Lider qətiyyətli olanda problemlərin həlli də asanlaşır

 

2010-cu ilin birinci yarısı da tarixə qovuşdu. Bu yarım il ölkəmiz üçün müəyyən məqamlarda uğurlar gətirsə də, bəzi çətinliklər də yaşatdı. Burada söhbət, sözsüz ki, üzləşdiyimiz təbii fəlakətdən gedir. İstənilən ölkə təbii fəlakətlə üzləşə bilər. Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar mayın 7-də keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, təbii fəlakətlər elədir ki, insanlar bəzi hallarda onların qarşısında aciz qalırlar. Əsas odur ki, yaranmış vəziyyətdən minimum itkilərlə çıxılsın.

May ayının əvvəllərində Kür çayında suyun səviyyəsinin artması nəticəsində çayqırağı ərazilərdə, xüsusilə də Sabirabad rayonunda çox ciddi çətinliklər yaranmış, evlər, təsərrüfatlar su altında qalmış, insanlar başqa yerlərə köçmək məcburiyyəti ilə üzləşmişdilər. "Bizim əsas istəyimiz odur ki, insanlar rahat, təhlükəsiz şəraitdə yaşasınlar" fikrini fəaliyyətinin əsas kredosuna çevirən ölkə rəhbəri məlum müşavirədə son yüz ilin təbii fəlakəti ilə bağlı demişdi: "Elə elməliyik ki, gələcəkdə özümüzü bu fəlakətlərdən maksimum dərəcədə qoruyaq. Biz bu günlərdə köçürülən ailələrə də əlavə diqqət və qayğı göstərməliyik. Onlar o evlərdə yaşayıblar. O evlər yararsız vəziyyətə düşüb, ya uçub. Onlar müvəqqəti yerlərə köçürülüblər. Orada müvəqqəti yerlər hansı vəziyyətdədir, hara köçürülüb, orada yaşamaq üçün şərait var, ya yox?! Bəziləri çadırlarda yaşayırlar. Onlar çadırlarda nə qədər yaşayacaqlar?! Tezliklə onların məsələləri həll olunmalıdır. Yerli icra orqanları, Fövqəladə Hallar Nazirliyi, müvafiq qurumlar, nazirliklər, Səhiyyə Nazirliyi - birlikdə bütün tədbirləri görməliyik ki, bu günlərdə o insanların səhiyyə məsələləri, yəni sağlamlıq problemləri həll olunsun. Orada yaşlılar, qocalar, körpə uşaqlar vardır. Biz onları elə qoya bilmərik ki, səni köçürdük, indi burada necə yaşayırsan yaşa. Onlara şərait yaradılmalıdır, özü də təxirə salınmadan!

Yəni, bizim işimiz bundan ibarət olmalıdır. İlk növbədə bütün gücümüz bu gün fəlakətin qarşısının alınmasına yönəldilməlidir. Bu, birinci. İkincisi, bu vəziyyətdən əziyyət çəkən insanlara qayğı göstərmək, onları məqbul şəraitdə, dərman preparatları ilə, isti paltarlarla təmin etmək lazımdır. Onların bəzilərinin bütün mülkiyyəti, ev təsərrüfatı batıb gedib. Onlara ciddi maliyyə ziyanı dəyib. Təkcə evin uçması ilə bunların problemi bitmir. Tezliklə dəymiş bütün maliyyə ziyanı hesablanmalıdır. Tezliklə onlara kompensasiya verilməlidir..."

