Könüllü Hərbi İdman Cəmiyyətində mətbuatımızın 135 illiyi qeyd edildi

 

Dünən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasında milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan cəmiyyətin sədri, general-mayor Novruzəli Orucov bildirdi ki, son illər ərzində, xüsusən ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanda nizami ordu quruculuğu sahəsində nəhəng işlər görülüb. Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizi daha da gücləndirərək regionun ən qabaqcıl ordusuna çevirib.

Onun sözlərinə görə, Azərbaycanın Milli Ordusu hazırda Cənubi Qafqazda ən yüksək döyüş qabiliyyətinə, hərbi vətənpərvərlik ruhuna və hərbi təchizata malik bir qurumdur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də respublika ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi müxtəlif görüşlərdə dəfələrlə bəyan edib. Prezident məhz ordumuzun döyüş qabiliyyətini nəzərə alaraq 20 ildən bəri torpaqlırımızı işğal altında saxlayan, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar nəticəsində əldə olunmuş son razılaşmalara öz münasibətini bildirməkdən yayınan Ermənistana dönə-dönə xəbərdarlıq edir ki, əgər bu təcavüzkar ölkə münaqişənin sülh yolu ilə həllinə razılıq verməsə, onda qarşısında güclü Azərbaycan Ordusunu görəcək.

Novruzəli Orucov qeyd etdi ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurası da Silahlı Qüvvələrdə hərbi xidmət yaşına çatmamış Azərbaycan gənclərinin orduya hazırlanması işində üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməyə çalışır. Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işi cəmiyyətin vacib vəzifələrindən biridir və təşkilatın bütün əməkdaşları bu məsələdə orduya kömək məqsədilə öz töhfələrini verir.

Sədrin sözlərinə görə, istər ordu quruculuğu, istərsə də gənclərin Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətində hərbi xidmətə hazırlığı sahəsində görülən işlərin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan mətbuatı böyük rol oynayır. Cəmiyyət Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi günlərində gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynamış mətbuat orqanlarının işinə qiymət verməyi də unutmayıb. Sədr əlavə etdi ki, cəmiyyətin Respublika Şurası bu sahədə daha çox yazılarla çıxış etmiş jurnalistləri mükafatlandırmaq qərarına gəlib.

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə Azərbaycan mətbuatının ordu quruculuğu işinə həmişə öz töhfələrini verməyə hazır olduğunu bildirdi. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində misilsiz işlər görüldüyünü vurğulayaraq bildirdi ki, artıq Azərbaycan Ordusu itirilmiş torpaqlarımızı öz gücü ilə düşməndən geri almağa və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır. Artıq 135 illik yubileyini qeyd edən Azərbaycan milli mətbuatı isə torpaqlarımızın azad olunması, ərazi bütövlüyü və suverenliyimizin bərpası işində iştirak edən hər kəsə öz köməyini göstərməyə, onların böyük və gərgin işlərini işıqlandırmağa həmişə hazır olub. Onun sözlərinə görə, Azərbaycan dövlətinin liderləri Heydər Əliyev və İlham Əliyev istər ordu quruculuğu, istərsə də həyatın bütün digər sahələrində olduğu kimi, mətbuatın inkişafı sahəsində də mühüm addımlar atıblar. Bir neçə il əvvəl Mətbuat Şurası yaradılıb. Keçən il isə Prezident İlham Əliyev Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması haqqında sərəncam imzalayıb. Hazırda mətbuata dövlət qayğısı günümüzün aktual məsələsinə çevrilib. Bu il banisi Həsən bəy Zərdabi olan milli mətbuatımızın 135 illik yubileyi Azərbaycan Prezidentinin sərəncamı ilə geniş qeyd olunmaqdadır. Bu münasibətlə Bakı şəhərində, ölkənin ayrı-ayrı bölgələrində geniş tədbirlər keçirilir.

Sonda hərbi vətənpərvərlik mövzusunda yazan jurnalistlərə cəmiyyətin fəxri fərmanları təqdim edildi.

 

 

Mahmud QƏZƏNFƏROĞLU

 

Xalq qəzeti.- 2010.- 20 iyul.- S. 7.