Nizami rayonunda milli mətbuatın yubileyi ilə bağlı tədbir keçirilmişdir

 

İyulun 20-də Nizami Rayon İcra Hakimiyyətində Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov mətbuat nümayəndələrini şərəfli yubiley münasibətilə təbrik edərək demişdir ki, 1875-ci il iyulun 22-də "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların təbliğatçısı olmuşdur. Qeyd olunmuşdur ki, milli mətbuatımız bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində mühüm rol oynamışdır. Qısa bir müddətdən sonra "Əkinçi" ənənələrini davam etdirən "Kəşkül", "Şərqi-Rus", "Həyat", "İrşad", "Füyuzat" kimi nəşrlər işıq üzü görmüşdür.

Eyni zamanda, böyük ürək və xeyirxah əməllər sahibi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maddi köməyi ilə Bakıda rus dilində "Kaspi" qəzeti, Tiflisdə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə "Əkinçi"nin ideyalarını daha kəsərli, daha qabarıq şəkildə təbliğ edən, məzmun-qayəsi etibarilə onunla səsləşən "Molla Nəsrəddin" jurnalı çap olunmağa başlamışdır.

XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanda mətbuatın çiçəklənmə dövrünün ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra başladığını vurğulayan icra başçısı bildirmişdir ki, ulu öndər milli mətbuatın inkişafına həmişə böyük əhəmiyyət vermiş, vaxtaşırı mətbuat işçiləri ilə görüşmüş, onların fikirlərinə, təkliflərinə böyük həssaslıqla yanaşmışdır. Məhz bu dövrdə Azərbaycanda mətbuatın mükəmməl qanunvericilik bazası yaradılmış, onun fəaliyyətini tənzimləyən ən zəruri qanunlar qəbul edilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan mətbuatı bütövlükdə 123 il müddətində - 1998-ci il avqustun 6-dək senzura şəraitində fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə KİV-lər üzərində senzura ləğv olnumuş, ölkədə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində əməli tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

2003-cü ildə jurnalistlərin I qurultayında yaradılmış Mətbuat Şurası həmin vaxtdan indiyədək müstəqil ictimai qurum kimi özünüidarə prinsipi əsasında fəaliyyət göstərməklə mətbuatın inkişafında ciddi işlər görmüşdür.

T.Budaqov qeyd etmişdir ki, 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi milli mətbuatımızın inkişafına mühüm töhfədir. Konsepsiyanın tələblərinə uyğun olaraq 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu artıq ikinci ildir ki, mətbuat orqanlarının və jurnalist təşkilatlarının layihələrini maliyyələşdirir, jurnalist müsabiqələri keçirir və onlara yüksək məbləğdə pul mükafatları verir.

Prezident İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2010-cu il 10 iyun tarixli sərəncamını xatırladan icra başçısı bildirmişdir ki, bu sənəd dövlətimizin başçısının mətbuata, onun cəmiyyətdəki roluna, yerinə verdiyi yüksək qiymətin, mətbuat işçilərinə göstərdiyi qayğının təzahürüdür.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi bir il ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və başqaları çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışlar.

Sonra müxtəlif KİV-ləri təmsil edən jurnalistlərə qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

 

Xalq qəzeti.- 2010.- 21 iyul.- S. 6.