Azərbaycan milli mətbuatının 135 illik yubileyi Binəqədi rayonunda qeyd olunmuşdur

 

İyulun 20-də Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Binəqədi rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev vurğulamışdır ki, 135 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuş, xalqın üzləşdiyi problemləri diqqət mərkəzinə gətirərək, ictimaiyyətin müzakirəsinə çıxarmışdır. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir. Milli mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri maarifləndirmə, müasirləşmə, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl prinsiplərini ortaya qoymuşdur.

Vurğulanmışdır ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan Respublikasının əsasını qoymuşdur. Məhz bu dövrdə dövlətimizin idarəçilik işi tam formalaşmış, ölkəmiz müstəqil dövlət olaraq beynəlxalq birliyə uğurla inteqrasiya etmişdir. Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır. KİV fəaliyyətini tənzimləyən qanuvericilik bazası təkmilləşdirilmiş, senzura ləğv edilmişdir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.

Tədbirdə digər çıxış edənlər milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışlar.

Sonra müxtəlif KİV-ləri təmsil edən jurnalistlərə mükafatlar təqdim olunmuşdur.

 

 

Xalq qəzeti.- 2010.- 21 iyul.- S. 6.