləri kimlərsə bilərəkdən
anlamaq istəmir. Bizim də vəzifəmiz
və borcumuz odur ki, faktları və həqiqətləri
hamıya və hər kəsə anladaq. Anlamaq
istəməyənləri isə fakt qarşısında
qoyaq.
Azərbaycanda mətbuatın
mövcud durumu üçün canı yananlar qoy bilsinlər
ki, bəli, bizim digər sahələrdə olduğu kimi,
jurnalistika ilə bağlı da çox ciddi problemlərimiz
var. Təsəvvür edin, işğal olunmuş
rayonlarımızın hər birində ən azı bir qəzet
və bir radio fəaliyyət göstərirdi. Onların
da hər birində onlarla jurnalist, naşir və texniki
işçi çalışırdı. Qarabağ müharibəsi zamanı o insanların bir
qismi həlak oldu, bir qismi itkin düşdü, bir qismi də əlil
oldu. Onların ailələri böyük
facilələrlə üzləşdi və bu faciəli
güzəran hələ də davam etməkdədir. Azərbaycanın digər bölgələrindən
olan və Qarabağ döyüşlərində həlak
olmuş yüzlərlə qələm sahibinin adı da bu
siyahıya əlavə olunmalıdır. Onlar
məgər jurnalist deyil?! Nə əcəb,
onlara qarşı törədilmiş vəhşikliklər
barədə danışan yoxdur?!Niyə onların ailə
üzvlərinin harayı eşidilmir?! Məgər
onlar insan deyil?! Mən Qarabağ
döyüşlərində həlak olan jurnalistlərdən
ikisinin adını çəkməklə kifayətlənəcəyəm.
Adları və xidmətləri bütün Azərbaycana
bəlli olan Çingiz Mustafayev və Salatın Əsgərovanı
deyirəm. Niyə bu insanlara qarşı törədilmiş
cinayətlər barədə danışılmır?!
Çox istərdik ki, Azərbaycanda "jurnalistlərin
çətin şəraitdə işlədiyindən" bəhs
edən xanım İnqrid qoy zəhmət çəkib bu
suallara da cavab versin.
Cənab
Haraştinin söylədiyi əsassız iradlara da elə
seminar - debatın gedişində tutarlı cavablar verildi. Nəticə
etibarı ilə Haraşti də, onu "faktlarla"
silahlandıranlar da özləri fakt qarşısında
qalaraq pərt oldular. Məsələn,
onun İTV ilə bağlı iradını bizimlə bərabər
elə Avropa Yayım Birliyinin üzvləri də təkzib
etdilər. Başqa sözlə, İTV-nin
qısa müddət ərzində həm texniki imkanları, həm
də peşəkarlıq nöqteyi-nəzərindən tam
Avropa standartlarına uyğun bir yayımçı kimi
formalaşdığı hamılıqla etiraf olundu. Deyilənlərə təkcə onu əlavə edim
ki, bu gün Azərbaycanda fəaliyyət göstərən
digər yayımçılar heç də İTV-dən
geri qalmırlar. Bu, o deməkdir ki, Azərbaycan
Avropa ailəsinə üzv olandan sonra ölkədə elektron
medianın inkişafı istiqamətində, həqiqətən,
çox böyük uğurlar əldə olunub.
Azərbaycana məxsus
tezliklərin bütünlüklə xarici ölkə
yayımçılarından təmizlənməsi də elə
bu uğurun göstəricisidir. Hesab edirəm ki,
Teleradio Şurasının bu addımı hər şeydən
öncə Azərbaycan qanunvericiliyinin tələblərinə
və beynəlxalq təcrübəyə hörmətdən
irəli gələn addım kimi dəyərləndirilməlidir.
Qoy, xaricilər də, onlara dil verənlər də
bilsinlər ki, efir tezlikləri Azərbaycanın milli sərvətidir
və qanunvericiliyimizə görə, bu sərvətdən
yalnız Azərbaycan vətəndaşları istifadə edə
bilərlər.
Məlumat üçün
bildirim ki, bu gün Azərbaycanda 8 ümumrespublika
yayımçısı, 1 peyk yayımçısı, 14
regional yayımçı televiziya yayımı, 13 şirkət
kabel şəbəkəli televiziya yayımı, 13 şirkət
isə radio yayımı ilə məşğuldur. Bu isə o deməkdir ki, Azərbaycan televiziya və
radio yayımçılarının əhalinin ümumi
sayına nisbətində də dünyanın bir çox
ölkələrindən öndədir.
Olmayan şeylər
barədə hay-küy qaldırmaq Azərbaycan müxalifətinin
köhnə mərəzidir. Elə internet radio və
televiziyası ətrafında da çoxdandır ki, beləcə
haray qoparırlar. Guya ki, Azərbaycanda bu
gün-sabah internet radio və televiziyasını
lisenziyalaşdıracaqlar. Əslində isə
Teleradio Şurası internet radio və televiziyalarını
lisenziyalaşdırmaq barədə məsələni
heç vaxt gündəmə gətirməyib və gələcəkdə
də gətirmək fikrində deyildir.
İnternet bəşəriyyətin
kəşf etdiyi, bəlkə də, ən böyük
texnoloji yenilikdir. Onun imkanlarının hüdudları elə
bəşəriyyətin zəkasının hüdudları qədər
genişdir. İnternetin imkanlarının
hüdudsuzluğu, sözsüz ki, gələcəkdə onu
kəşf edən insanın özü üçün də
müəyyən fəsadlar törədə bilər. Razılaşın ki, bu günün özündə
internetdə baş verənlərin bir çoxu bəşəriyyəti
təkcə təəccübləndirmir, həm də narahat
edir. Bu problem artıq xeyli vaxtdır ki,
dünyanın, demək olar ki, hər yerində müzakirə
predmetinə çevrilib. Milli Televiziya və Radio
Şurası hələ iki il öncə Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə bu
problemlə bağlı medianın iştirakı ilə
geniş "dəyirmi masa" təşkil etmişdi. Başa düşmürəm, belə bir tədbirin
keçirilməsinin nəyi pisdir?! Təəssüflər
olsun ki, o vaxtdan etibarən opponentlərimiz Şuranın bu
addımını internet radio və televiziyaların
lisenziyalaşdırılması cəhdi kimi yozmaqda davam edirlər.
Bu barədə Teleradio Şurasında
keçirdiyi görüşlər zamanı dəfələrlə
cənab Haraştinin özünə də bildirilib. O,
isə heç bir əsas olmadan hər dəfə bu məsələni
gündəmə gətirməklə sanki kimlər
qarşısındasa öz öhdəliyini yerinə yetirir.
Bu gün
müstəqil Azərbaycan dövləti əsası
ümmumilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə
daha parlaq gələcəyə doğru inamla
addımlayır. Azərbaycan mediası bu inkişafın
ön sıralarında qərar tutmaqdadır. Əslində
başqa cür ola da bilməz. Çünki yaşlı mətbuatın da, elektron
medianın da yükü və qayğısı kimi, məsuliyyəti
də bu gün həmişə olduğundan qat-qat
ağırdır. İnanırıq ki,
135 illiyini bayram edən Azərbaycan jurnalistikası bundan sonra
da öz üzərinə düşən məsul və
şərəfli vəzifələrin öhdəsindən
layiqincə gələcəkdir.
Qafar CƏBİYEV
Xalq qəzeti.- 2010.- 20 iyul.- S. 5.