Binəqədi rayonu ilin birinci yarısını uğurla başa vurmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunmuşdur.

İclası giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi irsinə əsaslanmış və dövlət başçımız cənab İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu 2010-cu ilin birinci yarımilliyində ölkə iqtisadiyyatının inkişafını təmin edərək müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsini şərtləndirmişdir.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov hesabat dövrü ilə bağlı geniş məruzə etmişdir. O bildirmişdir ki, 2010-cu ilin altı ayı ərzində bütün maliyyə mənbələri hesabına istifadə edilmiş 8 milyon 856,5 min manatlıq investisiya qoyuluşunun 7 milyon 929,1 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Rayonda hesabat dövründə rabitə müəssisələri tərəfindən 1 milyon 271,6 min manatlıq xidmətlər göstərilmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu ilin altı ayı ərzində rayon əhalisinin qaz, su, elektrik təchizatının yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər reallaşdırılmışdır. Belə ki, "Bakıelektrikşəbəkə" ASC-nin xətti ilə rayonun 7, 8 və 9-cu mikrorayonlarında, Biləcəri, Rəsulzadə qəsəbələrində, Dərnəgül və Xutor yaşayış massivlərində 15 transformator yenisi ilə əvəz olunmuşdur. Biləcəri qəsəbəsində tutumu 1000 kubmetr olan su anbarının tikintisi davam etdirilir. Böyük Şor gölünün ətrafındakı mövcud yaşayış massivlərinin və sənaye obyektlərinin kanalizasiya sistemi quraşdırılır. Binəqədi kəndində gücü saatda 800 kubmetr olan su nasos stansiyasının tikintisi başa çatdırılmaqdadır. "Azəriqaz" İstehsalat Birliyinin xətti ilə yeni yaşayış massivində, Binəqədi, Biləcəri və Sulutəpə qəsəbələrində uzunluğu 187499 poqonometr olan yeni qaz xətti çəkilmişdir. Fərdi yaşayış evlərində yaşayan 8974 nəfər abonentin sayğacı həyətlərdən kənara çıxarılmışdır.

Rayonda təhsil müəssisələrinin, uşaq bağçalarının təmiri, tikintisi də diqqət mərkəzində saxlanılmışdır. Hesabat dövründə bu istiqamətdə müəyyən işlər görülmüşdür. Hazırda 217 saylı məktəbin həyətində 880 şagird yerlik və ya 44 sinif otağından ibarət əlavə tədris korpusunun tikintisi davam etdirilir. 177 saylı uşaq bağçasında təmir işləri aparılır, 296 saylı uşaq bağçasında isə təmir işləri başa çatmaq üzrədir.

Rayonda yeni iş yerlərinin yaradılmasına da xüsusi əhəmiyyət verilir. Hesabat dövründə bununla əlaqədar müsbət nəticələr əldə edilmişdir. Konkret desək, altı ay ərzində 982 yeni iş yeri açılmışdır.

Bu ilin birinci yarısında rayonda yaşıllaşdırma işləri də diqqət mərkəzində saxlanılmışdır. Ölkə başçısı tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə bağlı rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, rayon ərazisində aparılan abadlıq və yaşıllaşdırma işlərinin həcmi daha da artmışdır. İlin əvvəlindən hər həftənin şənbə günü rayon ərazisində iməciliklər keçirilmişdir. Yol kənarlarında, parklarda 10 mindən çox gül kolu əkilmişdir. Bu iş payızda da davam etdiriləcəkdir. Yeri gəlmişkən, uzun illər əhalinin sağlamlığı üçün ciddi narahatlıq yaradan, insanlar arasında "Balaxanı zibilliyi" kimi tanınan ərazidə müasir məişət tullantıları zavodu tikilir. Zavodun isə salınması, şübhəsiz, paytaxtın ekologiyasına öz müsbət təsirini göstərəcəkdir.

Rayonda mənzil fondunun qorunub saxlanılmasına da xüsusi əhəmiyyət verilir. Bununla əlaqədar hesabat dövründə Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsindəki, 20 saylı evin damının əsaslı təmiri, Azadlıq prospekti 189, 191 saylı binaların fasadı, H.Babaşov küçəsi, 4 saylı binanın damı əsaslı təmir edilmişdir. Bundan başqa, 102,106, 107, 108 saylı mənzil-istismar sahələrinin ərazilərində təmir briqadalarının gücü ilə ayrı-ayrı ünvanlarda dam örtükləri təzələnmişdir. Binaların girişlərindəki pəncərələr dəyişdirilmiş, navalçaların və yağış suyu axıdan boruların təmirinə xüsusi fikir verilmişdir.

Rayonun bir sıra xidmət müəssisələrinin rəhbərləri də iclasda çıxış etmiş, əldə olunmuş uğurlarla yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yollarından söz açmışlar. Rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 22 iyul.- S. 6.