Mətbuata qayğı Azərbaycanın demokratikləşməsi xəttinin əsasını təşkil edir

 

"Əgər güclü ictimai nəzarət olmasa, əgər Azərbaycanda azad cəmiyyət formalaşmasa, bizim iqtisadi uğurlarımızın gələcəyi olmayacaq, ancaq müvəqqəti xarakter daşıyacaqdır. Ona görə də son illər ərzində Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur...Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Demokratik inkişafı şərtləndirən ən mühüm dəyərlərdən biri də kütləvi informasiya vasitələrinin müstəqilliyinin, o cümlədən mətbuat, söz, fikir azadlıqlarının yüksək səviyyədə təminatıdır. Bu azadlıqlar cəmiyyətdə sosial məsuliyyəti, şəffaflığı, siyasi plüralizmi, tolerantlığı şərtləndirməklə yanaşı, beynəlxalq konvensiyalar və digər normativ hüquqi aktlarda təsbit edilmiş insan hüquqlarının etibarlı müdafiəsinə geniş imkanlar açır. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri olaraq ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.

 

Demokratiyanın "barometri" və cəmiyyətin "güzgüsü"

 

Hər bir ölkədə, ümumilikdə, dünyada baş verən mühüm ictimai-siyasi və mənəvi proseslərin qiymətləndirilməsi, ictimaiyyət tərəfindən dərk edilib dəyərləndirilməsi əsasən, kütləvi informasiya vasitələrinin obyektiv və çevik fəaliyyəti nəticəsində mümkün olur. Müasir cəmiyyətdə önəmli rol oynayan mətbuatın siyasi münasibətlərə və proseslərə yaxından nüfuz imkanları da nəzərə alınsa, onun rolunun və məsuliyyətinin kifayət qədər böyük olduğuna heç bir şübhə qalmaz. Təsadüfi deyildir ki, ictimai rəyə təsir göstərmək imkanlarına görə kütləvi informasiya vasitələri məcazi mənada "dördüncü hakimiyyət" adlandırılır. O bir tərəfdən cəmiyyətdə demokratik prinsiplərin bərqərar olmasında öncül rol oynayır, digər tərəfdən demokratiyanı səciyyələndirən başlıca göstəricilərdən biri qismində çıxış edir. KİV hakimiyyət strukturları ilə bilavasitə bağlı olmaqla, onun üzərində ictimai nəzarəti təmin etməyə çalışır. Siyasi plüralizm hər bir ölkədə məhz azad kütləvi informasiya vasitələri ilə təmin olunur, inkişaf edir. Televiziyalar, radiolar, internet, qəzetlər, dövri nəşrlər və nəhayət, informasiya agentlikləri yerli və transmilli səviyyədə fəaliyyət göstərməklə, həm demokratiyanın "barometr"inə çevrilir, həm də cəmiyyətin siyasi liberallaşmasında, ictimai təfəkkürün proqressiv siyasi yeniliklərə hazırlanmasında müstəsna rol oynayırlar. Öz funksiyalarına görə mətbuat həm də cəmiyyətin "güzgüsü" rolunu oynayır, baş verən proseslərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında ağırlığı öz üzərinə götürür. Bu mənada hər bir ölkədə ictimai rəyin pozitiv ruhda köklənməsi, ilk növbədə, mətbuatın fəaliyyətindən asılı olur. Təəssüflər olsun ki, Azərbaycanda bu missiyanı heç də bütün qəzetlər həyata keçirə bilmirlər.