Zənnimcə, qəfil təbii fəlakətlə üzləşən, əlavə yüz milyonlarla manat vəsaiti fəsadların aradan qaldırılmasına yönəldən, bir sözlə, heç nədən xeyli əlavə problemə düçar olan bir ölkənin rəhbərinin hadisələrin ən gərgin vaxtında məsələyə bu cür - hərtərəfli və humanist istiqamətdən yanaşması təbiidir. O, ev-eşiyindən olmuş insanların hansı şəraitdə yerləşmələrindən tutmuş, sağlamlıq problemlərinədək bütün məsələlərin vaxtında, həm də yüksək səviyyədə, dövlət başçısının təbirincə desək, təxirəsalınmadan təmin olunması barədə göstəriş verir. Bu cür halların bənzərinə isə çox az hallarda rast gəlinir. Burada söhbət, ilk növbədə dövlət başçısının insanpərvərliyindən, humanizmindən, doğrudan da, hər bir vətəndaşın Prezidenti olmaq kimi çox şərəfli və bir az da mümkünsüz görünən missiyanı ləyaqətlə daşımağı bacarmasından gedir.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında "Azərsutəchizattikinti" Açıq Səhmdar Cəmiyyəti də öz imkanları daxilində iştirak etmişdir. Mayın 3-dən etibarən Kür çayının sol sahilində 17 kilometr boyunca canlı qüvvələrimiz, texnikamız daşqınların qarşısının alınmasında fəallıq nümayiş etdirmiş, görülən tədbirlər nəticəsində bu ərazidə heç bir fəsad baş verməmişdir. Bununla yanaşı, hadisələr vaxtı əhalinin həm içməli, həm də suvarma suyu ilə qismən təmin olunmasında da öz köməyimizi əsirgəmədik, cənab Prezidentin də vurğuladığı kimi, vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışdıq.

Möhtərəm Prezidentimizin 2008-ci ilin 24 oktyabrında andiçmə mərasimindəki nitqi yəqin çoxlarının xatirindədir. Ulu öndər Heydər Əliyevin kursuna bağlılığını bir daha nümayiş etdirən ölkə başçısı deyirdi: "Beş il bundan əvvəl andiçmə mərasimində mən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Çünki bu, Azərbaycanın bu günü və sabahı üçün, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik əlaqələri qurulmuşdur. Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanda sabitlik yaradılmış və inkişaf başlamışdır. Bu gün bir daha demək istəyirəm ki, növbəti beş il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan dönməyəcəyəm".

2003-cü ildən - Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər, Azərbaycanın uğurla inkişaf etməsi Heydər Əliyev kursunun sapınmadan, həm də daha uğurla davam etdirilməsinin bariz göstəricisidir.

Əslində, burada qanunauyğunluqdan başqa heç nə axtarmağına dəyməz. Çünki möhtərəm İlham Əliyevdən məhz elə bunu gözləyən xalq həm də bütün varlığı ilə dərk edir ki, ulu öndərin "mən ona özüm qədər inanıram" deyə qiymət verdiyi, yüksək dəyərləndirdiyi bir şəxs təkcə genetik cəhətdən onun varisi deyil, eyni zamanda Heydər Əliyev kimi dahi şəxsiyyətin tarix və xalq qarşısında öhdəsinə götürdüyü missiyanı -Azərbaycanın dövlət müstəqilliyini qorumağı, inkişaf və tərəqqisinə nail olmağı, Azərbaycan xalqına məxsus olan milli-mənəvi dəyərləri yaşatmağı, ölkəni beynəlxalq aləmdə ləyaqətlə təmsil etməyi bacaran bir davamçıdır. Təsadüfi deyil ki, ulu öndər qəti əminliyini bildirirdi ki, İlham Əliyev yarımçıq qalmış bütün məsələlərin öhdəsindən məharətlə gələcək. Heydər Əliyev kimi xarizmatik bir liderdən sonra ölkənin birinci şəxsi olmaq çox çətin məsələdir. Ancaq İlham Əliyev bunu da bacardı... Artıq yeddi ilə yaxındır ki, İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərir. Bu dövr ərzində ölkəmizin keçdiyi tərəqqi yolunu, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələri göz önünə gətirəndə, çox da uzun olmayan bu zaman məsafəsində heyrətamiz nəticələrin əldə edildiyi bir daha aydın olur. Bütün bunları şərtləndirən, reallığa çevrilməsi üçün zəmin hazırlayan isə ümummilli liderin yaratdığı təməldir. Bir sözlə, dövlət başçısı öz fəaliyyəti ilə sələfinin yolunu uğurla davam etdirmək iqtidarında olduğunu çoxdan təsdiqləyib.

