Azərbaycanda söz,
fikir və məlumat
azadlığının təmin olunması ulu
öndər Heydər Əliyevin adı ilə
bağlıdır
Əsası
böyük maarifçi, jurnalist, naşir Həsən bəy
Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımız
çətin və şərəfli bir yol keçmişdir.
Mütərəqqi və şanlı ənənələrə,
zəngin tarixə malik milli mətbuatımız
xalqımızın milli şüurunun, mənəvi dəyərlərinin
formalaşmasında, cəmiyyətdə sosial ədalətin
təmin edilməsində, insan hüquqlarının müdafiəsində,
ana dilimizin inkişafında əvəzsiz rol
oynamışdır.
Azərbaycan ictimai fikir
tarixində mühüm hadisə olan "Əkinçi"
qəzetinin 1875-ci il iyulun 22-də nəşrə
başlaması ilə mədəniyyətimizdə yeni bir səhifə
açılmış, milli mətbuatımızın təməli
qoyulmuşdur.
"Əkinçi"ni nəşrə başlamaqla Həsən bəy Zərdabi xalqımızın milli dirçəlişi üçün o vaxta qədər heç kəsin etmədiyi və edə bilmədiyi bir iş gördü. Sonrakı illərdə "Əkinçi"nin başladığı işi davam etdirən, onun ənənələrini yaşadan çoxlu xələfləri meydana gəldi. Həmin mətbuat orqanları xalqın maariflənməsi, milli şüurun dirçəlməsi üçün çox böyük iş gördülər.
1875-1877-ci illərdə "Əkinçi"nin 56 nömrəsi çıxmışdır. İlk dövrlərdə bu qəzetin buraxılışı maliyyə cəhətdən zərər gətirirdi. Geniş kütlələrin "Əkinçi"yə marağını oyatmaq üçün H.Zərdabi qəzetin pulsuz yayılması vasitəsinə əl atdı. H.Zərdabi tədricən "Əkinçi"nin ətrafında ziyalılar və təhsil alan gənclərdən ibarət kifayət qədər böyük bir fəallar qrupunu birləşdirdi. S.Ə.Şirvani, H.Vəzirov, A.Adıgözəlov, Moskvada Petrovski Kənd Təsərrüfatı Akademiyasında ali təhsil almış Əsgər Ağa Görani, Hacı Məmmədsadıq (Əbdülhəsən Nəvai), Mirzə Həsən Əlqədəri, Ələkbər Seydəri, Məhbus (Əli Mədəd) Dərbəndi və başqaları qəzetlə fəal əməkdaşlıq edirdilər. M.F.Axundov da "Əkinçi"nin səhifələrində çıxış edirdi. Cənubi Qafqaz və Dağıstan şəhərlərində, İranda qəzetin müxbirləri fəaliyyət göstərirdi. Qəzetin nəşrinin bütün müsəlman Şərqi üçün böyük əhəmiyyəti var idi. "Əkinçi" beynəlxalq əks-səda doğurmuşdu. Bu qəzet bütün Şərq dünyasında Avropa üsulunda nəşr olunmuş birinci mətbu orqan idi.
"Əkinçi" mütərəqqi maarifçi, demokratik ideyaları təbliğ edir, mövhumata, cəhalətə və avamlığa qarşı çıxırdı. Azərbaycan gerçəkliyinin bir çox zəruri problemlərini qaldırırdı. Qəzet öz dövrünü keçirmiş sosial-iqtisadi qaydaları aradan qaldırmaq üçün məhz elm və maarifin ən mühüm vasitə rolu oynadığına əmin olaraq, xalq kütlələrinin maarifləndirilməsi ideyasını ardıcıl şəkildə, inadla müdafiə edirdi. O, təhsil və tərbiyə məsələlərinə xüsusi əhəmiyyət verir, məktəblərdə yeni təlim və tərbiyənin tətbiq edilməsinə tərəfdar çıxırdı. "Əkinçi" Azərbaycanda qadın təhsilinin, qadınların ictimai həyata cəlb olunmasının zəruriliyini müdafiə edən ilk Azərbaycan qəzeti idi.
Qəzet ana dilinin saflığı
uğrunda yorulmaz mübarizə aparırdı. Azərbaycan milli
publisistika dilinin yaradılmasında bu qəzetin böyük xidməti vardı.