İnkişaf etmiş dövlətlərin mütərəqqi təcrübəsinə əsasən demək olar ki, kütləvi informasiya vasitələrinin öz funksiyasını sərbəst həyata keçirməsi üçün iki mühüm şərt tələb olunur. Bunlardan birincisi, ölkə qanunvericiliyi ilə azad mətbuat fəaliyyəti ilə məşğul olmaq üçün bütün insanlara bərabər şəraitin yaradılmasıdır. Bu şərtə görə, qanunla hüququ olan hər bir vətəndaş istədiyi vaxt, istədiyi məkanda, istədiyi səviyyədə kütləvi informasiya vasitələri təsis edir, onların fəaliyyətinə rəhbərliyi həyata keçirir. İkinci başlıca şərt isə azad mətbuatın fəaliyyəti üçün normal imkanların, ilk növbədə, demokratik və plüralist siyasi mühitin formalaşdırılmasıdır. Yəni jurnalist sərbəst şəkildə, heç nədən çəkinmədən, bütün qanuni mexanizmlərdən istifadə edərək, azad şəkildə informasiya toplamağı bacarmalı, əsl həqiqəti məsuliyyətlə, jurnalist etikası çərçivəsində cəmiyyətə çatdırmalıdır. Bu iki şərtə eyni dərəcədə əməl olunması hər bir demokratik cəmiyyətdə azad mətbuatın mövcudluğunun başlıca amilidir. Azad mətbuatın mövcudluğu ölkədə siyasi plüralizmi və demokratiyanı təmin edir, hakimiyyətin məsuliyyətini, cəmiyyətin isə neqativ tendensiyalara müqavimət potensialını artırır. Yalnız siyasi plüralizmin təmin olunduğu cəmiyyətdə demokratik və şəffaf idarəçilikdən söhbət gedə bilər.

 

Demokratik inkişafa uğurlu tarixi bünövrə

 

Əsası görkəmli ziyalı, ictimai xadim və ədib Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının yaradılmasının 135-ci ildönümü tamam olur. Əsası 1875-ci ildə "Əkinçi" qəzeti ilə qoyulmuş milli mətbuatımızın formalaşma mərhələləri cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçərək müasir səviyyəyə gəlib çatmışdır. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması əslində ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən maarifçilik hərəkatının, dünyəvi teatrın və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır. Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynamışdır. Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra, həyatın bir çox səhələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yaranmış, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirilmişdir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti illərindən sonra rüşeym halında inkişafını dayandırmış proseslər yenidən dirçələrək demokratik mətbuatın inkişafına xidmət etmişdir. Azərbaycan mətbuatının sürətli inkişafı isə respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxarmışdır. Hazırda hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanda 4500-ə yaxın müxtəlif kütləvi informasiya vasitəsi - qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri qeydiyyata alınmışdır. Müstəqil Azərbaycan söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikamızda bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır. Xatırlatmaq lazımdır ki, müstəqilliyin ilk illərində mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmamış, 1991-1993-cü illərdə ölkənin kütləvi informasiya vasitələri ciddi məhrumiyyətlərlə üzləşmişlər. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, silahlı dəstələrə arxalanan müxtəlif siyasi qrupların öz iddialarını gerçəkləşdirmək üçün qeyri - qanuni cəhdlər göstərməsi, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum söz və mətbuat azadlığının təmin edilməsinə, bu sahədə dövlət və vətəndaşların mənafelərinin qorunmasına ciddi maneələr yaradırdı. O zaman nəinki hansısa jurnalistin, hətta sıravi vətəndaşın təhlükəsizliyinə də dövlət təminatı yox idi. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı siyasi hakimiyyət çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci ilin may ayında AXC-Müsavat cütlüyünün silahlı çevriliş yolu ilə hakimiyyətə gəlməsi isə ölkədə söz və mətbuat azadlığı sahəsindəki vəziyyəti daha da pisləşdirdi. Həmin dövrdə jurnalistlər daha ağır senzura ilə üzləşir, öz fikirlərini sərbəst ifadə edə bilmirdilər. Mətbuat nümayəndələrinin ayrı-ayrı məmurlar tərəfindən döyülməsi, hakimiyyətə qarşı təndiqi yazılar dərc edən nəşrlərin bağlanması isə adi hala çevrilmişdi. Naşı və yarıtmaz AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə kütləvi informasiya vasitələrinə qarşı hücumlar təkcə ayrı-ayrı məmurların özfəaliyyəti deyil, həm də dövlətin apardığı uğursuz siyasətin mahiyyətindən irəli gəlirdi.