Mayın 11-də Prezident İlham Əliyevin Şirvan şəhərindəki çadır düşərgəsində müvəqqəti məskunlaşmış Sabirabad sakinləri ilə görüşünü, təbii fəlakətlə bağlı keçirdiyi səyyar müşavirəni yaxşı xatırlayıram. Həmin görüş zamanı ölkə başçısının sakinlərlə söhbəti kino lenti kimi gözlərimin önündən keçir. Canlı, səmimi keçən söhbət mənə ulu öndərimizin sadə adamlarla görüşlərini xatırladırdı. Çünki məhz Heydər Əliyevin dövlət başçısı kimi insanlarla ünsiyyəti bu qədər təbii, hafizələrdən silinməyəcək dərəcədə uğurlu alınırdı. İndi isə onun layiqli davamçısı Prezident İlham Əliyevin öz vətəndaşı ilə görüşü eyni dərəcədə səmimi, eyni səviyyədə inandırıcı alınır. Həmin görüşdə dövlət başçısı ilə sakinlərin maraqlı dialoqu var. Qəzet səhifələrində tarixə köçmüş o söhbətdən bir hissəni olduğu kimi xatırlatmaq istəyirəm.

... Prezident İlham Əliyev çadır düşərgəsində müvəqqəti məskunlaşan sakinlərlə səmimi söhbət etdi, onları diqqətlə dinlədi, qarşılaşdıqları çətinliklərlə maraqlandı, problemlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verdiyini bildirərək dedi:

- Narahat olmayın, Sizə hər cür kömək göstəriləcəkdir. Sizin üçün burada hər cür şərait yaradılmışdır. Hər birinizə, hamınıza kömək ediləcəkdir. Bir adam da köməksiz qalmayacaqdır. Sizi burada müvəqqəti məskunlaşdırmışlar. Tapşırıq vermişəm ki, sizə yaxşı baxsınlar, yeməklə təmin etsinlər, tibbi xidmət göstərsinlər.

Sakinlər: Cənab Prezident Allah Sizi qorusun, o dəryanın qabağını Siz aldınız.

Prezident İlham Əliyev: Narahat olmayın, sizin dağılmış evləriniz bərpa ediləcəkdir. Mən yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirmişəm və bu gün də gəlmişəm ki, görüm vəziyyət necədir. Narahat olmayın, bütün evlər bərpa olunacaq, sizə kompensasiya ödəniləcəkdir. Demişəm ki, sizə yaxşı baxsınlar. Əsas odur. Burada şərait necədir?

Sakinlər: Yaxşıdır. Cənab Prezident, Allah Sizi üstümüzdən əskik etməsin. Allah qoysa, evimizə qayıdacağıq!

Prezident İlham Əliyev: Əlbəttə, qayıdacaqsınız. Amma indi dözmək lazımdır ki, bu təbii fəlakətin fəsadları aradan qaldırılsın. İndi gərək bütün bəndlər təmir edilsin. Yarılmış bütün bəndlər təmir olunmalıdır. Orada su qurudulmalıdır. Uçmuş evlər yenidən tikiləcəkdir. Hansı evlər ki, qəzalı vəziyyətdədir, onlar təmir olunacaqdır. İndi sizin mülkiyyətiniz batıb gedib. Mən tapşırmışam ki, sizin mülklərinizin mühafizəsi təşkil edilsin.

Sakin: Allah Sizin atanıza rəhmət eləsin, biz qaçqın olanda hamımıza dayaq oldu, kömək göstərdi. Ot kökü üstə bitər. Həmin kişinin oğlusunuz. O kişi bizi qayğı ilə yerləşdirdi, bizə dayaq durdu, işığı, qazı o vaxtdan pulsuz yandırırıq. Çörəyi pulsuz alırıq. Allah Sizi bu millətin, biz qaçqınların üçtündən əskik etməsin! Nə niyyətiniz varsa, Allah-təala hasil etsin. Amin!

