Xüsusi Müalicə Sağlamlıq Kompleksi paytaxt əhalisinin
sağlamlığının keşiyindədir
Azərbaycan Prezidenti
İlham Əliyevin xalqımızın güzəranının
yüksəldilməsi, əhalinin sosial rifahının daha da
yaxşılaşdırılması istiqamətində
apardığı yorulmaz fəaliyyətinin bariz nümunələrindən
biri kimi ölkəmizin ən qocaman səhiyyə müəssisələrindən
olan 85 yaşlı tibb ocağı - xalq arasında daha
çox "Leç.Komissiya" kimi tanınan
keçmiş IV Baş İdarənin birinci
poliklinikasının yeni binası "Xüsusi Müalicə
Sağlamlıq Kompleksi" adı ilə istifadəyə
verilmişdir.
Yeni Badamdar şosesi, 31
ünvanında (Botanika bağının
yaxınlığında), hasara alınmış
bağlı-bağatlı böyuk bir ərazidə yerləşən
2 korpusdan ibarət və ən müasir tələblərə
cavab verən sağlamlıq kompleksi 2 aydır ki, əvvəlki
fəaliyyətini davam etdirməkdədir. Vaxtilə
respublikamızın bütün regionlarının
adlı-sanlı insanlarına tibbi xidmət göstərən
Səhiyyə Nazirliyinin keçmiş birinci poliklinikasina,
sözün həqiqi mənasında, yeni həyat
verilmişdir.
İndi burada həm də dünya standartlarına cavab verən stasionar, Bakı şəhərinin və respublikanın istənilən bölgəsinə çağırışları yerinə yetirməyə qadir, ən müasir tələblər səviyyəsində ilkin tibbi yardım göstərə bilən təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi də fəaliyyət qöstərir.
Burada hər şey xəstənin mənafeyinə xidmət edir. Müəssisədə tabeçiliyində olduğu Xüsusi Tibb Xidmətinin dəstəyi ilə bir il əvvəl aparılmış attestasiyadan sonra bir nəfər də olsa, müasir tələblərdən geri qalan işçi olmamışdır. İndi müəssisədə yüksək peşəkar təcrübəyə malik həkim və tibb işçiləri ilə yanaşı, Rusiya, Türkiyə və Avropanın məşhur klinikalarında təhsil almış və ya təcrübə keçmiş gənc kadrlar yorulmaq bilmədən xəstələrə ən yüksək səviyyədə tibbi xidmət göstərirlər.
Kompleksdə həm də adlı-sanlı professorlar və digər yüksək səviyyəli tibb mütəxəssislərinin konsultasiyaları aparılır.
Müəssisənin birinci mərtəbəsində ən müasir avadanlıqla təchiz olunmuş diaqnostika bölməsi yerləşmişdir.
Kliniki laboratoriyada Almaniya, ABŞ və İsrailin istehsalı olan aparatlar vasitəsilə xəstəliklərin dəqiq diaqnozunu qoymağa imkan verən analizlər, hətta dünyanın çox az klinikalarında olan litiumun təyini analizləri aparılır.
Ənənəvi müayinə metodlarından sayılan rentgen müayinəsi burada Almaniyanın məşhur "SİEMENS" şirkətinin 2010-cu il istehsallı rəqəmsal aparatı ilə aparılır.
Müasir təbabətdə ən mükəmməl müayinə metodları hesab edilən kompyuter tomoqrafiyası və maqnit-rezonans müayinələri də kompleksdə bu tipli aparatların axırıncı nəslinə mənsub olan "SİEMENS" şirkətinin cihazları vasitəsilə xaricdə tam təkmilləşmə keçmiş yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Birinci mərtəbədə, həmçinin fizioterapiya şöbəsi də fəaliyyət göstərir.
İkinci mərtəbədə müxtəlif müalicə kabinetləri və pediatriya şöbəsi yerləşir. Şöbənin bütün interyeri - rəngli şəkillər, bəzəkli cihazlar, rəngarəng mebellər körpə balaları buraya daxil olarkən həyəcan və gərginlikdən azad edir, stressə düşməsinə imkan vermir.
Üçüncü mərtəbədə endoskopik müayinə və stomatoloji bölmələr, ultrasəs müayinəsi, elektrokardioqrafiya, nevroloji, kardioloji, infeksion, endokrinoloji və s. kabinetlər yerləşir.
Kompleksin dördüncü mərtəbəsindəki stasionar şöbənin bir və iki nəfərlik palataları dünya standartlarına cavab verir.
Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin "Mercedes" markalı təcili yardım avtomobilləri ən yüksək tələblərə cavab verən tibb avadanlığı, lazımi dərman və ləvazimatlar, xüsusi radio-telefon rabitəsi ilə təchiz olunmuşdur. Təcili yardım avtomobillərinin səriştəli ekipajları gün ərzində respublikanın istənilən bölgəsindən verilmiş çağırışları icra etməyə, yerində ilkin təcili yardım göstərməyə, xəstələri təyinatı üzrə müalicə müəssisələrinə çatdırmağa hazırdır.
Araz RÜSTƏMOV
Xalq qəzeti.- 2010.- 21 iyul.- S. 7.