Səbail rayonunda jurnalistlərlə görüş

 

Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə paytaxtda fəaliyyət göstərən media qurumlarının təmsilçiləri ilə Səbail Rayon İcra Hakimiyyətində keçirilən görüşdə milli jurnalistikamızın quruculuq ənənələri, jurnalist-məmur əməkdaşlığı, kütləvi informasiya vasitələrinin cəmiyyətin demokratik inkişafında mövqeyi mövzuları diqqət mərkəzində oldu.

Mərasimi giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan mətbuatının ötən 135 ildə xalqımızın maariflənməsində, milli oyanış prosesində, dövlətçilik məfkurəsinin formalaşmasında və xalqımızın istiqlala qovuşmasında misilsiz rolunu vurğuladı. Natiq çağdaş jurnalistikamızın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ictimai-mədəni həyatın tərəqqisinə, cəmiyyətin informasiya tələbatının ödənilməsinə, sabitlik və həmrəylik yaradılmasına göstərdiyi sanballı xidmətdən, ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə söz azadlığı prinsiplərinin bərqərar olması üçün həyata keçirdikləri tədbirlərdən söz açdı. Başçı media təmsilçilərini əlamətdar yubiley münasibətilə səbaillilər adından səmimi təbrik etdi, onlara yeni uğurlar arzuladı.

Səbail Rayon İcra Hakimiyyəti ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov KİV-lə yaradılmış fəal, səmərəli əlaqə barədə məlumat verdi, rayon həyatının işıqlandırılmasında fəaliyyətləri ilə seçilən qəzet redaksiyaları və teleşirkət kollektivlərinin gördüyü işin əhəmiyyətini qeyd etdi.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun redaksiyaların maddi-texniki çətinliklərinin, jurnalistlərin sosial-yaradıcılıq məsələlərinin həll edilməsinə artan köməyi barədə məlumat verdi, medianın irili-xırdalı bütün problemlərinin dövlət rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirdi.

"İki sahil qəzeti"nin baş redaktoru Vüqar Rəhimzadə, Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova və digər çıxış edənlər milli mətbuatımızın tarixi təcrübəsindən, çağdaş uğurlarından və qayğılarından söz açdılar, KİV-ə göstərilən hərtərəfli dövlət dəstəyindən razılıqla danışdılar.

Görüşdə rayon həyatının işıqlandırılmasında fəallıq göstərən bir qrup jurnalistə Səbail Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2010.- 20 iyul.- S. 7.