Prezident İlham Əliyev: Bilirsiniz ki, qaçqınlara mən də həmişə arxa durmuşam, bu gün də bütün imtiyazlar yerindədir.

Sakin: Bəli. İki sözünüzdən biri qaçqınlara köməkdir. Biz qaçqınlar hamımız Sizə arxalanırıq. Siz daş qoyan yerə, biz baş qoymağa hazırıq.

Bu söhbəti eşidənlərin təsirlənməməsi mümkün deyil. Öz doğma torpağından, yurd-yuvasından didərgin düşmüş soydaşlarımız fəlakətin böyüklüyünə baxmayaraq yenə də öz rəhbərindən razıdır, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirir. Bu da, əlbəttə ki, təsadüfi deyil. Yaddaşı güclü olan, tarixi hadisələrə obyektiv yanaşmağı bacaran hər kəs yaxşı bilir ki, ulu öndərimiz Heydər Əliyev qaçqınlara, məcburi köçkünlərə xüsusi ehtiramla, qayğı ilə yanaşır, onların problemlərinin həlli istiqamətində qətiyyətli addımlar atırdı, onların sevinclərini, kədərlərini bölüşürdü. Doxsanıncı illərin ortalarında onun Biləsuvar qaçqın şəhərciyində keçirilən qaçqın toyunda iştirakı da yaddaşımızdan hələ silinməyib.

Ulu öndər vəzifəsi ilə əlaqədar heç vaxt toy şənliklərində iştirak etməyə macal tapmasa da qaçqınlara hörmətinin ifadəsi olaraq bu toyda iştirak etdi, üstəlik camaatla birlikdə qol götürüb oynadı. Heç şübhəm yoxdur ki, bu toyun iştirakçıları həmin anları həyatlarının ən şirin anları kimi həmişə həzin duyğularla xatırlayacaq, bu barədə balalarına, nəvə-nəticələrinə sevə-sevə danışacaqlar. Bu da uca Yaradanın bizim xalqımıza bir lütfüdür ki, böyük Heydər Əliyev sevgisi möhtərəm İlham Əliyevin timsalında öz əbədiyaşarlığını tapdı.

2002-ci ildən başlayaraq Füzuli rayonunda "Zobucuq" qəsəbəsində 2104 ailəlik, Goranboy rayonunda xocalılar üçün 500 ailəlik, kəlbəcərlilər üçün 596 ailəlik, Beyləqan rayonunda xocavəndlilər üçün 500 ailəlik, Biləsuvar rayonunda cəbrayıllılar üçün salınmış yaşayış massivlərində su təchizatı obyektlərinin infrastruktur layihələrinin həyata keçirilməsində "Azərsutəchizattikinti" ASC-nin fəal iştirak etməsi fəaliyyətimizin ən şərəfli səhifələrindəndir. Ulu öndərimizin göstərişi və Neft Fondunun vəsaiti hesabına başlanan bu işlər indi də davam etdirilir. Yevlax şəhərində məcburi köçkünlər üçün salınan 612 ailəlik 10 yaşayış binasından ibarət şəhərciyin içməli su təchizatı və kanalizasiya şəbəkəsinin tikintisi uğurla həyata keçirilir. Payızda bu şəhərciyin möhtərəm Prezidentimizin iştirakı ilə təntənəli açılışının olacağı gözlənilir ki, bu da bir daha məsuliyyət hissimizi artırır.

2003-cü ilin oktyabrında dövlət başçımız İlham Əliyev Biləsuvarda salınmış şəhərciyin açılışına və prezidentliyə namizəd kimi məcburi köçkünlərlə görüşə gəlmişdi. Onun məcburi köçkünlər tərəfindən necə səmimiyyətlə qarşılanmasını indi də ən xoş duyğularla xatırlayıram.

Bundan əlavə, 2005-2006-cı illərdə ilk pilot layihə çərçivəsində tikintisi nəzərdə tutulan 132 məktəbdən 6-sını bizim təşkilatımız tikmişdir. Bunlardan 3-ü Qusarda - hər üç məktəbin tikintisi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yerində maraqlanmışdır, 2-si Sabirabad rayonunda (Axtaçı-Muğan kəndində tikilən məktəbə də Mehriban xanım baş çəkmişdir), 1 məktəb isə Saatlı rayonunda tikilmişdir.

