"Hədəf" yeni hədəflərə çatmaq əzmindədir

 

İyulun 20-də "Ambassador" hotelinin konfrans salonunda yeni fəalliyyətə başlayan "Hədəf" İnformasiya Agentliyinin təqdimat mərasimi keçirildi. Mərasimdə dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, yerli və bəzi xarici ölkə KİV-lərinin nümayəndələri iştirak etdilər.

Tədbirdə çıxış edən agentliyin təsisçisi Əsgər İbrahimov bildirdi ki, bu gün gündən-günə güclənən, regionda lider dövlətə çevrilən və beynəlxalq aləmdə nüfuzu artan Azərbaycanda söz və mətbuat azadlığı da müasir dövrün tələbləri səviyyəsinə yüksəlib. Yeni yaradılan "Hədəf" İnformasiya Agentliyi də məhz bu şəraitdə meydana gəlmişdir. Təqdimat mərasiminin Milli Mətbuatımızın 135 illik yubileyi ərəfəsində baş tutması isə agentliyin kollektivi üçün xüsusilə əlamətdardır.

"Hədəf" İnformasiya Agentliyinin direktoru Vüsalə Kərimova bildirdi ki, agentliyin əsas məqsədi obyektiv xəbər yaymaq, ölkəmiz üçün vacib və əhəmiyyətli məlumatların Azərbaycan hüdudlarından kənarda yayımlanmasına nail olmaqdır. O əlavə etdi ki, ölkəmizdə informasiya agentliklərinin çox olmasına baxmayaraq, biz bu işə öz töhfəmizi verməyə çalışacağıq.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında yeni fəaliyyətə başlayan agentliyə uğurlar arzuladı. Azərbaycanda mətbuatın yaranma tarixindən danışan Ə. Amaşov vurğuladı ki, ötən müddət ərzində ölkə mediası kifayət qədər sürətlə inkişaf etib. Söz və fikir azadlığı üçün münbit şərait yaradılıb. Təsadüfi deyil ki, bu gün Azərbaycanda 3500 qəzet qeydiyyatdan keçib, 650-dək elektron KİV, televiziya, radio fəaliyyət göstərir. Şura sədri agentliyin təqdimatının uğurlu vaxta - milli mətbuatımızın 135 illik yubileyi ərəfəsinə təsadüf etdiyini dedi.

Daha sonra tədbirdə "Hədəf" İnformasiya Agentliyinin reklam çarxı göstərildi. Bildirildi ki, agentlik 2010-cu ilin may ayında dövlət qeydiyyatından keçmiş və iyun ayının əvvəllərindən fəaliyyətə başlamışdır. Bu müddət ərzində 30-dan çox xarici ölkədən sayta müraciət olunmuşdur.

Dünyanın qabaqcıl təcrübəsinə əsaslanan "Hədəf"in fəaliyyətdə olan internet saytında xəbərlərin videogörüntüləri də müntəzəm olaraq yer alacaq.

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2010.- 21 iyul.- S. 6.