Rusiya Federasiyası tələbə-gənclərinin nümayəndə heyəti Bakı Dövlət Universitetində

 

Bakı Dövlət Universitetindən (BDU) bildirmişlər ki, Rusiya Federasiyası tələbə-gənclərinin nümayəndə heyəti iyulun 19-da BDU-da olmuşdur.

Görüşdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev müstəqil Azərbaycanın ilk ali təhsil müəssisəsi olan BDU barədə ətraflı məlumat vermiş, onun beynəlxalq əlaqələrindən danışmış, Rusiya Federasiyası universitetləri ilə əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Universitetin 32 beynəlxalq elmi qrant və proqramlar üzrə iş apardığını qeyd edən professor İ.Əliyev bu yaxınlarda Rusiya Federasiyasının Dubna şəhərindəki MDB-nin Nanotoxnologiyalar Mərkəzi ilə BDU arasında əməkdaşlığa dair saziş imzalandığını xatırlatmışdır.

Rusiya Federasiyasının Gənclər İctimai Palatasının rəhbəri, nümayəndə heyətinin başçısı Vadim Yurko iki ölkə gəncləri arasında əlaqələrin əhəmiyyətindən, bu məsələdə Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin səmərəli rolundan, həmçinin azərbaycanlı tələbələrin M. V. Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) oxumaları üçün yaradılmış şəraitdən bəhs etmişdir.

V.Yurko MDU-nun jurnalistika fakültəsinin BDU-nun müvafiq fakültəsi ilə ümumi layihələr həyata keçirməsində maraqlı olduğunu bildirərək, bunun uğurlu nəticələr verəcəyini diqqətə çatdırmışdır.

Çıxış edən digər görüş iştirakçıları da əlaqələrin genişləndirilməsi ilə bağlı fikir və mülahizələrini bildirmişlər.

 

 

Xalq qəzeti.- 2010.- 20 iyul.- S. 6.