Ordu quruculuğunda yeni mərhələ

 

Ordu quruculuğu işinin dövlət rəhbəri səviyyəsində prioritet elan olunması bu sahəyə aid strateji əhəmiyyətli tədbirlərin yeni forma və məzmunda həyata keçirilməsi ilə nəticələnmişdir. Ötən illərin təcrübəsinin dərindən öyrənilməsi və bu yöndə xüsusilə ölkənin milli maraqlarına böyük önəm verilməsi Azərbaycanın beynəlxalq aləmdə vahid siyasi kursa malik, enerji resursları ilə zəngin sivil bir respublika kimi tanınmasına gətirib çıxarmışdır.

Ölkənin gündən-günə artan iqtisadi qüdrəti bütün digər sahələrdə olduğu kimi Silahlı Qüvvələr quruculuğunda da əsaslı dönüş yaratmışdır. Təkcə 2010-cu ildə bu sahə ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlər, imzalanan sənədlər ölkənin müdafiə potensialında hələ bundan sonra da ciddi irəliləyişlərin əldə olunacağına əminlik yaradır.

Bu barədə danışarkən ilk növbədə bu il aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən və ordu quruculuğu məsələlərinə həsr olunan müşavirə xüsusi qeyd olunmalıdır. Bu müşavirədə ölkə başçısı Qarabağ probleminin tarixi kökləri haqqında ətraflı danışmış, münaqişənin yaranma səbəblərinə geniş şərh vermiş və nəhayət, Ermənistanın təcavüzkar dövlət siyasətini kəskin tənqid atəşinə tutmuşdur. Azərbaycanın ərazi bütövlüyünün heç vaxt müzakirə mövzusu olmayacağını xüsusi vurğulayan dövlət başçısı işğal edilmiş bütün Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması məsələsini birmənalı şəkildə ilkin şərt kimi bir daha dilə gətirmiş, nə bu gün, nə gələcəkdə Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək mexanizmin mövcud olmayacağını diqqətə çatdırmışdır.

Cari ildə Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət yüksəlişinə nail olunması da məhz bu zərurətdən irəli gəlir. Nəticədə birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiə təmin olunmuş, müdafiə sistemi təkmilləşdirilmiş, qoşunların döyüş qabiliyyəti artırılmışdır. Silahlı Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə bütün səviyyələrdə təkmilləşdirilməsi məqsədilə vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi üzrə işlərin artan sürətlə davam etdirilməsi əldə olunan uğurların miqyasını daha da genişləndirmişdir. Yeri gəlmişkən, 2009-cu ilin sonunda Silahlı Qüvvələrin istifadəsinə bir milyard ABŞ dollarından artıq dəyərdə silah və texnikanın verilməsi ordumuzun döyüş hazırlığının daha da yüksəlməsində önəmli rol oynamışdır. Ümumiyyətlə, bütün qoşun növlərində müasir tələblərə cavab verən silah-sursatın, o cümlədən rabitə cihazlarının tətbiqi Azərbaycan ordusunu, sözün həqiqi mənasında, regionun ən sivil və ən mobil silahlı qurumuna çevirmişdir.

Təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində ölkədə aparılan ordu quruculuğu işinə kölgə salmağa çalışan qüvvələr də mövcuddur. Belələri hər vəchlə müvafiq yöndə əldə olunan uğurların miqyasını qəsdən kiçiltməyə, dövlətin bel sütünu sayılan Silahlı Qüvvələrin ictimaiyyət arasında gündən-günə artan nüfuzunu aşağılamağa çalışırlar. Zənnimizcə, müvafiq orqanların bu kimi qüvvələrin zərərli fəaliyyətini ciddi araşdırmasına böyuk ehtiyac var. Bununla belə Silahlı Qüvvələr quruculuğunun hüquqi bazasının təkmilləşdirilməsi sahəsində də son illər ciddi tədbirlər həyata keçirilmişdir. Beynəlxalq hüququn müstəqil subyekti kimi dövlətin və xalqın mövcudluğu, gələcəyi və milli təhlükəsizliyi hər bir ölkə üçün, heç şübhəsiz, xüsusi əhəmiyyət daşıyır. Bu mənada Azərbaycan da istisna deyil. Belə ki, dünyada baş verən sürətli dəyişikliklərdən, kütləvi qırğın silahlarının yayılmasından, transmilli mütəşəkkil cinayətkarlığın artmasından və s. irəli gələn bir sıra vəzifələr ilk növbədə ölkənin milli təhlükəsizliyinin təminatı strategiyasının formalaşdırılmasını, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin müxtəlif təhdidlərdən qorunmasını zərurətə çevirir. Təsadüfi deyil ki, 2004-cü il 17 sentyabr tarixində dövlət başçısı tərəfindən imzalanan və ölkənin milli maraqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyan 394 nömrəli sərəncam milli təhlükəsizlik siyasətinin hazırlanması sahəsində yaradılan işçi qrupunun qarşısında konkret vəzifələr qoydu və ölkənin milli təhlükəsizlik konsepsiyası Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2007-ci ilin may ayında təsdiq olundu. Bundan az sonra ölkə başçısının imzaladığı növbəti sərəncam isə Azərbaycanın strateji maraqlarını özündə əks etdirən və milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olan Hərbi doktrinanın yaranmasına əsaslı təkan verdi. Beləliklə, ölkə başçısı tərəfindən cari ilin 18 may tarixində təsdiq üçün Milli Məclisə təqdim olunan və iyunun 8-də həyata vəsiqə qazanan Azərbaycan Respublikasının ilk Hərbi doktrinası təkcə Silahlı Qüvvələrimizin həyatında deyil, ümumiyyətlə, Azərbaycan Respublikasının tarixində mühüm bir hadisəyə çevrildi. Bu sənəd Silahlı Qüvvələr quruculuğunda, heç şübhəsiz, daha böyük uğurların əldə olunmasına təkan verəcəkdir.

Bundan əlavə, iyunun 23-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə ölkə başçısının imzaladığı sərəncam şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu sərəncama əsasən hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikintisinə 5 milyon manat vəsait ayrılmışdır ki, bu da müvafiq sahədə, heç şubhəsiz, əsaslı dönüş yaradacaqdır. Dövlətin diqqət və qayğısı, əlbəttə, hərbi qulluqçuların döyüş ruhunu və hərbi vətənpərvərlik hissini ikiqat artırmışdır. Gülüstan sarayında Silahlı Qüvvələrin yaradılmasının 92-ci ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxış edən Müdafiə naziri bu diqqət və qayğıya cavab olaraq bir daha bildirmişdir ki, ölkə başçısının ordu quruculuğu ilə əlaqədar qarşıya qoyduğu bütün vəzifələr Silahlı Qüvvələrin şəxsi heyəti tərəfindən layiqincə yerinə yetiriləcəkdir.

 

 

İbrahim RÜSTƏMOV

 

Xalq qəzeti.- 2010.- 21 iyul.- S. 7.