 

Mətbuatın böyük dostu və himayədarı

 

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlandı. Bu mənada Heydər Əliyev, eyni zamanda, Azərbaycanda söz və mətbuat azadlığının, müstəqil mətbuatın əsasını qoymuş lider kimi böyük ehtiramla anılır. Respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması KİV-in fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı. Həmin dövrdən etibarən Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq, söz, fikir, vicdan azadlığı təsbit edildi. Son 15 ildə Əsas Qanunun tələblərinə müvafiq surətdə həyata keçirilmiş demokratik-hüquqi islahatlar kütləvi informasiya vasitələrinin və jurnalistlərin normal fəaliyyətinə geniş imkanlar açdı. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edilmişdir. Konstitusiyaya bu müddəanın daxil edilməsi respublikamızın da qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlir. 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, eyni zamanda, 1966-cı ildə yenə BMT tərəfindən qəbul edilən mədəni və siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsi, 1950-ci ildə Romada qəbul edilən Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 10-cu maddəsi bütünlükdə hər kəsin məlumat azadlığını - informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması hüququnu təsbit edir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 iyun tarixli fərmanı ilə təsdiq olunmuş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", eyni zamanda, vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına da əlverişli imkanlar açmışdır. Bu dövlət proqramından az sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən 6 avqust 1998-ci il tarixdə imzalanan "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrini senzuradan azad etmişdir. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin qanunvercilik təşəbbüsü əsasında 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 12 mart 2002-ci il tarixli "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbulu da mühüm addımlardan olmuşdur. Eləcə də son 10 ildə "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "İnformasiya azadlığı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanunlar qəbul edilmiş, bu zaman Avropa Şurasının mütərəqqi rəy və təklifləri nəzərə alınmışdır. 2000-ci il 6 mart tarixli fərmanla isə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı" təsdiq olunmuşdur. Bu fərmandan sonra ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxmışdır.

Mətbuatın 125 illiyi ilə əlaqədar jurnalistlərlə görüşündə ulu öndər Heydər Əliyev demişdir: "Jurnalistikaya mənim hörmətimə, ehtiramıma şübhəniz olmasın. Yenə də deyirəm, mən hesab edirəm ki, lap o qatı yalan yazan jurnalistlər də jurnalistdir - qoy olsun. Azərbaycanda belə bir ifadə var: "Zaman hər şeyi saf-çürük edəcəkdir". Kim bu imtahandan, rəqabətdən keçəcək, həqiqətən hörmətli bir jurnalist olacaqsa, olacaq. Kim isə bu yolu keçə bilməyəcək, - yəqin ki, o özünə başqa peşə axtaracaq. Amma bu, ayrı-ayrı fərdlərə aiddir. Ümumiyyətlə isə bu peşə çox vacib peşədir. Demokratik, hüquqi, dünyəvi dövlətdə, qanunlarla yaşayan dövlətdə jurnalistika çox vacib bir peşədir, mətbuat çox vacib bir sahədir. Bu, mənim fikrimdir və mən bu fikrimi heç vaxt dəyişdirməyəcəyəm. Sizə, bütün Azərbaycan jurnalistlərinə, mətbuat işçilərinə hörmət, ehtiramımı bildirirəm".

Ümummilli lider bütün bunlarla yanaşı, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirir, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı. Böyük strateq mətbuat azadlığından sui-istifadə hallarını pisləyir, qanun pozuntularının yolverilməz olduğunu bildirirdi. Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü onda idi ki, o peşə etikasını kobud şəkildə pozan, faktlara deyil, şəxsi mülahizələrə söykənən "yazarlar"ın qanunamüvafiq qaydada cəzalandırılmasına yol vermir, dövlət məmurlarına dözümlü olmağı tövsiyə edirdi. Məhz Heydər Əliyevin humanistliyinin nəticəsi olaraq o illərdə bir sıra məmurlar qəzetlərə qarşı qaldırdıqları haqlı iddiaları geri götürdülər. Bu fakt ulu öndərin ölkədə azad mətbuatın fəaliyyətinə necə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir.

 

KİV-ə dövlət qayğısının keyfiyyətcə yeni mərhələsi

 

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan iqtidarı da söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Son 7 ildə ulu öndər Heydər Əliyev siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Hələ 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini göstərmişdir. "Əkinçi" qəzetinin 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi dövlətin mətbuata qayğısının bariz təcəssümü kimi xatırlanır.