"Əkinçi"nin
demokratik ideyaları bəzi mürtəce bəylər, ruhanilər,
çar məmurları
tərəfindən narahatlıqla
qarşılanırdı. Nəticədə 1877-ci ilin əvvəllərində
qəzetin abunəçilərinin
sayı 300-ə endi, bunlardan da 150-si kənd yerlərindən idi. 1877-1878-ci illər Rusiya-Türkiyə
müharibəsinin başlanması
ilə çar senzurası qəzetdə siyasi xarakterli məsələlərə toxunmağı
qadağan etdikdən sonra "Əkinçi"
üçün ağır
şərait yarandı.
Nəticədə 1877-ci ilin
sentyabrında qəzetin
nəşri dayandırıldı...
Ötən müddətdə mətbuat
böyük inkişaf
yolu keçib. Ölkəmiz müstəqillik qazandıqdan
sonra söz azadlığına geniş
yer verilib. Dövlətin diqqəti və
qayğısı sayəsində
bu sahədə bir sıra mühüm
işlər görülüb.
Burada ulu öndərimiz Heydər Əliyevin mühüm rolu xüsusilə qeyd edilməlidir. Yeri gəlmişkən, 1995-ci ilin
iyulun 22-də Milli Mətbuat Günü münasibətilə Heydər
Əliyevin jurnalistlərə
təbrikini xatırlayaq:
"Əsası 120 il
bundan öncə böyük alim, pedaqoq, jurnalist, ictimai xadim Həsən
bəy Zərdabinin
"Əkinçi" qəzeti
ilə qoyulmuş milli mətbuatımız Azərbaycan xalqının
mənəvi mədəniyyəti
tarixinə şərəfli
səhifələr yazmış,
milli mənliyimizin formalaşmasında, mənəvi
dəyərlərin qorunub
saxlanılmasında misilsiz
rol oynamışdır.
Milli mətbuatımızın inkişaf
mərhələləri Azərbaycan
xalqının azadlıq,
müstəqillik uğrunda
mübarizə tarixinin
tərkib hissəsidir. "Əkinçi"dən üzü
bəri azadlıq, demokratiya, müstəqillik
uğrunda mücadilə
dərslərini biz milli
mətbuatımızın səhifələrindən
öyrənmişik.
Özünün azad, müstəqil, demokratik dövlətini qurmuş Azərbaycan xalqı bu yolda
olmazın məşəqqətlərlə
üzləşmiş və
üzləşməkdədir. Daxili və
xarici düşmənlərin
hördüyü hiylə
torları, hətta dövlət çevrilişləri
həddinə gəlib
çıxmış məkrli
niyyətlər xalqımızın
və dövlətimizin
iradəsini dönə-dönə
sınağa çəkmişdir.
Bu problemlərin həll
edilməsində, baş
verən hadisələrə
obyektiv qiymət verilməsində mətbuat
və söz azadlığı şəraitində
fəaliyyət göstərən,
demokratik dəyərlərlə
bəhrələnən Azərbaycan
jurnalistlərinin böyük
xidməti vardır...".
Ümummilli liderimiz Heydər Əliyevin ölçüyəgəlməz
səyləri nəticəsində
Azərbaycanda mətbuat
orqanlarının azad
fəaliyyəti və
inkişafı yolunda süni maneələrin aradan qaldırılması,
qanunvericilik bazasının
təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının
yaxşılaşdırılması sahəsində ardıcıl
tədbirlər həyata
keçirilmişdir. Vətəndaş cəmiyyəti quruculuğunu
özünün inkişaf
modeli kimi qəbul edən Azərbaycan Respublikası
insan hüquqları, söz və mətbuat azadlığının
təmin olunması ilə bağlı bir sıra beynəlxalq
konvensiya və sazişlərə qoşulmuşdur.
Müstəqil kütləvi informasiya vasitələrinin təsis
edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə
zəruri qanunvericilik bazası yaradılmışdır. Bu hüquqi baza informasiya azadlığına
təminat verən, mətbuat da daxil olmaqla KİV-də dövlət senzurasının aradan qaldırılması prinsipini
təsbit edən Azərbaycan Respublikasının
Konstitusiyasına söykənir.
Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan
Respublikasında söz,
fikir və məlumat azadlığının
təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında"
6 avqust 1998-ci il tarixli fərmanı KİV-in sərbəst
inkişafı, cəmiyyətin
dinamik şəkildə
demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə
çevrilməsi yolunda
dövlət siyasətinin
həyata keçirilməsində
mühüm addım olmuşdur. Bu fərmanla Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət
Sirlərinin Mühafizəsi
Baş İdarəsi ləğv edilmiş, hərbi senzura yaradılması haqqında
16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət
tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş
hesab edilmişdir.
