"The Washington Times" qəzetində Azərbaycan diplomatının məqaləsi dərc olunmuşdur

 

AzərTAc xəbər verir ki, ABŞ-ın nüfuzlu "Washington Times" qəzeti iyulun 19-dakı sayında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun geniş məqaləsini dərc etmişdir. "Amerikanın uzunmüddətli regional strategiyaya ehtiyacı var" başlıqlı yazıda Azərbaycan diplomatı Avrasiya bölgəsinə qiymət verərkən diqqəti xırda məsələlərdə cəmləşdirmək əvəzinə hadisələrə geniş baxmağı məsləhət görür.

ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza son səfərini təhlil edən baş konsul yazır ki, bu səfər Birləşmiş Ştatlara bölgə dövlətləri ilə uzunmüddətli starteji maraqlar və qarşılıqlı anlaşma əsasında güclü və davamlı tərəfdaşlıq qurmaq üçün daha bir imkan verir.

Avrasiya kimi mürəkkəb bölgədə məsələlərə bəsit yanaşmanın nəticəsiz olduğunu qeyd edən diplomat buna misal kimi Obama hakimiyyətinin Bakıya səfir təyinatını unudaraq, nəyin bahasına olursa-olsun, Ermənistanla Türkiyə arasında sərhədin açılmasına çalışmasını xatırladır. O qeyd edir ki, ABŞ bu məqsədinə yalnız regional reallıqları qəbul etməklə nail ola bilər.

1990-cı illərdə Amerikanın xarici siyasətində hökm sürən məhz geniş yanaşma nəticəsində ABŞ enerji təhlükəsizliyi, iqtisadi inkişaf, demokratik islahatlar və təhlükəsizlik sahəsində bölgə dövlətləri ilə tərəfdaşlıq qurub, onlara beynəlxalq icmanın tamhüquqlu üzvü olmasına yardım etmişdir. Bu müddətdə Xəzərin enerji ehtiyatları, xüsusilə də Bakı-Tbilisi-Ceyhan neft kəməri qlobal enerji infrastrukturunun tərkib hissəsinə çevrilmiş, Avratlantik məkana inteqrasiya prioritetə dönmüş, demokratik islahatlar ciddi irəliləyişə səbəb olmuş və hər üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına qoşulmasına şərait yaranmışdır.

E.Süleymanov vurğulamışdır ki, bu gün Azərbaycan qeyri-ideoloji, tolerant, praqmatik və müstəqil dövlətə çevrilərək öz milli maraqlarını güdür. Regional sabitlik və ABŞ-ın uzunmüddətli maraqlarının təmin edilməsi baxımından bu praqmatizmə böyük ehtiyac vardır.

Bölgədə demokratik islahatlar hələ uzun yol keçməli olsa da, əldə olunan nailiyyətlər gözdən salınmamalıdır. Belə ki, Azərbaycanda şəffaf Dövlət Neft Fondunun yaradılmasından başlayaraq, artan iqtisadiyyatdan tutmuş müasirləşən sosial və siyasi təsisatlaradək bütün sahələrdə dövlət quruculuğu sürətlə inkişaf edir. Bəzi tənqidçilər yalnız çatışmazlıqları qabartsalar da, unudulmamalıdır ki, təsisat quruluşu zaman və səy tələb edən tədrici prosesdir. Azərbaycanın daxili siyasi müzakirələrinə nəzər salsaq, görərik ki, müxalifət siyasətçilərinin həm ölkədə onların fikirlərinə yer verən çoxsaylı nəşrlərdə, həm də xarici mətbuatda çıxış etmək imkanları vardır. Amma Azərbaycan vətəndaşı tənqidlə yanaşı, həm də sosial xidmətləri, inkişafı, sabitliyi və islahatları gücləndirəcək etibarlı siyasi kurs tələb edir. Bunu təmin edən Prezident İlham Əliyev bu gün ölkədə ən nüfuzlu siyasətçi olaraq qalmaqdadır.

Azərbaycan diplomatı qeyd edir ki, sabitlik və funksional təsisatlar ümumi tərəqqi üçün başlanğıc nöqtələrdir. ABŞ və bölgədə maraqları olan digər dövlətlər Cənubi Qafqazda güclü və inkişaf edən dövlətlərin mövcudluğundan yalnız bəhrələnə bilərlər. 2008-ci ildə Gürcüstandakı hadisələri xatırladan diplomat bildirir ki, bölgədə həll edilməmiş münaqişələr qazanılan nailiyyətləri heçə endirə biləcək qaynar nöqtələrə çevrilə bilərlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda davamlı sülh və sabitliyə əsas maneədir. Onun tezliklə həll edilməsi zərurətini bildirən Azərbaycan konsulu ABŞ-ı mülki vətəndaşlara qarşı zorakılıq əsasında qurulan həssas status-kvo və bölgənin inteqrasiya və rifahına əsaslanan gələcəyi arasında asan seçimi etməyə çağırır.

 

 

Şəfəq AKİFQIZI

 

Xalq qəzeti.- 2010.- 21 iyul.- S. 5.