Təbii fəlakətin ölkəmizə vurduğu maddi və mənəvi ziyanın rəqəmlərlə dəqiq ifadəsi, məncə, mümkün deyil. Burada ibrət alınası məqam ondan ibarətdir ki, hadisələrin üstünə qətiyyətlə getməyi, inadla mübarizə aparmağı, nəhayət, təbiətin "şıltaqlığını" insan iradəsi ilə ram etməyi bacaran ölkənin birinci şəxsini gördük. İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə, nəzərdə tutulmuş tədbirlərə ətraflı toxunması məni də bir vətəndaş kimi xeyli təsirləndirdi. Yekun nitqinin, demək olar, xeyli hissəsini bu məsələyə həsr edən möhtərəm Prezidentimiz minlərlə insanın taleyinə təsir edən, onların həyat şəraitlərini kəskin dəyişdirən bu məsələyə qarşı biganə qalmadı, əksinə, onu daha çox qabartmaqla məsələnin onun üçün nə qədər əhəmiyyət kəsb etdiyini və həllinə nail olmaq üçün necə cidd-cəhdlə çalışdığını bir daha nümayiş etdirdi. Həmin çıxışdan bir hissəni diqqətə çatdırmaq istəyirəm:

"Bu vəsaitin bir hissəsi qeyd etdiyim kimi, hərbi potensialımızın gücləndirilməsinə xərclənəcəkdir, bir hissəsi iqtisadi infrastruktur layihələrinə, bir hissəsi isə sel və daşqınlar nəticəsində öz evlərini itirmiş insanların yaşayış səviyyəsinin qaldırılmasına yönəldiləcəkdir. Bildiyiniz kimi, bu il Azərbaycanda biz böyük təbii fəlakətlə üzləşmişdik. Sel və daşqınlar, demək olar ki, böyük əraziləri məhv etmişdi, subasma halları baş vermişdi və bu barədə bu gün danışıldı. Mən hesab edirəm ki, bizim müvafiq qurumlar çox böyük məharətlə və peşəkarlıqla işlədilər. Mən bilavasitə bu məsələlərə rəhbərlik edirdim və gündəlik formatda məlumatlar gəlirdi, özüm şəxsən vəziyyətlə tanış olmuşdum. Deyə bilərəm ki, bütün qurumlar çox yaxşı işlədilər, gecə-gündüz bu təbii fəlakətin aradan qaldırılması üçün çox böyük işlər gördük. Həm dövlət qurumları, həm özəl sektor və onu da demək istəyirəm ki, özəl sektoru təmsil edən şirkətlər, onların böyük əksəriyyəti təmənnasız işlədilər. Yəni bu, həqiqətən bir həmrəylik nümunəsi idi.

Əlbəttə ki, Azərbaycan dövləti bütün bu işləri öz üzərinə götürübdür. Bizə müxtəlif ölkələrdən bu münasibətlə yardım göstərmək istəyən zənglər olmuşdur, müxtəlif ölkələrdən, dost ölkələrdən yardımlar təklif edilmişdir. Biz bütün bu təşəbbüslərdə olan insanlara, ölkələrə öz minnətdarlığımızı bildirmək istəyirik. Ancaq onu demək istəyirəm ki, bütün fəlakətin qarşısının alınması və bundan sonra o yerlərin, evlərin bərpası və bənd bərkitmə işlərinin aparılmasını Azərbaycan dövləti öz üzərinə götürür və bütün bu işləri biz özümüz edəcəyik.