KİV-in təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin
təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində
mühüm addımlar
atılmışdır. 1999-cu ildə "Kütləvi
informasiya vasitələri
haqqında" Qanun qəbul edilmişdir.
Bu müasir Azərbaycan
reallıqlarını dolğun
əks etdirən,
KİV-in istehsalı və
yayımının bütün
məsələlərini demokratik
şəkildə tənzimləyən
hüquqi sənəddir.
2000-ci il martın 6-da Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə "2000-2001-ci illərdə
kütləvi informasiya
vasitələrinin maddi-texniki
şəraitinin yaxşılaşdırılması
üzrə tədbirlər
proqramı" təsdiq
olunmuşdur. Ölkəmizdə
KİV sahəsində dövlət
siyasəti xalqın maariflənməsində, ümumbəşəri
ideyaların təbliğində,
vətəndaş cəmiyyəti
quruculuğunda KİV-in qüdrətli
vasitəyə çevrilməsinə,
demokratiya, aşkarlıq
və ədalətin təntənəsinə xidmət
etməyə yönəldilmişdir.
KİV həm də təmsil etdiyi xalqın mənafeyini hər şeydən üstün tutmalı, dövlətçilik
mövqeyini ön plana çəkməlidir.
Ulu öndərimiz
Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı
Prezident İlham Əliyev demişdir:
"XX əsrin sonlarında
yenidən öz dövlət müstəqilliyini
qazanmış ölkəmizdə
milli dövlət ideyalarının və ənənələrinin möhkəmləndirilməsində,
demokratik dəyərlərin
bərqərar olunmasında,
beynəlxalq aləmdə
Azərbaycanın rolunun
və nüfuzunun güclənməsində mətbuatımızın
xidmətləri xüsusi
qeyd edilməlidir.
Milli Mətbuat Gününü
qeyd edərkən Azərbaycanda vətəndaşların
əsas hüquq və azadlıqlarının,
o cümlədən söz,
fikir və məlumat azadlığının
təmin olunmasında
ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərini
xatırlamaq hamımızın
borcudur. Məhz Heydər Əliyevin
siyasi iradəsi və həyata keçirdiyi məqsədyönlü
tədbirlər nəticəsində
mətbuatın sərbəst
fəaliyyəti üçün
bütün imkanlar yaradıldı. KİV-in dövlət tənzimlənməsindən
imtina edildi, bu sahədə jurnalist ictimaiyyətinin təşəbbüsləri dəstəkləndi.
Mətbuatın maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün təsirli
addımlar atıldı,
jurnalist hüquqlarının
etibarlı surətdə
qorunması təmin edildi. Bu gün
Azərbaycanda kütləvi
informasiya vasitələri
sahəsində MDB məkanında
və Şərqi Avropada ən demokratik, liberal qanunvericilik
bazası mövcuddur,
kütləvi informasiya
vasitələrinin geniş
inkişaf etmiş şəbəkəsi fəaliyyət
göstərir".
Azərbaycan Respublikası
söz, fikir və məlumat azadlığının inkişafı
sahəsində beynəlxalq
təşkilatlarla, o cümlədən
Avropa Şurası və ATƏT-lə sıx əməkdaşlıq
edir, üzərinə
götürdüyü öhdəliklərdən
irəli gələn vəzifələri yerinə
yetirir. Qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara cavab verən ictimai yayım xidmətlərinin yaradılması
istiqamətində əməkdaşlıq
davam etdirilir.
Bu gün mətbuat cəmiyyətin ayrılmaz
atributuna çevrilib. Demokratiyanın, azadlığın, insan hüquqlarının qorunması
uğrunda daim mübarizə aparan, ictimai rəyin formalaşmasına fəal
kömək edən demokratik mətbuat bütün proseslərin önündə gedir, cəmiyyətin inkişafına
xidmət edir.
İyulun 22-si milli mətbuatımızın
təvəllüd günüdür. Həmin gün
təkcə jurnalistlərin
peşə bayramı
deyil, həm də azad, demokratik
cəmiyyət quruculuğunda
fəal iştirak edən soydaşlarımız
üçün ən
əziz gündür.
Bu münasibətlə bütün mətbuat işçilərini təbrik
edir, onları azad sözün və azad fikrin
keşiyində daim ayıq-sayıq dayanmağa
səsləyir, yeni-yeni
yaradıcılıq uğurları
arzulayıram.
Dilqəm QULİYEV
Xalq qəzeti.- 2010.- 22 iyul.- S. 5.