Keçid dövründə KİV-in üzləşdiyi bir sıra problemlər nəzərə alınmaqla mətbuata davamlı olaraq qayğı və diqqət göstərilir. Mətbuatın maddi-texniki və maliyyə bazasının möhkəmləndirilməsi məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış "Qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ödənilməsi barədə" sərəncama əsasən qəzetlərin "Azərbaycan" nəşriyyatına olan 450 min ABŞ dolları məbləğində borcu dövlət büdcəsindən ödənilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlər sırasında müstəqil və müxalifyönlü qəzetlər çoxluq təşkil etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.

Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncamla həmçinin "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə" təsdiq edilmişdir. Sərəncam əsasında Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılmasını, maddi-texniki təminatını, xərclər smetasını, ştat cədvəlini, işçilərin say həddini və aylıq vəzifə maaşlarını müəyyən etmişdir. Həmçinin hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədilə müvafiq vəsaitin ayrılması təmin edilmişdir. Fond ötən iki il müddətində uğurla fəaliyyət göstərir və mətbuata, jurnalistlərə qanunla müəyyən olunmuş qaydada maddi yardım göstərir.

Nəhayət, "Əkinçi" qəzetinin 135 illiyinin qeyd olunması, habelə mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması ilə bağlı xüsusi sərəncamlar imzalayan dövlət başçısı İlham Əliyev mətbuatın inkişafında maraqlı olduğunu bir daha sübuta yetirmişdir.

 

Hər bir azadlıq qanuna söykənməlidir

 

Təəssüflə qeyd etmək lazımdır ki, söz, fikir və mətbuat azadlığı üçün respublikamızda yaradılmış liberal və tolerant mühit bəzi hallarda bu sahədə müəyyən problemlərin ortaya çıxmasına, xüsusən də informasiyanın toplayıcısı və cəmiyyətə ötürücüsü funksiyasını yerinə yetirən kütləvi informasiya vasitələrində qanunların və peşə davranışı normalarının kobud şəkildə pozulması hallarına da gətirib çıxarır. Bu sahədə özünü göstərən köklü problemlər - ciddi mətbuatın nisbətən azlığı, bir sıra qəzetlərin öz fəaliyyətini "reketçilik", şantaj üzərində qurması, insanların şərəf və ləyaqətini təhqir etməsi, şəxsi toxunulmazlıq hüququnu pozması və s. neqativ hallar cəmiyyətdə haqlı narazılıq doğurur, insanlığın ali zinəti olan sözün ucuzlaşmasına, dəyərdən düşməsinə səbəb olur. Təəssüf doğuran haldır ki, bu gün mətbuat, söz, fikir azadlıqları Konstitusiya və mövcud qanunların tənzimlədiyi hüquqi çərçivəni aşaraq kütləvi informasiya vasitələrində istənilən fikrin, sözün məsuliyyətsiz formada ifadə edilməsi və heç bir məsuliyyət daşımamaq anlamında qəbul olunur.

Qərbdə demokratiyaya yanaşmada onilliklər boyu dəyişməz qalmış bir prinsip mövcuddur: "...Sənin azadlığın başqalarının azadlığı başlayan yerdə bitir". (Yeri gəlmişkən, belə bir müddəa 2009-cu ildə keçirilən referendumda Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə də əlavə edilib.) Şübhəsiz, söz və mətbuat azadlığı da qanunların imkan verdiyi hüquqi çərçivədə tənzimlənir. Mətbuat nümayəndəsi olmaq kimlərəsə toxunulmazlıq statusu, ya hansısa digər imtiyazlar vermir. Dövlət başçısı İlham Əliyev haqlı olaraq hüquqi dövlətdə belə xaotik və qanunlarla tənzimlənməyən fəaliyyətin yolverilməz olduğunu bildirir: "Bəzi hallarda müəyyən mətbuat orqanlarında belə fikir var ki, mətbuat nümayəndəsi olmaqla, jurnalist olmaqla, yaxud da mətbuat orqanının sahibi olmaqla hansısa xüsusi imtiyaz əldə edə bilər. Bu, belə deyil, qanun qarşısında hamı eyni olmalıdır".