Həm xilasetmə xidməti, həm səhiyyə nümayəndələri, təhsilin nümayəndələri, suyun idarə olunması ilə bilavasitə məşğul olan qurumlar, tikinti şirkətləri - biz hamımız çox səmərəli işlədik. Ən önəmli məsələ ondan ibarətdir ki, insan itkisinə yol verilmədi. İnsanlar vaxtlı-vaxtında, vaxtından əvvəl o təhlükəyə məruz qala biləcək bölgələrdən köçürüldü, onların müvəqqəti yaşayışı təmin edildi, ərzaq məsələləri, səhiyyə məsələləri, yəni biz bütün bu işlərə operativ şəkildə qoşulduq və maksimum nəticəni də əldə edə bildik.

Biz onu da bilirik ki, bu il dünyada, həm Avropada, həm Amerikada, Asiyada, bütün bölgələrdə təbii fəlakətlər mövcud idi. Böyük insan itkisi ilə müşahidə olunan bu hadisələr, əlbəttə ki, bütün dünyanı sarsıtdı. Biz televiziya vasitəsilə görürdük ki, müxtəlif ölkələrdə hansı hadisələr baş verir. Onu deyə bilərəm, böyük nailiyyətimizdir ki, biz bu məsələlərlə bağlı bütün işləri itkisiz gördük. Beləliklə, hesab edirəm ki, minimum itkilərlə bu vəziyyətdən çıxdıq.

Ancaq bununla bərabər bu hadisələr bizim iqtisadiyyatımıza çox böyük ziyan vurmuşdur, insanların əmlakı dağılmışdır, minlərlə ev, minlərlə hektar torpaq su altında qalmışdır. Bu gün biz artıq bu vəziyyətin yaxşılaşması üçün əlavə tədbirlər görürük. Konkret planlar tərtib edilibdir. Biz ilk növbədə, dağılmış evləri qısa müddət ərzində bərpa etməliyik. Azərbaycan dövləti bu işi öz üzərinə götürür. Bu da, deyə bilərəm ki, dünyada çox nadir olan bir haldır. Başqa ölkələrdə evlər sığortalanıb və dövlət, demək olar ki, belə evlərin bərpası ilə məşğul olmur və vəsait də ayırmır. Yəni evlərin sahibləri sığorta şirkətlərindən vəsaiti alacaq və onun hesabına evləri bərpa edəcəklər. Azərbaycanda belə evlərin bərpası ancaq Azərbaycan dövlətinin üzərinə düşübdür və biz bunu edəcəyik. Baxmayaraq ki, o evlərin böyük əksəriyyəti keyfiyyətsiz materiallardan tikilmişdir və məhz buna görə su dəyən kimi dərhal dağıldı. Biz keyfiyyətli materiallardan istifadə edib evləri yaxın zamanlarda bərpa edəcəyik. Çalışmalıyıq ki, qış gələnə qədər işlərin tam əksəriyyəti görülsün və insanlar normal evlərə köçürülsünlər".

Tarix ibrət alınası ən böyük məktəbdir, deyiblər. Doxsanıncı illərin əvvəllərində ölkəmizin hansı çətinliklərlə üzləşdiyi, çox ciddi maddi sıxıntılar keçirdiyi, insanların işsizlikdən, xaosdan, anarxiyadan necə əzab çəkdiyini unutmaq mümkündürmü? Əsla yox! İndi isə, bu qədər güclü təbii fəlakətlə üzləşən ölkəmiz kimdənsə kömək ummur, əksinə, kömək olunması barədə təkliflərdən imtina edir, hər şeyi öz gücü, öz imkanları ilə reallaşdırmaq əzmindədir. Ulu öndərimiz deyərdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu gün Azərbaycan Respublikasının iqtisadi qüdrəti kifayət qədər güclüdür. Bu gün ölkəmiz istənilən problemin öhdəsindən gəlmək iqtidarındadır. Çünki ölkəmizin adını uca tutmağı, vətəndaşına arxa-dayaq durmağı, beynəlxalq aləmdə dövlətimizi ləyaqətlə təmsil etməyi, necə deyərlər, bayrağımızı həmişə zirvədə dalğalandırmağı bacaran İlham Əliyev kimi liderimiz var.

 

 

Mirzəcan XƏLİLOV

 

Xalq qəzeti.- 2010.- 21 iyul.- S. 5.