"Azərenerji" ASC-də Azərbaycan milli mətbuatının 135 illik yubileyi qeyd edilmişdir

 

İyulun 20-də "Azərenerji" ASC-də Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Nurəli Yusifbəyli görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin milli mətbuatımızın inkişafında əvəzsiz rolundan danışmışdır.

Tədbirdə "Əkinçi" qəzetinin nəşri ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Konfransda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

N.Yusifbəyli bu il Kür çayı üzərində ümumi gücü 550 meqavata yaxın olan Tovuz, Şıxlı Poylu su elektrik stansiyalarının, Bakı şəhərinin ətrafında 50 meqavat gücündə külək elektrik stansiyasının, İsmayıllı Qusar rayonlarında isə kiçik su elektrik stansiyalarının tikintisinə başlanılacağını bildirmişdir. Mövcud generasiya güclərinin müasir texnologiyalar əsasında yenidən qurulması layihələrinin icrası davam etdirilir. Bu il Azərbaycan İstilik Elektrik Stansiyasının 5 blokunun yenidən qurulması işləri başa çatdırılacaqdır. Nəticədə energetika sistemi 450 meqavata yaxın əlavə güc əldə edəcəkdir. Şirvan İstilik Elektrik Stansiyasını əvəzləyəcək 780 meqavat gücündə "Cənub" Elektrik Stansiyasının, həmçinin 25 meqavat gücündə Füzuli Su Elektrik Stansiyasının tikintisi aparılır. Bu stansiya Aran bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə kömək edəcəkdir.

N.Yusifbəyli demişdir ki, ümumiyyətlə 2010-2015-ci illərdə nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi nəticəsində elektrik enerjisi sisteminin gücü 3 min meqavata yaxın artacaqdır. Həmçinin 2015-ci ilə kimi respublika üzrə iri kiçik su elektrik stansiyalarının tikintisi layihələrinin həyata keçirilməsi 2 milyon tondan artıq şərti yanacağa qənaət olunmasına, eyni zamanda, atmosferə atılan karbon qazının miqdarının təqribən 10 milyon ton azaldılmasına imkan verəcəkdir.

Sonda jurnalistlərə mükafatlar təqdim edilmişdir.

Konfrans çərçivəsində KİV nümayəndələrinin Sumqayıt Elektrik Stansiyasına ekskursiyası da təşkil edilmişdir.

 

 

Xalq qəzeti.- 2010.- 21 iyul.- S. 7.