Mərkəzi Seçki Komissiyasında ABŞ-ın Milli Demokratiya İnstitutunun nümayəndələri ilə görüş olmuşdur

 

İyulun 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Demokratiya İnstitutunun (ABŞ) Avrasiya üzrə direktoru Laura Cuit və Azərbaycan üzrə direktoru Aleks Qriqoriyevs ilə görüşmüşdür.

MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, görüşdə sədr Məzahir Pənahov komissiyanın beynəlxalq qurumlarla əməkdaşlığından məmnunluğunu ifadə etmişdir.

Laura Cuit təmsil etdiyi qurumun Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərdiyini, 1998-ci ildən isə MSK ilə əməkdaşlıq etdiyini xatırladaraq, bundan qürur duyduqlarını bildirmişdir. O, qarşıdan gələn seçkilərin uğurla keçiriləcəyinə inamını ifadə edərək, MSK-nın seçkilərə hazırlıq istiqamətində həyata keçirdiyi tədbirlərlə maraqlanmışdır.

Sədr Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı məlumat vermiş və seçkilərin ölkənin seçki qanunvericiliyinə uyğun, azad və ədalətli keçiriləcəyini bildirmişdir.

Görüşdə Mərkəzi Seçki Komissiyası ilə Milli Demokratiya İnstitutu arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

 

 

Xalq qəzeti.- 2010.- 22 iyul.- S. 2.