Son illər bəzi qəzetlər "Diffomasiya haqqında" qanunun qəbul edilməsi tələbi ilə çıxış edirlər. Bu iddiada olanların fikrincə, "Difformasiya haqqında" qanunla böhtan və təhqirə görə cinayət məsuliyyəti mülki məsuliyyətlə əvəz olunmalıdır. Hər bir şəxsin şərəf və ləyaqəti, eyni zamanda, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə də qorunur. Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtan, 148-ci maddəsi isə təhqirə görə cinayət məsuliyyətini müəyyən edir. "Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yayma" Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən cinayət hesab edilir. Həmin məcəllənin 148-ci maddəsinə görə isə "Kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma" təhqir kimi tövsif olunur.

Cinayət Məlləsinin 147 və 148-ci maddələrinin subyekti həmin maddələrin dispozisiyasında göstərilən məlumatları qəsdən və kütləvi şəkildə yayan hər bir fiziki şəxs, o cümlədən jurnalist ola bilər. Demokratiyanın daha da inkişaf etdirilməsi yolunu tutan ölkəmizdə KİV-ə dövlət qayğısını özündə əks etdirən siyasət yürüdülür. Ancaq KİV-ə dövlət qayğısı Cinayət Məcəlləsindən böhtan və təhqir barədə maddələrin çıxarılması hesabına olmamalıdır. Bu hal cəmiyyətdə xüsusi imtiyazlara (söymək, təhqir etmək, böhtan atmaq və.s.) malik bir təbəqənin formalaşmasına gətirib çıxara bilər ki, bu da hüquqi dövlətdə yolverilməzdir. Bir qrup şəxsə hüdudsuz və mütləq hüquqların verilməsi digər şəxslərin hüquqlarının pozulmasına səbəb olmaqla, cəmiyyətdə hüquqi disbalans yaradar. Bu maddələrin Cinayət Məcəlləsindən çıxarılması KİV yazarlarının obyektiv, qərəzsiz informasiya yaymaq vəzifələrini istisna edəcək. Obyektiv, qərəzsiz məlumatlar yaymaq kimi mühüm vəzifənin icra edilməməsi mülki və mənəvi məsuliyyətin öhdəsinə buraxılacaq ki, bu da faktiki olaraq cəmiyyətin böhtan və təhqirə məruz qalan hissəsinin şərəf və ləyaqətinin qorunmaması deməkdir. KİV yazarlarına hüdudsuz hüquqlar verməklə bütün cəmiyyəti şərəf və ləyaqətini qorumaq hüququndan məhrum etmək düzgün olmazdı.

Nəzərə almaq lazımdır ki, "Diffomasiya haqqında" qanun hələ demokratik inkişaf təcrübəsi böyük olan bir sıra Avropa dövlətlərində qəbul olunmamışdır. Fəqət, biz istənilən halda bu məsələdə özümüzü Avropanın bəzi dövlətləri ilə müqayisə edə bilmərik. Əslinə qalsa, Avropa dövlətlərində belə bir qanunun mövcudluğuna o qədər də ehtiyac duyulmur. Çünki o məkanda jurnalistikanın funksiyası, vəzifəsi tamam fərqlidir, peşə etikası, qanunların aliliyi ciddiliklə gözlənilir. Həmin dövlətlərdə ciddi və normal qəzetlər heç zaman böhtan və təhqirə, insanların şərəf və ləyaqətinin alçaldılmasına yol vermirlər. Azərbaycanda isə hələ bütün jurnalistlərin buna hazır olduğunu heç kim iddia edə bilməz.

Bütün bunlara baxmayaraq, Azərbaycan mətbuatının respublikada demokratikləşmə proseslərinin dərinləşməsində və vətəndaş cəmiyyəti institutlarının mövqelərinin möhkəmlənməsində xidmətləri danılmazdır. Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olması prosesi cəmiyyətin özünün demokratik inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçməkdədir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. Sonda 135 illik yubiley münasibətilə ölkənin bütün sağlam əqidəli, peşəsinə sadiq jurnalistlərini ürəkdən təbrik edir, onlara çətin, lakin şərəfli peşələrində yeni-yeni uğurlar arzulayırıq!

 

 

Rafael CƏBRAYILOV

 

Xalq qəzeti.- 2010.- 22 iyul.- S. 3.